Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmurlar Azərbaycanı və Azərbaycan rəhbərliyini pis vəziyyətdə qoyur? - Zahid Oruc şərh etdi

Deputat: “Məlum məsələ ilə bağlı dövlət başçısı hamıdan və hər bir məmurdan daha yüksək zirvədə olduğunu bir daha göstərdi”

Avropa Birliyi və ABŞ üçün bloger Mehman Hüseynov və ya onlarla şəxs xüsusi önəmə malik deyil. Əsas hədəf Azərbaycanın resursları, siyasəti, təhlükəsizlik üçün seçdiyi kurs və müttəfiqləri ilə bağlı atdığı addımlarıdır”.

Bu sözləri Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruc şəxsi maraqları əsasında Azərbaycanı və Azərbaycan rəhbərliyini pis vəziyyətə qoymağa cəhd edən məmurların məqsədlərinə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov yanvarın 20-də onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib. Həmçinin dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Baş prokuroruna tövsiyə edib.

Baş prokurorluqdan verilən məlumata görə istintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Eyni zamanda Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda M.Hüseynov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirilir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq.

Xatırladaq ki, ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı…

Dünən Mehman Hüseynov haqqında açılan yeni cinayət işi ilə bağlı ölkə prezidenti İlham Əliyevə müraciət etmişdi. Bloger Mehman Hüseynov müraciətində “2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm”, deyə qeyd edib. O, keçən il 26 dekabrda cəza çəkdiyi müəssisədə baş verən insidentdə günahının olmadığını və həbsxana əməkdaşını vurmadığını vurğulayıb. Mehman Hüseynovun vəkilləri onun müraciətindən xəbərsiz olduqlarını bildiriblər.

Mehman Hüsyenovun müraciətindən sonra isə prezident humanistlik nümayiş etdirərək Mehman Hüseynovun işini nəzarətə götürdü. Bu gün isə yayılan məlumatda bildirilir ki, Mehman Hüseynov haqqında işə xitam verilib. Belə ki, istintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, barəsindəki cinayət işinin icraatına xitam verilməsi ilə bağlı Baş Prokurorluq bəyanat yayıb.

Qeyd edək ki, daha əvvəl bloqqerin işi beynəlxalq aləmdə müzakirələrə səbəb olmuşdu. Ötən həftə Mehman Hüseynovun işi Avropa Parlamentində müzakirə olunub və Azərbaycan hökümətindən bloqqerin dərhal azadlığa buraxılması tələb olunmuşdu. Dünən isə AŞ PA-da Mehman Hüsynovun məsələsi gündəmə gətirilib.

Mövzunun aktuallığını nəzərə alaraq qeyd edək ki, bəzi məmurların Azərbaycanı və Azərbaycan rəhbərliyini bu şəkildə pis vəziyyətdə qoymaqları ilk dəfə yaşanan hal deyil. Bu şəkildə gərəksiz addımlar atan və Azərbaycanın bütün dünyada qaralanmasına səbəb olan məmurların müəyyənləşdirilib cəzalandırılması doğru olmazmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı millət vəkili Zahid Orucun fikirlərini öyrənib.

Zahid Oruc: “Dəmir barmaqlıqlar bir sıra adamları öz boynundan böyük göstərir və o lupanı mütləq tərs üzünə çevirmək lazımdır”.

Mehman Hüseynov hadisəsi fonunda məqsədli mənafeyə malik orta ranqlı məmurların öz istəyinə çatmadığını vurğulayan deputat Zahid Oruca görə, bu cür hadisələrdən sui-istifadə etməyə çalışmaq xarici deyil, bəzi daxili qüvvələrin marağında olan nüansdır:

“Əslində bu məsələni müxtəlif aspektlərdən şərh etmək olar. Biz qeyd olunan yanaşmaları informasiya məkanlarında müşahidə etməkdəyik. İstər siyasi mübarizə, istərsə də müxalif fəaliyyət apararkən hansısa qanun pozuntularının baş verdiyi şəraitdə hüquq-mühafizə orqanlarının davranışlarının haqlı olması fonunda məsələnin siyasiləşməsi avtomatik olaraq, daha çevik reaksiyaları tələb edir və fərqli yanaşmaları meydana çıxarır.

Hadisələrin yeni başladığı günlərdə qeyd etmişdim ki, məsələ qətiyyən Qərb strukturlarının ölkəmizdə bir insanın müdafiəsinə total qoşulmasından ibarət deyil. Bu, hadisəni çox bəsit səviyyəyə endirmək sayılardı. Çünki Avropa Birliyi və ABŞ üçün bloger Mehman Hüseynov və ya onlarla şəxs xüsusi önəmə malik deyil. Əsas hədəf Azərbaycanın resursları, siyasəti, təhlükəsizlik üçün seçdiyi kurs və müttəfiqləri ilə bağlı atdığı addımlarıdır.

Belə olan təqdirdə qeyd olunan faktorlar həmin dairələrin rəsmi Bakıya təsir mexanizmlərini daim əllərində saxlamasını tələb edir. Bu fakt uzun on illər ərzində mövcud olduğuna görə Azərbaycan tərəfindən həmin hadisələrə qarşı dəqiq baxışlar formalaşıb. Belə ki, Azərbaycan tərəfi artıq bu hadisələrin mahiyyətini tam olaraq anlaya bilir. Zaman-zaman müxtəlif mövsümi dönəmlərdə rəsmi Bakının Moskva, Tehran, o cümlədən qardaş Türkiyə ilə münasibətləri hədsiz dərəcədə üstün səviyyəyə çatdıqda biz Brüsseldən, Strasburqdan, bır sıra hallarda Vaşinqtondan sərt təpkilər almışıq.

Zahid Oruc: “Mehman Hüseynovun azadlığından 3-5 gün sonra bu hadisələr tamamilə unudulacaq”.

Fikrimcə, bu cür təpkilər siyasət üçün qanunauyğun haldır. Əgər 300-400 milyonluq bir xalq və onun zəminində qurulan dövlətimizin beynəlxalq münasibətlər sistemində çəkisi ABŞ qədər olsaydı, yəqin ki, biz də dünyada öz mənafelərimizi irəlilətmək üçün oxşar mexanizmlərdən yararlanardıq. 90-cı illərdən fərqli olaraq, mövcud şəraitdə bu kimi hallar qəribə hadisə sayıla bilməz.

Məsələnin digər önəmli tərəfi ondan ibarətdir ki, məlum məsəıə ilə bağlı dövlət başçısı hamıdan və hər bir məmurdan daha yüksək zirvədə olduğunu bir daha göstərdi. Nəticədə hadisələrə bağlı verdiyi istiqamətlərin Azərbaycan üçün faydalı olduğuna çalışdı. Əgər hansısa mərkəz müxtəlif planlar hazırlayırsa və tələlərin ovcuna Mehman Hüseynov və digər insanları qoya bilirsə, biz mütləq o tələ mexanizmlərini sındırmağı bacarmalıyıq.

Ortada olan aşağı ranqlı məmurların bu hadisənin üzərindən hansısa niyyətlərinin olub-olmaması və nəticəni öncədən hesablamaları məhkəmə baxışında mövcud olmalı olan problemdir. Biz millət vəkilləri olaraq, bu cür hakim rollarını öz üzərimizə götürmək səlahiyyətində deyilik. Bu, yanlış adddım olardı.

Hesab edirəm ki, dəmir barmaqlıqlar bir sıra adamları öz boynundan böyük göstərir və o lupanı mütləq tərs üzünə çevirmək lazımdır. Fikrimcə, indiki halda prezident İlham Əliyev daha çox Azərbaycanın təhlükəsizliyi maraqlarının bütün istəklərdən üstün olduğu mövqeyini ortaya qoyur. Mehman Hüseynovun azadlığından 3-5 gün sonra bu hadisələr tamamilə unudulacaq.

Zahid Oruc: “Azərbaycanı hansısa sərt sanksiyalara məruz qoyanda “hakimiyyətin və yaxud xalqın ziyanı, müxalifətin xeyri” fəlsəfəsindən uzaq durmaq lazımdır”.

Ən önəmli məsələ odur ki, siyasi mübarizə qarşılıqlı tanımalar, hörmət və intellektual səviyyədə qurulsun. Qaragüruh, İŞİD elementləri, terror və siyasi ekstremizm nümunələri siyasətə gətirməməlidir. Azərbaycanı hansısa sərt sanksiyalara məruz qoyanda “hakimiyyətin və yaxud xalqın ziyanı, müxalifətin xeyri” fəlsəfəsindən uzaq durmaq lazımdır.

Biz bu gün bölgədə yeganə dövlətik ki, müxətlif embarqo və izalyasiyalardan kənardayıq. Rusiyanın durumu məlumdur ki, Qərblə savaş vəziyyətindədir. Onlarla xüsusi iqtisadi, enerji və ya sosial xarakterli maliyyə aspektindən ciddi çərçivələrə məruzdur. İranın da eyni vəziyyətə doğru getdiyini görməkdəyik. Həmçinin ABŞ-da prezidentin dəyişməsi fonunda vəziyyət qarışıb və İranla da problemlər yaşanır. Türkiyə müəyyən məsələlərdə Avropa Birliyinin sərt münasibətini öz üzərində yaşayır. Ermənistan və Gürcüstandan da isə danışmağa dəyməz. Belə olan halda yeganə Azərbaycandır ki, bu hövzədə uğurlu bir şəkildə müxətlif qitələrlə münasibətlərini qura bilir.

Hesab edirəm ki, bu vəziyyəti qorumaq lazımdır. Əgər hansısa məhbus ətrafında qovğalar yaranırsa, dərhal məsələnin öz boyutundan çıxmamasının qarşısını almaq lazımdır. Mehman Hüseynov hadisəsi Qərb, Şərq və yaxud hansısa qitənin qələbəsi deyil. Fikrimcə, prezident son davranışları ilə hadisələrin son hissəsində müdrikliyi və qəti addımları ilə prosesin dövlətimizin mənafeyi istiqamətində aparıldığını sübut etdi. Biz başa düşməliyik ki, bu gün dünyada siyasi savaşlar azğın şəkildədir və istənilən bir ölkəni qaralayıb, onun üzərinə getmək, əzmək, dağıtmaq mümkündür”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar