Cümə axşamı, 21 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Keçmişin qorxunc sirləri - “Yaşıl Kəmər” quran MKİ-nin səhv hesablamalarının nəticəsi bu günkü dünyadır...

Asiyada siyasi islamçılıqdan və Avropada mübariz katoliklikdən istifadə etmək fikri polşalı mühacir bir ailədən olan Bjezinskidən çıxmışdı..

Murat Yetkin
“Yetkin Report” portalı, Türkiyə

İl 1998 idi. Şeraton hoteldə Amerika kəşfiyyat xidməti MKİ-nin keçmiş rəhbəri Stansfield Torner ilə söhbət edirdik. Kənarda Ankaranı seyr edən həyat yoldaşı Eli səbirsizlənirdi, çünki qalaya gedib Anadolu Mədəniyyətləri Muzeyini gəzəcəkdilər. Mən isə bu qısa görüşməni çox böyük zorluqla razılaşdıra bilmişdim.

Koreya və Vyetnam müharibələrində də iştirak edən təqaüdçü admiral Torner 1977-1981-ci illərdə MKİ-nin direktoru idi. Bu dövr üç səbəbdən maraqlıdır. Hər şeydən əvvəl, bu səlahiyyət müddəti Türkiyənin 12 sentyabr 1980-ci il hərbi çevrilişinə tam hakim olduğu və çevrilişin həyata keçirildiyi dövrü əhatə edir. İkincisi, 1 fevral 1979-cu il İran İslam İnqilabına təsadüf edir. Üçüncüsü, 3 iyul 1979-cu ildə ABŞ prezidenti Cimmi Karter Əfqanıstanda Sovet təsirinə qarşı “Qasırğa Əməliyyatı”na başlamaq əmrini vermişdi. Əməliyyatın təşəbbüskarı “Yaşıl Kəmər” kimi tanınan Sovet hakimiyyətini cənubdan İslam təsiri ilə sıxışdırmaq siyasətini quran Milli Təhlükəsizlik müşaviri Zbiqnev Bjezeinski idi. İslamçı tayfaların Pakistan, İngiltərə, Səudiyyə Ərəbistanı və Çin kəşfiyyatı ilə əlaqələndirilməsi, silahlandırılması və təlim görməsi MKİ-nin vəzifəsi idi. O zaman bu işi görən də Torner idi.

Əfqanıstanda mücahid hərəkatını başladan, Türliyədəki 12 sentyabr çevrilişi zamanı iş başında olan komanda: arxası dönük olan ABŞ prezidenti Cimmi Karterdir, qarşısındakı MKİ direktoru Stansfield Torner, yanlarındakı isə “Yaşıl Kəmər” strategiyasının müəllifi Zbiqnev Bjezinski

Suallarımın çoxuna cavab verməməsi mənim üçün təəccüblü deyildi, çünki kəşfiyyatçılar belə olurlar. Məsələn, 12 Sentyabr hadisəsi ilə bağlı ABŞ-ın rolu haqqında soruşduqda demişdi: “Çevriliş olduğuna çox da təəccübləndiyimizi deyə bilmərəm. Əsgərlər siyasətçilərin ölkəni lazımi səviyyədə idarə edə bilməyəcəklərini hiss etdilər. Çevrilişin necə və nə vaxt baş verəcəyini dəqiq bildiyimizi düşünmürəm, amma bunun ehtimal edildiyini bilirdik”.

Taliban” MKİ-nin hesablamalarının yanlış bir nəticəsi idi?

MKİ-nin Əfqanıstanda ilk əlaqə yaratdığı islamçı liderlər arasında artıq Pakistan kəşfiyyatı ISI ilə əlaqəli olan Hizb-i İslami lideri Gülbəddin Hikmətyar da var idi. Sonradan məlum oldu ki, mücahid hərəkatının öndəri Hikmətyar MKİ fondlarından ən çox pul alan şəxs (təxminən 600 milyon dollar) olub.

Hikmətyar 1985-ci ildə Refah partiyasının İstanbul şəhər başqanı olan Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Nəcməddin Ərbakan tərəfindən İstanbulda qonaq edilməli idi. O zamanlar “Taliban”, yəni mədrəsə şagirdləri tərəfindən qurulan təşkilat hələ yaranmamışdı. Əslində, Sovetin 1989-cu ildə məğlub olduğunu etiraf edərək Əfqanıstandan çıxmasından sonra “Taliban” mücahidlər arasında güc qazanmağa və digər islamçı qrupları və ABŞ-ı təhdid etməyə başladı. “Əl-Qaidə” isə 1988-ci ildə Səudiyyə Ərəbistanından döyüşmək üçün göndərilən mücahidlərdən biri olan Usamə bin Laden tərəfindən quruldu.

Bəs hər şeyi planlaşdıran “böyük ağıl” mücahidlərə verdiyi pulların, silahların və təlimlərin bir gün onun özünə tuşlanacağını görmədimi? “Böyük ağıl” bu qədər axmaq idimi?

Əslində, Sovet İttifaqı dağılandan sonra radikal islamçı cərəyanlardan silah toplamağı, onları mülayimləşdirməyi və nəzarət altında sistemi onlara həvalə etməyi planlaşdırdılar.
“Əslində, bu qismən mənim günahımdır”, dedi, o görüşdə Torner: “Sovet İttifaqının bu qədər tez dağılacağını gözləmirdik”.

Sovet iqtisadiyyatının daha güclü olduğunu düşünürmüşlər. Hələ hesabladıqlarından da təxminən on il əvvəl çökmüş və 1991-ci ilin sonunda dağılmışdı.

ABŞ-ın son qələbəsi Sovet İttifaqının dağılması oldu. Daha əvvəl 1960-cı illərin ortalarında İstanbulda MKİ bölgə rəisi, daha sonra da Kab stansiyasının rəisi vəzifəsini icra edən Qraham Fuller illər sonra: “Heç kim məsuliyyəti öz üzərinə götürməyə çalışmamalıdır, biz Soveti məhv etdik”, demişdi. Sovetin Əfqanıstana hücumu onlar üçün bir fürsət idi və “Əl Qaidə”dən “Taliban”a, sonra da İŞİD-ə qədər olan qanlı nəticələr bu yanlış hesablamanın nəticəsidir.

Türkiyədə siyasi islamçılıq, 12 Sentyabr və 28 Fevral

O vaxt 28 Fevraldan sonra Baş Qərargah rəisi İsmail Hakkı Karadayının “28 Fevral min il davam edəcək”, deyərək vəzifəsini Hüseyn Kıvrıkoğluna ötürdüyü günlər idi. ABŞ-ın “Yaşıl Kəmər” strategiyasının 12 Sentyabrdan sonra Türkiyədəki islamçı hərəkatların güclənməsində rolu olub-olmaması ilə bağlı MKİ-nin o vaxtkı direktoru ilə də söhbət etdik. O deyirdi:

“Bu qərarın doğru olduğunu düşünürəm. Məncə, əsgərlərin kommunizmlə mübarizə adı ilə İslam məktəbləri (İmam Hatipləri belə adlandırırdı) və Quran kursları ilə bağlı qanunları yumşaltmasına dair kifayət qədər sübut var. Onlar radikal İslama cəsarət verdilər”.

Tornerin bu mövzunu kənardan müşahidə etməsi ikiüzlülükdür. Səudiyyə ƏrəbistanıABŞ-ın işbirliyi ilə Ərəb-Amerika neft şirkəti olaraq qurulan ARAMCO-nun pulu ilə kommunizmlə mübarizə adı altında bütün İslam dünyasına yayılan siyasi islamçılıq Türkiyədəki hər üç çevrilişdən - 27 May, 12 Mart və 12 Sentyabr - sonra addım-addım inkişaf etdi. Hər üç çevrilişdə Diyanət İşlərindən məsul olan dövlət naziri 27 May xuntasının əsas heyətində olan Mehmet Özgüneş idi. Əlində Quran ilə seçki platformasına gələn və səs istəyən, dini təhsili Səudiyyə Ərəbistanının icad etdiyi Rabitə qərarlarına görə konstitusiya öhdəliyinə çevirən və üstəlik, bunu atatürkçülük adı altında həyata keçirən, 12 Sentyabr çevrilişinə cəhd etmiş Kenan Evrendən başqası deyildi. 12 Sentyabrda açılan İmam-Hatip məktəblərinin rekordu yalnız prezidenti Tayyib Ərdoğanın AKP dövründə qırıla bildi.

Əsgərlər 28 Fevral prosesini 12 Sentyabrın davamı kimi təqdim edən psixoloji təbliğat taktikası həyata keçirdilər. Evren o dövrdə ölkəni “anarxiya uçurumundan” xilas etdiyi kimi, indi də ölkə “mürtəce uçurum”undan xilas olacaqdı.

28 Fevralla bağlı səhv hesablamanın nəticələri

Prosesə “post-modern çevriliş” adını verən Baş Qərargah idi, lakin bu tərif daha sonra Karadayı tərəfindən “boşboğazlıq” adlandırıldı. O günlərdə Karadayının xüsusi kargüzarı olan polkovnik Hulusi Akar bu gün milli müdafiə naziri olaraq çox şeyin, məsələn, baş nazir köməkçisi Tansu Çillerin əsgərləri Erbakana qarşı necə qızışdırdığının şahidi olmuşdu. İstanbul Böyük Şəhər Bələdiyyə başçısı Ərdoğanın oxuduğu şeirə görə 1997-ci ildə Siirtdə həbs olunması və bu həbsdən sonra “Ərdoğan muxtar belə ola bilməz” kimi sözlər onu siyasətdə irəli aparan elementlər idi. Abdullah Gülün həyat yoldaşı Hayrünnisa Gül Ankara Universiteti Dil, Tarix və Coğrafiya fakültəsinə başı bağlı olduğu üçün qəbul edilmədi. Həmin Universitet 1968-ci ildə Əli Babacanın xalası Hatice Babacanın Türkiyədə ilk hicab etirazına başladığı təhsil ocağı oldu. Bu gün Ərdoğan tərəfindən Kuala Lumpura səfiri təyin edilən və qızı özəl tərcüməçisi olan Merve Kavakçı Türkiyə Böyük Millət Məclisində and içə bilmədi.

Bu, Milli Görüş Hərəkatı daxilində davamlı mübarizəni vəd edərək kütlələri qorxudan Erbakan xətti əvəzinə, döyüşməyəcəyinə dair vəd verib, döyüşməyə hazır olan bir nəslin doğulmasına səbəb oldu. Erbakanın “qanlı yoxsa qansız?” sözünə görə bağlanan Rifah Partiyasının yerinə qurulan Fəzilət Partiyası Konqresinin 2000-ci il konqresində Gülün namizədliyi ilə Erbakan xəttinə qarşı duran da məhz bu “yenilikçilər” idi. 2001-ci ildə Ərdoğan, Gül və Bülent Arınçın ön plana çıxdığı bu komanda AKP-ni qurdu. Ecevit-Bahçeli-Yılma­z koalisiyasının dövründəki ağır maliyyə böhranını Erbakanın “ədalətli nizam” sistemi aradan qaldıra bilməzdi, amma yenilikçi komanda artıq Qərbi “Xristian Klubu” adlandırmır, əksinə siyasi və iqtisadi inteqrasiya vəd edirdi. Beləliklə də, böyük kapital göz qamaşdırdı.

Bir il sonra 3 noyabr 2002-ci il seçkilərində AKP yalnız 34%-lə iqtidara gələn zaman Baş Qərargah rəisi olan Hilmi Özkök illər sonra verdiyi müsahibədə: “Kimlərin göndərildiyini gördüm, kimlərin yollarına asfalt çəkildiyini gördüm”, deməklə Erbakanın gedişinə və Ərdoğanın gəlişinə işarə etdi. 2002-ci ildən bəri ölkəni idarə edən AKP-ni doğuran şərtlər bunlar idi.

Din mövzusunda siyasi mühəndislik

MKİ rəhbərinin 12 Sentyabrda dediyi “Əsgərlər siyasətçilərin ölkəni istədikləri kimi idarə edə bilməyəcəklərini düşündülər” ifadəsi 28 Fevral üçün də bir mənada keçərlidir. Üstəlik, 12 Sentyabr modeli ilə olan hər şey atatürkçülük adı altında edilirdi. Bu baxımdan, heç bir səhv hesablamanın olmadığını, elə bunun da hesablandığını düşünə bilərik. Amma bu fikir həm də insanı sui-qəsd nəzəriyyələrinin girdabına sürükləyə bilər.

28 Fevral generallarından ən məşhur olanları həbs edildi. O vaxt onlara istədiklərindən daha çox dəstək verənlərin, indiki mövqeyini ibrətlə izləyirəm. Məhkəmədən siyasi qisas vasitəsi kimi istifadə edilməsi də sorğulanır. Timsah göz yaşları axıdan hökumətyönlü köşə yazarları və televiziya yayımçıları: “Bu ən böyük cəza olacaq”, deyərək prezident Ərdoğana onları “bağışlaması” üçün çağırış edirlər. 28 Fevral psixoloji təbliğat taktikaları indi də onlara qarşı istifadə olunurdu. ABŞ-ın qlobal liderlik iddiası həmişəkindən daha çox zədələnir. Çin və Rusiya kimi rəqibləri açıq şəkildə, Fransa və Türkiyə kimi müttəfiqləri isə bu vəziyyətdən gizli şəkildə razıdırlar.

Ancaq ən azından Əfqanıstanda baş verənləri və “Taliban”ın ABŞ-ı çıxmağa məcbur etməsini nümunə göstərə bilərik. Səhv anlamayın, mövzumuz siyasi islamçılığın müasir siyasət üçün bir vasitə olaraq istifadə edilməsinin əks təsiridir. Lakin bu dini-siyasi mühəndisliyin əks təsiri digər dinlərə də aiddir.

Məsələn, ABŞ administrasiyası Sovet İttifaqının cənubunu siyasi islamçı yüksəlişlə əhatə etmək istəyərkən, Qərbi katolik yüksəlişi ilə ələ keçirməyə çalışdı. Hədəf ölkələr Polşa, Çexoslovakiya (Çexiya və Slovakiya kimi bölünməzdən əvvəl) və Macarıstan idi. 1978-ci ildə (ilk dəfə Vatikan xaricində) polşalı Karol Cozef Vojtulanın II Jan Pol adı ilə Papa seçilməsi 1980-ci ildə Həmrəylik hərəkətlərinin başlanğıcını, 1989-cu ildə isə Sovetin Əfqanıstandan çıxması ilə Berlin Divarının süqutunu gətirdi.

Bu gün katolik milliyətçiliyinin gətirdiyi zülmkar rəhbərliklər altında Polşa və Macarıstan Avropa Birliyi və ABŞ üçün baş ağrısıdır.

Asiyada siyasi islamçılıqdan və Avropada mübariz katoliklikdən istifadə etmək fikri polşalı mühacir bir ailədən olan Bjezinskidən çıxmışdı. Polşa Papasının seçilməsi və Həmrəylik hərəkətlərinin başlanğıcı da Türkiyədə 12 Sentyabr prosesi, İran İslam İnqilabı və “Taliban”ı, “Əl -Qaidə” və İŞİD-i doğuran Əfqanıstan mücahidləri hərəkatının təşkilatçılığı dövründə idi MKİ-nin rəhbəri Torner idi.

Bu da təsadüfdür, elə deyilmi?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ MKİ Torner

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Xəstəxana direktorunun rüşvət almasının görüntüləri yayılıb - Video

Yardımlıda zorla ərə verilən qız və sevgilisi intihar etdi - Ataya cinayət işi açıldı

Azərbaycanda sayt rəhbəri və əməkdaşı həbs edilib

Çin İran-Azərbaycan qarşıdurmasında maraqlı tərəfdir və Tehranı bu qarşıdurmaya sürükləyir?

Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı

Musa Quliyev ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsi barədə təklifinə aydınlıq gətirib - Yenilənib

Ana foto göstərib “Yaxşı qızdır, bununla evlən” dedi, oğlu həmin xanımı qaçırdı - Məhkəmə işi

27 il sonra məhkəmədə ona içgəncə verən erməni ilə üzləşdi - Video

Putin təsdiqlədi: Rusiyada doqquz gün qeyri-iş günü olacaq

Ağadadaş Qurbanovun qızı: "Gülşənin qəbri açılmayıb"

Ən çox oxunanalar