Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ümidin baş kəndi – Elçibəyin ağır diaqnoz qoyulan mənəvi qızı Ankarada xilas edildi - Fotolar

Səhər saat yeddi ya olar, ya yox. Dəhlizdən gələn tanış ayaq səsləri yuxulu beynimə necə siqnal ötürürsə, əsgər, qıvraqlığı ilə yerimdən sıçrayıram. Bütün görüntüsü və imkanları ilə VİP otel otağından seçilməsə də, bura bir xəstəxana otağıdır. Xəstəxana otağında xəstəyə rəfaqət üçün qalan adam isə elə əsgər kimidir. Qalxıb divanı sahmana salmağımla bərabər qapı açılır, açıq qapıdan hələ tam içəri keçməmiş "qonağın" hər eşitdiyimizdə müsbət enerjisindən üzümüzdə təbəssüm yaradan səsi gəlir:

- Hadiiii, gözünüz aydın! Çok güzəl bir haberim var!!!...

Başkənddəyik! Türkiyə Cümhuriyyətinin baş kəndi Ankarada. Bizi bura uzun illərin hüzursuzluğu gətirib. Həm də ilk dəfə deyil, üçüncü gəlişimizdi. Hüzurumuz pozulalı çox olub. Axtarmışıq, aramışıq. Siz də yaxşı bilirsiz, hüzursuz yaşamaq çox çətindi. Neçə ildi bax elə o vəziyyətdir. Düzəni pozulmuş, hüzuru qaçmış bir evin sakinləriyik.

Bir dostum deyirdi, hələ illər öncə, deyirdi qardaş, diş ağrısı adamda pul qoymur qala, baş ağrısı da hüzur. Bizimki ikincindən idi. Arasıkəsilməz və dözülməz baş ağrılarının sonunda müasir texnologiyanın nəticəsində tapılmışdı dərd. Tibbi terminləri qoyaq kənara, qaranlıq qalmasın deyə sadə izah edim. Orta məktəbi yaxşı oxuyanlar bilir, iki beyin var axı adamda: baş beyin və onurğa beyni. Bizimki tam ikisinin arasında, hər ikisinə də dəxili olan bir şiş idi. Elə bir yerdə ki, həkimlərdən başqa kim eşidirdi, anormal qarşılayırdı ki, "Vay, evini Allah yıxsın şiş, orda nə işin var???"

Onurğa iliyinin içində, amma başda. Beyində, amma onurğanın üçüncü fəqərəsinin içində. Beyniniz qarışdı hə?
Bax beləcə, biz hüzurun olmadığı bir ortamda yaşayırdıq...

Qapı örtülür, səsin enerjisini nur dolu simanın enerjisi davam etdirir. Üzünə baxanda bilmək olur ki, hər şey qaydasındadır. Salamlaşıb əhval tutduqdan dərhal sonra gəlir xoş xəbər!
- Patalojidən şişinizin cevabı gəldi. Çok şükür, meningoma və ən sadəsindən. Bitdi hər şey, hadi gözünüz aydın!
Sonrasında həkim sakitliyi ilə davam edir:
- Aslında öylə olduğunu biliyorduk da, amma bizim bilməmiz önəmli deyil. Elm nə dersə o!

Səhər saat 7 də bizə xoş xəbər gətirən, bizi sevindirən adam, yuxarıda qeyd etdiyim kimi qonaq deyil, əksinə tam da ev sahibi! Bizim həkimimiz, cərrahımız, Başkənd xəstəxanasının Nevrocərrahiyə bölümünün hocası və ən yaxşı cərrahlarından biri Salih Gülşən! Son bir neçə gündə bizə ən çox ehtiyacımız olan xoş xəbərləri "- Hadi, gözünüz aydınnn..." la başlayıb deyən adam. Bir neçə saatlıq çox ağır və riskli bir beyin əməliyyatını sıfır problemlə bitirib, dincəlməyə belə getmədən bizə xoş xəbər, məlumat verən adam. Bizi hüzura qovuşduran adam- Salih Gülşən!

Başkənddəyik! Artıq həm də hüzurun baş kəndində. Bizi hüzurun yox yerindən hüzurun paytaxtına, hüzurun baş kəndinə daşıdılar! Üç il, bir il, hətta bir ay öncə biz harda idik, indi hardayıq... "Başkent Hastanesi" nin qapısından girənə kimi biz necəydik, indi necəyik...

"Doktor hüzur" yaraya baxıb, bir iki təlimat verib gedir. Gedərkən də geriyə dönüb "Artık burada bir işiniz kalmadı. Sizi taburcuedəlim" deyib, qapıdan çıxır. Biz bu gözəl xəbərin ardından öncə bir- birimizə, sonra isə özümüzdən asılı olmadan ikimiz də pəncərədən görünən "Anıtkabir"ə baxırıq. Gözlərimizlə minnətdarlıq duyğusu çatdırmaq istiyirik sanki, hər gün min dəfə minnətdar olduğumuz Adama...

Ümid haqda deyilən bütün sözlər doğrudur. Ən son ölməsindən, ta insanı yaşadan yeganə hiss olmasına qədər. Ümidimiz heç vaxt ölmədi. Ümudliydik. Azərbaycanda xəstəliklə bağlı məlumat verdiyim həkimlər "gətir kəsək" deyirdilər. Ankarada üz tutduğum doktorlar "kontol altında tutmak gərək" dedilər. Ən böyük xəstəxanalarından birində tanıdığım bir həkim, "O bölgəyə adətən dəyilmir. Bütün sinirlər və damarlar ordan keçir. Hətta bir xəstəmiz vardı, tam o yerdə güllə ilişib qalmışdı. Doktorlar gördü ki, heç bir rahatsızlıq vermir güllə, qalsın dedilər. Məcbur olmadıqca o nöqtəyə toxunmaq istəmir cərrahlar" demişdi. Bu sözlərin ardından belə, ümidimiz bitməmişdi. Ümidliydik, amma ümidin lap arxa küçəsindəydik.

Dəhlizdən yenə tanış ayaq səsləri gəlir. Saat hələ səkkizin yarısı deyil, doktor təzəcə gedib. Biz səhər yeməyi ilə məşğuluq. Tələsik yemək qablarını yığışdırıb kənara qoyuram, qapı açılır.
Bu dəfə səs yox, sima gəlir. Sakit, mütəvazi, güvən dolu sima. Üstəgəl, xalis Azərbaycan türkcəsi ilə salamlıyır bizi:
"Sabahınız xeyir, necəsiz?" Turxan doktordu, bizim Turxan!

Biz ümidin ən kənar küçələrindəydik, ümidsizdik deyək, amma az ümidliydik. Bu xəstəxananın qapısından girənə kimi. İlk qarşılayan, sadə ama güvənli davranışıyla bizə ümid verən Turxan doktoru, Başkent Universitetinin "Yabancı bölüm başkan müavini" Turxan Namazovu görənə kimi. Üstəgəl bir xeyli qarışıq gündə gəlmişdik. Əfqanıstandakı bir partlayışda yaralanmış, türk kökənli doqquz uşaq Başkənd xəstəxanasının rəhbərliyi tərəfindən verilən qərarla xəstəxanaya gətirilmişdi, Turxan doktor az qala qaça-qaça onların işi ilə məşğul idi. Bütün bu qaça-qovun içində bizimlə ilgilənmiş, doktorla görüşdürmüş, bizə ümid olmuşdu!

- Çox sağ olun doktor, şükür hər şey yaxşıdı. Salih hoca gəlmişdi, dedi ki...
Turxan doktorun üzündəki ifadədən məsələdən agah olduğunu bilib dayanıram. O, ümumiyyətlə, öz sahəsinə aid hər şeydən xəbərdardır. Nə vaxtsa onu qabaqlamış kimi, hansısa xəbəri vermək istəsən, səni diqqətlə dinləyib sonda deyəcək: "Bilirəm, xəbərim var!" Turxan doktorla həm özümüzlə, həm digər məsələlərlə bağlı xeyli söhbətləşirik, vaxtının az olmasına rəğmən, bizə xüsusi ilgi göstərir. Bu hər gün belədir. Gedərkən də, "İmkan tapan kimi gələcəm" – deyib, qapıdan çıxır...

Yenə gözlərimiz pəncərədən o tərəfdə görünən müqəddəs məkana zillənir. Minnətdarlıq və ehtiram duyğuları ilə!

Başkənddəyik! Ümidin baş kəndində! Bizi ümidin ən arxa küçəsindən baş kəndinə qədər gətirdilər! Nə gözəl yol gəlmişik, bələdçilərimizə şükür!
Bu yazı təkcə mənim minnətdarlıq yazım deyil, həm də gördüyümü, bildiyimi tanıtmaq, göstərmək istəyidir. Uzun uzadı, bildiyimiz yollardan yox, öz gördüyüm yoldan.

Türkiyədə bütün xəstəxanalarda biz, xaricdən gələnlər (nə qədər qəbuledilməz səslənsə də, gerçəklik budur. Biz yabançıyıq burda, amma rəsmi olaraq. Qeyri-rəsmi hallarda bunu heç vaxt hiss etmirsən) daha bahalı müalicə alırıq. Əslində, bahalı demək düz deyil, öz vətəndaşlarının sığortası var, dövlət onların pulun ödəyir, bizimkini isə yox. Dövlət xəstəxanalarında "Türksoylu bəlgəsi" deyilən bir sənəd keçərlidir bizim üçün. O sənədin varsa, xərcin az çıxır. Türksoylu olduğunu sübut etməli, bəlgələmisən yəni. Başkənd xəstəxanasında sənin tapıb gətirdiyin, imzaladıb təqdim etdiyin sənəd önəmli deyil. Bu xəstəxana sənin "Türksoylu" olduğunu hamıdan yaxşı bilir. Özü tanıyır bütün dünyaya səpələnmiş türksoylu xalqları. Elə bu səbəbdən də, gah Qazaxıstandan gətirilmiş 6 aylıq körpəyə qara ciyər köçürüldüyünü duyarsan, gah Əfqanıstanda bombadan yaralanmış türksoylu uşaqların müalicə edilib göndərildiyini görərsən, gah da ərəb ölkələrindən gəlmiş bir türk əsilli xəstənin maddi imkanı olmamasına rəğmən müalicəsinin davam etdiyinin şahidi olarsan!

Bura təkcə xəstəxana deyil, Türk Dünyası üçün böyük bir əfsanədir! Çünki bu xəstəxananın yaradıcısı, Türk dünyasının və dünya tibbinin canlı əfsanəsidir- Mehmet Haberal! Haberal bəlkə də dünyada yeganə adamdır ki, ölkəsinin parlamentində mücadilə edərək orqan nəqli haqda qanun qəbul etdirib, sonra isə bu qanunu şəxsən uyqulayıb, orqan nəql edərək həyat qurtarıb! "SÖZÜNÜN ƏRİ" söz birləşməsinin bu qədər haqqını verən ikinci adam tanımıram!

Doktor Haberal çox heyrətamiz adamdır. Onun qurduğu sistem, yaratdığı xəstəxana hardan baxsan özünə oxşayır. Heç vaxt dayanmır, yorulmur, usanmır. Həftənin bazar, yəni istirahət günü, üstəgəl günortadan sonra xəstəniz yatdığı palatanın qapısı açılır və palataya baş həkim daxil olur. Üstəgəl, bu heç onu öz əməliyyat etdiyi xəstə də deyil. Təsəvvür edə bilirsiz? Bilirəm çox çətindir inanmaq, amma mən gözümlə gördüm!
Bazar günü, axşamçağı qapısı açıldı xəstəxana palatasının. Baş həkim, canlı əfsanə Mehmet Haberal gəldi! Vəziyyətimizi sordu, maraqlandı, söhbət etdi...

Haberal getdikdən sonra biz yenə gözümüzü pəncərəyə doğru çevirdik, Atatürkə minnətdarlıqçün...

Turxan doktor getdikdən sonra palatada yeriməyə, gündəlik tapşırıqları icra etməyə çalışırıq. Arada çay, meyvə gətirirlər. Dedim axı, VİP otel otağından fərqlənmir otaqlar və xidmət. Bir az istirahət edirik və budur, dəhlizin o başından gələn tanış ayaq səsləri. Amma bu dəfə "incə səslər" yenə üzümüzə təbəssüm qondurur.

Qapı açılır, bütün gözəlliyi və zərafəti ilə otağa Yasemin abla daxil olur! "Yabancılar bölümü" nün gözü, bizim əziz ablamız! Bura düşən gündən bütün əziyyətimizi çəkən, bizə dostluq, qardaşlıq edən əziz xanım! O da müjdəylə gəlib, bizi taburcu edirlər! Bundan sonrası həm məsafə, həm də müalicə olaraq "yakın takib"lə davam edəcək!

Yasemin xanım gülərüz sifətlə otağı tərk edərkən, çönüb Ebru hocadan salam söyləyir. Ebru hoca tatildə olmağına rəğmən, bizlə ilgilənir, hər şeyin yaxşı olmasına sevinir, bizim sayın hocamız, "Yabancılar bölümü" başkanı Ebru hoca. Gənc yaşına rəğmən ən ciddi, riskli orqan köçürmə əməliyyatlarını Mehmet hocayla, Mehmet Haberalla bərabər yapan Ebru hoca!
Başkənddəyik! Tibbin baş kəndində! Bura ümiddir, bura hüzurdur, əfsanədir! Tək özümüz üçün demirəm, burda olduğum, buraya gəldiyim günlərdə gördüyüm, şahidi olduğum hadisələri analiz edib deyirəm: Bura "Başkent hastanesi"dir. Ümidin, hüzurun, tibbin, gözəlliklərin Başkentidir bura!

Başkentin əsas qapısından çıxarkən, gözlərimiz yenə biixtiyar sol tərəfə, Anıtkabirə tuşlanır, minnətdarlıqçün. Böyük bir xəstəxananı yaradan, bu qədər gözəl bir heyəti, görünən və görmədiyimiz hər bir şeyi yoxdan var edən Mehmet Haberal hocamıza minnətdarıq! Və hocamızın da minnətdar olduğu Adama, Atatürkə minnətdarıq!

Nə yaxşı ki, Türkiyə var! Nə yaxşı ki, Türk səhiyyəsi və bu səhiyyənin devlərindən olan Haberal hocanın "Başkenthastanesi" var!  (Bakupost.az)
Var olsun!!!

Qeyd: Çingiz Özgürün həyat yoldaşı Azərbaycanın sabiq prezidenti Elçibəyin ailə üzvüdür, onun mənəvi qızı sayılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar