Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtin intiqamı


Qəşəm Nəcəfzadə yazır


Bu  yaxınlarda getmişdim  fermaya. İtlər  məni uzaqdan  görüb təxminən   bir kilometr  yolu qaça-qaça üstümə gəldilər. Bilmədilər, məni necə qarşılasınlar. Biri, Qarbasanın balası  diz çöküb ayaqqabılarımı yaladı (ürəyimdən şair Camal Yusifzadənin bir misrası keçdi: Ayaqqabımın tozunu yala, yala Alabaş).  Biri də -Lokan  qaça-qaça  gedib fermaya dəyib yenidən sürətlə üstümə gəldi.  Səkil də  oynaya-oynaya əks tərəfə hürdü. Bir sözlə, itlər ətrafıma dövrə vura-vura məni gətirib çıxartdılar fermaya.
 
Mən bu itlərin nəslini tanıyıram. İçində biri var, atam ona Böyükağa itinin balası deyirdi. Hərçənd ki, hər şeyə hürməz, az hürər,  amma saz hürər.
 
Ferma adamları ilə hal-xoş edirəm. İtlərin hamısı mənim ağzıma diqqətlə baxır. Elə bil, məni əməlli-başlı başa düşürlər. Səkil adında bir  itimiz var, elə bil, xəbər buna yeni çatıb. Təzədən başlayıb hürməyə. Özü də nəyə hürsə yaxşıdır?  Qapının ağzında soyunduğum ayaqqabıma. Elə hirs və ürəklə hürür ki, guya  məni oğurluq üstündə  yaxalayıb.
 
 O biri itlər acıqlanırmış kimi hərdən Səkilə təpinirlər. Elə bil, deyirlər ki, bəsdir də, daha ağını çıxartdın...
 
Çölə çıxıram. Pencəyimi qolumun üstə almışam. Qırmızı qalstukum açıq-aşkar görünür, yəni  külək onu o tərəf-bu tərəfə yelləyir. Yellədikçə Səkil atılıb düşür. Kül olmasın Səkilin başına, indi də qalstukuma  hürür. Qolumun  üstə atdığım  qara pencəyimə çəmkirir.  Bir yana baxanda Səkilin günahı yoxdur. Çünki hələ indiyə qədər heç kim fermada pencəyi qolunun üstə gəzməyib, nəyi olubsa, əynində olub. Əslində, Səkil belə dəyişikliklərə hürəndi.
 
Evin arxasında üst-üstə yığılmış bir yığın  rezin topası diqqətimi çəkir. Bu rezinlər sovet maşınlarının arxa təkərlərində olur.  Elə bir funksiya daşımır. Çox adam həmin rezinləri  açıb kənara atır.  Elələri də var ki, o rezin olmasa maşın sürməyi  özlərinə bir qabahət  sayırlar.  Guya maşın yaxşı görünmür. Yağış yağında təkərlər  palçığı  maşının altına çırpır.
 
Böyük bacımdan soruşuram:
 
- Bu rezinlər nədir belə?
- Qardaş, bu rezinləri Səkil gətirib.
- Haradan gətirir?
- Maşınlardan dişləri ilə qopardır.
-  Nəyə görə qopartsın ki?
- Qardaş, Səkilin maşınlarla intiqamı var.
 
Fermamız  elə yerdədir ki, İmişlidən Beyləqana gedən maşınlar  düz yatağın  yanından keçir. İtlər  üçün maşınlar adiləşmir. Gələnə də hürürlər, gedənə də. Səkil təzə doğulanda, o da  başlayır maşınlara hürməyə. Səkil  həm hürürmüş, həm də quyruğunu bulayırmış.  Görünür,  bərk qorxurmuş. Hürdüyünə görə qarşı tərəfdən üzrxahlıq da eləyirmiş. Yəni olar elə, olmaz belə. 
 
Səkil  böyüdükcə  o biri itlər kimi  xüsusən qırmızı rəngdə olan maşınlara hücuma keçirmiş. Günlərin bir günü Səkil cavan olduğu üçün təcrübəsizlik eləyib özünü çox qabağa verir. Maşın Səkilin ön ayağının birini ayaqlayır. Maşın da olur qırmızı rəngdə.  Səkil zingildəyir.  Sən demə,  Səkilin  qabaq ayağının  biri  sınır. Bir ilə qədər Səkil qabaq ayağını qucağında  gəzdirir. Hətta  arxa ayaqları üstə qalxıb yeriyirmiş,  qabaq ayağını yerə basmırmış. Maşınlara əyri-əyri baxırmış.  Bacım and içir ki, Səkil sınan ayağını yalaya-yalaya 6 aya sağaltdı.  İntiqam hissindən Səkilin gözləri alışıb yanmağa başladı. Harda qırmızı maşın görürsə,  onun rezinlərini dişi ilə qopardıb gətirir. Əslində Səkilin işi təkərlədir. Amma ağzına keçən ilk anda  rezin parçası olur.
 
Səkil  gündə   üç-dörd maşını rezinsiz yola salır.  Rezinlərdən evimizin arxasına bir taya vurub. Qırmızı maşınlardan ayağının intiqamını alır. Balaca gözlərindəki hirs  aydınca hiss olunur. Səkilin gözlərindən öpmək istəyirəm. (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar