Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərzaq siyahısında şeir tapan şair


Aliyə yazır


Biz şeirlərimizə qarşı çox diqqətsizik. Sevinc Elsevərin şeirlərini oxuyanda bunu başa düşdüm. Biz şeirləri, əlimizdən salır, yerə tökür, hətta tapdayırıq. Sevincsə ana qayğıkeşliyilə bu şeirləri yığır, toplayır və görə biləcəyimiz yerə qoyur.
 
Sevinc şeiri görür – bir dibçək gülündə, axşam xəbərlərində, uşaq ovcunda, kirli pəncərədə, ərzaq siyahısında, əhli-kef qonaqların közün içində unutduğu kösövə dönmüş kartofda - ağlımıza belə gəlməyən hər şeydə. Və bizə də göstərir. Onun şairliyi budur. O, sözün əsiri deyil, sözdən xüsusi asılılığı yoxdur. Onun sözlərində söz nə özündən böyük, nə də kiçikdir. Olsa-olsa, söz yanından ötdüklərimizi, tökdüklərimizi, görmədiklərimizi görmək üçün bizi saxlayan maneədir. Ona görə də şeir küçədə rastladığımız elan da ola bilər, çağırış da (məsələn, qaziyə həsr olunmuş şeir):
 
“qadınlar qoruyun
çocuqlarınızın atalarını
ölüm gəldi şəhərə
kimi bir az ipiboş
kimi bir az sevgisiz
kimi bir az yalqız gördü
götürüb aparır
 
qadınlar, gözdə-qulaqda olun
tez-tez zəng eləyin mobil telefonlarına
onları sevdiyinizi yada salın...
mən ciddiyəm
sözü elə-belə demirəm
xəbəriniz olsun ki,
içi alışıb yanan bir qazi
çölünə özü od vurdu əliylə
kimsə görmürdü çünki
içinin köz-köz olduğunu
o qazi öldü bu gecə
 
əgər bacarmırsınızsa
bu həftə, bu ayı
birtəhər yola verin
biz nələrə dözdük ki, bu şəhərdə
bu da keçər, əlbəttə...”
 
Qonşunun hekayəti də, xatirə dəftərindən qopan vərəq də, alınacaq ərzaq siyahısı da, oxuduğun səhifəni göstərən əlfəcin də, yanından ötdüyümüz pəncərə də.
 
“Axşamkı yağışdan sonra
bu səhər də
qadınlar əllərində dəsmallarla
silməyə qoşmuş
sevgili pəncərələrinin göz yaşlarını
qadının yoxmu
anan yoxmu
bacın yoxmu
qarşı küçədən baxan pəncərə
nə kədərlisən...”
 
Bu şeirlərdə ritm taktdan, misradan, hecadan asılı deyil, orada sözügedən hadisənin narahatlıq ritmi var. Bu ritm formal-zahiri yox, daxilidir. Dram əsərlərində olduğu kimi janra sadiqdir. Əgər bir Word xətası üzündən bu şeirlərdən birinin sətir bölgüsü itibsə, asanlıqla onu yazıldığı varianta, orijinal sintaksisə gətirə bilirsiniz.
 
“Xəbər izləmək üçün baxır ancaq televizora
maraq dairəsində ölümlərdi yalnız
oğlu əsgər gedəndən bəri
hər yeni xəbərə qulaq verir ürəyi əsə-əsə:
"şükür Allaha, oğlum salamatdı" deyir
inanmazdı dünyada
kiminsə ölüm xəbərini
şükürlə qarşılaya nə vaxtsa
hər gün kimsə ölməyə borcludu sanki...”
 
Sevincin şeirlərinə çoxlarının etiket kimi yapışdırdığı feminizm sosial kontekstdən qopuq deyil. Onlarda pafos görə bilərsiz, üsyan da. Amma populizmə hesablanan hədəflər yoxdur. Yaxşı ki, yoxdur. Onun son dövr yaradıcılığının müsbətlərindəndir bu.
 
“daha sənə qışqırmayacaq
acıqlanmayacaqlar
nə kötək, nə danlaq
izin almadan gedəcəksən
oğlunun, qızının evinə
sevin nənə,
babam öldü!”
 
Bir özəlliksə bütün yaradıcılıq boyu (ilk kitabındakı şeirlərdən bəziləri istisna olmaqla) davam edir: şifahi ədəbiyyata xas təhkiyə dili.
 
“əlini sol döşünə qoyub
kompüterin siçanı kimi gəzdirirsənsə
axtarırsansa döyüntülərini
ürəyin heç ağrımadı demək
dəqiq bilmirsən yerini
anlamazsan məni
boşuna danışdım indi...”
 
Daha bir özəllik də var: bu şeirlər tanış sentimental qatlarda instinktlərə toxunub duyğu dilənmir, amma onun yanından bir dilənçinin yanından keçdiyiniz kimi rahat ötüb keçə də bilmirsən:
 
“əl-ayağı salamatdı, gedib işləsin” deyə deyinməyin
bəlkə görünməyən yaraları
üzdə olmayan dərdləri vardır...
bəlkə insan olmaqdan yorulmuşlar sadəcə
bir pişik
həyatını yaşamağı seçmişlər
əllərə baxmaları
bir dilim çörəyə möhtac olmaları ondandır...”
 
Oxucunun reallıq hissini makrodünya hissi ilə qarşı-qarşıya qoymaq Sevincin şeirlərinin əsas müstəvisidir. Bu şeirlərdə yaşamağın bütün ağırlığı insanın çiyninə artıq yük yox, öz yükünü qoyur: insan olmanın məsuliyyəti.
 
“uşaqlar qorxmayın qaranlıqlardan
günəş var göylərdə
işığımızı kəsə bilməzlər
ömrümüzün sonunacan çatar!”
 
Bu şeirlər reallıqla əzilən günün adamına daha dərinlərdə gizlənən həyatı göstərir.
 
“sən sevgisən
utanmazın biri
çılım-çılpaq soyunmaqdan belə çəkinməzsən
yad baxışlar altında
sən sevgisən
ağlamaqdan, yalvarmaqdan arlanmazsan
bir dilənçi kimi də
yapışa bilərsən birinin ətəyindən
buraxmazsan... “
 
Özün də bilmədən bu şeirləri oxuyub onlardan gerçək bir güc alırsan. Çünki,
 
“şeirlər oxuyub kədərlənmək üçün deyil
oturub ağlamaq üçün deyil
güzgüdə özünə baxmaq kimi
baxmalısan şeirdəki özünə
güzgüyə baxanda ağlamazlar...”
 
Qazandığı məna çalarlarıyla poeziya sözü bu şeirləri ümumiləşdirmək üçün saxta görünür. Buna heç vaxt Sevincin poeziya dünyası deyə bilmərik. Belə bir dünya yoxdur və onun hansısa açar sözləri yoxdur. O, burada bir addımımızda, əlimizin altında, yediyimiz çörəkdə, baxdığımız pəncərədədir. Çox ola bilər ki, bu yazı çabasında da görə bilmədiyimiz bir şeir gizlənib.
 
“əl-ələ tutaq dostlar
dünya adlı
bu şeir oxunsun!...” (kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar