Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər gözəl bilir ki, Naxçıvan məsələsi Qarabağdan ciddi şəkildə fərqlənir”


“Qarabağla bağlı status-kvo yaxın zamanlarda dəyişməlidir və inşallah, bunu əsgər və zabitlərimiz edəcək”


Ötən həftə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərarət yenidən artdı. 

Düşmənin işğal altındakı silahlı bölmələrinin təxribatlarının qarşısını alarkən şəhid verdik. Amma qəhrəman ordumuz işğalçıya sarsıdıcı zərbə vurdu və Ermənistan rəhbərliyi gözləmədiyi situasiya ilə üzləşdi. Bəs, işğalçı ölkəyə bu gərginliyi yaratmaq nəyə lazım idi. Son durumu şərh etmək üçün hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərova müraciət etdik.

- Üzeyir bəy, son günlər təmas xəttində nə baş verir? Sizcə, düşmənin təxribatlar törətməkdə, gərginliyi artırmaqda məqsədi nədir?

- Bu hadisələr hər birimizi çox narahat edir. Xüsusən də birdən-birə ön xətdən gələn xəbərlər arasında itkilərimizin olması və bunun müqabilində ordumuzun da düşmənə sarsıdıcı zərbələr vurması vəziyyətin çox gərgin olmasından xəbər verir. Bədnam qonşularımız yenə təxribatlara əl atır, təkcə adi silahlardan deyil, ağır artilleriyadan, minaatanlardan da istifadə etməklə ön xətdə yerləşən mövqelərimizi deyil, mülki əhalimizin məşkunlaşdıqları ərazilərə də xətər toxundurmağa çalışır. Təbii ki, Silahlı Qüvvələrimiz də düşmənə layiqli cavab verirlər. Belə baxanda, atəşkəs haqda Bişkek razılaşmasından sonra qoşunların təmas xəttində bəlkə də yüzlərlə, minlərlə belə hadisə olub. Amma bu dəfə bir qədər fərqli mənzərə ilə üzləşmişik. 2016-cı ilin məlum aprel hadisələrindən sonra düşünmək olardı ki, ağır zərbələrə və itkilərə məruz qalan, nəzarətindəki bir sıra strateji yüksəklikləri və mövqeləri itirən ermənilər vəziyyətdən düzgün nəticə çıxaracaq və bu dəfə belə bir halın təkrar olunacağı təqdirdə bundan da daha ağır durumla üzləşəcəklərinin fərqində olacaqlar. Lakin görünən budur ki, düşmən hər gün bütün cəbhə boyu vəziyyəti bir az da gərginləşdirir və hansı çətin durumla üzləşəcəyinin tam fərqində deyil.

- Düşmən Azərbaycan ordusunun gücünə bələddir və məğlub olacağını bilməmiş deyil. Elə isə ermənilər nədən birdən-birə belə fəallaşıb?

- İyunun 19-da ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunu kimi Azərbaycana gəlirlər və növbəti mənasız, münaqişənin həlli üçün heç bir praktik əhəmiyyəti olmayan danışıqların yekunu kimi hansısa bəyanat verəcəklər. Onlara həm danışmaq üçün, həm də yekun sənədlərinə qeyd etmək üçün mövzu lazım olduğundan, cəbhədə baş verənlər, bir qədər qəribə səslənsə də, məncə, daha əlverişli və göydəndüşmə bir fürsətdir. İllərlə mətbuatın yazdığı və bizlərin də qeyd etdikləri narahatçılıq və narazılıqları ölkə rəsmiləri də açıq şəkildə dilə gətirirlər. Bir neçə gün bundan öncə isə, şəxsən mənim indiyə kimi görmədiyim və eşitmədiyim bir hadisə də baş verdi. Azərbaycan XİN-i çox sərt şəkildə ATƏT-in Minsk Qrupuna müraciət edərək onları, nəhayət ki, Qarabağ məsələsində ortaya konkret bir nəticə qoymağa səslədi. Bundan əvvəllər daha çox diplomatik ifadələr və fikirlər ilə öz mövqeyini ifadə edən ölkəmizin xarici siyasət idarəsi artıq bu biganə və saymazyana, bəzən isə Azərbaycanın haqlı möqeyinin ziddinə hərəkətlərindən hiddətlənərək Minsk Qrupunun ünvanına çox ciddi ittihamlar səsləndirdilər. 

Fikrimcə, bunu çoxdan etmək lazım idi. 25 ilə yaxın bir müddətdə işğalçıya beynəlxalq hüquq və normaları anlada bilməyən, ona yerini göstərməyə gücü çatmayan bir qurum çoxdan Azərbaycan xalqından üzr istəyib, özünün gücsüzlüyü haqqında bəyanat verib çıxıb getməli idi. Bunlar isə işğalçı Ermənistanın nazı ilə oynayır, ona “gözün üstə qaşın var” belə deməyə cəsarətləri çatmır. Əlbəttə ki, bunu görən və öz birbaşa havadarlarına arxayın olan cinayətkar Serj Sərkisyan və komandası da cəbhədə istənilən anda vəziyyəti gərginləşdirir və belə narahat doğuran mənzərənin şahidi oluruq. Bu vicdan və reallıq hissini itirən adam üçün fərq etmir ki, ölən kimdir: erməni, ya azərbaycanlı. Buna öz hakimiyyətdəki ömrünü uzatmaq lazımdır və aprelin 2-də Ermənistan parlamentinə keçirdiyi formal xarakterli seçkilər də bir daha sübut etdi ki, hakimiyyətə Qarabağ hadisələri üzərində gələn bu cinayətkar dəstə üçün heç bir müqəddəs bir şey yoxdur.


- Diqqət etdinizsə, işğalçı bu dəfə fərqli davrandı, itkilərini operativ şəkildə açıqladı, özünü “yazıq, çarəsiz” vəziyyətdə göstərməyə üstünlük verdi. İrəvanın bu fərqli taktikasının səbəbi nə ola bilər, düşmən özünə dəstək axtarır, yoxsa başqa niyyəti var?

“Artıq havadarları da Ermənistana görə çıxılmaz bir durumla üzləşiblər”


- Bir az əvvəl qeyd etdim ki, Ermənistanın bu dəfə öz ağılsızlığı ucbatında verdiyi növbəti itkiləri haqqında dərhal məlumat verməsinin məqsədi də çox sadədir. Onlar həmən Minsk Qrupunun Bakıya səfəri öncəsi elə bir fon yaratmağa çalışırlar ki, guya baş verənlərdə birbaşa Azərbaycan tərəfi günahkardır. Xatırlayırsınızsa, mayın 15-də cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənsitana məxsus “Osa” zenit-raket kompleksi əsgərlərimiz tərəfindən məhv edildikdən sonra həmsədrlər əndrabadi bir bəyanat verdilər və həmin bəyanatda düşmənin təxribatına qiymət vermək əvəzinə, Azərbaycanı günahlandırmağa çalışdılar. Bu şəxslər nədənsə özlərinə belə bir sual vermirlər və nədən belə etdikləri də tam aydındır, Ermənistana məxsus “Osa” ZRK-nın və hərbi qulluqçularının Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan ərazilərində nə işi var ki, onlar məhv edilirlər?

Əlbəttə ki, mən burada bir sıra həssas məqamları yazmaq istəmirəm ki, buna başqa don geyindirməsinlər. Amma burada açıq-aydın şəkildə məhz həmin din amilinin olması şəxsən mənim üçün danılmazdır və bunu təzib edəcək bir arqument də ola bilməz. Etdiklərinə qarşı heç bir diplomatik cəza və ya təpki görməyən erməni tərəfi öz çirkin əməllərini davamlı şəkildə həyata keçirir, cəbhədə qanlı toqquşmaların baş verməsi üçün öz havadarlarından təkcə göstəriş deyil, eyni zamanda silah-sursat alır, Azərbaycan tərəfini haqlı olduğu halda az qala baş verənlərə görə günahlandırmağa cəhdlər edir. Amma artıq havadarları da Ermənistana görə çox çıxılmaz bir durumla üzləşiblər.

İndiyə kimi Azərbaycan dövlətinin səbir və dözüm nümayiş etdirməsinin şahidi olan beynəlxalq qurumlar və onların təmsil olunduqları dövlətlərin başçıları da artıq görürlər ki, Azərbaycan Qarabağ məsələsində bir addım da geri çəkilməz niyyətində deyil, əksinə, həm diplomatik istiqamətdə, həm də güc yolu ilə təzyiqləri artırır. Bütün bunların qarşılığında düşmən də Azərbaycan Silahlı Qüvvələrinin həm artan gücünü, həm də ölkəmizin öz müdafiəsi və təhlükəsizliyi üçün əldə etdiyi ən müasir silah və texnikanı görür, həm təlaş keçirir, həm də ağır bir durumla üzləşdiyini anlamağa başlayıb. Ona görə, hay-həşir salmaqla silah-sursat almağa, diplomatik dəstəyə nail olmaq üçün Ermənistanın siyasi-hərbi rəhbərliyi min hoqqalardan çıxır ki, öz vəziyyətlərini xilas etsinlər. Şəxsən mən belə hiss edir və düşünürəm ki, Qarabağla bağlı status-kvo yaxın zamanlarda dəyişməlidir və inşallah bu məsələni bizim əsgər və zabitlərimiz həll edəcəklər.

- Hər dəfə cəbhə zonasında və təmas xəttində gərginlik həmsədrlərin regiona səfərindən sonra xüsusilə müşahidə olunur. Səhv etmirəmsə, aprel döyüşlərindən əvvəl də turist diplomatlar bölgədə olmuşdular. Bu səfərlərlə artan gərginlik arasında əlaqə görürsünüzmü?

- Tamamilə doğrudur. Məhz ATƏT-in həmən o bivec Minsk Qrupu hər dəfə regiona səfər edib qayıdandan sonra cəbhədə ağır durum yaşanır və itkilər olur. Bu dəfə də istisna olmadı. Diqqət edin ki, adətən çox nadir hallarda belə bir iş metodumu, iş üslubumu deyim, seçən xarici hiyləgərlər, adətən regiona səfər edəndə, yaxud Bakıya, İrəvana və işğal altında olan ərazilərə baş çəkib işlərini formal da olsa, yekunlaşdırırdılar. Bu dəfə isə baxın, bu “ağıllılar” hansı hiyləyə əl atdılar. Onlar gözəl bilirdilər ki, mayın 15-də baş verən hadisəyə və Minsk Qrupunun Azərbaycana qarşı yönəlik qərəzli, açıq şəkildə işğalçını dəstəkləyən o uğursuz bəyanatına görə onları Bakıda çox möhkəm danlaq və sorğu-sual gözləyir.

Canlarını bu vəziyyətdən qurtarmaq üçün bunlar öz olmayan dərin savadları və hoqqaları ilə belə bir primitiv üsul düşünüblər. Fəaliyyətsiliklərinə bir qədər don geyindirmək üçün regiona gəlib himayə etdikləri Ermənistana və separatçılara lazım olan göstərişi və tapşırıqları verib qayıtdılar öz xarabalarına. Bu arada da Ermənistan və Qarabağdakı separatçılar cəbhədə elə bir tozanaq qopardılar ki, həmsədrlər Bakıya gələndə məhz cəbhədəki son olaylar müzakirə olunsun və bunların may ayında etdikləri qələt yaddan çıxsın. Bu gün cəbhədə baş verən məlum hadisələr də məhz onların fitnə-fəsadları ucbatından baş verir. Mən dəfələrlə qeyd etmişəm ki, biz Azərbaycan tərəfi olaraq bəzən bu xarici diplomatları, elə bu bivec Minsk Qrupunun da fəaliyyətini çox şişirdirik. Guya bunlar bizdən “çox ağıllı və bacarıqlıdırlar”.

Biz bunları “çaya susuz aparıb, susuz gətirərək”. Bunlar 25 ilə yaxındır ki, hoqqabazlıqla, hiylə-kələklə günlərini, ömürlərini sürürlər. Amma cəbhə bölgəsində həyatını itirən o igid oğullarımızın, əsgər və zabitlərimizin nə günahı vardı ki, bu münaqişə çoxdan ədalətli şəkildə həll olunmalı olduğu halda hələ də uzana-uzana gedir? Azərbaycan xalq və dövləti bu dəfə öz halal haqqına tez bir zamanda yetişmək üçün nə lazımdırsa, onu edəcək. Buna heç kimin şübhəsi olmamalıdır. 

Elə dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev də bu yaxınlarda Cəbrayıl rayonun Cocuqmərcanlı kəndinin erməni vandallarının işağlından sonra bərpa edilməsinə həsr olunmuş mərasimdə dediyi sözlər də bunu sübut edir ki, tez bir zamanda bayrağımız Şuşada, Xankəndidə, digər işğal altında olan ərazilərimizdə dalğalanacaq. O vaxtı çox da gözləmək lazım gəlməyəcək. Bu gün Silahlı Qüvvələrimiz tam hazır vəziyyətdə ərazi bütövlüyümüzü təmin etmək üçün qarşıya qoyulacaq vəzifələri yerinə yetirmək üçün hazır durumdadır.


“Milli Təhlükəsizlik Konsepsiyamıza və Hərbi Doktrinaya bəzi əlavələr və dəyişikliklər edilməlidir”


- Üzeyir bəy, təmas xəttindəki son gərginlikdən öncə erməni mətbuatında Naxçıvanı hədəfə alan materiallar dərc olunmuşdu. İşğalçı artıq Naxçıvan torpağına iddiasını növbəti dəfə ortaya qoyur və bununla Qarabağ məsələsinin “keçmişdə” qaldığını nümayiş etdirməyə çalışır. Necə bilirsiniz, bu, təsadüfi məsələdir, yoxsa Ermənistan rus-erməni hərbi birləşməsinə, Moskvanın hərtərəfli dəstəyinə ümid edir və plan üzrə fəaliyyətə başlayıb?

- Vallah, bu ermənilərin bu dərəcədə ağılsız olmalarını mən elə də dərindən düşünmürdüm. Bunlar çox gözəl bilirlər ki, Naxçıvan məsələsi Qarabağ məsələsindən kökündən fərqlənir. Əvvəla, Naxçıvanla bağlı bunların zərrə qədər də cürətləri çatmaz ki, indiki məqamda hansısa güc amilinə əl atsınlar. İndi ötən əsrin 90-cı illəri deyil ki, o vaxt Ermənistan bir qədər yaranmış boşluqdan istifadə edib Naxçıvanın bəzi yaşayış məntəqələrinə soxulmağa cəhd etdi və müəyyən çirkin məqsədlərinə nail oldular. İndi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun gücü və imkanları elə səviyyədədir ki, Ermənistanın balaca bir ağılsızlığı bəs edər ki, onlar “əlifbanı tərsinə” oxusunlar... Nə Ermənistan, nə də havadarları indiki şərtlər daxilində Naxçıvanla bağlı, elə Qarabağın özü ilə bağlı çətin ki, hər hansı yanlışlığa yol versinlər. Mən o fikirdən də çox uzağam ki, bəzən dostlarımız incə məqamları bilmədən Azərbaycanı Gürcüstanla, digər postsovet ölkələri ilə müqayisə edirlər ki, ay biz Qarabağla bağlı nə isə etmək istəsək, Rusiya buna nə deyər, Rusiya müdaxilə edər və sairə. 

Narahat olmağa dəyməz. İndi Rusiya da əvvəlki Rusiya deyil. Və Azərbaycan da 90-cı illərdə olan ölkə deyil. Bizim kifayət qədər gücümüz və güclü müttəfiqlərimiz var. Ona görə də, Rusiya da Azərbaycanın indi hansı imkanlara malik olduğunun fərqindədir. Rus-erməni birləşməsi, Ermənistana verilmiş hansısa raket kompleksi-filan da çox da narahatlıq yaratmamalıdır. Ona qalsa, bu gün bizim insani və maddi resurslarımız bədnam qonşularımızı diz çökdürə biləcək səviyyədədir. Ona görə də gəlin sabaha optimist baxaq. Şəxsən mənim üçün yuxarıda sadaladığım amillər o qədər də ciddi təhlükə sayıla biləcək səviyyədə deyil. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar