Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abidinin abinin, mister Tasderin həyat hekayəti


Almatıda oteldəydim. Güzgünün önündə hündürboy, 60-65 yaşlarında bir kişi dayandı, gimnastika hərəkətləri edə-edə, saymağa başladı: “Bir, iki, üç, dörd, beş, altı, yedi, səkiz, dokuz, on”


Onun bizimkilərdən olduğu dərhal anlaşıldı, amma “səkkiz” və “doqquz”a “”səkiz“, “dokuz” deməsindən haralı olduğu konkretləşdi.

Doğma bir adamı görmüşəm kimi soruşdum: “On kifayətdirmi, bəy?”

Hündürboy adam səsə çevrildi və doğma adamını görmüş kimi yaxın gəldi: “Azərbaycan türküsünmü”?

Söhbətimiz tutdu. Məlum oldu ki, cənab Abidin Tasder əslən izmirlidir, 40 ildir Londonda yaşayır, investisiya fondunun idarə heyətinin sədridir, dünyanın bir çox ölkələrində iri layihələr həyata keçirir, Rusiyada, ABŞ-da, Maltada, Yeni Zelandiyada, Qazaxıstanda, Azərbaycanda layihələr həyata keçirir, Atatürkçüdür.

Ayaqüstü söhbətimiz bir qədər də davam etdi və bitdi. Cənab Tasderlə bir də səhər yeməyi zamanı görüşdük. Hər kəs özünə səhər yeməyi götürərkən boşqabını ləbələb doldurduğu halda, 1.90 sm boyu, azı 110 kq çəkisi olan Abidin bəy bir fincan kofe və bir kökə götürdü, otelin həyətinə çıxarkən, küncdəki masada məni gördü, bayıra çıxmağı təklif etdi, çıxdıq, əyləşdik.

Söhbətcil, istiqanlı adam imiş. Dövriyyəsi milyardlarla ölçülən bir investisiya fondunun rəhbəri bu qədər də sadə biri ola bilərmi? Ağlasığmaz idi. Amma bunun sirri söhbətimiz boyunca yavaş-yavaş açıldı.

“Atam iş adamıydı, milyonçu idi, Sovet İttifaqına əsgər çəkmələri üçün kauçuk altlıq ixrac edərdi. Mən də gənc idim. 70-ci illərdə bir qız dostum vardı, sevgiliydik, qoşulmuşdum ona, hara aparırdı, gedirdim. Qız da solçu, kommunist. Mən qafanı buna qapdırmışam, o da marksizmə, leninizmə. Dərnəklərə gedirdik, mitinq, nümayişlərə çıxırdıq. Mən həm də basketbolçuydum, gənclərdən ibarət milli komandanın üzvüydüm. Bir gün istihbarat idarəsinin şefi atamın yanına gəlmiş, demiş ki, Mustafa Niyazi bəy, sənin oğlun kommunistlərə qoşulmuş, sonra bir şey olar, aman-aman. Atam məni çağırdı, dedi ki, o qızla dostluq edirsən, et, evlənirsən, evlən, bir söz demirəm, kommunist olursan da, ol, ona da bir sözüm yoxdur, amma ehtiyatlı ol, özünü təhlükələrə atma, sənə bir şey olarsa, səni vurarlarsa, mən də qəhrimdən ölərəm. O zaman solçularla millətçilər bir-birini silahla vururdular, ölüm halları çox olurdu. Atam milyonçu olsa da, fəhlə sinfinin adamıydı, könlü fəhlələrdən yanaydı, amma mənə görə qorxurdu. Belə günlərin birində atam məni çağırdı, dedi ki, Londonda təhsil almağın lazımdır, hər şey hazırdır, sabahdan gedirsən Londona. Gediş o o gediş, 40 ildir Londondayam. Anlaşılan, atam həyatımı qurtarmış”.

Abidin bəy bu sözləri deyir, gülür və davam edir: “Amma sanma ki, Londonda da dinc dayandım. Qafa getmiş bir kərə. Burda da solçulara qoşuldum. İki il sonra universitetin tələbə təşkilatının başqanı oldum. Dərnəklərə gedirdik, nümayişlər təşkil edirdik. Amma sonra təşkilatımızda bolşevik-menşevik parçalanması oldu. Mən bolşeviklər tərəfdəydim. Bir gün menşeviklər tərəfdə olanlar, təxminən 25 adam məni bir qaranlıq dalanda təkbaşına yaxaladılar. Dəmir çubuqlarla üstümə töküldülər. Mən idmançı olduğuma görə “Allah-Allah” deyə öndə gələnləri vurub sərirdim, amma sonra arxadan başıma dəmirlə vurublar, huşumu itirmişəm. Döyüb-döyüb, öldü bilib gediblər. Özümə gələndə gördüm ki, asfaltda döşəliyəm, qanlar içindəyəm. Durdum, avtomobilimə oturdum, yaxınlıqdakı kliniakaya getdim. Məni bu halda görən iki həmşirə bayıldı. Başıma 22 tikiş atdılar. Amma qafa sümüyüm salamat idi. Doktorum tibbi raportuma yazmışdı ki, həyatımda böylə kalın kafa adam görmədim”.

Bəs necə olub ki, gəncliyini marksizmə həsr edən Abidin Tasder sonradan bu yoldan imtina edib?

A.Tasderin söhbəti: “Bir dəfə Bolqarıstana getmişdik. Mən hər kəsin işlədiyi, qazandığı, yaxşı dolandığı, əyləndiyi, azad, firavan, dəbdəbəli Londondan gəlmişəm, amma görürəm ki, bu sosialist ölkəsində hər yandan miskinlik yağır. İnsanlar kasıbdır, gözüqıpıqdır, ərzaq üçün növbələrdə dururlar və onların əcnəbilərlə ünsiyyəti məhdudlaşdırılır. “Nədən, əcəba” dedim. Geri qayıtdığımda yoldaşlara dedim ki, sanıram, biz öz ölkələrini, insanlarını dolandıra bilməyənlərin tərəfindəyik və onların əslində necə olduqları haqqında informasiyamız azdır. Bir az araşdırdıq, o biri sosialist ölkələrin daxili durumunu öyrəndik. Hətta bir dəfə dostlarımla birlikdə Almaniya Federativ Respublikasından qaçaq yolla sosialist Almaniyaya keçdik. Gəzdik, dolaşdıq. Aradadakı fərqi gördük. Beləcə, yavaş-yavaş dünyada marksizmin qalib gəlməsinin vacib olduğu ideyasından əl çəkdik. İş dünyasına atıldıq, yavaş-yavaş bir yerlərə gəlib çıxdıq”.

Söhbətimiz boyunca hiss edirəm ki, özünün əli milyardlarla oynasa da, adamda qəribə zəhmətkeşlərə, sadə adamlara qəribə rəğbət var. Milyonlar, zəngin həyat onu əski dünyagörüşündən, düşüncəsindən uzaqlaşdırmayıb. Söhbəti sezdirmədən o tərəfə çəkirəm. Həmsöhbətim danışır: “Mən indinin özündə də zəhmətkeşlərin, imkansızların yanındayam. Bir dəfə Türkiyədə bir bələdiyyə başqanı mən görüşə çağırmışdı. Dalımca limuzinlər, qoruma dəstəsi göndərmişdilər. Dedim, nə gərək var, mən sadə bir investoram, bu qədər. Maşına oturanda bir qadın gəlib mənə əl açdı. Qorumanın rəisi ona acıqlandı, qovmaq istədi. Mən də qorumaya acıqlandım. Cibimdə nəqd pul yox idi. Ona dedim ki, üstündə nə qədər para var, çıxar, ver o qadına. Dinməzcə çıxardı, verdi, bir az aralanandan sonra dedi, bunlar mafiyadır, dilənçilər mafiyası. Dedim, xeyr. Biri sənə əl açıbsa, ona əl tutmaq borcundur. Bir dəfə də məşhur iş adamlarının biriylə onun ofisində görüşərkən gənc xidmətçi qızın əli titrədi, önümə bir-iki damcı qəhvə töküldü. İş adamı qızı acıladı. Dedim, nə edirsən, nə olub yəni, mən şikayət etdimmi. Söylədim ki, əgər bu görüşdən sonra o qızı cəzalandırsanız, incitsəniz, indicə imzaladımız milyonluq kontraktların üstündən qələm çəkərəm”.

Cənab Tasderin maraqlı söhbətlərindən biri də kiçik ərəb ölkələrində şeyxlə görüşü barədəydi. İngiltərəli investora özünün necə zəngin, şahənə həyat yaşadığını göstərmək istəyən şeyx dəbdəbəli ziyafət təşkil edib. Abidin Tasder ziyafət əsnasında bir güncdə əlləri əllərinin üstündə gözləyən gənc xidmətçi oğlanlara müraciət edərək fincana qəhvə süzmələrini xahiş edib. Tasderin söhbəti: “Bir də gördüm ki, şeyxin və yanındakıların gözləri böyüdü, donquldanmağa başladılar. Şeyx pərt-pərt dedi, Abdin bəy, Abdin bəy, belə olmaz axı, siz niyə kölələrə birbaşa xitab edirsiniz, təmasa keçirsiniz, onlar kölədir, nə onların üzünə baxmalısınız, nə da onlar sizin gözlərinizə baxmalıdır, bir şey lazımdırsa, qaşığı fincana taqqıldadacaqsınız, özləri başa düşəcəklər. Düşündüm ki, mən gəlib hara düşmüşəm? Bura necə bir yerdir? Bunlar necə müsəlmandır? Bəs bütün müsəlmanlar qardaş idi, indi nə oldu? Birinin parası 5 dollar çoxdur, o birininki 5 dollar azdırsa, demək, insanlıqları da paralarına görədirmi?”

Bax, belə bir maraqlı, ünsiyyətcil, söhbətcil adam.

Cənab Tasderin iki övladı var – bir oğlan, bir qız. 30 yaşlı oğlu hazırda səyahətdədir, anası ona deyib ki, atana bənzəmə, az gəz. Qızı da İndoneziyada çalışır. Onun xanımı ingilisdir, 35 ildir birlikdə yaşayırlar.

“Dini inancıma görə mən, izmirlilərin çoxu kimi bektaşiyəm. Bütün insanların bərabər olduğuna, qardaş olduğuna inanıram, bütün türkləri isə doğma qardaşım hesab edirəm, bolşeviklərin təbirincə desək, pantürküstəm mən”, - Abidin Tasder dedi.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ən çox oxunanalar