Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat Partiyasında növbəti saxta vəsiqə qalmaqalı

Səxavət Soltanlı status yazdı, Yadigar Sadıqlı cavab verdi, qalmaqal düşdü...

Son günlər Müsavat Partiyasında saxta vəsiqə qalmaqalı böyüyür. Bunun yaranma səbəblərindən biri partiya funksioneri Səxavət Soltanlının paylaşdığı status olub. “Yeni Müsavat” sözügedən statusu təqdim edir: “Əziz dostlar, hakimiyyətin tapşırığı ilə Müsavat Partiyasına qarşı ”saxta sənəd satma" ittihamı ilə yeni bir kampaniya başladılıb. Bəziləri səmimi, bəziləri də məkrli məqsədlə bu “ittihamlara” cavab verməyimizi istəyirlər. Əzizlərim, ortada münasibət bildiriləsi bir dənə də olsa ciddi fakt olmadığı halda nəyə cavab verək?

Şəxsən sən oxucu, öldürmədiyin şəxsi harada basdırdığını deyə bilərsənmi? Bəli Müsavat Partiyasının, rəhbərlərinin adından saxta sənəd düzəldənlər var, biz onların kimlər tərəfindən verilməsinin müəyyənləşməsində ən çox maraqlıyıq. Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, tapın bu cinayətkarları!

Hər zaman belə müzakirələrdə “Ortaya fakt qoyun” deyirik.

Elə “faktlar” qoyurlar ki, adam müzakirəyə çıxarmağa, adı hallanan şəxsə “sizin adınızdan istifadə etməklə saxta sənəd düzəldiblər” deyə müraciət etməyə də ehtiyac duymur. Saxta sənəd haqqında fakt istəyirsən, götürüb ortaya saxta fakt qoyurlar.

İndi sizin diqqətinizə belə bir saxta sənədi təqdim edəcəm.

Guya Yadigar Sadıqlıya məxsus olduğu deyilən, Yadigar bəyin hansı təşkilatın sədri olduğunu bilməyən biriləri tərəfindən primitiv formada onun adından istifadə etməklə saxta sənəd düzəldir.

Kimsə Müsavat adından saxta sənəd düzəldirsə, buna görə Müsavat Partiyası və ya adından saxta sənədə saxta imza atan Yadigar Sadıqlı günahkarmı olur, “arayış alverçisi”mi olur? Yadigar Sadıqlının ümumiyyətlə Salyana aidiyyəti yoxdur, o, Lənkəran təşkilatının sədri olub, Lənkaranda doğulub, orda işləyib, indi də orda yaşayır.

Üzünə baxan kimi bu sənədin də saxta olduğu, Müsavat Partiyasına aidiyyəti olmadığı, Yadigar Sadıqlının da bundan xəbəri olmadığı aşkar görünür.

Belə saxtakarlara, işbazlara görə Müsavat Partiyası kimi ləyaqətlə mübarizə aparan partiyanın adını hallandırmaq olarmı?

Bu “fakt”lara görə bizdən cavab vermək tələb edilə bilərmi?

Və ən sonda, kimsə bizim tərəfimizdən, Müsavat Partiyası tərəfindən hansısa bir sənədi pul müqabilində (qədər önəmli deyil) kiməsə verməsi ilə bağlı ortaya ciddi bir fakt qoysa, hamınızdan üzr istəyəcək, Müsavat başqanının müavini vəzifəsindən və seçkili orqan olan partiyanın Divanından da istefa verəcəyimi bəyan edirəm!

Fakt qoyun ortaya, daha belə saxta fakt yox".

Bu status Müsavat Partiyası daxilində, eləcə də sosial şəbəkədə ciddi müzakirələrə, qovğaya səbəb olub. İlkin reaksiyalardan birini elə partiyanın divan üzvü Yadigar Sadıqlı bildirib. Onun mövzu ilə bağlı yazdıqlarını təqdim edirik: “Dünən mənim iştirak etmədiyim Divan iclasında məlum olub ki, partiya rəhbərliyinin əlində belə bir sənəd var. Mənim Salyan (!) təşkilatının sədri kimi göstərildiyim, guya imzaladığım saxta xasiyyətnamə. Və aylardır bu sənəd partiya rəhbərliyində ola-ola mənə heç bir məlumat verilməyib. Elman Fəttahın bununla bağlı iradına da düz-əməlli cavab səslənməyib. Gecə saatlarında isə Müsavat üzvlərinin qapalı qrupunda gələcək qurultayda başqanlığa namizəd olacağımı açıqladıqdan sonra başqan müavini Səxavət Soltanlı yenə mənə demədən, adım keçən sənədi yenə də mənimlə məsləhətləşmədən paylaşıb. Zatən məsləhətləşsəydi, etiraz etməyəcəkdim. Şükür, cəmiyyətdə qazandığımız imic var, belə şeylər bizə yapışmaz. Amma yenə də etika, yoldaşlıq xəbər verməyi tələb edirdi.

Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə, elə burada da Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyiəm.Kim göndərib və nə vaxt göndərib. Və cavabın şifahi deyil, skrinşotla verilməsini tələb edirəm".

Müzakirələr zamanı Y.Sadıqlı ona sual ünvanlayan bəzi partiyadaşlarına cavab olaraq deyib: “Mənim adım keçən və guya aylarla əllərində olan sənəd barədə mənə heç bir məlumat verilməməsini, qəfildən sosial şəbəkədə paylaşılmasını izah edə bilərsiniz?” O, bununla da bu paylaşımın səmimi məqsədlərdən xəbər vermədiyinə işarə vurub.

Partiyanın Divan üzvü Tofiq Yaqublu isə müzakirələrdə bildirib ki, “bu saxta sənəd ələ keçən kimi Yadıgar bəyə dərhal məlumat verilməliydi”.

S.Soltanlı isə yaranmış fikir ayrılıqlarına belə münasibət bildirib: “İsterikanı anlamadım. Müsavata qarşı iflasa uğrayan şər kampaniyasını yenidən dirçəltmək cəhdinə cavab olaraq yazmışam ki, belə saxta sənədlər müxtəlif Müsavat yetkililərinin o cümlədən Yadigar Sadıqlının da adından düzəldilir və saxta olması qəti şübhə doğurmayan bir nümunəni paylaşmışam. Burada sizi narahat edən nədir?

Eyni zamanda işbazların Yadigar Sadıqlının adından hazırladığı, guya Müsavat Partiyasına aid olan saxta sənədi ictimailəşdirməyimin Yadigar Sadıqlının başqanlığa namizəd olacağını elan etməsi ilə əlaqələndirmək riyakarlıqdır. Əvvəla, bu saxta sənəd Yadigar Sadıqlıya qarşı kompromat deyil. İkincisi, Yadigar Sadıqlı mən bu saxta sənəd haqqında Divan üzvlərinə (13 nəfərin iştirak etdiyi iclasda) məlumat verdikdən, bəzi Divan üzvlərinə və Elman Fəttaha bu saxta sənədi göstərdikdən, onun vasitəsi ilə bu haqda məlumat Yadigar Sadıqlıya çatdırıldıqdan sonra o qurultayda başqanlığa namizəd olacağını elan edib".

S.Soltanlı eyni zamanda bildirib ki, “Adam nə qədər savadsız və utanmaz olmalıdır ki, iddia eləsin ki, hansısa təşkilat öz üzvünə ”saxta vəsiqə", “saxta arayış” nə bilim saxta nəsə versin?". O, bu fikirlərini möhkəmləndirmək üçün aşağıdakıları qeyd edib: “Verirsə, elə həqiqi vəsiqə, həqiqi arayış verər də. Ay savadsız və bizə qarşı istifadə olunanlar, hansısa təşkilatın adından saxta sənəd varsa, bu o deməkdir ki, bu sənəd hansısa başqa fırıldaqçılar tərəfindən hazırlanıb. Bəli, Müsavat Partiyasının sənədlərinə oxşar sənəd düzəldənlər var və biz də bu saxtakarların tapılmasında, cəzalanmasında maraqlıyıq.

Əlində partiyanın möhürü, blankı olan bir şəxs niyə saxta sənəd versin? Niyə boş yerə oksigen israf edirsiz? 50, 100, 1000, 10000 min manat qarşılığında şəxsiyyətini, əqidəsini, əqidədaşlarını satanlar bizlərin düşünmədən nələrdən imtina etdiklərimizi heç düşünə bilirlərmi?

Bələdiyyə, parlament seçkilərində Müsavat Partiyasının siyahısı ilə seçkilərdə iştirak etməməyə görə şəxsən mənə təklif edilən pulun və başqa maddi şeylərin qarşısında bizə şər atanlar çox şeylərin satardılar.

Biz həmin təklif göndərənlərə düşünmədən layiq olduqları formada cavab vermişik.

Bir imza vərəqinə görə mən də daxil olmaqla namizədlərimizə təklif edilənlərdən xəbəriniz olsa da sizdə utanan sifət görmürəm.

Biri bizə Müsavatın sənədinə oxşar saxta sənəd göstərir, araşdırmasız görünür ki, saxta sənəddir, deyir “fakt demirdiz, bu da fakt”.

Bu adamlara ona görə vaxt ayırıram ki, cavab verilməyəndə, həqiqətlər deyilməyəndə ən absurd yalan da ayaq tutub yeriyir.

Bundan əvvəlki kampaniyaları kimi bu da suya düşüb".

“Yeni Müsavat” mövzu ilə bağlı tərəflərlə danışmağa cəhd göstərsə də, buna nail olmayıb. Y.Sadıqlı bu barədə mediaya açıqlama verməyəcəyini bildirib. Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, ötən illərdə də Müsavat Partiyasına qarşı saxta vəsiqə ittihamları olub. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar