Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Madrid prinsipləri anonsu - ABŞ Ermənistanı küncə sıxır?

İşğalçı ölkə ərazilərin qaytarılmasını nəzərdə tutan istənilən həll modelindən imtina yolunu tutub; Qafar Çaxmaqlı: “Azərbaycanın nicatı öz əlindədir... cəmiyyətimizi Qarabağı işğaldan azad etmək üçün səfərbər etməliyik”

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz missiyasını başa vurarkən işğalçı ölkəni qəzəbləndirən mövqeyi ilə nəzərləri özünə cəlb etdi. Diplomatın Qarabağ probleminin işğal altında olan müəyyən ərazilər qaytarılmadan həllinin mümkün olmadığını söyləməsi ABŞ-ın Madrid prinsiplərinə önəm verdiyini nümayiş etdirir.

Qeyd edək ki, ötən ay Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edəndən, Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşəndən sonra Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulmuş Madrid prinsiplərindən də danışmışdı. O demişdi ki, münaqişənin bu prinsiplər əsasında həlli Ermənistan üçün qəbuledilməzdir.

“Münaqişənin Madrid prinsipləri əsasında həlli Qarabağın birdəfəlik itirilməsinə gətirib çıxaracaq. Azərbaycan Madrid prinsiplərinə uyğun olaraq Ağdamı geri qaytara bilər ki, bu da Xankəndi, Şuşa və Əsgəranın Azərbaycan ordusunun nəzarətinə verilməsi deməkdir” - nazir demişdi. O, ardınca bildirmişdi ki, CəbrayılZəngilan kimi ərazilərin iqtisadi əhəmiyyəti də var. “Bu əraziləri də Azərbaycana verməklə Ermənistan üzərindən Naxçıvana uzanan bölgə Azərbaycanın nəzarətinə verilə bilər. Başqa sözlə, bu prinsiplər Ermənistanın mövqelərini atəş altında saxlayır. Kəlbəcərə gəldikdə onun əhəmiyyəti olduqca böyükdür, burada böyük içməli su ehtiyatları var. Kəlbəcərdən Ermənistanın bir çox bölgələrinə nəzarət etmək mümkün olacaq”.

Ermənistanın rəsmi mövqeyi bundan ibarətdir. Belə olduğu halda təbii ki, amerikalı səfirin “Ermənistan münaqişənin həlli üçün Azərbaycanla kompromislərə getməlidir. Ümid edirəm ki, Ermənistanın daxil olduğu keçid dövrü ölkənin hansı variantlarının olduğu və nəyə hazır olduğu barədə müzakirələrə gətirib çıxaracaq”, sözləri işğalçı ölkədə ajiotaj doğurmalıydı.

Ancaq maraqlısı budur ki, ABŞ səfirinin açıqlamasına Rusiyadan sərt reaksiya verildi. Düzdür, Rusiya XİN rəsmisi Millzin Qarabağla bağlı dediklərinə münasibət bildirmədi. Amma diplomatın Ermənistanla bağlı dediyi digər fikirlərə eyham vuraraq onu Ermənistanın daxili işinə qarışmaqda suçladı. Tamamilə mümkündür ki, Rusiya diplomatı ABŞ səfirinin Qarabağla bağlı dediklərindən həyəcanlanıb və “cavab atəşi” açıb. Çünki Kreml özünü Qarabağda “söz sahibi” hesab etdiyi üçün digər bir kənar dövlətin bölgədə moderatorluğunu qəbul etmir.

ABŞ səfirindən sonra Fransanın Ermənistandakı səfiri Conatan Lakott da danışdı. O dedi ki, Parisin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi dəyişməyib. Səfir bildirib ki, ölkəsi insanların ölümündən təəssüflənir və məsələnin danışıqlar yolu ilə, Minsk Qrupu formatında həllinə ümid edir. Göründüyü kimi, o, olduqca diplomatik dillə sözünü deyib. Amma Madrid prinsipləri ilə həll variantı Fransanın da marağındadır. Rusiya isə daha çox Kazan prinsiplərinə üstünlük verir. Ancaq Rusiya-Ermənistan münasibətləri ilə bağlı fərqli məlumatların olması da müəmmalı vəziyyət yaradır. İndiki halda isə belə çıxır ki, ABŞ-ın səfirinin Madrid prinsipləri ilə bağlı mövqeyi İrəvanı yenidən Moskvaya üz tutmağa vadar edəcək.

Bu arada xəbər yayılıb ki, ABŞ prezidenti Donald Trampın müşaviri, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani Ermənistana səfərə gedəcək. Virtualaz.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində politoloq Suren Sarkisyan yazıb. Hər halda ABŞ-dan Ermənistana edilən səfərlərə Rusiyada biganə qalmırlar. Xüsusilə də ABŞ səfirinin Qarabağ bəyanatından sonra Rusiya Ermənistanı yenidən qazana bilər, özü də tam problemsiz.

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ hələlik bölgədəki problemlərin həllinə girişmir: “Burada əsas rol Rusiyanındır. Rusiya Ermənistanı cəzalandırmaq istəsə, onun əlində yüz dənə imkan var. Biri də odur ki, Azərbaycanın vasitəsilə Ermənistanı cəzalandıra bilər. Amma bunun müqabilində Rusiya Azərbaycanda çox şey istəyə bilər. Məsələn, Rusiya ordusunu təmas xəttinə qaytarmaq. Bu haqda çox danışmışıq, hələ ki heç nə dəyişməyib”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı Ermənistan hakimiyyətinin manevrlərini “Yeni Müsavat”a şərh etdi: “Paşinyan əvvəlcədən elan etmişdi ki, istefa verəcək. Amma bu, o demək deyil ki, Ermənistana nəzarəti əlindən buraxacaq. Yenə də baş nazir səlahiyyətləri onun özündə qalır. Parlament seçkiləri başa çatdıqdan sonra yeni hökumət seçiləcək və həmin hökumətə başçılıq etmək üçün Paşinyan bütün mümkün təhlükələri dəf edəcək. Digər siyasi qüvvələr də artıq baş nazirliyə namizədə verməyəcəkləri barədə öhdəlik götürüblər. Bu öhdəlik faktiki olaraq Paşinyan hakimiyyətini gücləndirir”.

Q.Çaxmaqlı hesab edir ki, indiki halda Rusiya və başqa maraqlı ölkələr bu durumu dəyişdirmək iqtidarında deyillər: “Rusiya məhz Paşinyanın əli ilə müəyyən planları yerinə yetirmək üçün bəzi manevrlər edir. Rusiya üzdə Paşinyanı guya sevmədiyini bildirir, amma əslində Paşinyan bu ölkə üçün elə də ciddi başağrısına çevrilməyib. Nədən onu istəməsin?”

Politoloqun fikrincə, bu aralıqda Azərbaycana bir neçə rayonu qaytaracağı ilə bağlı Rusiyanın şans verməsi hekayədir: “Buna ümid etmək sadəlövhlük olardı. Amma bu, faktdır və artıq digər həmsədrlər anlayıblar ki, Paşinyan heç də onların arzuladığı, Ermənistana demokratiya gətirəcək və hətta Qarabağ məsələsini beynəlxalq prinsiplərə uyğun olaraq həll etmək istəyi olan birisi deyil. O, Pusiyanın müəyyən etdiyi xəttə get-gedə daha çox sadiqlik nümayiş etdirən edən şəxslərdən biridir”.

Q.Çaxmaqlının fikrincə, artıq Paşinyanın hakimiyyətdə möhkəmlənməsi ABŞ-ı narahat edir: “Ona görə də ABŞ səfiri Madrid prinsipləri ilə bağlı danışıqlar prosesində razılaşdırmaları yada salır. Paşinyan olmasın, bundan əvvəlkilər olsun, məgər onlar atdıqları addımlara görə ABŞ tərəfindən cəzalandırıldılar? Xeyr. İşğal daha böyük miqyasda davam etdi. Faktiki olaraq işğal olunmuş 7 Azərbaycan rayonu da Dağlıq Qarabağa birləşdirilib, burada əhali məskunlaşdırılıb, yollar çəkilib. Məgər ABŞ bunları bilmir? İndi Paşinyan təhlükəsi ortaya çıxan kimi hansısa prinsiplər xatırlanır. Deməyim odur ki, Qarabağ məsələsində hər dövlətin öz maraqları var və onlar bu maraqlardan çıxış edirlər. Ermənistanda gedən proseslərdən öz xeyirlərinə yararlanmağa çalışırlar”.

Ekspert bundan sonrakı danışıqların perspektivinə inanmadığını vurğuladı: “Azərbaycanın nicatı öz əlindədir və heç kəsə güvənmədən artıq cəmiyyətimizi Qarabağın işğaldan azad etmək üçün səfərbər etməliyik. Ya Qarabağ ya ölüm, başqa yol yox artıq!”

“Qarabağ klanı”na fürsət verməməkdən ötrü N.Paşinyanın daha sərt mövqe sərgiləyəcəyi əvvəldən gözlənilən idi. Çünki onu bu aylarda kreslosunun taleyi daha çox maraqlandırır. Bu arada Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan cəbhəsindəki vəziyyətlə bağlı açıqlama verib. (Modern.az) Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, hazırda cəbhədə vəziyyət sakitdir və bu, müəyyən qədər Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə razılaşmalarla bağlıdır. O təsdiq edib ki, Azərbaycan hakimiyyəti ilə əməliyyat rabitəsi qurulub. “Azərbaycan tərəfi ilə razılığa gəlinərək, etibarlı, operativ əlaqə qurulub. Demək olar ki, cəbhədən hər bir məlumat - əgər onların tərəfindən olarsa - yarım saat ərzində Azərbaycan prezidentinin diqqətinə çatdırılacaq, bizim tərəfimizdən olarsa, mənə də həmin müddət ərzində çatacaq”, - deyə Paşinyan bildirib.

N.Paşinyan çox arzulayır ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində sakitlik uzunmüddətli olsun, o da seçkiləri rahat şəkildə keçirib hakimiyyətini möhkəmləndirsin. Ancaq Ermənistanın rəhbərliyinin özünü konstruktiv göstərmək cəhdləri ilə paralel baş verənlər düşmənin iç üzünü ortaya çıxarır. Düşənbə razılaşmasından danışan Paşinyan Azərbaycanın işğal altındakı ərazilərə çəkilən sayca üçüncü yoldan danışmır. Bundan əlavə, Qarabağ separatçılarının həyasızlığı son həddə çatıb. Separatçı rejimin başçısı Bako Saakyan ötən gün Azərbaycanın Xocavənd rayonu istiqamətindəki təmas xəttinə baş çəkib. Onu oyuncaq qurumun “müdafiə naziri” Levon Mnatsakanyan müşayiət edib. Bununla Saakyan “güc”ə çevrildiyini nümayiş etdirmək istəyir.

Amma istənilən halda açıq təxribat və savaşa təhrik cəhdidir. Bundan iki gün əvvəl isə Kəlbəcər rayonunun mərkəzində azərbaycanlı evlərini zəbt etmiş ermənilər üçün hotel biznesi məşğələləri başlayıb. Moderator.az yazır ki, bu haqda Xankəndindəki qondarma separatçı-terrorçu rejimin “mədəniyyət və gənclər nazirliyi” adlanan saxta qurumundan erməni jurnalistlərə məlumat verilib.

Oktyabrın 21-dək davam edəcək treninqlərdə Azərbaycan şəhərinin qanunsuz sakinlərinə mehmanxana biznesinin təşkili, idarə olunması, ictimai iaşə xidməti, marketinqin və s. əsasları öyrədiləcək. Bu da düşmənin danışıqları pozmaq cəhdidir. Kəlbəcərdə “Sidney” qəsəbəsinin salınması istiqamətində işlərə başlanılması isə bütün dünyaya meydan oxumaq cəhdidir. Azərbaycan məsələyə rəsmi reaksiya verib, amma görünür növbəti aprel dərslərinə ehtiyac yaranacaq.

Görünən budur ki, işğalçı ölkə ərazilərin qaytarılmasını nəzərdə tutan istənilən həll modelindən imtina yolunu tutub. Deməli, yeganə çıxış yolu qalır. O da savaş yoludur...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar