Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dil öyrənmə problemləri: 3 ayda xarici dil öyrənmək mümkündürmü?


“Edumarket” Təhsil və İnkişaf Mərkəzinin direktoru: “3 aya xarici dil öyrətmək iddiası yanlış və heç bir pedaqoji və metodiki əsası olmayan bir fikirdir”


“Yeni qəbul olunmuş imtahan sistemi əcnəbi dillərin öyrənilməsi baxımından hazırkı sistemdən o qədər də fərqlənməyəcək”.

Dil dünyaya aparan körpüdür. Uzaqdan dünyaya səssizcə tamaşa etmək istəmirsənsə, o körpüdə addımlamağı bacarmalısan. Bunun üçün isə qərarlı və məsuliyyətli olmaq vacib amillərdən biridir. Bəzi insanlar dil öyrənməyi dünyanı səyahət etməyə bənzədirlər. Müasir dövrümüzdə yaşından asılı olmayaraq, bir çox insanlar xarici dil öyrənməyə can atırlar. Lakin bəzilərinin dil öyrənmə metodunu yanlış seçməsi istədikləri nəticəni almağa mane olur. 

Elə buna görə də dil öyrənmənin düzgün metodları ilə bağlı  PİA.AZ-ın əməkdaşı “Edumarket” Təhsil və İnkişaf Mərkəzinin direktoru Turan Hüseynovdan müsahibə alıb. 

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Turan bəy, “Dil öyrənmə düsturu” üçün vacib olan amillər hansılardır? 

- Dil öyrənilməsi üçün dəqiq bir düstur təyin etmək və hərkəs üçün tətbiq etmək mümkün deyil. Müxtəlif dillərin fərqli quruluşda olması, müəllimlərin müxtəlif metodiki və pedaqoji ustalığa sahib olması, öyrənənlərin fərqli bacarıq və qabiliyyətlərə sahib olması dil öyrənmə prosesində fərqlilik və rəngarənglik tələb edir. Bununla belə bütün hallarda 3 amili düstur kimi qəbul edə bilərik:

1- Vaxt. Dil öyrənənlər öyrənmə dövründə müəllimin verdiyi tapşırıqlarla yanaşı, əlavə çalışma və məşğuliyyətlərə yetəri qədər vaxt ayırmalıdırlar. 

2- Praktika. Dilin praktik hadisə olması hərkəsə bəllidir. Buna görə də əcnəbi dilləri öyrənərkən nəzəri biliklərimizi praktikada istifadə etməliyik. Bu, bir növ idman oyunlarına bənzəyir, nəzəri bilikləri meydanda istifadə etmək lazımdır. Bir məqama da toxunmaq istərdim ki, bəzən tələbələr hər hansı bir mövzunu mükəmməl şəkildə öyrəndikdən sonra o mövzuda danışmaq istəyirlər, bu tamamilə yalnış fikirdir.Əksinə praktik istifadə dil biliklərimizin mükəmməlləşməsinə yardımçı olacaq.

 3- Qiymətləndirmə. Öyrəndiyimiz nəzəri bilikləri və onların praktik istifadəsinin nəticələrini mütləq müəllimlərlə müzakirə etməli, mümkün səhvləri aradan qaldırmalı və ümumi bilik səviyyəsinin yüksəldilməsi üçün müəllimin tövsiyyələrinə əməl etmək lazımdır.

- Xarici dil öyrənməyin ən asan yolu nədir və sürətli dil öyrənməkdə psixoloji amillər rol oynayırmı?

- Dil öyrənməyin çoxsaylı üsul və metodları var. Ən asan yol fərdin öyrənmə bacarıqlarına uyğun olan metoddur. Bu üsulu isə müəllim pedaqoji, metodiki və psixoloji biliklərindən istifadə edərək təyin etməlidir. Sualın ikinci hissəsinin cavabında deməliyəm ki, dillərin sürətli öyrənilməsində psixoloji amillərin rolu danılmazdır. Tələbənin temperamentinin, yaş dövrünün, istedad və bacarıqlarının və s. nəzərə alınması, ünsiyyət psixologiyası mənbələrinə müraciət edilməsi öyrənmə prosesinin keyfiyyətini inanılmaz dərəcədə yüksəldən amillərdəndir.

photoslide_title


















Turan Hüseynov: “Rus dilinin ingilis dilinə nisbətən çətin quruluşa malik olması və digər amillər ingilis dilinin üstünlük qazanmasına gətirib çıxarır”.


 - İndiki şəraitdə uşaqların və gənclərin xarici dil kimi ingilis dilinə xüsusi maraq göstərdiyi aydın məsələdir. İngilis dilinin dominant səviyyəyə çatmasına səbəb nədir: dəb, yoxsa texnoloji inkişafdan yaranan zərurət? 

- İngilis dilinin dünyanın bir nömrəli dilinə çevirilməsi uzunmüddətli və çoxşaxəli bir proses olub. Çoxsaylı səbəblərdən biri ingilis dilinin qarammatik quruluşunun digər dillərə nisbətən asan olmasıdır ki, bu da dilin qısa zamanda öyrənilməsi və yayılmasına təkan verən ən böyük amillərdəndir. Digər səbəb kimi dünyanın 50-ə yaxın ölkəsində ingilis dilinin dövlət dili olmasını göstərə bilərik. Bu ölkələr içərisində Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya kimi təhsil, iqtisadiyyat, səhiyyə və digər sahələrdə inkişaf etmiş ölkələrin olması dilin yayılmasının əsas səbəblərindən biridir. Eyni zamanda dünyanın öncül təhsil ocaqları, kitabxanaları, tədqiqat mərkəzlərinin bir çoxunun ingilisdilli ölkələrdə olması bu dilin öyrənilməsini  zəruri edir.

- Ötən illərdə rus dilinə maraq daha çox idi. Ancaq zaman keçdikcə bu dilə olan maraq itir. Rus dilinin sıradan çıxmasının səbəbini nədə görürsünüz? 

- Ötən illərdə rus dilinə marağın çoxluğu ölkəmizin keçmiş Sovet ölkələrindən biri olması ilə bağlı idi. İndi isə biz bütün dünya ilə sərbəst şəkildə əlaqə qura bilirik. Artıq təhsil almaq üçün Sovet ölkələrinə yox,  Avropa ölkələrinə gedirik, ingilis dilində olan KİV-i izləyirik və s. Lakin səbəblər çoxdur, rus dilinin ingilis dilinə nisbətən çətin quruluşa malik olması, rus dilini öyrənmək üçün vəsait və mənbələrin azlığı və digər amillər ingilis dilinin üstünlük qazanmasına gətirib çıxarır.

- Xarici dil öyrənən bir çox insanlar söz bazasının kifayət qədər olduğunu desə də, danışıq zamanı bu özünü biruzə vermir. Sanki bildikləri bütün sözləri unudurlar. Sizcə, bunun səbəbi nədir və dil kurslarının qeyri peşakar tədrisi  bu məsələdə rol oynayırmı? 

- Bu sual tələbələr tərəfindən də ən çox soruşulan suallardandır. Səbəb kimi sözlərin düzgün metodla öyrənilməməsini  görürəm. Əsasən ənənəvi üsulla, dəftərdən oxuyaraq əzbərləmək üsulu ilə söz öyrənən tələbələr qeyd olunan problemlə qarşılaşırlar. Lakin öyrənilən sözləri ilk olaraq, cümlə və inşalarda yazsalar, daha sonra o yazılı mətnləri şifahi şəkildə danışsalar, əlavə olaraq müxtəlif oyun, çalışma, müzakirələrdə həmin sözlərdən istifadə etsələr, istənilən sözü rahat şəkildə istifadə edə bilərlər.

- Məlumdur ki, onlayn dil kursları da geniş şəkildə yayılıb. Sizcə, bu üsul nə dərəcədə effektivdir? 

- Azərbaycanda ilk onlayn təhsil mərkəzi “Edumarket” – in təsisçisi olaraq deyə bilərəm ki, dünyada geniş yayılmış onlayn tədris metodlarının ölkəmizdə də vüsət alması sevindirici haldır. Onlayn dərslər heç bir cəhətdən sinif dərslərindən geri qalmır, əksinə bir çox üstünlükləri də vardır: tələbənin yolda vaxt və enerji itirməməsi, ev və ya ofisdən birbaşa dərsə qoşula bilməsi, tətil və ya səfər zamanı dərslərə davam edə bilməsi və s. Tələbələrin diqqət yetirməli olduğu yeganə  məsələ onlayn tədris metodlarına bələd, bu sahədə təlim almış müəllim seçimidir. Dərslərin effektivliyini isə onlayn dərs alan tələbələrin uğur və məmnuniyyətləri sübut edir.

- Bakıda xarici dil kursları kifayət qədərdir. Lakin buna baxmayaraq, qiymətlərin ucuz olduğunu söyləmək çətindir. Məsələn, bir çox dil kurslarında qrup şəkilində hazırlığın minimum qiyməti 50-60 manat, fərdi şəkildə isə 70-80 manatdan başlayır. İELTS və TOEFL kurslarının müddəti cəmi 3 ay olsa da, qiymətləri minumum qrup şəkilində 90 manatdan 225 manata qədər, fərdi şəkildə isə 125 manatdan 360 manata qədər davam edir. Qiymətlərin belə baha olmasının səbəbi nədir? 

- Ən çox müzakirə olunan mövzulardan birinə toxunmusunuz . Həm mərkəzləri, həm də müraciət edənləri haqlı hesab etmək olar. Minimal və orta qiymətləri ədalətli hesab etmək olar, çünki ödənilən məbləğə müəllimlərin və digər işçilərin maaşı, mərkəzin kirayə haqqı, kommunal xərclər, mərkəz üçün avadanlıqlar, mərkəzin təmiri və.s kimi  tələbələrin diqqətindən yayınan məqamlar daxil olur. Bunlarla yanaşı, mərkəzlərdə müxtəlif endirim kampaniyaları da olur, tələbələr bu fürsətlərdən yayarlana bilərlər. Lakin çox hallarda həddən artıq yüksək qiymətlərin sadəcə reklam oyunu olduğunun da şahidi oluruq, hər halda tələbələr xidmət və qiymət uyğunluğunu özləri analiz edə bilərlər.


Turan Hüseynov: “Son vaxtlar IELTS və TOEFL proqramlarına marağın artması xaricdə təhsil almağa və işləməyə gedənlərin sayının artması  ilə bağlıdır”.


- Bir çox dil kursları cəmi 3 aya xarici dil, xüsusən də ingilis dilini öyrədəcəklərinə dair iddialı reklamlar verirlər. Sizcə, bu iddia nə dərəcədə reallığa söykənir? 

- Əvvəla,  çox mühüm məsələyə toxunduğunuz üçün təşəkkür edirəm. Qeyd edilən iddia yanlış və heç bir pedaqoji və metodiki əsası olmayan bir fikirdir. Dünyanın öncül universitet və mütəxəssislərinin rəylərinə əsasən qəbul olunmuş normalara əsasən bir dil səviyyəsinin öyrənilməsi 3 ay olmalıdır. Bu müddət tələbənin öyrənmə bacarıqları, dərsə davamiyyət və hazırlıq keyfiyyətinə görə qısala vəya uzana da bilər. Nəzərə almalıyıq ki, hər hansı bir dildə özünü sərbəst ifadə etmək üçün ən az 3 səviyyə öyrənilməlidir. Digər tərəfdən isə məktəblərdə ingilis dilinin tədrisi, dilimizə ingilis dilindən keçmiş sözlərin mövcudluğu və.s faktlar ilk iki səviyyənin nisbətən daha tez zamanda öyrənilməsinə səbəb ola bilər. 

- Son vaxtlar gənclər arasında IELTS və TOEFL proqramlarına maraq artıb. Bilməyən oxucularımız üçün İELTS və TOEFL proqramları barədə qısa məlumat verməyinizi istərdim. 

- IELTS və TOEFL beynəlxaq dərəcəli bilik qiymətləndirilməsi proqramlarıdır.  4 dil bacarığı: danışma, dinləmə, yazı və oxu bacarıqlarından imtahan verən və lazımi nəticəni toplayan namizədlər əldə etdikləri sertifikatlar vasitəsilə dünyanın istənilən ölkəsində yerləşən təhsil mərkəzləri, iş yerləri və ya şirkətlərə sertifikatını təqdim etməklə,  lazımlı dil biliklərinə sahib olduğunu sübut edə bilir. Son vaxtlar IELTS və TOEFL proqramlarına marağın artması xaricdə təhsil almağa və işləməyə gedənlərin sayının artması  ilə bağlıdır.

- Deyirlər tərcümə qadın kimidir: gözəli dəqiq olmur, dəqiqi isə gözəl. Tərcümələrdə ortaq nöqtəni tapmaq üçün nə etmək lazımdır? 

- Birçox hallar üçün doğru deyilmiş ifadədir. Unutmamalıyıq ki, müxtəlif sahələrdə tərcümə sahəyə uyğun olmalıdır, işgüzar və elmi sahələrdə dəqiqlik tələb olunduğu halda bədii tərcümələrdə dəqiqliklə yanaşı, bədiilik və rəngarənglik də tələb olunan məqamlardandır. Ümumiyyətlə, tərcümə kənardan görüldüyündən çox çətin bir sahədir və bu haqda danışmaq üçün bir neçə cümlə yetərli deyil.

- Bu il ingilis dili qəbul imtahanlarından çıxarıldı. Bu qərarı doğru hesab edirsinizmi?

- Növbəti ildə universitetlərə qəbul prosesi yeni üsulla həyata keçiriləcək. Bu zaman iki imtahan qiymətləri nəzərə alınacaq:

1 - məktəbdə müəyyən fənnlərin buraxılış imtahanlarının nəticəsi; 
2 - universitetə qəbul imtahanlarının nəticəsi. 

İngilis dili universitetlərdə qəbul imtahanlarından çıxarılsa da məktəb imatahanları sırasında qalır və yenə də abituriyentlər bu dili öyrənməli və imtahanlarda lazımi nəticəni əldə etməlidirlər. Buna görə də düşünürəm ki, yeni qəbul olunmuş imtahan sistemi əcnəbi dillərin öyrənilməsi baxımından hazırkı sistemdən o qədər də fərqlənməyəcək. Hər halda dəqiq nəticələri zaman göstərəcək.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar