Bazar ertəsi, 09 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycan mətbuatında təhlükəli tendensiya

Qulu Məhərrəmli: “Ermənistanda Azərbaycan haqqında yalan məlumatlar verilirsə, Azərbaycan alçaldılırsa və buna bizim mətbuatın cavab verməsinə qadağa qoyulursa, bu, yolverilməzdir!”

Noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. Səfər qarşılıqlı etimad çərçivəsində baş tutacaq. Bu barədə “Turan” İnformasiya Agentliyi Riqada keçirilən “Şərq Tərəfdaşlığı Media Konfransı 2019” tədbiri zamanı məlumat əldə edib. Məlumata görə, erməni jurnalistlər bəzi dövlət qurumlarına baş çəkəcək və ekspertlərlə görüşəcəklər:

“Jurnalistlər arasında səfər mübadiləsi qarşılıqlı etimadın yaradılması üçün humanitar tədbirlər çərçivəsində dövlət başçıları səviyyəsindəki razılaşmalarda nəzərdə tutulub. Bundan əlavə, həmin tədbirlər çərçivəsində hərbi əsirlərin və həlak olanların cəsədlərinin qarşılıqlı təhvil verilməsi barədə razılaşma da olub”.

Bundan sonra isə azərbaycanlı jurnalistlərin Ermənistana cavab səfərinə gedəcəyi gözlənilir. Hələlik həmin heyətə kimlərin daxil olacağı barədə dəqiq məlumat yoxdur.

Bununla yanaşı, diqqətimizi çəkən başqa bir məqam da var. Belə ki, son aylar ərzində Azərbaycan mətbuatı Ermənistana yönəlik loyallıq nümayiş etdirməyə başlayıb. Yerli KİV-lərdə Dağlıq Qarabağ mövzusundakı xəbərlərdə, analitik materiallarda tənqidi məqam xeyli dərəcədə azalıb. Rusdilli mediamızda isə, sanki erməni tənqidinə qeyri-rəsmi veto qoyulub.

AYNA əməkdaşı bu mövzular ətrafında Əməkdar jurnalist, tanınmış media eksperti, professor Qulu Məhərrəmli ilə həmsöhbət olub.

- Qulu müəllim, AzərbaycanErmənistan jurnalistləri arasında gediş-gəliş başlayacaqmış. Bu barədə məlumatınız var?

- Bu cür xəbərlər zaman-zaman yayılır. Son dövrlərdə bu məsələnin gündəmə gəlməsinə təbii baxıram. Onsuz da bu məsələ heç vaxt gündəmdən düşməyib. Bunu daha çox “xalqlararası ünsiyyət” adlandırmaq olar, nəinki diplomatiya. Amma jurnalistlərin qarşılıqlı səfərlərinin olmasına da radikal yanaşmağın tərəfdarı deyiləm.

- Azərbaycandan Ermənistana getməsi gözlənilən nümayəndə heyətinin tərkibi haqqında məlumatlısınız?

- Xeyr, məlumatım yoxdur.

- Sosial şəbəkələrdə tanınmış jurnalistlər və ictimai-siyasi xadimlər bu səfərlərin baş tutmasına etiraz edirlər. Səbəb də onu göstərirlər ki, bu səfərlər ancaq torpaqalarımız işğaldan azad olandan sonra mümkün ola bilər. Buna münasibətiniz?

- Narazılıqların olması təbiidir. Çünki hər kəs öz düşüncəsindən çıxış edir. Amma mən bu səfərləri çox da səmərəli hesab etmirəm. 2010-cu ildə mən də Yerevanda olmuşam. İstənilən halda, düşünürəm ki, həm informasiya almaq, həm də Azərbaycanda gedən gerçək proseslərlə bağlı erməni mətbuatını məlumatlandırmağın ancaq faydası ola bilər. Onsuz da biz özümüz xarici ölkələrdə olanda, beynəlxalq konfranslarda Ermənistandan olan jurnalistlərlə ünsiyyətdə olur, fikir mübadiləsi aparır və sağlam fikirlər eşidirik. Lakin unutmaq lazım deyil ki, jurnalistlər bu məsələni heç vaxt həll etməyəcəklər. Çünki bu prosesləri jurnalistlər başlatmayıblar. Amma Ermənistan cəmiyyətinə həqiqətləri sirayət etdirmək baxımından belə səfərlərə pis baxmıram. Lakin oraya gedən jurnalistlər də kifayət qədər hazırlıqlı, yüksək səviyyəli, intellektual və azad düşüncəli olmalıdırlar ki, onların dedikləri sözlər həqiqətləri əks etdirsin. Yəni həssas bir məsələ ilə bağlı müzakirələri səviyyəsiz adamlara həvalə etmək olmaz.

- Jurnalistlər arasındakı gediş-gəlişə cəmiyyətdə həm də ona görə təpki var ki, Ermənistan hakimiyyəti öz barışmaz mövqeyindən geri çəkilmir. Məsələn, bir neçə gün öncə ictimai fəal Bəxtityar Hacıyevlə erməni Baş Nazir Nikol Paşinyan arasındakı dialoq... Paşinyan yenə öz ampulasındaydı və ənənəvi ritorika ilə danışırdı. Ermənistan bu qədər aqressiv və barışmaz mövqedə dayandığı halda, jurnalistlərin səfərləri nəyi dəyişə bilər?

- Xatırlayırsınızsa, bir müddət əvvəl azərbaycanlı gənc Arzu Məmmədova Vladimir Poznerə Kaliforniyada sual vermişdi. Lakin bu sual təkcə Poznerə yönəlməmişdi, bu, həm də digər insanların düşünməsi üçün idi. Yaxud da Bəxtiyar Hacıyevin verdiyi samballı və səlis sual təkcə Paşinyan üçün deyildi, həm də o sualı dinləyənlər üçün idi. Bu, artıq ermənilərdə daşlaşmış təsəvvür halını alıb. Bunu da heç kim dəyişə bilməyəcək. Lakin onların düşüncəsini dəyişəcək başqa vasitələr də var. O istiqamətdə hərəkət etmək lazımdır.

- Son zamanlar Azərbaycan mətbuatında bir tendensiya müşahidə olunur - Ermənistanın tənqid olunduğu materialların sayı xeyli dərəcədə azalıb. Bəzi hallarda, hətta tənqidə belə, rast gəlmək olmur. Düşmən tərəfdə Azərbaycanla bağlı kəskin məlumatlar yer alsa da, milli mətbuatımızda buna adekvat cavabları müşahidə edə bilmirik. Siz necə, Azərbaycan mətbuatının Ermənistana münasibətdə loyallaşdığını, yumşaldığını hiss edirsiniz?

- Mən də bu tendensiyasını hiss edirəm. Hətta Rusiyanın Qarabağ siyasətini tənqid edən jurnalistlərə mənfi münasibəti də hiss etməyə başlamışam. Hesab edirəm ki, bu, çox yanlış münasibətdir. O tənqidçilər çoxlarının dilə gətirmədiyi, yaxud səsləndirməyə çəkindiyi məsələləri üzə çıxarırlar. Mustafa Kamal Atatürk deyirdi ki, “ordular təkcə əsgərlərlə döyüşmür, həm də mədəniyyət və informasiyalarla döyüşür”. Hesab edirəm ki, Azərbaycan mətbuatının bu məsələdə müəyyən təcrübəsi və ənənəsi var. Buna görə də mətbuatı yıxmaq və küncə qısnamaq olmaz. Bu məsələdə hər kəs öz fikrini açıq şəkildə ifadə etməlidir.

- Xüsusən də rusdilli saytlarımızda bu veto daha çox hiss edilir. Onlar Ermənistan rəhbərliyinin (hələ Rusiyaya yönəlik tənqidlərin yoxa çıxmasını demirəm) davranışlarına qarşı “dişli” mövqe sərgiləmirlər, çəkingən mövqedən çıxış edirlər. Sanki ErmənistanRusiyanın tənqidinə veto qoyulub…

- Hansısa saytda siyasət varsa, epizodik olaraq bunu taktiki baxımdan anlamaq olar. Amma bütövlükdə susqun, dilsiz və xalqın istəyini ifadə etməyən mətbuat - əsl mətbuat deyil. Çünki mətbuat heç bir halda göstərişlə yaza və hərəkət edə bilməz. Düşünürəm ki, bu, yanlış tendensiyadır. Ermənistanda Azərbaycan haqqında yalan məlumatlar verilirsə, Azərbaycan alçaldılırsa, amma buna bizim mətbuatın cavab verməsinə qadağa qoyulursa, bu, yolverilməzdir!

- Necə hesab edirsiniz, mətbuatımızdakı bu geriçəkilmə hansısa bir təlimatın nəticəsidir, yoxsa KİV-lərin öz redaksiya siyasəti?

  • Təbii ki, təlimatdır. İnformasiya siyasətini aparan bəzi insanlar var ki, bu, onlardan qaynaqlanır. Mən demirəm ki, bu, doğrudur. Çünki bunun doğruluğunu, dəqiqliyini və səmərəliliyini görməmişik. Ona görə də mətbuatı bu şəkildə, barmaq işarəsi ilə idarə edəndə çox ciddi və ağır nəticələr üzə çıxır. Hesab edirəm ki, mətbuat radikallıq göstərmədən doğru-dürüst yazmalıdır ki, cəmiyyət nə baş verdiyini və hadisələrin hansı istiqamətdə cərəyan etdiyini başa düşsün. Cəmiyyət özünün taleyi ilə bağlı məsələlərdən heç vaxt xəbərsiz ola bilməz. Ona görə də mətbuat azad və müstəqil şəkildə bu məsələləri işıqlandırmalıdır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar