Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düyməmi tikirəm, subaylıq əlimə batır...

Gənc şair Fərid Hüseynin “Təşbehə ağı” şeir silsiləsini təqdim edirik



Sənin hicrətindir mənim ömrüm, –

uzun bir səfər etmisən –
xəyallarımdan xatirələrimə köçmüsən.


Həyat bizlə

yalnız sevişdiyi günlər mehriban olan

meşşan kimi davranır,
və eşqin rahatlığı 
bizim yalnızlığımızda quyulanır...

 

Olanları xatırlatmaq vaxtın işidi,
ürəyim yaralar muzeyidi,
ancaq xatirəsi olanlar içəri buraxılır.
Şüşənin altında qorunur
dilimin zəhəri,
divardan asılıb
günahın şeytan təbəssümü...

 
Cümə yorğunluğuyla baxıram şəklinə, –
heç nə dəyişməyib,

hər şey eynidi –
sənli günlər üzünə parça atılmış,
ayaqları açıq qalan ölüdü.

Sıyrılmış dəri kimi göynədir tale,
qədər...
dirilərin gözlərinə,
ölülərin ayaqlarına
çökür kədər...


Hardasan indi,
hansı qaralanmış sözün altındasan?
Yenə nöqtəli hərflər kimi 
səhvlərin astanasındamı yaşayırsan?


Beynimdə bir-birinə qarışır
qadın xəyalları:
vaxtı və yeri unudub
xatırlayıram onları.


Heç zaman yaranmadı
iztirabla mehrin ülfəti,
ehtiras vaxtı soyunulmuş
paltarlar kimidi günahlar, –
hərəsi tələskən bir ananın əbədiyyəti...


II

 
Getdiyim yolların qəlbi daş,

içdiyim şərablardan

tövbə əmir ürəyim.

Ayaqlarım

gəzdiyimiz yerlərdən

izlərini gəmirir...

 

Kim ki özündən qaçır,

qamçılasın özünü...

Hamı yaxşı tanıyır

günahın güzgü üzünü...

 

III

 

Səndən xatirələri soruşsalar

kəsilməsin səsin,

solmasın bənizin,

de ki mən də sevmişdim

aşiqlərlə bərabər,

de ki nəğməm qocaldı, –

öz səsimlə sərasər.

De ki söndürülmüş işıqları

ovutmaq üçün

layla oxuyuram nur dilində,

de ki günah təzə-tərdi,

yada düşən hər gündə.

 

Gəl xatirən tərəfə –

özünlə bir qarşılaş,

mən keçmişdən dərs keçim –

nəyi bilməsən soruş.

 

IV

 

Çox şey tarix olurmuş,

tarixçilər

Heredotun şəkli uydurulmuş otaqlarda

danışmazlar belə günlərdən...

Yaddaşın işğal tarixi başlar,

gözlərinin önündən...

 

Çox şey tarix olurmuş:

məsələn,

gözəl bir qadının qocalması...

Haçandan başlayır o faciəli gün?

Dırnaqlarını boyamağa

ərindiyi səhərdənmi,

ona yaraşan papağı

hardasa unutmasındanmı,

olmaya çəkələkləri

ayaqlarına oxşamayandan?

 

Məndən olsaydı,

sənin əllərinlə ömrümü ovub,

yaşadığın günlərə qarışardım.

Əgər Allah kimi hər şeyi bilsəydim,

yenə də səndən adını soruşardım.

 

V

 

Keçmişi arzulamaq

bir başqa üzümüzdür indi,

təmiz,

pak,

ləkəsiz üzümüz,

əyintisiz sözümüz...

Keçmişi xatırlamaq bəzən

yüngül əxlaqlı qadının

evdarlıq arzulamasına taydır, –

ilişdirirsən yaxanı ümid ilgəyinə,

sən paklığına qovuşacağını düşünürsən,

ancaq insanlar

inanmır sənin dəyişəcəyinə.

 

VI

 

Sənin əllərinin cadarlarına

hansı günlərin izləri düşüb?

Mənim dilimə oyuncaq

sevgilərin qırıq yerləri hopub.

Mən sözlərimi köksümdə

sən əllərini ciblərində gizləməklə

geriyə qayıda bilərik,

ancaq

sən mənə əl uzatmalısan,

mən də nəsə deməliyəm sənə.

 

VII

 

Səndən danışırlar mənə,

sanki heç nə eynimə deyil,

amma ürəyimdən buzlar sınır,

Səni heç vaxt görmədiyim,

adamlarla düşünürəm,

heç vaxt getmədiyim

özgə yerlərə gedirsən xəyalımda,

eşitmədiyimiz mahnılar dinləyirsən,

saçlarının rəngi fərqlidi,

gülüşün də dəyişib,

başqa ifadələr daşlaşıb üzündə,

səni hər şeyə yadlaşdırmaqla

qoruyuram içimdə.

 

VIII

 

Xoşbəxt günlər

bir işıq xəyalıdır yaddaşımda,

sənin adına

yandırdığım şamlar ölüb,

ürəyində arzu tutma...

Yığmışam qəlbimə,

yanmış kibrit çöplərini

sənəd səliqəsiylə...

 

IX

 

Bax, indi düyməmi tikirəm,
subaylıq əlimə batır,
anamın ağrısı

iynənin gözündən keçir...

 

Çay dəmləyirəm,
sən yadıma düşürsən,
qalxıb yapma gülləri sulayıram...

 

Şəklinə baxıram, – bu sənsən.
Gözümün görməyə 
alışmadığı qədər gözəlsən.

 
Gündüzün yorğunluq qandalın
gecənin sükutuna taxıram –
Günəşi söndürüb yatıram.

 
Sabahsa həminki – eynidi.
Nolar, tanıma sən məni –
dəyişən içimin əynidi...(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar