Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toylarla bağlı sorğunun nəticələri açıqlanıb

Sosial Tədqiqatlar Mərkəzi toylarla bağlı vətəndaşlar arasında sorğu keçirib.

Sorğu Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 1072 respondentin rəyini öyrənib.

Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilən regionlar sorğuda əhatə edilməyib.

Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin çoxpilləli stratifikasiya yanaşmasından istifadə edilib ki, bu da hər bir vətəndaşa bərabər səviyyədə iştirak imkanı verib. İlk mərhələdə sorğuda əhatə ediləcək hər iqtisadi rayon üzrə yaşayış məntəqələri müəyyənləşdirilib. Növbəti mərhələdə hər yaşayış məntəqəsindən sorğuda iştirak etməli olan respondent sayından 10 dəfə çox sayda təsadüfi qaydada stasionar telefon nömrəsi seçilib. Beləliklə, ümumillikdə 11.000 nömrə seçilib. Seçilmiş klasterlər üzrə telefon nömrələrinin olduğu baş məcmuda hər üçüncü nömrəyə zəng edilib. İmtina hallarında növbəti üçüncü nömrə ilə əlaqə saxlanılmağa çalışılıb.

Respondentlərin seçimində sosial-demoqrafik və coğrafi göstəricilərə xüsusi diqqət yetirilərək, proporsionallıq təmin edilib. Beləliklə, rəyi soruşulanların 49%-i kişi, 51%-i qadınlardan ibarət olub. Yaş cəhətdən 37-54 yaş qrupunda olanlar nisbətən üstünlük təşkil edir. Məşğuliyyət statusu üzrə dövlət sektorunda çalışanların çəkisi daha yüksək olub. Respondentlərin 50.7%-nin ən yüksək təhsil səviyyəsi orta təhsildir.

Keçirilən rəy sorğusunda ümumilikdə 1072 respondent iştirak edib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir. Tədqiqatın keçirilməsində kəmiyyət metodundan istifadə edilib.

Sorğu anketində 3 blok olmaqla, 3 müxtəlif mövzu üzrə suallar təqdim edilib;

- Şənlik mərasimlərinin keçirilməsinə dair icazəyə münasibət və mərasimlərdə iştirak

- Vaksinasiya və korona COVID-19 pasportuna münasibət

- İlin ilk 6 ayının dəyərləndirilməsi

Tədqiqat işi bu ilin 7-25 iyul tarixlərində keçirilib. Telefon zəngləri saat 10:00-21:00 arasında edilib.

Karantin rejiminin məhdudiyyətlərini və sorğuda iştirak edən tərəflərin sağlamlığını nəzərə alaraq, sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub. Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq olunub. Belə ki, müasir sorğu proqramı SurveyToGo proqramından istifadə edilib.

Sorğu keçirildiyi müddətdə tədqiqatın etik qaydalarına əməl olunub. Respondentlərin hər birinə sorğunu keçirən təşkilat, sorğunun məqsədi və qaydaları haqqında tam məlumat verilib. Həmçinin, respondentlər sorğuda iştirakın könüllü olması, istənilən anda dayandırmaq və hər hansı suala istəmədikdə fikir bildirməmək, zəng olunan vaxt uyğun deyilsə daha sonra danışmaq hüququnun olması barədə ətraflı məlumatlandırılıblar.

Müsahibələrin məxfiliyi ciddi şəkildə qorunub. Bütün müsahibələrdə anonimlik təmin edilib. Respondentlər əmin ediliblər ki, onların cavabları yalnız ümumiləşdirilmiş şəkildə istifadə olunacaq.

RESPONDENTLƏRİN SOSİAL-DEMOQRAFİK GÖSTƏRİCİLƏRİ


I Blok. Vaksinasiya və COVID-19 Pasportunun (İmmunitet sertifikatının) tələb edilməsinə münasibət

Sosial Tədqiqatlar Mərkəzi 2021-ci ilin əvvəlindən etibarən əhalinin vaksinasiyaya münasibətini öyrənir. Bu sorğuda da məhz vaksinasiyaya dair suallarla yanaşı, COVID-19 pasportu haqqında da sual soruşulub. Sorğuda iştirak edənlərin 57.0%-i ən azı bir doza vaksin qəbul edib. Müqayisə üçün deyək ki, 2021-ci ilin aprelin 25-dən mayın 18-dək olan dövrdə keçirilmiş sorğuda iştirak edənlərin 30.6%-i artıq vaksin dozası qəbul etdiyini bildirmişdi. Vaksin olunmayan 43.0% repondentin vaksin olunmamaqla bağlı ifadə etdiyi səbəblər isə müxtəlifdir. Diqqət çəkən məqam odur ki, əhəmiyyətli sayda – 28.0% respondent heç bir halda vaksin olunmayacağını bildirib. Təqaüdçülərin təxminən 40.0%-i, evdar qadınların isə 31.0%-i heç bir halda vaksin olunmayacağını deyib. 19.0% respondent isə yalnız məcburiyyət əsasında vaksin olunmağa razılıq verəcəyini deyib. Daha dəqiq, həmin respondentlər vaksinasiyanın ölkə miqyasında icbari olacağı təqdirdə doza qəbul edəcəklərini bildirib. 18-35 yaş aralığında olanlar arasında vaksinə mənfi münasibət yaşlılara nisbətdə daha çoxdur. Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran və Qarabağ regionlarında heç bir halda vaksin olunmayacağını deyənlər bəzi bölgələrə nisbətdə 2 dəfə çoxdur.

Bəs vaksinlərə “soyuq” münasibət xarici ölkələrdə hansı səviyyədədir? 2021-ci ilin İyul ayında paralel olaraq bir neçə ölkədə aparılmış sorğuya nəzər yetirsək, göstəricinin ölkələr üzrə kəskin fərqləndiyini görə bilərik. Əgər Britaniya, Cənubi Koreya və Yaponiyada 7.0% respondent heç bir halda vaksin olunmayacağını bildiribsə, analoji göstərici ABŞ-da 19.0%, Rusiyada isə 28.0% təşkil edib. 2021-ci ilin iyun ayında Türkiyədə həyata keçirilən sorğuda isə bu göstərici 16.0% təşkil edib. 2021-ci ilin əvvəlində aparılmış araşdırmada isə Gürcüstan əhalisinin yarısının vaksin qəbul etməmək niyyəti olduğu müəyyən edilib.

Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir.

Bununla yanaşı, sorğunun keçirildiyi müddətdəki qanunvericiliyə əsasən, ölkəmizdə idman zalları istisna olmaqla, heç bir xidmətin istifadəsində vətəndaşlardan COVID-19 pasportu tələb edilmirdi. Haşiəyə çıxaraq bildirmək lazımdır ki, 2021-ci il 1 sentyabr tarixindən etibarən: ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan, eləcə də, yaşı 18-dən yuxarı olan bütün şəxslər bir sıra qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. Bəs əhali hansı hallarda xidmətlərin istifadəsində vətəndaşdan korona pasportunun tələb edilməsini məqbul hesab edir? Sorğuda iştirak edənlərin üçdə bir hissəsi (34.0%) məhz elə idman zallarından istifadədə COVID-19 pasportunun tələb edilməsini adekvat hesab edir. Analoji göstərici ölkə xaricinə səyahət etmək üçün 57.0% təşkil edib. 28.0% respondent isə pasportun heç bir halda tələb edilməsini adekvat hesab etmir. Bu fikir işləməyən respondentlər (38.0%) arasında nisbətən daha geniş yayılıb.

COVID-19 pasportunun tətbiqinə dair qlobal miqyasda münasibətə gəlincə isə, 28 ölkədə 15.000 respondent arasında aparılmış sorğuya əsasən, təxminən 75.0% respondent pasportun xarici səyahətdə tələb edilməsini məqbul hesab edir. 68.0% isə kütləvi tədbirlərin təşkil edildiyi məkanlara buraxılışda pasportun tələb edilməsini adekvat qəbul edir.


II Blok. İlin ilk 6 ayının dəyərləndirilməsi və gözləntilər

2021-ci ilin yarısının geridə qaldığını nəzərə alaraq, sorğuda iştirak edənlərdən keçmiş 6 ayın onlar üçün necə keçdiyi soruşulub. Başqa sözlə, respondentlərdən şəxsi kontekstdə ilin dəyərləndirilməsi istənilib. Respondentlərin yarıdan çox hissəsi (63.0%) üçün keçən 6 ay bu və ya digər dərəcədə uğurlu, demək olar ki, üçdə bir hissəsi (33.0%) üçün isə uğursuz olub. Müqayisə üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən 2020-ci ilin dəyərləndirilməsini öyrənən sorğuya nəzər yetirək. Həmin sorğuda məlum olub ki, 2020-ci il əhalinin üçdə ikisi üçün müxtəlif dərəcələrdə (70.2%) uğurlu olduğu halda, yerdə qalan 29.8% üçün uğursuz olub.

Bakı və Dağlıq Şirvanda yaşayanlar arasında ilin yarısının uğurlu keçdiyini deyənlər digər bölgələrə nisbətdə ən azı 10.0% daha çoxdur. Yaş cəhətdən 26-35 yaş aralığında olanlar arasında ilin yarısının uğurlu keçdiyini deyənlər daha azdır. Baxmayaraq ki, seçmənin üçdə biri üçün ilin ilk 6 ayı uğursuz keçib, yalnız 10.0% respondent yarım ilin uğursuz davam edəcəyini düşünür. Bu nəticə insanlar arasında olan nikbinlikdən xəbər verir ki, bunun da bir sıra səbəbləri var. Pandemiya şərtlərinin yumşaldılması, əmək bazarında canlanmanın başlanması, şəhərlər və rayonlararası daxili hərəkətə icazənin verilməsi və şənlik mərasimlərinin bərpası nikbinliyin arxasındakı səbəblər kimi qarşıya çıxır.


III Blok. Şənlik və yas mərasimlərində iştirak

22 iyun 2021-ci il tarixdə Nazirlər Kabineti yanında Operativ Qərargah şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. Rəyi öyrənilənlərin adıçəkilən qərara münasibəti əsasən müsbətdir (69.0%). Yalnız 13.0% bu qərarla razı deyil. Bu qərara münasibət regionlar üzrə fərqlənir. Belə ki, Bakı, Abşeron və Gəncə-Daşkəsən, Qazax-Tovuzda respondentlərin ən azı 85.0%-i sözügedən qərarı dəstəklədiyi halda, bu göstərici Şəki-Zaqatalada 68.0%, Lənkəran-Astarada isə 73.0% təşkil edib.

Toyların keçirilməsi şərtlərinə dair mövcud qaydalardan respondentlərin 36.0%-i “tam razı”, 35%-i isə “əsasən razı” olduğunu bildirib. Əhalinin əsaslı hissəsinin bu qərara müsbət münasibətini bir neçə amillə açıqlamaq olar – həmin qaydaların toy təşkilatçıları və iştirakçıların sağlamlıqlarının qorunmasına xidmət etməsi, toylarla əlaqəli olan adət-ənənələrin qoruyub-saxlanılmasına imkan verməsi və ailələrin qurulmasındakı əngəllərdən biri olan karantin məhdudiyyətinin qüvvədən düşməsi.

Respondentlərin təxminən yarısı (48.0%) həmin mərasimlərdə iştirak zamanı COVID-19-a yoluxmaqdan heç qorxmur. Qadınların 62.0%-i, kişilərin 38.0%-i müxtəlif dərəcələrdə qorxur. Yaş artdıqca qorxu nisbətən artır.

Maraqlıdır ki, hər dörd nəfərdən biri dəvət edildiyi təqdirdə toyda iştirak etməyəcəyini bildirib ki, bunun da əsas səbəbi kimi COVID-19-a yoluxmaq qorxusu qarşıya çıxır (47.0%). Təxminən 12.0% respondent maddi amil səbəbindən toyda iştirak etmək istəmədiyini deyib. Dəvət edildiyi təqdirdə toyda iştirak etməyəcəyini bildirənlər daha çox təqaüdçülər arasında yayılıb (40.0%). Toyda iştirak etmək ehtimalının aşağı olduğunu deyən respondentlərin 17.0%-i, ehtimalın heç olmadığını deyən respondentlərin isə təxminən yarısı virusa yoluxmaqdan çox və ya qismən qorxur. Mərasimlərdə virusa yoluxmaqdan heç qorxmadığını deyənlərin 62.6%-i toyda iştirak etmək ehtimalının olduqca yüksək olduğunu deyib. Ümumiyyətlə, yoluxma qorxusu ilə dəvət edildiyi təqdirdə toyda iştirak etmək ehtimalı arasında tərs mütənasib korrelyasiya mövcuddur – qorxu artdıqca iştirak ehtimalı azalır.


Toy və yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaların qüvvədə olduğu dövrdə tez-tez müzakirə edilən məsələlərdən biri də mərasimlərin keçirilməsi bərpa olunduğu təqdirdə həmin tədbirlərin fərqli üslubda keçirilib-keçirilməyəcəyi idi. Rəyi öyrənilənlər arasında bu məsələyə dair fikir ayrılığı müşahidə edilib. Belə ki, 36% və 37% respondent müvafiq olaraq toyların və yasların məhz əvvəlki qaydada keçiriləcəyi, 45% və 55% respondent isə daha sadə təşkil ediləcəyi qənaətini bölüşür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar