Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taksidəki kişi və qadın


PİA.AZ Kulis-ə istinadənNarıngülün “Yolda” hekayəsini təqdim edir

                 
Böyük şəhərin kənarında yerləşən kiçik, basırıq vağzalda hay-küydən qulaq tutulurdu. Küçənin ortasında sıra ilə düzülüb müştəri səsləyən sürücülər həyasızlıqla yoldan ötənlərin qar¬şısını kəsir, dil boğaza qoymadan onları maşına dəvət edirdilər. 
 
Küçənin ortasındakı yoldaşlarından bir qədər aralıda dayanmış, maşınına söykənərək hərdənbir müştəri çağıran sürücüyə birdən-birə iki nəfər yaxınlaşdı və bu sürücü üçün bir qədər gözlənilməz, eyni zamanda, göydəndüşmə oldu.
 
Yaxınlaşanlardan biri 30-35 yaşlarında qadındı, bahalı olmasa da, əyninə son dəbə uyğun paltar geyinmişdi, saçlarının rəngi paltarının rənginə oxşar idi. İncə, mütənasib bədəni vardı ki, bu da qadını yaşından xeyli cavan göstərirdi. Qadının bir əlində üstü incə naxışlı əl sumkası, o biri əlində xeyli ağır olduğu kənardan hiss olunan iri yol çantası vardı.
 
O biri sərnişin üz-gözündən sevinc və gəncliyə xas ərköyünlük yağan, idmançı bədənli, yaraşıqlı oğlandı. Yəqin, yaşı 25-dən çox olmazdı. Oğlanın da əlində yolçu olduğunu uzaqdan bəlli edən yük çantası vardı.
 
Üz-gözünü tük basmış, sifətindən laqeydlik və yorğunluq yağan sürücü bir anın içindəcə dirçəldi, müştərilərinin qabağına yeridi:
 
– Hara gedirsiniz?
 
Sual hər ikisinə aid idi və qadın da, oğlan da demək olar ki, eyni anda xorla cavab verdilər:
 
– Sultanlıya.
 
Verilən cavab hər üçünü qane etdi, üçünün də üzünə eyni anda təbəssüm qondu.
 
Sürücü maşının yük yerini açdı. Oğlan cəld hərəkətlə çantasını yük yerinə qoydu, sonra bir söz demədən qadının əlindən sumkanı götürüb yük yerinə yerləşdirdi.
 
Təşəkkür etməyə imkan tapmamış qadın oğlan tərəfindən nəzakətlə maşına ötürüldü:
 
– Çox sağ olun.
 
Qadının minnətdarlığını oğlan eşitmədi. O, sürücüyə qoşularaq başqa bir müştəri axtarır, hərdənbir şən səslə nə isə danışır, hündürdən gülürdü. Əhvalının əla olduğu uzaqdan bilinirdi.
 
“Cavandır, həm də yaraşıqlı və özünə inamlıdır, yəqin ki, öz yaşıdı olan qızların çoxu ölür bundan ötrü”. Qadın maşının pəncərəsindən oğlanı süzdü, sonra salondakı kiçik güzgüdə laqeydliklə özünə baxdı, oğurluq edirmiş kimi, o tərəf - bu tərəfə boylanaraq üz-gözünü yüngülcə bəzədi. Maşının oturacağına söykənib gözlərini yumdu. “Bu son fəsli də bitirə bilsəydim əla olardı, daha bir də qayıtmazdım əvvəlki fəsillərə”. Qadın yarımçıq qalmış romanını düşündü və birdən-birə bərk darıxdı.
 
- Gedək, deyəsən, bu gün o tərəfə gedən olmayacaq. Nəhayət ki, sürücü təəssüf qarışıq səslə qərarını verdi.
 
- Fikir eləmə, pulunu ödəyərik.
 
Oğlan özündən razı halda qabaqda, sürücünün yanında əyləşdi.
 
Maşın şəhərin haylı-küylü, basırıq küçələrindən çıxıb rahat və geniş asfalta düzəldi.
 
- Sultanlıda kimlərdəsiniz?
 
Oğlan çəpəki güzgüdən qadını süzdü.
 
- Tanımazsan, mən çoxdan o tərəflərdə yaşamıram.
 
Sonra qadın günahkar kimi nəzakətlə gülümsünərək əlavə  etdi:
 
- Heç özüm də orada çoxunu tanımıram.
 
Əslində, oğlan o qəsəbəyə yaxın başqa qəsəbədə yaşayırdı və qadın ad çəksə belə, orada heç kimi tanımırdı.
 
Oğlan yanpörtü əyləşib qadını süzdü: “Pis deyil, o qədər cavan olmasa da, cazibəlidir”.
 
- Nədənsə, gözəl qadınlar həmişə şəhərin mərkəzində yaşamağa üstünlük verirlər.
 
Oğlan söhbətə körpü atmağa çalışdı.
 
Maşının qarşısına çıxan böyük yük maşını qəfildən yolun ortasına çıxdı, sürücü güclə əyləci basdı, maşın ləngər vurub yenidən yoluna davam etdi.
 
- Bilirsən, mən uşaq vaxtdan uzaqlarda, böyük şəhərlərdə yaşamağı arzulamışam. Həmişə fikirləşmişəm ki, nə vaxtsa çox böyük, tanınmış adam olacağam, lap elə dahi yazıçı. Neçə ildir, böyük bir roman başlamışam, ancaq heç cürə tamamlaya bilmirəm, yarımçıqdır ki, yarımçıq, mənim öz həyatım kimi. Hər dəfə də son fəsildə ilişirəm. Təsəvvür elə ki, həmişə son fəsil ürəyimə yatmır və adətim üzrə sonluğa görə bütün əsəri dəyişməli oluram.
 
Qadın təəssüflə ah çəkdi və üzünə qüssə qondu. O, həmişə romanı haqqında danışanda kədərlənir, əhvalı korlanırdı.
 
Oğlan yüngülcə köks ötürərək siqaret yandırdı, gözünü yolun kənarı ilə uzanan düzənliyə zilləyərək siqaretini sümürdü.
 
 “Siqaret çəkmək çox yaraşır, yəqin özü də bilir bunu”. Qadının baxışları güzgüdə oğlanın baxışlarıyla rastlaşdı, dərhal gözlərini yayındırdı.
 
“Gözəl qadındır, bununla əylənmək, lap elə bir müddət dostluq etmək pis olmazdı”.
 
Bütün bunların sürücüyə dəxli yox idi. O, diqqətlə yolu izləyirdi.
 
- Bəlkə də bu sənə gülməli görünür, amma mən romanda yaşadığım həyatı əks etdirmək istəyirəm, öz həyatımı – qadın dilləndi.
 
Oğlan maraq və acgözlüklə onu süzdü.
 
Qadın nədənsə oğlanı nağıl qəhrəmanlarından hansınasa bənzətdi, xatırlaya bilmədi, amma lap dəqiqi öz qəhrəmanı deyildi.
 
“Başlandı... yerə düşən kimi təklif edəcək, bir bəhanə tapıb uzaqlaşmaq gərəkdir, elə etmək lazımdır ki, xətrinə də dəyməsin. Birdən bacarmasam, çox israr etsə... yox, nə mənası var ki, onsuz da hər şey yarımçıq qalacaq. Yarımçıq heç nə istəmirəm, mənə  həyat bütöv lazımdır. Həm də romanımı tamamlamaq üçün lazımdır”. Qadına elə gəlirdi ki, romanına öz həyatını köçürür və birdəfəlik beyninə həkk etmişdir ki, romanın son səhifəsi bitkin və mənalı olmalıdır.
 
Maşın adamsızlığı və kasıblığı ilə uzaqdan seçilən kafenin qarşısında dayandı. Xirda daşların üstündə mürgüləyən it kənara sıçradı.
 
Ağ xalat geyinmiş ofisiant oğlan gözə göründü və dərhal yox oldu. Sürücü maşından düşən kimi tələsik addımlarla kafenin dalında gözdən itdi. Qadınla oğlan üzbəüz qaldılar.
 
Oğlan gülümsünərək qadının əlindən yapışdı, onu kafenin kənarındakı otu dizə qədər çıxmış bağa tərəf çəkdi.
 
Qadın müqavimət göstərdi, amma müqaviməti oğlanın əhəmiyyət verəcəyi qədər güclü alınmadı.
 
Oğlan heç nəyə fikir vermədən qadını sinəsinə sıxdı. Kafenin işçilərindən biri boğazını arıtladı, öskürməkdən daha çox yaxında olduğunu hiss etdirdi. Hər ikisi başını qaldırdı. Sürücü üzü onlara tərəf əyləşib çayını hörtüldədirdi. Həyətin ortasında dayanmış it qulağını şəkləyib onlara baxırdı. Qadın oğlanı yüngülcə özündən kənara itələdi. Oğlan, sürücü və qadın əyləşib birlikdə çay içdilər.
 
Yolun qalan hissəsi hamar deyildi və maşının qəsəbəyə yaxınlaşdığı hiss olunurdu. Qadın sürücünün üzünün bir hissəsi görünən güzgüdə özünə baxmağa çalışdı. Çəpəki boylansa da özünü görə bilmədi. Ürəyində güzgüləndi.
 
Oğlan yolun kənarı ilə uzanan düzənliyi gözlərinə yığaraq  düşündü:  “Düşəndə telefonunu alaram. Sonra görüşərik, yəqin özünün də ürəyindəndir”. Uzaqdan başı qırmızı örtüklü evləri   görcək o, şən səslə dilləndi:
 
- Mən çatdım.
 
Sonra oğlan qadına tərəf əyilərək gülümsündü:
 
- Yəqin ki, görüşəcəyik.
 
Əlindəki telefon nömrəsi yazılmış balaca kağız parçasını qadına uzatdı.
 
Maşın tərpənən kimi təkərlərin altından çıxan xəfif toz içəri doldu. Oğlan maşından düşdükdən sonra qadının ürəyinə səbəbi özünə də məlum olmayan xəfif bir qüssə qondu. Sonra fikirləşdi ki, şəhərə qayıdan kimi romanını tamamlayacaq. Daha heç bir bəyənməmək-filan olmayacaq. Bəsdir daha... Hər şeyin bir sonu olmalıdır. Dərhal da hiss etdi ki, çox yorulub və  taqətsizdir. Pəncərəni bir qədər aşağı endirərək oğlanın verdiyi sırayla rəqəmlər yazılmış kağız parçasını cıraraq küləyə verdi.
 
Yolun kənarı ilə uzanan kolların üstü qara, qırmızı toz basmış böyürtkənlərlə dolu idi. Görünür, bu il yay bu tərəflərdə  həmişəkindən bir qədər tez başlamışdı. 
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar