Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaş “ev pulu”nu kimə verməlidir: “JEK”ə, yoxsa bələdiyyəyə?

Və yaxud "JEK"lər və bələdiyyələr göstərmədikləri xidmətə görə niyə pul yığırlar?!

Fazil Mustafa: "Əslində, vətəndaş heç birinə ödəniş etməməlidir…”

"Təmiz Şəhər” ASC: "Əgər hər hansı vətəndaşla və ya hansısa qurumla müqavilə bağlanarsa, həmin tullantıların daşınması həyata keçirilir"

"Vətəndaş evinin üstünü və ya nəyisə düzəltmək üçün harasa müraciət edəndə, bildirilir ki, pulumuz yoxdur. Əgər, pulunuz yoxdursa niyə vətəndaş sizə ödəniş etməlidir?... Bu orqanlar xidmət göstərməlidirlər. Təəssüf ki, ortada heç bir xidmət yoxdur. Niyə boşuna pul ödənilməlidir?!"

Bakıda və eləcə də bölgələrdə illərdir həll olunmayan problemlərdən biri də Mənzil Kommunal İstismar İdarələrinin (MKİS, “JEK”) və ya bələdiyyənin "ev pulu", "zibil pulu" və.s. adı altında sakinlərdən pul yığmalarına rəğmən, qarşılığında heç bir xidmət göstərməmələridir. Mövzuya keçməmişdən öncə “JEK”lərlə bağlı qısaca açıqlama verək. Məişətdə “JEK” deməyə adət etdiyimiz Mənzil Kommunal İstimar Sahələri bizə sovet dövründən miras qalıb. Dövlət mənzil fondunun istismarı üzrə təsərrüfat hesablı təşkilat olan “JEK”lər 1959-cu ildə yaradılıb və SSRİ-də mənzil təsərrüfatının ilkin həlqəsi hesab olunub. Bu qurumlar yaradılanda Mənzil İstismar Kontoraları (Жилищно-эксплуатационные конторы – ЖЭК) adlanıb. “JEK” adı da məhz həmin dövrdən məişət dilimizə oturuşub. Hazırda isə “JEK”lərin işini Mənzil Kommunal İstismar İdarələri həyata keçirir.

Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycanda vətəndaşı əmlakına sahib ola bilsə də, ondan istifadə etmək və onun barəsindən sərəncam vermək imkanları məhduddur. Mənzil haqqının məbləğinin müəyyənləşdirilməsindən tutmuş, yaşadığı mənzilin yerləşdiyi torpaq sahəsi üzərində sərəncam verməyə qədər olan məsələləri özü yox, kənar qurum – “JEK”lər verir. Hansı ki, bu qurum mənzil qanunvericiliyinin tələblərinə məhəl qoymadan, davamlı olaraq əhalidən “zibil pulu”, “mənzil haqqı” və bəzən də yerli vergi yığırlar. Lakin, bununla yanaşı, eyni ödənişləri yerli bələdiyyələr də istəyir. Belə olan halda vətəndaşlar arasında haqlı narazılıqlar yaranır.

Bəs, vətəndaşlar “zibil pulu”, “mənzil haqqı”  və digər yerli xidmətlərin ödənişini Mənzil Kommunal İstismar İdarəsinə, yoxsa yerli bələdiyyəyə verməlidir? İllərdir fırıldaqçılıq yolu ilə əhalinin cibinə girən bu qurumlarla bağlı niyə tədbir görülmür?

Mövzuyla bağlı millət vəkili Fazil Mustafa ilə həmsöhbət olduq. Millət vəkili sözügedən qurumların vətəndaş qarşısında heç bir xidmətləri olmadığına görə, onlara ödənişin boşuna olduğunu deyir: "Əslində, vətəndaş heç birinə ödəniş etməməlidir. Çünki heç birinin vətəndaş qarşısında xidməti yoxdur. Vətəndaş evinin üstünü və ya nəyisə düzəltmək üçün harasa müraciət edəndə, bildirilir ki, pulumuz yoxdur. Əgər pulunuz yoxdursa, niyə vətəndaş sizə ödəniş etməlidir?! Bu orqanlar xidmət göstərməlidirlər. Təəssüf ki, ortada heç bir xidmət yoxdur. Niyə boşuna pul ödənməlidir?

Qanunla ödəniş bələdiyyəyə ödənilməlidir. Amma, faktiki olaraq bələdiyyə də yoxdur. Digər tərəfdən, bələdiyyənin də pulu yoxdur. Bələdiyyə təkcə işçisinə maaş vermək üçün deyil ki... Bələdiyyəni ölü qurum kimi saxladılar. Ona görə də bələdiyyə tam sıradan çıxıb. Vətəndaşa heç bir xidmət göstərə bilmirlər. Nəqliyyat, reklam bələdiyyəyə aid deyil. Hansısa bir ərazinin parka çevirilməsi və yolların abadlaşması işinə bələdiyyə baxa bilmir. Əgər xidmət yoxdursa, niyə vətəndaş pul ödəməlidir?! Sadəcə olaraq, formal olaraq mülkiyyət bələdiyyə mülkiyyəti olduğuna görə ödəniş alınır".

Fazil Mustafa “JEK”ləri qanunsuz qurum adlandıraraq, bu sahədə hüquqa dayanan bir sistemin olmadığını vurğuladı: "Təkcə mülkiyyətə görə pul alınmamalıdır, mülkiyyətə həm də xidmət edilməlidir. Buna görə də “JEK” lər qanunsuzdur. Bu sahədə hüquqa dayanan bir sistem yoxdur. Bu baxımdan, həmin sahədə boşluq yaranıb. Bizdə “JEK” lər qanunsuzdur. “JEK”lər  qanunsuz da olsa, bələdiyyələr də eyni zamanda bina sakinlərindən illik ödənişlər alır. Aydınlaşdırdıqda görürük ki, binaya sənəd də verməyiblər. Sənəd verilməyibsə, niyə bələdiyyəyə pul ödənməlidir? Vətəndaşlar düşünməlidirlər ki, mülkiyyət kağızı olmayan binaya niyə pul verməlidirlər? Yəni belə təzadlı münasibətlər formalaşıb.

Hələ ki, hüquqa dayananan sistem oturda bilməmişik. Hansı ölkədə bir mənzili üç nəfərə satarlar? Təsəvvür edin ki, adam var, illərdir mənkəmələrdə qalıb. Bu məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, amma qanuna əməl edən yoxdur".

Yeri gəlmişkən, “JEK”lər və bələdiyyələrdən fərqli olaraq, "Təmiz Şəhər” ASC Bakı şəhərində bərk məişət tullantılarının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində gördüyü işlər və həyata keçirdiyi layihələrlə paytaxtda və ətraf ərazilərdə ekoloji problemlərin həllinə öz töhfəsini vermişdir. Əgər ölkə başçısının sərəncamıyla yaradılmış və tullantıların daşınmasını müasir standartlara uyğun həyata keçirən bir qurum varsa, o zaman "JEK"lər və bələdiyyələr daşımadıqları zibilə görə niyə pul yığır?

Mövzuyla bağlı "Təmiz şəhər" ASC ilə əlaqə saxladıq. Qurumdan "Hürriyyət"ə verilən məlumata görə, tullantıların daşınması vətəndaşla müqavilə əsasında həyata keçirilir:

“"Təmiz şəhər" ASC zibillərin yığılmasıyla bağlı işi müqavilə əsasında həyata keçirdir. Eyni zamanda bələdiyyələrdən tullantıları qəbul edərək, məhv etmə işini təşkil edir. Qapı-qapı gedib tullantıları yığmır. Əgər hər hansısa vətəndaşla və ya hansısa qurumla müqavilə bağlanarsa, həmin tullantıların daşınması həyata keçirilir".

Təəssüflər olsun ki, heç bir hüquqi statusu olmayan "JEK"lərin fəaliyyəti bu günümüzdə də sual altındadır. Bu sahədə konkret tənzimlənmə yoxdur. Yəqin ki, yaxın vaxtlarda bu idarələr ləğv olunacaq. Sakinlərdən yığılan pullar heç bir qanuni əsasla tənzimlənmir və nəyə xərcləndiyi də məlum deyil. Digər tərəfdən isə ödənişləri onlayn formada, yəni tam rəsmi şəkildə ödəmək mümkün deyil. Çünki onlar elektron qaydada ödəniş qəbul etmirlər. Nağd şəkildə ödənilən məbləğin qarşılığında isə rəsmi ödəniş sənədi təqdim edilməlidir ki, buna da əməl olunmur. Əgər ödədiyimiz pullar qanunidirsə, onun elektron forması da mövcud olmalıdır. Ümid edirik ki, aidiyyatı orqanlar bunu mütləq şəkildə nəzərə alacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar