Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gündən seçkilərə rəsmi olaraq start verildi

Müsavat da daxil olmaqla əksər partiyalar növbədənkənar parlament seçkilərinə qatılacaq...

9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin irəli sürülməsi prosesi başlayıb. Seçki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, birmandatlı seçki dairələri üzrə namizədlər bu seçkilərin təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduqdan sonra irəli sürülür. Sərəncam isə 6 dekabrda dərc olunub. Deputatlığa iddiaçılar imza vərəqələrini götürmək üçün sənədlərini təqdim edə bilərlər. Namizədliyin qeydə alınması üçün ən azı 450 seçici imzası toplanmalıdır.

Mərkəzi Seçki Komissiyası isə “Azərbaycan Respublikasında 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edib.

Təqvim Planına görə, növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.

Azərbaycanda parlament seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır.

Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada MSK-da qeydiyyatdan keçməklə) Azərbaycanın bütün seçki dairələrində müşahidə aparılması üçün seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilrilməsinə 10 gün qalanadək ərizələrini MSK-ya təqdim etməlidirlər. Gələn il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.

Aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrini seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim etməlidirlər. Gələn il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət fevralın 4-dək olan dövrü əhatə edir.

MSK seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması barədə də qərar verib.

Həmçinin imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi haqda qərar qəbul olunub.

Seçki məsələsi ilə bağlı siyasi partiyaların rəhbər strukturlarında toplantılar keçirilir. Müsavat Partiyasının seçkini boykot edəcəyi ehtimalları doğrulmayıb. Belə ki, 7 dekabrda Müsavat Partiyasının növbədənkənar Məclisi keçirilib. Məclis partiyanın seçkidə iştirak etməsi barədə qərar verib.

Ümid Partiyasının Ali Məclisinin də növbədənkənar sessiyası olub. Ali Məclis parlament seçkilərində iştirak etmək qərarı qəbul edib.

Sessiyada çıxış edən İqbal Ağazadə seçkilərdə iştirakın vacibliyini bildirib: “Biz hələ bir neçə il öncə proqnoz vermişdik ki, 2019-2020-ci illər Azərbaycan və Cənubi Qafqaz regionu üçün vacib və həlledici illər olacaqdır. Zamanın tələbi olaraq, ölkəmizdə iqtidar istəsə də, istəməsə də Azərbaycanda dəyişikliklər dünyanın inkişaf dinamikasına uyğunlaşacaq”.

İ.Ağazadə növbədənkənar parlament seçkilərində iştirakın nə üçün vacib olduğundan bəhs edib: “Seçki partiyanı ayaqda saxlayan tək vasitədir. Demokratiyanı ancaq demokratik seçkilər gətirəcək. Əsas suallardan biri budur ki, biz niyə seçkidə iştirak etməliyik? Biz seçkilərdə ona görə iştirak etməliyik ki, hazırkı vəziyyəti dəyişməyin alternativ yolu yoxdur. İnqilab, savaş, qan bahasına dəyişiklik nə bizə, nə də xalqa lazımdır. Qırğın bahasına hakimiyyətə gəlsək də, bir müddət sonra bunun fəsadları üzə çıxacaq. Ona görə də bir siyasi partiya kimi bizim ilkin vəzifəmiz mümkün olanı etməkdir. Biz seçkidə həm də ona görə iştirak edirik ki, vətəndaşlarda seçki vərdişlərini formalaşdıraq. Partiya qərar verərsə, seçkilərdə aktiv iştirak edə biləcək, dairələr üzrə namizədlərimizin seçilməsi üçün təbliğat imkanımız olacaq. Ona görə də hər kəsin bu qərarın icrası üçün çalışması vacibdir”.

Ümid Partiyası Ali Məclisi 72 nəfərin namizədliyini təsdiq edib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.

Ümid Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri, səlahiyyətli şəxs olaraq Ümid Partiyası adından çıxış etmək, lazımi sənədləri imzalamaq hüququ haqqında müvafiq qərarlar qəbul edilib. Sonda Ali Məclis ATƏT-in müşahidə missiyasına seçkiləri müşahidə etməsi üçün də müraciət qəbul edib. O cümlədən dairədə namizədliklərini verən şəxslərlə funksional əməkdaşlıq üçün Rəyasət Heyətinə səlahiyyət verilib.

Ana Vətən Partiyası da 7 dekabrda keçirilən Ali Məclisində seçkidə iştirak etmək barədə qərar verib.

AXP sədri Pənah Hüseyn isə bildirdi ki, seçki ilə bağlı partiyanın Mərkəzi Şurasının 15 dekabrda iclası olacaq: “Partiyada seçkiyə getməmək əhval ruhiyyəsi güclüdür, amma hələ son qərarın verilməsinə bir həftə var”.

AĞ Partiyanın İdarə Heyəti isə 7 dekabrda toplantı keçirib. Partiyanın mətbuat katibi Cavanşir Abbaslının verdiyi məlumata görə, toplantıda bu həftənin ilk günlərində partiyanın seçkilərlə bağlı son qərarının açıqlanması qərarına gəlinib.

AMİP Siyasi Şurası da 7 dekabrda toplanıb. Partiyanın katibi Əli Orucovun verdiyi məlumata görə, növbədənkənar parlament seçkilərində iştirakı məsələsi Bakı şəhər təşkilatlarının da iştirakı ilə Siyasi Şurada geniş müzakirə olunub, çoxluq partiyanın bu seçki marafonuna qoşulmasının tərəfdarı olub. Buna baxmayaraq yekun qərar bu həftə həftədə veriləcək. Böyük ehtimalla AMİP növbədənkənar parlament seçkilərində iştirak edəcək.

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, seçki ilə bağlı konkret qərar 9 dekabrda İdarə Heyəti tərəfindən qəbul ediləcək: “Seçkilərdə iştirak etmək barədə prinsipial qərar vermişik. Birinci gün son qərarımızı mütləq verəcəyik”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hələ qərar vermədiklərini qeyd etdi: “Seçkilərdə iştirakla bağlı partiyamızın hələlik konkret qərarı yoxdur. Partiyanın rəhbər orqanlarında geniş müzakirələrdən sonra müvafiq qərar veriləcək. Müəyyən dost partiyalarla da müzakirələrimiz, məsləhətləşmələrimiz davam edir. Yaxın günlərdə hər şey aydın olacaq”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də seçkidə iştirak tərəfdarı olduqlarını deyib: “Milli Məclisin buraxılması proseduru başlandıqdan sonra partiya daxilində müzakirələrə başlamışıq. İlkin rəy belədir ki, seçkilərdə partiya kimi iştirak edilməlidir. Partiyamızın seçkidə iştirak etməməsi yalnız maliyyə problemləri ilə bağlı ola bilər. Hər halda bunu arzulamasaq da, belə ehtimalları da istisna etməzdim. Yəni bu halda səbəb siyasi deyil, maddi amillər olacaq. Amma bütün hallarda çalışacağıq ki, partiya şəklində seçkilərə qatılaq”. (“Yeni Müsavat”)

pia.az


Etiket: seçkilər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar