Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sol hipsterlərin peşmançılığı...


Nə olmalıydısa, o da oldu - Berni Sanders prezident seçkilərində Hillari Klintona dəstək verdi. Və növbəti dəfə əsassız entuziazm mərəzinə tutulan Sol cinahı fikir qırıqlığına uğratdı


Məsələn, Çilidə yaşayan Sol publisist və tərcüməçi Oleq Yasinski baş verənləri “bənzərsiz satqınlıq” adlandırdı və bir çoxları onunla razılaşdı. Halbuki, Sol hipsterlər boyunlarına almalıdırlar - Sanders aldatmadı, sadəcə, ona inananlar özlərini aldatdılar.

Bu ssenari dəfələrlə olmayıbmı? Yunanıstanda hakimiyyətə SİRİZA yiyələnəndə eyni əsassız entuziazm yaşanmadımı? Bəs sonu nə oldu? Baş nazir Tsipras öz kabinetində ən ardıcıl Solçu olan Yanis Varufakisi Brüsselin tələbi ilə nazir vəzifəsindən uzaqlaşdırdı, sonra da neoliberal əmrləri səliqə ilə icra etməyə başladı. Hazırda ona qarşı təkcə köhnə həmfikirləri (o cümlədən, 94 yaşlı əfsanəvi Manolis Qlezos) və anarxistlər yox, hətta vaxtilə böyük dirəniş tarixi olan, son 30 ildə isə təslimçiliyi ilə yadda qalan, mötədil mövqedə dayanan Yunanıstan Kommunist Partiyası da çıxır.

Sol Sistemə inteqrasiya edir. Sartr “Böyük hadisələr marksistlərin yanından keçir” deyəndə də bu bədnam inteqrasiyanı proqnozlaşdırırdı, güman ki.

İndi də Berni Sanders... İlin əvvəlində Nyu-Hempşir ştatındakı praymerizdə antikapitalist Sanders ən yaxın rəqibi Hillari Klinton üzərində böyük üstünlüklə qələbə qazananda antikapitalist hipsterlər zəngin emosiyalara qərq olmuşdular. Halbuki, hələ o vaxt yazmışdım: qeyri-hipsterlər və soyuq ağlını emosiyalarına güdaza getməyən Solçular üçün heç nə dəyşməyib. Onlar anlayırlar: 75 yaşlı Sanders nə Salvador Alyendedir, nə də Xose Muxika. Sandinist, yaxud fidelistə bənzərlikdən isə ümumiyyətlə söhbət getmir.

Və biz olsa-olsa növbəti dəfə köhnə həqiqətin təkrarının şahidiydik - xoş niyyəti məhv etməyin yollarından biri onu imitasiya etməkdir. Barak Obama irqi bərabərliyi imitasiya edirdi - halbuki, onun hakimiyyəti illərində irqi seqreqasiya 1960-80-cı illərdəki pikinə döndü. Sanders isə “sosial bərabərlik” üçün fasad olmalıydı. Ki, obıvatel yenidən məzmunla formanı, məğzlə vitrini səhv salıb sakitləşsin, hətta məzmunda peşman da olsun.

Bu tendensiyanı izləmək onun təkrar-təkrar tətbiqinə qarşı immunitet əldə etmək üçün arxi-faydalıdır.

***

Sanders Nyu-Hempşirdəki praymerizdə Demokratlar partiyasının favorit namizədi sayılan Klintonu düz 22 faiz üstələyəndə kimlərsə sual da verirdi: Nədir, amerikalı seçicilər Sistemin “qəbirqazıyanı”na səs vermək niyyətindədir? Bəlkə sabah-birigün ABŞ-da Uoll-Strit çökəcək, monopoliyalar hakimiyəti siyasətçilərə təhvil verəcək, məktəblərdə isə Marksı (ya heç olmasa Markuzeni) tədris edəcəklər?

Əlbəttə, yox. Harada görünüb ki, kapital sistemi mövqelərini elə-belə, xoşluqla, seçkilər yoluyla təhvil versin? Xüsusilə də, söhbət kapitalizmin (və imperializmin) mərkəzi həlqəsindən gedirsə.

Sadəcə, ABŞ-da fərqindədirlər - Sol ideyalar və sosial ədalət ritorikası dəbi qayıdıb gəlir. Elə isə bunu niyə sonu əvvəldən bəlli olan oyuna, əyləncəyə çevirməsinlər ki?..

Sandersin çıxış və proqramına nəzər yetirmək yetərlidir ki, anlayaq - hətta Demokratlar partiyası onun namizədliyi üzərində dayanardısa və hətta isteblişment məhz onu prezident etməyə qərar verərdisə belə (əlbəttə, nonsens), ABŞ-ın siyasi və iqtisadi sistemində heç nə dəyişməyəcəkdi.

O ritorika isə Vermont ştatından senator olan Berni Sandersin dilində Sistemə qarşı əsl dinamit kimi səslənirdi. Nələr danışırdı Sanders? O, özünü “xalqın namizədi” adlandırır və seçki kampaniyası üçün vəsaitlər toplayarkən monopoliyaların yardımından imtina edirdi (bütün vəsait fərdi ianələrdən ibarətdir). O, özünə “demokratik sosialist” deyir və Skandinav modelini təbliğ edirdi. Üstəlik, Sandersin bioqrafiyası da təsdiqləyirdi ki, o, uzun illərin sınağından çıxmış sosialistdir. Yəni, əqidəsini onillərdir qoruyub saxlayıb.

Gəlin, bioqrafiyadan bəzi ştrixlərə baxaq. 1941-ci ildə Bruklində Polşadan qaçmış yəhudilərin ailəsində dünyaya gələn Sanders artıq “60-lar hərəkatı”nda fəallığı ilə seçilib. Gəncliyində ABŞ Sosialist partiyasına yaxın olub, qardaşı isə Yaşıllar partiyasının fəalıdır. Bir müddət İsraildə kibbusda yaşayıb, ABŞ-a döndüyündə bir neçə sənət dəyişib - dülgər, rejissor, yazıçı kimi fəaliyyət göstərib. İndi özünü “fəhlə sinfinin müdafiəçisi” adlandıranda da o, qeyri-səmimilik etmir. Yəni, muzdlu işçinin problemləri ona doğmadır.



Məşhur “Vaşinqton marş”ında, habelə Vyetnam müharibəsi əleyhinə nümayişlərdə iştirak edib. Bruklin kollecində və Çikaqo universitetində psixologiyanı öyrənib. 40 yaşında Berlinqton şəhərinin meri seçilib. 1985-ci ildə - ABŞ-ın Nikaraquaya qarşı “Kontras” əməliyyatının qızğın çağında Manaquaya gedib və Daniel Orteqa ilə görüşüb - həmin vaxt o, sandinistlərlə görüşən ən yüksək mövqeli ABŞ siyasətçisi idi. Və daha bir maraqlı fakt: “Bal ayı”nı SSRİ-də, Yaroslavlda keçirib.

Əlbəttə, ABŞ kimi beyinlərin antikommunizm təbliğatı ilə onillərdir “yuyulduğu” bir ölkədə Sol əqidəni qoruyub saxlamaq, hətta prezidentlik mübarizəsinə uğurla qatılmaq qeyri-adi hadisədir. Ancaq bu fenomen uğurla bitərsə belə, çıxış və proqramındakı notları ilə Sistemin bazisinə qarşı çıxan Sandersin öz ölkəsində sosialist inqilabı edəcəyi ehtimalı sıfır idi. Sistem qalacaq, dəyişən isə Sanders və onun indiki ritorikası olacaqdı.

Onun tələbləri isə Amerika üçün çox radikal səslənirdi. “Uoll-Striti işğal et!” hərəkatının da dəstəyini alan Sanders varlıların vergilərinin artırılmasını, təhsil haqlarının 2 dəfə azaldılmasını və bir sosialist kimi hamının təhsil hüququnun reallaşdırılmasını tələb edirdi. O, bank diktatına qarşı idi, iri bankları bölməyə, Federal Rezerv Sistemini isə xırda və orta biznesə dəstək verməyə çağırırdı. O, hamı üçün sosial ədalət, tibbi sığorta istəyir, xüsusi türmələrin ləğvinə çalışırdı. İrqi ayrı-seçkiliyə və polis zorakılığına qarşı illərdir mübarizə aparırdı.

Sanders dövlətin öz vətəndaşlarını total dinləməsinə qarşıdır. O, ABŞ-ın imperialist müharibələrini (İraq başda olmaqla) pisləyir, “İŞİD”ə qarşı mübarizədə ABŞ-ı səylərini Rusiya ilə birləşdirməyə çağırırdı. Hətta Krımı da Ukraynanın yox, Rusiyanın tərkib hissəsi sayırdı. Onun fikrincə, ABŞ hərbi büdcəsinin böyük hissəsini terrorla mübarizəyə yox, Rusiyaya qarşı “Soyuq müharibə”yə xərcləyir.

Bir sözlə, ötən dəfə ABŞ-da oyun irq və dinindən asılı olmayaraq bərabər imkanlar illüziyası ilə aparılmışdısa, bu dəfəki oyun siyasi ideologiyalara formal bərabər imkanlar kartı ilə davam etdirildi.

İstənilən halda, Sol düşərgədəki eyforiya aldadıcı və efemer idi. Fasadlar sistemi olan neoliberalizmdə vitrinlərin çoxluğu və rəng müxtəlifliyi məzmun üçün heç bir əhəmiyyət kəsb etmir.

***

Və bu da son - Sanders özünün söylədiklərinin diametral tərsini söyləyən, qurmaq istədiyi Amerikanın tam əksini quran Hillari Klintona səs verəcək. Absurddurmu? Yox, Sistemin mahiyyətidir.

Bu Sistemdə arzulamaq qadağan deyil, ancaq günlərin birində mütləq gözəl arzular konstruksiyası çoxdan qurulmuş reallığa toxunub çilik-çilik olmalıdır. Sandersin yox, hipsterlərin arzuları.

Çünki onlar Çe Gevaranın “Realist olun - mümkün olmayanı tələb edin” şüarını unudublar. Onlar mümkün olanlarla barışıblar. Sadəcə, özləri üçün qısa emosional pauza istəyirlər. İsteblişment Sandersin timsalında onlara bu pauzanı, bu epizodik illüziyanı verdi.

İndi isə - dağılışın...

Məmməd Süleymanov(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar