Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxin qardaşı rəsmi qurumlara meydan oxudu


“Ehsan şəbəkəsi” hökumət iradəsinə qarşı; QMİ sədrinin “xeyir-şər” davasına Cavanşir Paşazadə də qoşuldu; “37-ci ildir, repressiya dövründəyik” deyə, sual edən deputat mesaj göndərdi: “Restoranlardan qalxan tüstüyə, kabab iyinə niyə heç kim heç nə demir?”


Avqustun sonlarından başlayaraq, hökumətin ölkədə yas məclislərinin keçirilməsi qaydalarına dəyişiklik etməsinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ciddi müqavimət göstərməsi barədə ötən saylarımızda xəbər vermişdik. Məlumatda bildirilirdi ki, dövlət orqanlarının şeyxin əsasən biznes maraqlarının olduğu yas məsələlərinə müdaxiləsi onu qəzəbləndirib. Bu səbəbdən də şeyxülislam nəinki bu qərarı açıq şəkildə dəstəkləməyib, əksinə, QMİ-nin binasında yerləşən ehsan zallarında yeməkli ehsan məclislərini davam etdirməklə, açıq şəkildə narazılığını ortaya qoyub.
 
Şeyxin qardaşı, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Cavanşir Paşazadədə isə ötən gün bu narazılığı daha sərt formada ifadə edib, hətta “ölkədə 37-ci il havaları” ifadəsini işlətməkdən belə çəkinməyib. C.Paşazadə “Qafqazinfo”ya açıqlamasında bu cür qadağaların Azərbaycan xalqının ənənələrinə zidd olduğunu bildirib: “Buna qaşınmayan yerdən qan çıxarmaq deyirlər. Azərbaycan xalqını başqa xalqlarla eyni tutmaq olmaz. Biz təkcə rəhmətə gedən yaxınlarımıza deyil, imamlarımız, şəhidlərimiz üçün də ehsanlar veririk. 90-cı illərdə, müharibə dövrlərində Azərbaycanda o qədər çadırlar quruldu. Kimlər üçün verilirdi o ehsanlar? Allah göstərməsin, amma hər kəsin başına gəlir. Mən atam, anam üçün ehsan vermək istəyirəmsə, kimin ixtiyarı var ki, mənə qadağa qoysun? Təbii ki, israfçılıq etmək olmaz. ”Təzəpir" məscidinin girişində də yazılır ki, salavat da, dua da, eləcə də çay, çörək də ehsan sayılır. Bütün bunlar deyilə bilər, lakin əmredici formada ola bilməz".

Deputat bəzi rayonlarda icra nümayəndəliyinin yas mərasimlərinə müdaxilə etməsinə etirazını bildirib: “Kim isə kiminsə gəlib qazanını götürür. Bu nə deməkdir? 37-ci ildir, repressiya dövründəyik? Səkkizinci kilometrdə yol boyu restoranlardan qalxan tüstü, kabab iyindən oradan keçmək olmur. Niyə onlara heç kim heç nə demir? ”Təzəpir"də ehsan verilməsinə gəlincə, özləri bilər. Yaslarda da, toylarda da islahatlar aparmaq lazımdır. Lakin heç kim mənə tapşırıq verə bilməz. Bunu ortaya atan adam dövlətçi ola bilməz".

C.Paşazadənin açıqlamasına diqqət yetirdikdə onun əslində bu qadağaları həyata keçirən dövlət qurumlarına, Dini Komitəyə birbaşa hədələr olduğu aydın görünür. Deputat “qaşınmayan yerdən qan çıxarmaq” deməklə, görünür, şeyx ətrafındakı “böyük bir narazılar ordusunun” olduğuna işarə etmək istəyib. Çünki cəmiyyətin böyük əksəriyyəti yas mərasimlərində düzən yaradılmasını dəstəkləyir və hələ ki hardasa “qan tökülməyib”.

Şeyxin qardaşının “37-ci ildir, repressiya dövründəyik” kimi hökuməti qıcıqlandırıcı sualları ortaya atması da hirsli başla deyilmiş sözə oxşamır. Deputat yaxşı bilir ki, bu cür ifadələrin harada və necə işlədilməsindən asılı olmayaraq, hökuməti qıcıqlandırır. Belə çıxır ki, hökumət bu qadağaları ümumiyyətlə, lap qanun səviyyəsində rəsmiləşdirsə, şeyx və ətrafı üçün “ölkədə 37-ci il” olacaq. Şeyxin qardaşının məntiqi budur.

Onun “Səkkizinci kilometrdə yol boyu restoranlardan qalxan tüstü, kabab iyindən oradan keçmək olmur” deməsi də hökumətdəki müəyyən dairələrə açıq mesajdır. Şeyxin qardaşının nə demək istədiyi aydındır: “Bizim biznesi bağlayırlarsa, niyə digər məmurların restoranlardan kabab iyi gəlir?” Nəhayət, deputat müsahibəsini bu qərarın arxasında duran hökumətə daha çox şeyxin adından verilən “heç kim mənə tapşırıq verə bilməz” sözləri ilə möhürləməsinə diqqət yetirək. Şeyx və rəhbərlik etdiyi qurum “din dövlətdən ayrıdır” deyirsə, bu heç də “dövlət mənim işimə qarışa bilməz” anlamına gəlmir. Bunu şeyx həzrətləri də, məhz dövlətin ona verdiyi deputat vəsiqəsini gəzdirən C.Paşazadədə yaxşı bilir...

Geniş biznesə sahib olan C.Paşazadənin bu cür sərt danışması təkcə qardaşına dəstək deyil, həm də ehsan süfrəsində qazanılan milyonları qorumaq niyyətidir. Ölkə başçısının sərəncamı ilə bir müddət öncə “Təzəpir”də  təmir-bərpa işlərini şeyx deputat qardaşına həvalə etmişdi. İddialara görə, təmirdən çıxan “Təzəpir” məscidində yaradılmış 9 mərasim salonundan gələn vəsaitlər də şeyx və onun deputat qardaşının kapitalına qatılır. Məhz bu səbəbdən də sözügedən qadağa “Təzəpir”də keçirilən yas süfrələrində hələ də tətbiq edilmir. Ehsan olaraq plov, aşqara, salatlar, dovğa, ayran, pendir, göy-göyərti, meyvələr, meyvə suları, müxtəlif şirniyyat, çərəzlər və sair verilir (bu haqda əməkdaşımızın reportajında ətraflı yazılıb-red.).

Həmçinin QMİ-nin digər məscidlərində də mərasim zallarında əvvəlki kimi hərtərəfli menyu təqdim edilir. Bu zallarda bişən ehsanların bütün ərzağı, eləcə də çay süfrəsi üçün təamlar yalnız Paşazadələrin və onlara yaxın adamların  nəzarətindədir. Bu qadağaların tətbiqi bu “ehsan şəbəkəsinə” ayda milyon manatlarla ziyan deməkdir.

Yas mərasimlərinin təşkili zamanı çadır və digər xidmətlərdən əldə edilən qazancı da buraya əlavə etsək, şeyx və ətrafının hökumətə niyə belə dirəniş göstərməsinin səbəbi aydın olur.

Şeyxin və ətrafının bu cür sərt mövqeyinin daha bir səbəbi Milli Məclisin sentyabrın 30-da dəfn işinin təşkili ilə bağlı qanun layihəsi müzakirəyə çıxaracağı ilə bağlıdır. Dəfn işinin təşkilinin hökumətin vəsaiti hesabına həyata keçirilməsi qanuniləşərsə, bu da illərdir özləri istədiyi kimi ölüyuma, kəfənləmə, eləcə də cənazənin aparılmasını təşkil edən QMİ-nin məscidlərinin mənafeyinə toxunacaq. Hökumət bu işi nəzarətə alaraq qanuniləşdirsə, aydındır ki, dəfn xərcləri üçün də müəyyən hədd qoyulmalıdır. Hökumət hər il büdcədən bu işin təşkili üçün vəsait ayıracağından çalışmalıdır ki, bu xərclər nisbətən aşağı olsun. Üstəlik, qanunla həmin işlərin görülməsindən vergi tutulması da asanlaşacaq, nəzarət gücləndiriləcək. Bu da hara yönəltsən, yenə də QMİ-nin gəlirlərinə ciddi təsir edəcək.

Şeyx “onun işlərinə qarışılmasını” sevmir və illərdir ki, xüsusilə Dini Komitə ilə bu cür məsələlərdə toqquşur. Məlumata görə, şeyx budəfəki “küləyin” də qarşısını kəsmək üçün bütün resurslarını işə salıb və hələ ki müqavimət göstərir. Amma hökumət də bu məsələdə israrlı görünür və geri çəkilmək fikrində deyil.

“Xeyir və şər mərasimləri” davasında sonda kimin qalib gələcəyini demək isə çətindir...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar