“Ölkədə yanğınlar artıq neçə gündür ki, davam edir. Bəzi yerlərdə yanğının qarşısını almaq mümkün olsa da, bəzi yerlərdə təəssüf ki, hələ də qarşısıalınmazdır. Biz deyə bilərik ki, bu, təbii fəlakətdir və dünyanın hər yerində olur, amma Siyəzən tərəfdə partiyanın üzvləri olan insanlar var və onlar yanğınlar başlayan gündən dəfələrlə həyəcan təbili çalırdılar. Fövqəladə Hallar Nazirliyinə zəng etdilər və yanğının yeni başladığını, qarşısını helikopterlə almağın mümkün olduğunu bildirdilər”.
Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Partiya sədri təəssüflə qeyd edib ki, FHN xüsusi texnikalardan yanğın kənddəki evlərə keçdikdən sonra istifadə etməyə başlayıb: “Burada bir az peşəkarlıq çatışmazlığının, eləcə də səhlənkarlığın olduğunu düşünürəm. Belə məsələlərdə operativlik önəmli rol oynayır. FHN isə burada operativ ola bilmədi. Bu səbəbdən isə təbiətə də, insanlara da xeyli ziyan dəydi”.
pia.az