Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin lirəsi, bizim manatımız

Oktyabrın 26-da Azərbaycan Mərkəzi Bankı Türkiyə lirəsini 0,1770 manata təklif edir. 2021-ci ilin start qiyməti 0,2291 manat olub

Novator.az-ın məlumatına görə, lirənin dəyərdən düşməsini şərh edən iqtisadçı Natiq Cəfərli səbəbləri belə sıralayır: prezident Rəcəb Teyyub Ərdoğanın Mərkəzi Bankın müstəqilliyini məhdudlaşdırıb onu faiz endiriminə məcbur etməsi; enerji daşıyıcılarının qiymətinin yüksəlməsi fonunda Türkiyənin ticarət balansında mənfi saldonun artması; turizm gəlirlərinin azalması; Türkiyənin xarici siyasətində dalğalanmalar; son iki ildə hökumətin 1 trilyon lirə həcmində süni kreditləşmə artımına getməsi; ölkənin, əsas da özəl sektorun böyük xarici borcunun olması.

Natiq Cəfərli yazır ki, Ərdoğanın məhbus fəal Osman Kavalaya azadlıq istəyən 10 səfiri ölkədən qovmaq hədəsi lirəyə daha da pis təsir edib: “Lirə ötən həftənin son iş gününə olan məzənnə ilə müqayisədə 1,38% dəyər itirir, 1 dollar 9 lirə 74 quruşa bərabərdir.

Ərdoğan indiki şəraitdə Qərblə qarşıdurmanın lirəni daha da ucuzlaşdıracağını bilmirdimi? Bilirdi, amma onun komandasının son illər qurmağa çalışdığı bir hekayə var – xarici qüvvələr Türkiyəyə qarşı iqtisadi sabotajla məşğuldur deyə iqtisadiyyatda problemlər olur, lirə ucuzlaşır. İndiki kəskin devalvasiyanın səbəbini daxildə aparılan səhv siyasətdən yayındırmaq üçün yeni kəskin qarşıdurma lazım idi. Təəssüf ki, hələ də Türkiyə cəmiyyətinin bir hissəsi problemlərin sistemdən, alınan qərarlardan deyil, xarici düşmənlərdən qaynaqlandığını düşünür.

O ki qaldı analoqu olmayan məmləkətimizə, Azərbaycanda manatın alıcılıq qabiliyyətinin düşməsi prosesi gedir. Bu, devalvasiya mənasına gəlmir, manatın məzənnəsi birjalarda müəyyən olunmur, kursu inzibati qaydada Mərkəzi Bank və hökumət müəyyənləşdirir. Uzun müddətdir valyuta bazarı sabitdir. Ona görə də dünyada və qonşuda gedən proseslərin bizə birbaşa təsiri yoxdur. Amma manatın dəyərdən düşməsi alıcılıq qabiliyyətində özünü büruzə verir. Alıcılıq qabiliyyəti çox düşür, bunun özü də devalvasiya qədər təhlükəlidir.

Neftin qiymətinin 85-86 dollar olduğu dövrdə Mərkəzi Bank və hökumət məzənnə dəyişikliyinə getməz. Amma uzun müddət eyni bir məzənnə rejimində qalmaq da mümkün deyil. Bir müddətdən sonra istər-istəməz manatın məzənnəsi ilə bağlı müəyyən qərarların alınması lazım olacaq. Neftin qiyməti düşməyə başlayanda manata da təhlükə çoxalacaq. Amma bu, tək neftlə də bağlı deyil – ölkənin xərcləri ciddi şəkildə artacaq, xərcləri qarşılamaq, hökumətin prioritet elan etdiyi turizmi, qeyri-neft sektorunun ixracatını artırmaq üçün də devalvasiya lazım olacaq”.

2015-ci ilin devalvasiyalarında dolların rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar-sentyabr aylarında keçirdiyi valyuta hərraclarında 4 milyard 305,4 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Manatı qorumaq üçün Dövlət Neft Fondu 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

"ABŞ pandemiya ilə qisas alır" — Azər Sarıoğlu yazır

İslahatda humanizm - "Yorulmuş atları güllələmirlər"

“İŞİD terrorundan İran mühafizəkarları qazandı”

Ən çox oxunanalar