Bazar, 01 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Vətəndaşın əlində qalan özəlləşdirmə çekləri: "Dövlət səviyyəsində bu məsələ ilə bağlı addımlar atılsın" - Rəy

Zahid Oruc: “Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması özəlləşdirmə prosesinə olan marağı qorumaqla yanaşı, vətəndaşların hüquqlarını müdafiə edəcək”.

Xəyal Bəşirov: “Özəlləşdirmə çeklərindən istifadə edə bilməyən şəxslərə güzəştlər tətbiq olunmalıdır”.

Son dövrlər cəmiyyətdə özəlləşdirmə paylarının (çeklər) yenidən istifadəsi ilə bağlı müzakirələrə sıx rast gəlinir. Belə ki, özəlləşdirmə çeklərini satmayan yüzminlərlə vətəndaş hüquqi cəhətdən haqlarının tapdandığını və bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin sosial ədalət siyasətinin pozulduğunu iddia edirlər.

Qeyd edək ki, 1996-cı il yanvarın 1-dən Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasına başlanılıb. Dövlət sifarişi ilə xaricdə hazırlanan və qiymətli kağız kimi qeydiyyatdan keçən 32 milyon özəlləşdirmə çeki (8 milyon özəlləşdirmə payı) və 19 210 570 ədəd opsion ölkəyə gətirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədilə tədavül müddəti bir neçə dəfə uzadılıb. Nəticədə prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılıb. Sonuncu dəfə isə 23 dekabr 2009-cu il tarixində tədavül müddəti artırılaraq 2011-ci il yanvar ayının 1-də başa çatıb.

Qeyd olunan çeklərin dövlət əmlakından bir hissə olduğunu nəzərə alsaq, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların məlum etirazı başadüşüləndir. Çünki özəlləşdirmə çeklərinin dövriyyəsi bərpa olunmasa da, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Bunların əhəmiyyətli hissəsi şirkətlərdə, xüsusən də azsaylı firmalarda olsa da, əhalinin də sərəncamında müəyyən sayda çeklər qalır. Hətta çeklərin istifadə müddəti başa çatandan sonra da onların “qara bazar”da qeyri-leqal alış-satışı həyata keçirilib. Özəlləşdirmə çeklərinin hazırkı dəyəri isə heç kimi qane etmir. Milli Məclisin 2017-ci ildə keçirilən iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklif olunsa da, gözlənilən qərar hələ də qəbul edilməyib.

Mövzu ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ilə bağlı qərar qəbul olunmalıdır:

“Özəlləşdirmə çekləri qanunvericiliyə uyğun olaraq vətəndaşlara verilibsə və ləğvi barədə rəsmi qanun qəbul edilməyibsə, bu halda sözügedən çeklər hələ də qüvvədədir. Özəlləşdirmə çeklərinin etibarsız hesab olunması ilə bağlı qanun mövcud deyil. Yəni özəlləşdirmə çekləri hələ də etibarlı sayılır. Sadəcə insanların əksəriyyətində bu çeklərə maraq yoxdur və buna görə istifadəsi hələ də gündəmdə deyil. Bir neçə dəfə özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması və əlindəki çekdən istifadə edə bilməyən vətəndaşlara güzəştlər edilməsi ilə bağlı təşəbbüslər olsa da, gözlənilən nəticə əldə olunmayıb. Mövcud vəziyyətdə əlində çeki qalan vətəndaşların etirazı başadüşüləndir. Bu şəxslərin hüquqlarının qorunması üçün yeni qərarın qəbul edilməsinə ehtiyac var. Özəlləşdirmə çekləri ilə bağlı atılan addım ölkənin qanunvericiliyi və vətəndaşların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca müsbət hal ola bilər. Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması mümkündür. Yaxşı olardı ki, dövlət səviyyəsində bu məsələ ilə bağlı müəyyən addımlar atılsın”.

Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə saytımıza açıqlamasında vurğulayıb ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması mümkündür və bu istiqamətdə müəyyən addımların atılması vacibdir:

“Qeyd olunan məsələ ilə bağlı mütləq şəkildə Milli Məclisin İqtisadi siyasət komitəsinə məlumat verəcəyəm. Müəyyən dövrlərdə də özəlləşdirmə çekləri ilə bağlı problemlərin həllinə dair təkliflər səsləndirilib. O zamanlar özəlləşdirmə prosesi gedərkən müəssisələrin hərraca çıxarılması fonunda onların bir hissəsinin satılması məhz çeklər vasitəsilə nəzərdə tuturdu. Belə ki, Sovet dövründə yaradılan sərvətlərin özəlləşdiriləcək hissəsində vətəndaşlarımızın iştirakı da təsbit olunmuşdu və onların hüquqlarının təminatı nəzərdə tutulurdu. Vətəndaşlarımız bu yanaşmaya uyğun olaraq formalaşmış bazarlardan çoxlu sayda özəlləşdirmə çekləri almağa başlamışdılar. Bu, olduqca təbii hal idi. Çünki çeklərin alınması qanunla qadağan olunmamışdı. Elə insanlar var ki, onlarda kifayət qədər böyük sayda özəlləşdirmə çekləri var. Bu insanlar çeklərin dövriyyəsinin sonradan uzadılmasına baxmayaraq, yenə də istəklərini reallaşdıra bilməyiblər. Yəni çeklərindən hansısa müəssisənin özəlləşdirilməsində istifadə etmək imkanları olmayıb. Belə olan təqdirdə hazırkı şəraitdə məsələyə iqtisadi qurumlarımızın yanaşması çox önəmlidir.

Bu yanaşma özəlləşdirmə prosesinə olan marağı qorumaqla yanaşı, vətəndaşların hüquqlarının müdafiə olunması baxımından əhəmiyyətlidir. Çünki nəzərə almalıyıq ki, insanlar hökumətin konkret strukturlarının çağırışlarına inanıblar və buna uyğun hərəkət ediblər. Bu, maliyyə məkanındakı siyasət qədər önəmlidir. Çeklər vətəndaşların iqtisadi hüququnun ayrılmaz hissəsidir. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı məsələ parlament və iqtisadi bloku təmsil edən hökumət qurumları tərəfindən ümumi nəzarətə götürülə bilər. Hesab edirəm ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin rəhbərliyi ilə bu məsələyə həssas münasibətin göstərilməsi mümkündür və zəruridir”.

Gülşən Şərif (yenicag.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polisi döyən deputatla bağlı ilginc faktlar üzə çıxdı: Onu Ramiz Mehdiyevlə hansı bağlar bağlayır?

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Avtoqəzaları araşdıran rəisin barəsində ilginc iddialar

Bakıda məşhur balıq restoranının yaxınlığında güclü yanğın baş verib - Video

“Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa

Vəhşi qətliam: bir ailədən 7 nəfəri niyə öldürdülər...

80 yaş və 80 qəpiklik təfəkkür... – Və sabiq deputatın “AA” seriyalı “Range Rover”-də gəzmək “haqqı”

Ağdamda İran istehsalı olan minaatan mərmiləri aşkarlandı - Foto

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Ən çox oxunanalar