Çərşənbə axşamı, 17 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Gec-tez Türkiyə fövqəldövlət kimi öz yerini tutacaq ” - Tofiq Zülfüqarov

Suriyada – İdliblə bağlı Türkiyə ilə Rusiya arasında gərginlik yaranıb

Son illər az qala dost ölkələrə çevrilən iki dövlət üz-üzə gəlməkdədir. Bu yöndə bir sıra siyasi təhlilçilər müxtəlif təxminlər səsləndirirlər. Bu və ya digər aktual məsələlərlə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun musavat.com-a müsahibəsini təqdim edirik.

- Tofiq bəy, Suriyada Əsəd qüvvələri Rusiyanın da dəstəyi ilə Türkiyə konvoyunu bombalayıb. Bu da Ankara ilə Moskvanın Suriyada üz-üzə gələ biləcəyi haqda rəylər yaradıb. Nə baş verir?

Suriyada baş verən hadisələri dərk etmək üçün əsas məsələlərdən biri ondan ibarətdir ki, oradakı oyunçular hansı məqsədlər güdür. Türkiyəni götürsək, bəllidir ki, bu ölkə öz sərhədlərini qorumaq məqsədilə öz sərhədlərində onun dövlətçiliyinə qarşı hansısa qurumların yaradılmasına imkan verməmək üçün Suriya ərazisində aktiv əməliyyatlar aparır. Bəşər Əsəd hökumətinin də məqsədləri bəllidir. O istəyir ki, hakimiyyətini öz ərazilərində təmin eləsin. Uzaqdan gələn oyunçuların məqsədləri bizə bir o qədər aydın deyil. Ələlxüsus Rusiyanın oradakı məqsədinin nədən ibarət olduğu bilinmir. Bu da sual altında olan məsələdir. İndiyəcən şərqşünas olduğuma baxmayaraq, Rusiyanı dərk edə bilmədim. Müxtəlif məsələlər və müxtəlif fikirlər irəli sürülür. Nəyə görə Rusiya orada daha aktivdir? Amma onun barəsində yenə də yekun fikir söyləmək çox çətindir. Bəziləri deyirlər ki, hansısa qüvvələrin təsiri altında Rusiyanı ora cəlb ediblər. Əsas məqsəd bundan ibarətdir ki, İsrailə yaxın olan ərazilərdə stabil, hansısa effektiv olan dövlət qurumu olmasın, yəni gələcəkdə təhlükə yaratmamaq üçün guya ki, orada bu cür qarmaqarışıqlıq yaradılıb və bu vəziyyət hələ də hökm sürür. Yenə də sual ortalığa çıxır ki, bəs Rusiyanın orada nə marağı var? İranın hansı maraqları var, bu başadüşüləndir. Bu ölkənin konsepsiyası mövcuddur – şiə zolağı yaratmaq. Bu zolağın Aralıq dənizinə qədər uzanmasını İran təmin etməyə çalışır. Konsepsiya barədə müxtəlif müşahidəçilər çox danışırlar. İndiki baş verən hadisələr uzun müddət əməkdaşlığı əks edən bir dövrün mərhələsidir. İstisna etmirəm ki, bu və ya digər hadisələrdən, yenə də hansısa danışıq və razılıqlardan sonra nəsə vəziyyət dəyişər. Bir şeyi qeyd etmək lazımdır ki, həmin ərazilərdə əsasən, türkdilli əhali yaşayır. Orada yaşayan insanların Türkiyəyə meylli olması heç kəsə sirr deyil. Bundan öncəki Rusiya-Türkiyə böhranı da məhz bu bölgədə baş verib. Onun bu və ya digər şəkildə həll olunması onu göstərir ki, gələn mərhələdə Rusiya və Türkiyə bir-birilə dil tapa bilər. Mənzərəni tamamlamaq üçün onu da qeyd etmək lazımdır ki, bəzi mənbələr onu söyləyir ki, artıq Rusiya-İran münasibətləri qabaqkı kimi deyil. Hətta belə fikirlər də səslənir ki, İran və Rusiya meylli qüvvələr arasında hətta toqquşmalar baş verir. Düşünürəm ki, Suriya ilə bağlı əsas məqsəd hələ ki orada sülhün əldə olunmaması yönündədir. Təəssüflər olsun ki, bu dövlətin taleyi belə oldu.

- Putin və Lavrov son günlərdə Türkiyə əleyhinə sərt açıqlamalarla çıxış edirlər. Sizcə bütün bunlar nədən qaynaqlanır? Bəlkə Türkiyəyə S-400-ləri satan Rusiya istəyinə nail olmadığı üçün bunu edir?

– Problem bundan ibarətdir ki, bu növ silahların Türkiyəyə verilməsi müdafiə məqsədlərindən başqa digər siyasi məqsədlərə daha çox xidmət edirdi. Hər tərəf orada xeyrini əldə etmək niyyətində idi. Rusiyanın bu şərtlərlə silahları satmaqda məqsədi ondan ibarət idi ki, Türkiyə-ABŞ və Türkiyə-NATO əlaqələri gərginləşsin. Hətta belə fikirlər səslənirdi ki, guya Türkiyə NATO-dan çıxacaq. Amma əksinə oldu. Bəzilərinin gözləntilərinə baxmayaraq, göründüyü kimi silahlar artıq Türkiyə ərazisindədir. Hiss olunur ki, Türkiyə-Amerika əlaqələrində müsbət meyllənmələr üzə çıxıb. Bununla əlaqədar bir məsələni sizin yadınıza salmaq istəyirəm ki, Trampın bir çıxışı var idi. O deyirdi ki, bizim Amerika siyasətimiz Türkiyəyə qarşı ədalətli olmayıb. Bununla işarə edib ki, Obama vaxtında normal münasibət bəslənmirdi, ona görə Türkiyə məcbur olub ki, Rusiyaya müraciət etsin və bu növ silahları əldə etsin. Bəlkə də bu məqsədlərdə olmayan Rusiyada da Türkiyəyə yönəlik meyllər artmaqdadır. Amma lap belə olsa da, siyasi oyunlar davam edəcək. Hesab edirəm ki, bu siyasi oyunların pik vəziyyəti də ola bilər, aşağı düşməsi də mümkündür. Amma birmənalı bir fikri demək olar ki, Rusiyanın cənubunda nüfuzlu bir oyunçu meydana gəlib. Bu da Türkiyədir. İstər-istəməz Rusiya Türkiyə ilə dil tapmalıdır. Bu məcburiyyət hər zaman Rusiyanın qarşısında olacaq. Eyni zamanda, Türkiyə də bu faktoru nəzərə almalıdır.

- Bu günlərdə bir məlumat da yayıldı ki, ABŞ Türkiyəyə “Patriot” raket əleyhinə komplekslərinin satışı haqda təklifini geri götürüb. Sizcə buna səbəb nə oldu? Hələ də Amerika S-400-lərə görə Türkiyəni “əfv” edə bilmir?

– Bunları demək çətindir. Türkiyə ilk dəfə yeni növ silahları – lazer silahlarını sınaqdan keçirib. Bilmirəm, bu məlumatla tanışsınız ya yox. Bu məsələdə o qədər mütəxəssis deyiləm. Amma s-400 olan yerdə bəlkə də “Patriot” onun analoqu olan bir sistem Türkiyə üçün bir o qədər də önəmli deyil. Bu məsələni qabaqlamaq üçün Amerika bəyan edir ki, “Patriot”ları onlara satmırıq. Yəqin ki, Türkiyənin özünün imtinasını istəmirlər. Burada biznes məsələləri də ola bilər. Çünki “Patriot” sistemləri bahalıdır və bir çox ölkələrdə istifadə olunur. Onun qiymətini aşağı salmadan bəlkə də bu addımlar atılır.

- “Patriot” və S-400-lər Türkiyəni sizcə seçim qarşısında qoya bilərmi? Yəni ya NATO, ya da Avrasiya İttifaqı…

– Bu təbii ki, belə ola bilməz. S-400 və “Patriot”lar hava sistemlərinin hansısa bir hissəsini təmin edən sistemlərdir. Burada seçim söhbəti ola bilməz. Çünki siyasi və iqtisadi baxımdan Türkiyə Qərbə illərlə bağlı olan ölkədir. Digər tərəfdən Türkiyənin Qərblə böhranı bir məsələdən doğur. Ankara son 10-15 il ərzində böyük bir iqtisadi irəliləyişə nail olub. Bu da məcbur edir ki, Türkiyə dünyada yeni bir siyasi rol oynasın, yeni bir yer tutsun. Bu proses heç də problemsiz keçən proses deyil. Hər bir ölkədə bu proseslər mövcuddur. Türkiyə özünü dünyaya təqdim etməkdədir. Onu həm Şərqdə, həm də Qərbdə qəbul etməyə bilərlər. Buna da normal yanaşmaq lazımdır. Gec-tez Türkiyə regional və fövqəldövlət kimi öz yerini tutacaq.

- Gələn ay Astanada Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü baş tutacaq. Sizcə həmin görüşə Putin yoxsa Ərdoğan üstün mövqedə yollanacaq?

– O görüş yuxarıda dediyimiz proseslərlə bağlı ola bilər. Bu görüşə hazır olarkən tərəflər bu və ya digər güclü tərəflərini nümayiş etdirirlər. Suriyada baş verən son hadisələr məhz bu məqsədi güdür.

- Türkiyənin Rusiyanın dəstəklədiyi Venesueladakı Madura rejimi ilə iqtisadi əlaqələrini dayandırdığı yönündə xəbərlər yayılıb. Hətta 2018-ci ildə Türkiyənin Venesueladan idxalatı 879 milyon dollar həcmində olduğu halda, bu ilin 6 ayında cəmi 4 milyon dollar təşkil edib. Sizcə, Türkiyə-Rusiya gərginliyinin yaranmasına səbəb olan amillərdən biri də bu ola bilərmi?

– Siyasi məsələlərin birbaşa iqtisadi məsələlərlə bağlılığı mövcuddur. Bu rəqəmlərə o qədər də önəm vermək lazım deyil. Bir daha deyirəm ki, 10-15 ildə Türkiyə ciddi sıçrayışa imza atıb. 15 il əvvəlki Türkiyə ilə bugünkü Türkiyə hərbi, iqtisadi və siyasi baxımdan təbii ki, ciddi fərqlənir. Bunu sübut edən bir fikri yada salmaq istəyirəm. Erməni əsilli müğənni Şarl Aznavur mənalı bir fikir söyləmişdi. O deyirdi ki, biz genosid mübarizəsini başlayanda Türkiyə çox geridə qalan bir ölkə idi. Amma indi onu G20-lərin görüşünə çağırırlar, 20-lərin üzvü olub. Baxın, son 20 ildə Türkiyəni ittiham edənlər də var, amma o inkişaf edib. Bu, əslində düşmənin etirafıdır. Türkiyə ətrafında baş verən hadisələr birbaşa bununla bağlıdır. Köhnə oyunçular yeni oyunçu olan Türkiyənin oyununu izləmək istəmirlər – nə Qərb, nə də Rusiya. Ona görə müxtəlif yollara əl atırlar. Hətta bunun üçün “dost” olmaq yolunu da seçirlər. Qardaş ölkəmiz bu sınaqlardan layiqincə çıxacaq.

pia.az

Etiket:

loading...