Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akula sözünün kökü


“Qarabağ” futbol klubu Bakıda oyun udan gün Qaradağ rayon məhkəməsi 2-ci qrup Qarabağ əlili İlqar Rəsulova 30 sutka həbs cəzası kəsdi


Bu, yanıltmac deyil, həyatın yaratdığı təbii cümlədir. Həbsin səbəblərini bilmirəm, heç maraqlanmadım da. Təkcə Rəsulovun adının qabağında yazılan “AXCP üzvü” təyini bəs elədi. 

Başqa təyinlər də var, örnək üçün, biz okean sahilində yerləşmirik, ancaq çoxlu akula saxlayırıq. Bir dəfə şəkililər üsyana qalxıb polis maşınlarını-filanı aşırtmışdılar, o zaman Şəkinin polis rəisinə Akula Hamlet deyilirdi. Keçmiş MTN şefi Eldar Mahmudov işdən atılanda onun pulyığanlarından, işverənlərindən birinin Akula Akif ləqəbi ilə tanındığı, xaricə qaçdığı deyildi. İnterpol axtarırmış. Dünən isə “Yeni Müsavat” Eldar müəllimin ikinci yırtıcısı haqda məlumat yazmışdı, sən demə, bunun da adı Akula Pərviz imiş. 

Əcəb işdir. Hacı Məmmədov “Beynəlxalq Bank”ın şefi Cahangir müəllimin arvadını oğurlayıb ilişəndən sonra - indi Cahangir müəllim özü də manatı oğurlamaqda ittiham edilir - məhkəmədə bir maraqlı fikir işlətmişdi: “Mən osminoqun yalnız bir qoluyam. Qalan qollar azadlıqdadır”. Osminoq bizim dildə səkkizayaq deyilən bir dəniz canlısıdır. Ancaq indi belə çıxır ki, bizim cinayətkar okeanımızda osminoqlardan çox akulalar varmış. Bu çəkicbaş akula, o ağ akula, bu pələng akulası, o maliyyəçi akula, bu inhisarçı akula və sairə... Hər növdən akulamız yaşayır. Özü də bu sözü yaradanlar sanki sırf elə Azərbaycanı nəzərdə tutubdur! 
İnanmırsınızsa, buyurun, öyrənin: “akula” sözü bizə rus dilindən keçib, onlar isə qədim island dilindəki “hakall” sözündən götürüblər. Bizdə rüşvətə, qanunsuz pul yığımına “haqq almaq” deyirlər. Dilin tarixi deyir “haqq al” - akulalarımız da alıblar. (Bu kəşfimə AMEA Dilçilik İnstitutundakı kilkələrdən patent istəyirəm. Əks halda görüm akulalara yem olsunlar, ilahi, amin!)

Bu yerdə oxucumuz Loğman Əbilzadənin məktubunu mütləq dərc etməliyəm: “Sizə olmuş bir hadisəni yazıram. Bir qohumum var, fəhlədir. O, bu yaxınlarda icra hakimiyyətinin həyətində tikintidə işləyirmiş. Bir gün icra işçilərindən gəlirlər fəhlələrin yanına, deyirlər ki, bəs icra hakimi gələcək, samovarda çay-zad dəmləyin. Bunlar da həvəslə çay-filan... İcra hakimi gəlib işə baxır, çay içir, söhbətləşir. İcra hakimi sonda deyir ki, kimin nə problemi varsa, deyin, həll edim. Mənim qohumum da deyir ki, sosial yardımımı vermirlər, özüm fəhlə, 2 uşaq atasıyam. İcra hakimi də deyir ki, ola bilməz, heç vaxt ola bilməz, qələt edirlər, get 1000 manat tap, gözlərinə sox, elə verərlər canları da çıxar”.

Bu mənada, keçmiş bankir Cahangir müəllimin bütün günahları maliyyə naziri Samir Şərifovun üstünə atması qəbulolunmaz haldır. Cahangir müəllim manatın ölməsindən Suriyada vətəndaş müharibəsinə qədər hər şeyi Samir müəllimə yükləməyə çalışıbdır. Belə olmaz axı. Bir az mətanət nümayiş etdirmək lazımdır, bizim türmələrdən hələ bu cür çıxan olmayıbdır. Kimisə satmağın xeyri yoxdur. Daha doğrusu, bazar öləndən sonra, qarı şey olub, qapı örtüləndən sonra, satmağın nə mənası? Satırdın, bacarıb əvvəl sataydın, indi bəlkə bayırda akula supu yeyərək okeanariumdakı qardaş qırğınına tamaşa edərdin.

Beynəlxalq mənada da pis örnəklər yaradırsınız. Avropa Oyunlarını Bakıda qayıran Patrik Hikki adlı irland yəqin yadınıza gəlir. Azərbaycandan “Şərəf” ordeni də almışdı. Onu Braziliyada bilet alverində suçlayıb qoduqluğa basıblar. Bax, həmin Hikki müəllimin iki müavini srağagün onun üzünə durublar, kişini baqaja qoyublar, polisə ifadə verib deyiblər ki, Hikki biletləri təkcə çırpışdırıb, bizim xəbərimiz olmayıbdır.

Yoldaşlıq budurmu? Namərdlikdir. Bəlkə də pulları birgə basıb yeyiblər, ancaq indi adamı satırlar. Qeyrətli oğlan, o cümlədən Azərbaycanın əsrlərin dərinliyindən süzülüb gələn mərdlik, qiryət, namus, ədalət, dostluq anlayışları bulağından su içmiş adam gərək satqınlıq etməsin. Düzdür, bu halda Hikki müəllim satqınlıq etməyib, onun özünü satıblar, ancaq yaxşı oğlan gərək özünü satmağa da imkan verməsin. Özü də bir neçə biletə. Ar olsun.

İndi söz əlaqədar təşkilatlarındır.

Zamin HACI(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Makron Avropa üçün ölüm riskləri barədə xəbərdarlıq edib...

Ən çox oxunanalar