İndiana ştatında Respublikaçılar partiyasının praymerizində Tramp səslərin 78%-dən çoxunu qazanıb...
ABŞ-ın keçmiş prezidenti Donald Tramp İndiana ştatında Respublikaçıların praymerizində qalib gəlib.
Poliqon xəbər verir ki, bununla da Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülmək üçün lazımi sayda nümayəndə səsini toplayıb.
Bülletenlərin 75%-ni emal etdikdən sonra Tramp 78,3% səs toplayır. Xatırladaq ki, Trampın əsas rəqibləri olan Birləşmiş Ştatların BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, Florida qubernatoru Ron DeSantis və iş adamı Vivek Ramasvami daha əvvəl yarışdan çəkildiklərini bəyan etmişdilər.
Ağ Evin hazırkı rəhbəri, ikinci müddətə namizədliyini irəli sürən Co Bayden də öz növbəsində Demokratlar Partiyasının nümayəndələrinin dəstəyinə malikdir.
Qeyd edək ki, aprelin sonunda CNN telekanalının keçirdiyi sorğu göstərir ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenlə müqayisədə Tramp seçicilər arasında daha çox dəstəyə malikdir. Araşdırmaya görə, sorğuda iştirak edən amerikalıların 49%-i Trampı dəstəkləyir. Respondentlərin 43%-i isə Baydenə üstünlük verib.
Poliqon.info