Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu filosof Dugin bizi hara çəkir?

Fəlsəfə ilə bağlı ilk təəssüratım yetərincə yığcam olub: söz oyunu...


Hətta yadıma gəlir ki, tələbəlik vaxtı hamımızın bir sevimli məşğuliyyəti də seminarlarda fəlsəfə müəllimlərilə söz güləşdirmək idi. Hətta onu da etiraf edirik ki, bununçün sərəncamımızda fizika fakultəsinin tələbələrinə xas olan məntiqi düşünmək bacarağından savayı heç nə yox idi.

Sonradan, təbii, münasibət dəyişdi. Bir ara hətta diplomlu–sənədli “filosof” olmaq fikrinə də düşdük, amma tez də bundan çəkindik. Bəlkə də ona görə ki, yenidənqurmadan sonra humanitar elmlərin, o cümlədən fəlsəfənin ideologiyasızlaşdırılması prosesi başlasa da, yenə də fəlsəfəyə və filosoflara qarşı şübhələr tamam–kamal tərk etmədi bizi.

Məsələ bundadır ki, filosofların həmişə iki vəzifəsi olub: dünyanı izah etmək və bir də yol göstərmək. İzah etməkdə onlar mahirdirlər və ortaya elə fəlsəfi sistemlər qoyurlar ki, cəmi intellektual resurslarını səfərbər etsən belə, yenə onlara qarşı tutarlı arqument tapa bilmirsən.
Fəqət, ikincisi - yol məsələsi bir az qəlizdir. Bura çatanda onların hamısı, yumşaq desək, bir az axsayırlar.

İlk fəlsəfi sistemin yaradıcısı kimi ən birinci Platon yol göstərməyə çalışdı, amma nəticəsi bu oldu ki, totalitarizm haqqında ilk təsəvvürlər formalaşdı.

Hegel cəmi Avropa əhlinin mütləqiyyətə qarşı və inqilaba yeriklədiyi vaxtda yarı-axsaq Prussiya monarxiyasını az qala “mütləq ideya” elan etdi və bununla da camaatı heç də özünün doktorluq dissertasiyasındakı astronomik nəticələrdən az güldürmədi.

Yəhudi mənşəli lüteran Marks Britaniya muzeyində xeyli eşələnəndən, köhnə mühasibat kitablarını ələk–vələk edəndən sonra axır ki, öz iqtisadi fəlsəfəsini yaratdı və dünyanın bütün cəmiyyətlərini iki düşmən cəbhəyə böldü.

Dostu Engels də heç ondan geri qalmadı. “Meymunun insana çevrilməsində əməyin rolu”nu yazdı və nəticədə də dünyanın böyük kəsimində insanlar meymuna çevrilməyə başladılar!..

Kəmağıl Şopenhauer və Nitsşe mükəmməl və ya ideal insan axtarışlarında elə uzağa getdilər ki, axırda hər ikisi faşizmin ideoloqu elan edildilər!

Nəhayət, növbə Lenin qoçağa çatdı. O da “İmperializm kapitalizmin yüksək mərhələsi kimi” adlı əsərini yazdı və bəyan etdi ki, imperializm sondur, cahanşümul behiştin lap ərəfəsidir, amma özü ən dəhşətli imperiyalardan birini yaratdı!..

Siyahını davam etdirə bilərəm. Məsələn, deyə bilərəm ki, “analitik fəlsəfə”nin atası Rassel ömrü boyu yazdı–pozdu, hətta Nobel mükafatı aldı, axırda da qayıtıb dedi ki, camaat, yazdıqlarımın hamısı cəfəngiyyatdır.

Tək Kanta iradım yoxdur. Birincisi, ilk olaraq insanı və onun idrak qabiliyyətini fəlsəfənin tədqiqat predmetinə çevirdi və göstərdi ki, bizim idraki imkanlarımız yunan babalarımızın düşündüyü kimi sonsuz deyil!

İkincisi, insanları böyük bir əzabdan –Tanrını ağılla dərk etmək cəhdlərinin əzabından qurtardı və dedi ki, Tanrını ağılla dərk etmək mümkün deyil, onu sevin, ən başlıcası isə, göndərdiyi ƏXLAQ qanuna əməl edin!

Təbii, barışmayanlar da tapıldı və belələri M.Qorkinin “Mənim universitetlərim”dən tutmuş Q.Markesin “Yüz il tənhalıqda” romanına qədər çox əsərlərdə yaxşıca təsvir olunub...

Keçək indi əsas məsələyə, “zəmanəmizin qəhrəmanı”, Kremlin ideoloqlarından biri, “yeni avrasiyaçılıq konsepsiyası”nın müəllifi cənab professor A.Duqinə...

Bir dəfə də onun haqda bir– iki söz yazmışam. Akademik karyerası şübhəli olsa da, hər halda, savadına söz yoxdur, hər şeyi yetərincə bilən adamdır.

Yol məsələsinə, sosioloqlar demiş, təklif etdiyi “sosial resept”lərə gəldikdə isə, onun da “dördüncü ideologiya” ilə bağlı dedikləri cəfəngiyyatdır və özü də Duqin bu cür sayıqlamalarda bulunan nə birinci rusdur və nə də birinci bəşər övladı– belələri dünyada istənilən qədərdir.

Bunu da öz ixtiyarına buraxıram, biz azadlığı, o cümlədən yaradıcı azadlığı dəyərləndirənlərdənik–adamla mübahisə etmək olar, amma ona düşünməyi yasaq etmək olmaz.

Diqqətimizi başqa detal cəlb etdi. Filosof A.Duqin bir müsahibəsində deyir ki, Türkiyənin də NATO - nu tərk edəcəyi gün uzaqlarda deyil. Yada salım, bir ara Vladimir Jirinovski də belə bəyanatla çıxış etmişdi – özü də Türkiyənin birinci adamlarına istinad edərək.

Bu, artıq ovqatımızı təlx edir. Bəs onun Avropa Birliyinə və ya NATO-ya alternativi nədir? Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı, bizimçün isə hətta ola bilsin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı.

Türkiyə böyük dövlətdir, inanmıram, onunla belə “nömrə”lər alınsın. Amma Duqin MoskvaBakı yolunun da “ağını çıxarıb”. Bu isə çox qorxuludur, çünki rusun məşhur məsəli var: “axmaq adam hələ dözüləndir, təşəbbüskar axmaq isə artıq təhlükədir”.

 Hüseynbala Səlimov(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar