Cümə, 22 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Xalq şairi Fikrət Qoca: “Mən başqa ölkədə yaşasaydım, indi milyoner olardım” 

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca “Yeni Müsavat” qəzetinə müsahibə verib

PİA.AZ müsahibəni oxucularına təqdim edir:

– Fikrət müəllim, necəsiz? Bundan əvvəl bir neçə dəfə sizinlə əlaqə saxlayanda ABŞ-da səfərdə olduğunuzu, orada müalicə aldığınızı bildirirdiz? Hazırda vəziyyətiniz nə yerdədir?

– Babatam. Bu yaşda adam necə olar, ay qızım? Xəstəlik-zad, bunların hamısı boş söhbətdir, bəhanədir. Çünki artıq 84 yaşım var, 85-ə keçəcəm.

– Bəzən kimlərsə Amerikanı insanların daha xoşbəxt yaşaya biləcəyi ən münasib, ideal ölkə hesab edir, oradakı həyatı arzulayır. Dəfələrlə Amerikada səfərdə olan bir azərbaycanlı kimi, oradakı yaşayış tərzini, ab-havanı necə tərənnüm edərdiz?

– Həyatım boyu səfərlərdə olmuşam, gəzmişəm. Əvvəlcə müqayisə üçün, daha sonra isə mövzu dalınca gəzmişəm. Zamanında ölkəmiz müstəmləkə altında olanda xarici ölkələrə gedib qəhrəmanları axtarırdım – hansı ki, onlar öz ölkələrini müstəmləkədən qurtarmışdılar. Daha sonra isə dillərin batmasını araşdırırdım. Məsələn, iki dildən yaranmış tayfalar var idi. O zaman Portuqaliyada belə bir qərar verilmişdi ki, keçmiş dustaqları artıq “yemləməsinlər”. Bunun üçün də dustaqların qarşısına belə bir şərt qoyurdular ki, “səni Afrikaya göndəririk, get orda azad yaşa, işlə, özünə həyat qur. Sən orada da cinayət törədəcəksənsə, cəzan ölüm olacaq”. Əgər dustaq kişi idisə, afrikalı qadınla, qadın idisə oradan olan kişi ilə evlənirdi. Həmin izdivacdan olan uşaqları Portuqaliyaya gətirib oxutdurur, təhsil verir, qayğısına qalırdılar. Beləliklə, həmin uşaqlar Portuqaliya dilində tərbiyə alır, öz ana dillərini bilmir və yaxud pis bilirdilər. Onlar sonradan böyüyəndə hər iki ölkənin uşağı olduğu üçün Portiqaliyaya xəyanət etmirdi. Bununla belə ilk inqilab elə Qvineyada oldu. Portuqaliyada böyüyüb təhsil alan uşaqlar öz ölkələrini müstəmləkədən xilas etdilər. Lakin onların arasında öz ölkəsinə qəddar yanaşanlar da var idi. Yəni bu cür faktları yaxından öyrənməyə çalışırdım. Çünki öyrənəcəyimiz çox şey var idi.

İndi də bu çağımda, xəstə vaxtımda Amerikaya səfərlərə gedirəm. Əvvəla, orada qızım yaşayır, bəhanəylə gedib onu görürəm. Həm də oradakı dünyanı, insanları müşahidə edirəm. Bəzən burada Amerikadakı yaşayış haqqında elə tərifli sözlər danışırlar ki, deyirəm bəlkə mən yaxşı görməmişəm. Bir daha gedib görəndə daha yaxşı müşahidə etməyə çalışıram, yenə də qərara gəlirəm ki, yox əşi, mən Amerikada yaşaya bilmərəm. Çünki orada həyətindəki ot belə sənin ixtiyarında deyil. Əgər otu yaxşı biçməsən, sənə çox ağır cərimə cəzası verə bilərlər.

Bir dəfə Anarla orada səfərdə idik. Yolun kənarında gedəndə gördük ki, bir nəfər tələsik evindən çıxıb, bağçasındakı qırmızı güllərin arasında bitən bir ağ gülü kəsib atdı. Bunu nədən etdiyini soruşanda dedi ki, “bütün güllər eyni olmalıdır, təsadüfən aralarında başqa rəngdə gül olarsa, cərimələnə bilərəm”. Yəni sən öz həyətindəki gülün, hətta araşdıranda məlum olur ki, evinin də sahibi deyilsən. Əgər səhəri gün işini itirsən, o evi də saxlaya bilməyəcəksən.

Deyirlər orada maaş yüksəkdir, bəli, bu doğrudur. Məsələn, kürəkənim orada aylıq olaraq 10 min dollar təqaüd alır. Lakin xərcləri elə burdakı kimi olur, yəni ayın sonuna bəzən görürsən ki, maaşın çatmır. Yəni bəzən kənardan görünən işıltını, pərdənin arxasını yaxşı görə bilmirik. Bunun üçün ehtiyatlı olmalıyıq. Uzaqdan yaşıl görünən dağlar bizi həmişə özünə cəlb edir, elə bilirsən ki, orada olsan yaşıllığın içərisində yumarlanıb, aşağı düşə bilərsən. Lakin yaxın gəldikdə görürsən ki, bu yaşıllıq heç də hamar deyil, onun arasında daş da, tikan da var, rahatca yumarlana, yumarlanıb aşağı düşə bilməzsən. Həyat tərzi də belədir. Bunun üçün də yüz kitab oxuyunca, get, gör.

Bəzən insanlar öz gözündəki tiri görmür, başqasının gözündə qıl, səhv axtarır, halbuki özü nə haldadır. Fransa bizə demokratiya öyrədir, amma 2-3 həftədir insanları küçələrdədir. Qadınlar da bu aksiyalar qoşulur, düşünür ki, onlara əl qaldırmazlar, lakin onları da döyür, saçından tutub sürüyürlər. Demokratiya budursa, mən bunu istəmirəm. İnsanlar öz hüquqlarını tələb edirlər. Əvvəlcə səs verib Makronu seçdilər, hətta cinsi azlıqlar da onun öz adamı olduğunu deyib, əl çalırdılar, sonra isə etiraz etdilər. Bir adamın ki, uşağı yoxdur, o necə rəhbər olub, uşaqları, gələcəyi düşünə bilər? Əgər düşünsəydi, uşaq sahibi olardı. Uşaq təkcə nəsil deyil, həm də evdə adamdır. İndi evdə it saxlayırlar, nəinki uşaq.

– Yəqin ki, şeir yazmaqdan da geri qalmırsız?

– İlham gəldikcə, olduqca yazıram.

– Bir neçə ay öncə saytların birində belə bir şeirinizlə qarşılaşmışdım:

“Ey mənim göyçək yarım,

Ömrümüz sonbahardı

Mənim ağbirçək yarım.

Dəlisov gəncliyimi

Bu gün yada salmışam.

Sənin üçün bir dəstə

Qızılgüllər almışam”.

Şeirin sonu isə belədir:

“Sənə gül aldım ki,

mən Gül görüb üzün gülər…

Sən elə sözlər dedin,

Əlimdə soldu güllər”. Maraqlıdır, şeirdəkini özünüz yaşamısızmı, yoxsa?..

– (gülümsəyir). Yaşamışam, əlbəttə. Mən xoşlayıram yoldaşıma gül almağı. Bir dəfə ona gül aldım, əvəzində dedi ki, “bu qaça-qaçda gülü neynirsən, nəyə lazımdır?”. Düzü, bu mənə toxundu, gülü həvəslə almışdım ki, qarıma verəcəm. Əslində o da gülü xoşlayır, indi bəlkə də ikimiz də yaşlanmışıq… Həm də yoldaşım bəzən özünə pul xərcləməyi qıymır, xəsislik edir.

– Bəstəkarlar yeni şeirlərinizə də müraciət edir, maraqlanırlarmı?

– Keçən il yazıçılar qrupu ilə Cocuq Mərcanlıya getmişdik. Həmin gün 8 şeir yazdım, halbuki bəzən heç bir yazı da yazmıram. Həmin şeirlərin 4-nə bəstəkar Ruhəngiz Qasımova mahnı yazdı. Cocuq Mərcanlıda sanki mənim üçün yeni mənzərə açılmışdı. Çox fərəhlənirdim ki, bayrağımız Lələ təpədə dalğalanır, Şuşa məscidinin eynisi orada tikilib. Bütün bunlar insana təsir edir, tərpədir.

– Həm də ümid verir ki, işğal altındakı digər torpaqlarımız da geri qayıdacaq…

– Ümid yox, həyat verir. Mən yaşda adam yaşamaq istəyir ki, torpaqlarımızın geri qayıtmasını, Şuşanı yenidən görüm. Dünyanı gəzmişəm, amma vaxtında nəsə unutdum ki, Kəlbəcərə də gedim. Onun nisgili ürəyimdə qalıb.

– Bir müddət əvvəl şadlıq evlərində səslənən mahnılara görə müəlliflərə qonorar ödənilməsi ilə bağlı qərar çıxarıldı. Sizin də şeirlərinizə yazılmış saysız-hesabsız mahnılar mütəmadi olaraq səsləndirilir. Bəs bu qərardan sonra qonorar ala bilmisizmi?

– Sovet dövründə şeirlərimiz çıxan qəzetlərdən, jurnallardan hətta çıxışlarımıza görə televiziya və radiodan da qonorar alıb, dolanırdıq. Lakin müstəqillik qazandıqdan sonra bu sistem pozuldu, bilmədim bunlara nə azar dəydi. İndi rusca danışanımız artıb. Küçələrdə, ticarət və xidmət obyektlərində reklam lövhələrinin əksəriyyəti xarici dildə təqdim edilir. Halbuki dövlətin qərarı var ki, elan, reklamlar ilk növbədə Azərbaycan dilində olmalıdır. Bunu nə qədər deyirsən, yenə də fikir verən yoxdur. Axı nə qədər olar, bu sənin öz ana dilindir. Belə çıxır ki, sən öz ana dilinə hörmət etmirsən. Onda necə deyə bilərsən ki, mən anamı sevirəm? İndi yalançı patriotlar çıxıb ortalığa, harada dik yer görür, ayağını qoyub çıxır tribunaya, qışqırır “Vətən!”. Amma vətən üçün iki iş görməyib.

– Elə bu məsələdən söz düşmüşkən, son vaxtlar ekspertlər də həyəcan siqnalı verib bildirirlər ki, uşaqlarını rus bölməsində təhsil almasına çalışan valideynlərin sayı durmadan artmaqdadır, hansı ki, əksəriyyəti rus dilində heç bir cümlə qura bilmir. Əsasları da budur ki, rus bölümündə təhsil verən müəllimlər daha intellektual, mədəni, bilgilidirlər.

– Sovet dövründə elə düşünürdük ki, yaxşı dərzi ancaq erməni ola və yaxud evi yaxşı erməni ustası tikə, başı yaxşı erməni bərbəri qırxa bilər, yəni, başımızı da erməniyə etibar edirdik. Beləliklə, pul ermənilərdə olurdu. Həmin vaxt Azərbaycanda ən varlı adamlar, ən yaxşı evlərdə yaşayanlar ermənilər idi. Onlar bizim pulumuzla varlı olmuşdular. Nazirlərimizin köməkçilərindən biri mütləq erməni idi və ya heç nə olmasa da, katibəsi erməni olurdu. Əgər müstəqillik dövründən sonra torpaqlar özəlləşdirilib satılanda ermənilər yenə bizimlə birgə olsaydı, həmin torpaqların hamısını alardılar və biz lüt qalardıq. Qarabağ məsələsində onlar qudurdular, Allah onların iç üzünü göstərdi, güclə torpaqlarımızı işğal etdilər. Amma biz o torpaqlarımızı geri alacağıq. Əgər o torpaqları hiyləgərcəsinə bizdən alsaydılar, biz bir də ora qayıda bilməzdik.

Müstəqillikdən sonra bu gözəl binaları kim tikdi? Əlbəttə ki, özümüzünkülər. Hətta yaxşı tikməyə çalışırlar ki, sabah orada onun uşağı, qohumu yaşaya bilər, bina uçmasın. Və yaxud indi çox gözəl dərzilərimiz, bərbərlərimiz var, demək ki, özümüzdən də yaxşı sənətkarlar ola bilər. Beləliklə, indi də düşünürük ki, bizdən heç də yaxşı müəllim çıxa bilməz. Niyə olmasın? Sən əgər yaxşı uşaq yetişdirsən, yaxşı müəllimin, professorun, akademikin olacaq, yetişəcək.

– Bir az öncə özünüz də qeyd etdiz ki, sovet dövründə şair və yazıçılar yazdıqlarından dolana, kifayət qədər qazanc əldə edə bilirdi. İndi bunu demək çətindir. Bəs nə etməli?

– Müəllif hüquqlarına görə ildə bir dəfə gətirib 200 manat pul verirlər. Bu axı heç nədir. Hamı bilir ki, hər zaman toylarda mənim şeirlərimə yazılmış mahnılar səsləndirilir. Bir cild kitabım ancaq mahnılar yazılmış şeirlərdir. Hansı ki, həmin kitab 400 səhifədən ibarətdir, deməli 400-dən çox nəğməli şeirim var. Əgər mən başqa ölkədə yaşasaydım, əlbəttə ki, milyoner olardım. Amma onu da qeyd edim ki, dövlət həmişə mənim qayğıma qalıb, zəhmətimə qiymət verib, xəstələnəndə iki dəfə ölümdən qurtarıb, əməliyyatlara göndərib.

– İndi bəzi yazıçılarımız açıq-saçıq ədəbiyyata daha çox üstünlük verməyə çalışır. Buna görə tənqid olunanda isə müasirliyi əsas gətirirlər.

– Onlar başqalarını təqlid etməyə çalışırlar, buna görə onlarda alınmır. Hər bir insanın öz barmaq izi olur, başqasının barmaq izi ilə getməyə çalışanda nəticə olmur.

– Bəs son zamanlar sizi təəccübləndirə bilən gənc yazıçı və ya şair olubmu?

– Onlar həmişə məni təəcübləndirir, ta ki, təsir altına düşüb, kimisə yamsılayana qədər.

– İndi verəcəyim sual bilirəm ki, sizi narahat edəcək, lakin bu sual ağlımda qaldığı üçün vermək istərdim. Ötən il yeganə oğlunuzu döyərək öldürməkdə günahlandırılan şəxslərdən biri məhkəmənin qərarı ilə 5 il, digər iki nəfər isə 2 il 6 ay, 2 il həbs cəzası aldı. Bu qərarla razılaşa bildinizmi?

– Mən oğlumu itirmişəm, bir oğlum var idi, onu da öldürdülər. İndi etiraz etməklə nəyi dəyişə bilərəm, oğlumu geri qaytara biləcəm? Prokurorluq oğlumu öldürən şəxsə 19 il həbs cəzası istəsə də, hakim 5 il iş kəsdi. Belə çıxır ki, ya prokuror çox savadsızdır, ya da hakim. Amma 19 və 5 rəqəminin arasında çox böyük fərq var və onu göstərir ki, məhkəmə çox haqsız qərar verib, bu haqsızlıqdır…

pia.az

Etiket: Fikrət Qoca

Şərh yazın.

loading...