Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zamana ehtiyacı olan broker

Bir ingilis yumorunda deyilir: “Bəzəkli karyeralar çox zaman zolaqlı paltarla qurtarır”. Dövlət Gömrük Komitəsi ətrafında son günlərin tutatut əməliyyatları mənə o qiymətli kəlamı növbəti dəfə xatırlatdı. Broker Əbülfəz də dustaqxanaya salınarmış... Kərbəlayının o məşhur kinoda dediyi vəziyyətdir: “Heç Yadullanın müsibəti belə olmamışdı”.

Broker Əbülfəz kimdir, onu gömrüyə işi düşən hər kəs tanıyırdı. Tanımasa da tanıdırdılar. Hətta müəyyən zamanlar olmuşdu ki, Broker Əbülfəz öz eks-prezident adaşından daha ünlü duruma gəlmişdi. Ancaq deyir sən gömrükdə yığdığın çirkli pulları say, gör orqanlar nə sayır. Ya da elə adaşının populyar afyorizmini parafraz etmək olar: “Hər brokerin zamana ehtiyacı var”.

Nəinki Əbülfəz müəllimi tuturlar, o cümlədən onun keçmiş müdiri Səfər müəllimin yol polisi ilə təhqiramiz (məncə bu sözün də Ramiz Mehdiyevlə əlaqələri dilçilərimiz tərəfindən isbata yetirilsə yaxşı olardı; təhqi-Ramiz - bu təsadüfi yarana bilməzdi) davranışlarının lent yazısı aşkar edilir. Məlum olur ki, o boyda gömrüyün rəisi, general hansısa “özəl” şirkətin adına qeydiyyatda olan “Gəlinvagen” sürürmüş.

Qəribə hadisədir. Niyə DGK öz şefinə avtomobil verməyib? Bunu araşdırasan, məlum ola ki, Broker Əbülfəz Səfər müəllimə idarədən verilən dövlət avtomobilinin gömrük “şapkasını” qaldırdığı üçün tamojnanın sədri nehrəmli “qahımının” maşınını sürməyə məcbur imiş. Sürrealizm, absurd, ya rəhmətdiy qara polkovnik Hacı müəllim demişkən, dadaizmdirmi? Bəlkə bunların hamısının sintezidir. Bizim fani həyatda hər şey mümkündür. Bu dəqiqə Əbülfəz bəyin ətrafından az qala hamı deputatdır. Bircə Əli bəy qıraqdadır, o da acığa düşüb, əslində çoxdanın deputatıdır. Şair demişkən, dünən fərman verən bu gün can verir. (Bu sitatı niyə yazdım, heç bilmirəm, sanki mövzumuza dəxli yoxmuş kimi gözümə göründü, üz vurmayın).

Hələ çox daşlar qaldırılacaq, altından əqrəblər çıxacaq, hələ nə oyunlar görəcəyik. Poetik yazıdır, bir dənə də şairdən misra basaq: “Güzel günler göreceyiz, cocuklar, Motorları maviliklere süreceyiz”. Həri. Səfər müəllim də motorları maviliklərə sürdüyü yerdə, tap, vurub atdılar qırağa. İndi güman edə bilərik ki, gömrükdə qayda-qanun başlanmışdır, ədalət zəfər çalmışdır, hətta Aşıq Ədalətin ruhu o biri dünyada “Səfərləmə” saz havası çalmışdır. İnanmırsan, get dükana. Hər şey birdən-birə ucuzlaşıbdır. Şok qiymətlərdir.

Gömrükdə korrupsiya birinci kosmik sürətlə aradan qalxır. Buna görə Üçüncü Ağalı kənd zəhmətkeşləri adından dərin minnətdarlığımı bildirirəm. Sözgəlişi, əgər fikir vermisinizsə uca hökumətimiz torpaqların bərpası proqramında linqvistika və toponimika elmlərinə ciddi əməl edir. Örnək üçün, Zəngilanda Ağalı kəndi bərpa edildi. Füzulidə də ilk bərpa edilən kənd Dövlətyarlı-dır. Ağa, dövlət... İndi mən təklif edirəm o biri rayonlarda hansı kəndlərin ilkin bərpa ediləcəyini tapaq. İp ucu, kodun açması üçün versiya yazıram: Ağdamda bərpa Şahbulaq kəndindən, Kəlbəcərdə Qızılqayadan başlanacaq. Bizim sadə, ucuz, kasıb-kusub toponimlərlə işimiz yoxdur.

Qayıdaq ucuzlaşma temasına. Burada bircə anlaşılmazlıq var, rəsmilərdən kimsə deyib ki, bizdə buğda, taxıl, un bahalaşacaq, çünki Ukraynada dəniz yolu bağlıymış. Bəs nə oldu, üç prezident, o boyda BMT razılaşdı, Qara dənizdə koridor açdılar, dünyada dərhal taxıl ucuzlaşdı. Bizdə isə yenə bahalaşır.

Səfər müəllim də çıxarılıb, bilmirsən gümanın hara getsin...

Zamin HACI (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar