Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stalinin ölümü, Beriyanın hakimiyyət davası, Xruşşovun andı


Araşdırma - I yazı


M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsi.

Bir zamanlar dünyaya meydan oxuyan SSRİ həm də çirkin, qaranlıq daxili siyasi çəkişmə meydanı olub. SSRİ-nin özü kimi hakimiyət üstündə gedən mübarizə də qəddar, acımasız olub. Təqdim edəcəyimiz araşdırma materialı arxiv sənədlərinə dayanaraq aparılıb. Oxuyanda SSRİ-də hakimiyyət uğrunda necə amansız mübarizənin getdiyini görəcəksiniz.

"Ölkə.Az" istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun "M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsi"nə gün işığı tutan dəyərli araşdırmasını sizə təqdim edir:

XIX partiya qurultayında (oktyabr 1952-ci il) Malenkov əsas məruzə ilə çıxış etdi. Bu o demək idi ki, onu Stalinin rəsmi varisi kimi qəbul etmək lazım idi. Malenkovun mövqeləri bərkimişdi, bu vaxtlar Stalin Kremlin sənədlərinə qol çəkməyi ona həvalə etmişdi. Malenkovu irəli çəkərkən Beriya ölkə rəhbərliyində öz mövqelərini də möhkəmləndirdi.

Jdanovun digər kadrı və Leninqrad qruplaşmasının liderlərindən biri Voznesenski və onun əhatəsilə Beriya çox asanca hesablaşdı. Dövlət Plan Komitəsinin kadrlar şöbəsinin müdiri Y.Y.Andreyev məxfi sənədlərin itməsilə əlaqədar ərizə ilə müraciət edir. Onda Beriya və Malenkov sənədlərin itməsinin günahını gələcəkdə hökumət başçılığına iddialı ola biləcək Voznesenskinin üzərinə qoydular və bu barədə Stalinə məlumat verdilər. Beləliklə də onlar SSRİ Dövlət Plan Komitəsində işləyən Voznesenskinin karyerasına son qoydular. Jdanovun irəli çəkdiyi adamlardan onların ancaq Kuznetsovun qohumu Aleksey Nikolayeviç Kosıginə yazıqları gəldi. Əslində ona Beriya özü kömək etdi. Məsələ burasındaydı ki, Kosıginin qızı Cermen Qvişianiyə ərə gedirdi; Mixail Maksimoviç Qvişiani Beriyanın şəxsi mühafizə xidmətinin müdiri, köhnə çekist idi (Bu köməyə görə Kosıgin Beriyanın həbsindən sonra Qvişianinin özünə kömək etdi və onu Beriyanın bütün ətrafının üzləşdiyi aqibətdən xilas etdi-A.M.).


 
Beləliklə, güc mərkəzlərini öz əlində cəmləyən Beriya, Stalinin həyatının son illərində faktiki olaraq ölkədə ikinci şəxsə çevrilmişdi. Həyatının son illərində Stalin bərk xəstə idi. O, tez-tez ayaqlarından şikayət edirdi. Vaxtaşırı onun başı bərk fırlanırdı. V.Turkov söyləyirdi ki, yıxılmaması üçün onu izləyirdilər. Oksigen çatışmazlığı ona bərk əziyyət verirdi. İ.Orlovun dediyinə görə, sıx ağaclıqda seyrəklik aparırdılar, bu ondan ötrü idi ki, hava sərbəst dövr etsin. Buraya insult və iflicin daimi yol yoldaşı olan hipertoniyanı da əlavə etmək lazımdır. Son illər o, özü dəfələrlə deyirdi: “Lənətlənmiş qocalıq gəlir”.

Stalin öz sağlamlığına zalım kimi yanaşırdı. Çörəyini ayrı-ayrı vaxtlarda yeyirdi. Bu, saat 15, 17, 19, 20 və hətta 22 ola bilərdi. Müalicəni həkimlərdə keçməyi xoşlamırdı, patolojı şübhəli Stalin həkimlərə inanmırdı.

Ölümündən bir az qabaq bir qrup ziyançı, terrorçu həkimlər barəsində SİTA-nın xəbəri dərc olunmuşdu. Onların məqsədləri bir idi: ziyanlı müalicə ilə çalışırdılar ki, Sovet İttifaqının fəal xadimlərinin həyatını qısa etsinlər. “Əclaf casus və qatillərin” qurbanları arasında partiyanın görkəmli rəhbərləri A.A.Jdanov, A.S.Şerbakov və həmçinin ölkənin hərbi rəhbərliyində çalışan bir sıra şəxslərin adları çəkilirdi.

Terrorçu qrupun sıralarında görkəmli tibb işçilərini, professorlardan Vovsi M.S., Vinoqradov V.N., Koqan B.B., Yeqorov P.İ., Feldman A.İ., Ettinger Y.Q., Qrişteyn A.M., həkim Mayorov Q.İ. və başqalarını göstərirdilər...

Məlumat verilirdi ki, qrupun əksər iştirakçılarının “beynəlxalq yəhudi burjua-millətçi qurumu olan, Amerikanın agenturası tərəfindən təşkil olunan “Coynt” təşkilatı ilə əlaqələri vardır”.
 
Böyük “iş” hazırlanırdı və onun təşkilatçıları tələsmirdilər. Prosesi şəxsən Stalin fikirləşmişdi və bir neçə məqsəd güdürdü. Böyük “iş” ölkədə 30-cu illərin nümunəsinə oxşar kütləvi repressiyaların başlanğıcı olmalı idi. Güman etməyə bütün əsaslar var ki, Stalin “qatil-həkimlər” işinin toz dumanında bəzi siyasi fiqurları aradan götürmək istəyirdi. Qocalan və şübhələri daha da artan Stalin yeni düşmənlərinin siyahısına Molotovu və Mikoyanı əlavə etmişdi.

MK-nın 16 oktyabr 1952-ci il tarixli plenumunda o, Molotovun ünvanına kəskin sözlər söylədi, Mikoyanı isə “partiya qarşısında” sədaqətsizlikdə ittiham etdi. Stalinin xasiyyəti bilindiyinə görə güman etmək o qədər də çətin deyil ki, onları hansı tale gözləyirdi.



Yəhudi Antifaşist Komitəsi (YAK) ləğv olunur, onun üzvləri (sədri görkəmli artist Solomon Mixoels idi –A.M.) casusluqda və antisovet millətçilik fəaliyyətində ittiham olunaraq həbs edilirlər. Əslində, məqsəd “YAK işini” “həkimlərin cinayətilə” bağlamaqdan ibarət idi. Birləşdirici rolu isə S.M.Mixoelsin əmisi oğlu, professor M.S.Vovsi oynayacaqdı. Guya Mixoels ABŞ-dan “Coynt” təşkilatı üçün gələn direktivləri YAK-ın üzvü olan həkimdən alırdı.

İri miqyaslı antisemit prosesinə - yəhudilərin Şimalın ucqar rayonlarına və Uzaq Şərqə sürgününə və kütləvi repressiyalarına hazırlıq gedirdi. 1952-ci ildə YAK üzvlərinin bir qrupu güllələndi. Ancaq hadisələrin gedişatı Stalinin ölümü ilə dəyişdi.

1953-cü ilin 28 fevralında Stalinin Kuntsovodakı bağ evində ənənəvi ziyafətin iştirakçıları Beriya, Malenkov, Xruşşov və Bulqanin martın 1-i səhərə qədər rəhbərlə bərabər oldular. Səhərə yaxın onları mühafizə xidmətinin əməkdaşı, polkovnik Xrustalev yola salır. Həmin gün Stalinin yanında mühafizə xidmətinin əməkdaşlarından M.Starostin, V.Tukov, bağ evinın komendan-tının köməkçisi P.Lozqaçev, xidmət personalından M.Butusova olur... P.Lozqaçev xatırlayırdı: “28 fevralda axşam qonaqlara ancaq üzüm şirəsi verilirdi. Qaldı ki meyvə, onlar həmişə stolun üstündə olurdu... Martın 1-i səhər saat dörddə tək qalan Stalin bizi çağırdı və dedi: “Mən yatıram, sizi daha çağırmayacağam. Siz də yatın”. Əvvəllər Stalin belə göstərişlər verməzdi. 1 martda biz hamımız - hər kəs öz sahəsində işi ilə məşğul olurdu. Günorta vaxtı mühafizəçilər Stalinin kabinetində və otaqlarda bir hərəkət hiss eləmədilər. Bu bizi diqqət yetirməyə vadar etdi, ancaq təxminən saat 18.30-da kabinetdə və ümumi zalda işıq yandı. Bizdən kimisə çağıracaqlarını düşünərək hamı rahatlıqla köksünü ötürdü. Ancaq nə 19, nə 20 və nə də saat 22-də heç bir çağırış olmadı. Mühafizə dəstəsini həyəcan bürüyürdü, ona görə ki Stalinin iş rejimi pozulurdu, baxmayaraq ki, istirahət günü idi. Adətən istirahət günündə rejim dəyişmirdi.

Saat 22.30-da mühafizə xidməti xoşagəlməz şeylər haqqında şübhələnməyə başladı. Starostin böyük əməkdaş olduğu halda Stalinə tərəf məni göndərirdi. Mən isə deyirdim ki, sən böyüksən, sən birinci getməlisən. Beləliklə, biz mübahisə aparırdıq, bir-birimizə deyirdik və hər birimiz çağırış olmadan Stalinin yanına getməyə qorxurduq.

Nəhayət, poçt gəldi. Bu, imkan verirdi ki, Stalinin otağına daxil olaq. Mən məktubları götürdüm və inamlı addımlarla məruzə etməyə getdim. Otağın birisini keçdim, o birisini, ancaq Stalin heç yerdə görünmürdü. Nəhayət, mən kiçik yemək otağına daxil olanda dəhşətli mənzərə gördüm. Dönüb qurudum qaldım, əllərim-ayaqlarım sözümə baxmırdı. Stalin dirsəyini xalçaya söykəyərək stolun yanında uzanmışdı. O, hələ şüurunu itirməmişdı, lakin danışa bilmirdi, nitqini tamam itirmişdi. Görünür, o,  mənim addımlarımı eşidibmiş və yavaşca qaldırılmış əlilə elə bil ki məni özünə sarı çağırdı. Mən cəld onun yanına qaçdım və soruşdum: “Sizə nə olub, yoldaş Stalin?”

Cavab əvəzinə aydın olmayan “dz” səsinə oxşar bir şey tələffüz etdi. Döşəmənin üstündə birinci Moskva zavodunun istehsalı olan cib saatı və “Pravda” qəzeti vardı. Stolun üstündə isə bir mineral suyun şüşəsi və stəkan.

Domofon ilə mən təcili Starostini, Tukovu və Butusovanı çağırdım. Onlar o dəqiqə qaça-qaça gəldilər və onlardan kimsə soruşdu: “Yoldaş Stalin, sizi kuşetkaya uzadaq?”

Cavab əvəzinə o, başı ilə razılığını bildirdi. Birgə səylə onu yemək otağındakı kuşetkaya uzatdıq. O dəqiqə DTN-ə İqnatyevə zəng etdik, ancaq o, məsləhət gördü ki, Beriyaya zəng edək. Xəstəni böyük zala aparmağa ehtiyac var idi. Biz hamımız bunu birgə etdik, Stalini enli divana uzatdıq və üstünü pledlə örtdük. Görünürdü ki, Stalin üşüyür, yəqin ki o, axşam saat yeddi-səkkizdən mətbəxdə köməksiz qalmışdı... Mən onun yanında növbətçiliyə durdum”.



M.Starostin xatırlayır: “Mən o dəqiqə Malenkova zəng etdim və Stalinlə bağlı bədbəxt hadisəni danışdım. Təxminən yarım saat keçəndən sonra Malenkov zəng etdi və dedi: “Beriyanı mən tapa bilmədim. Onu özünüz axtarın”. Daha yarım saat keçdi. Beriya zəng etdi və dedi: “Stalinin xəstəliyi barəsində heç kimə deməyin və zəng etməyin”.

P.Lozqaçev davam edir: “Xəstə Stalinin yorğan-döşəyinin yanında tək oturmuşam. Qəlbimdə ağıla sığmayan ağırlıq var. Əlacsızlıq, ruhi əzab və sıxıntı içindəyəm. Starostin qaçır, hay salır: Lozqaçev, müdiriyyətə zəng et... Stalinin xəstəliyi ilə bağlı daha kimə zəng etməliyəm, kimə lazımdırsa, bilirlər. Mənim üçün bu gecə ağır və yorucu idi. Səhərəcən mənim başım ağardı... Mən Stalinin yanında tək qalmaqdayam. Gecə saat 2-ni keçmişdi, ancaq xəstəyə heç yerdən kömək yoxdur. Martın 2-də gecə saat 3-də bağ evinə bir maşın yaxınlaşdı. Mən sevindim. Düşünürəm: nəhayət, həkimlər gəldi, mən xəstə Stalini onlara verə bilərəm. Səhv eləmişdim. Məlum oldu ki, gələnlər Beriya və Malenkovdur. Beriya başını dik tutaraq zala mənim yanıma keçdi. Malenkovun botinkaları cırıldayırdı. O, ayaqqabıları çıxartdı, qoltuğunun altında saxlayaraq, corabla içəri girdi. Silahdaşlar xəstənin yanında dayandılar, bir müddət sakit durdular. Stalin bu vaxt bərk xoruldadı. Beriya mənə müraciət edərək dedi: “Sən nə üçün şayiə yaradırsan. Görürsənmi, yoldaş Stalin bərk yatır. Səs-küy qaldırma, bizi də, yoldaş Stalini də narahat etmə”.

Mən sübut etməyə çalışırdım ki, yoldaş Stalin bərk xəstədir, ona təcili həkim yardımı lazımdır. Ancaq silahdaşlar məni eşitmək istəmədilər və fövrən zaldan çıxdılar. Beriya Starostinin üstünə qışqırdı və danladı. Onun sözlərindən ancaq bu ifadəni deyə bilərəm: “Kim sizin kimi  axmaqları yoldaş Stalinə təhkim etdi...”  Bununla da Beriya və Malenkov getdilər.

Səhər saat 4-ü, 5-i, 6-nı, 7-ni vurdu. Stalinə hələ də həkim köməyi yox idi. Bütün bunlar hamısı xəyanətə oxşamağa başladı.
          
7.30-da Xruşov gəldi və dedi ki, bir azdan Kreml xəstəxanasının həkimləri gələcək”.


     
V.Tukov xatırlayır: “Mən Molotova zəng etdim və Stalinlə bağlı hadisəni danışdım. Molotov dedi: “Siyasi büro üzvlərinə zəng edin və Stalinin xəstəliyi barədə deyin. Mən indi gəlirəm”.

Lozqaçev davam edir: “Saat doqquzun yarısı ilə doqquz arasında həkimlər gəldi, onların arasında P.Y.Lukomcki da var idi. Həkimlər böyük həyəcan keçirirdilər, onların əlləri əsirdi. Elə həyəcan keçirirdilər ki, hətta xəstənin köynəyini belə çıxara bilmədilər. Köynəyi qayçı ilə kəsməli oldular. Həkimlər xəstəni müayinə etdilər və diaqnoz qoydular: beyninə qan sızıb. Onlar müalicə prosedurlarına başladılar - iynə, kamfora, zəlilər, oksigen üfürmək. Cərrahi əməliyyatdan söhbət getmirdi. Hansı cərrah belə bir məsuliyyəti üzərinə götürə bilərdi? Beriya həkimlərə qorxulu sualla müraciət edirdi: “Siz yoldaş Stalinin həyatına zəmanət verirsiniz?”

Atasının xəstəliyi barədə Vasili Stalinə ikinci gün xəbər verdilər. O, topoqrafik xəritələrlə gəlmişdi, elə bilirdi ki atası onu aviasiya rəisi kimi imtahana tutacaq. Svetlana da xəstə atasının yanına çağırıldı.”

V.Tukovun xatirələrindən: “Vasili Stalin bağ evinə sərxoş halda gəldi və astanada qışqırdı: “Əclaflar, atamı məhv etdiniz!” Kimsə ona hirsləndi, Voroşilov isə onu dilə tutdu: “Biz yoldaş Stalinin həyatını xilas etmək üçün bütün tədbirləri görürük”.

Stalinin xəstəliyi barədə bütün ölkə bilirdi. Bağ evinə həkimlərin könüllü zəngləri tez-tez olurdu, xahiş edirdilər ki, onları Stalinin yanına buraxsınlar, inandırırdılar ki, onu müalicə edə biləcəklər. Başqa ölkələrdən də zəng edirdilər. Biri heç əl çəkmirdi. Axırda telefona Beriya gəldi. O, həkimdən soruşdu: “Sən kimsən? Təxribatçısan, ya quldursan?” Zəng edən başa düşdü ki, o, kiminlə danışır və dəstəyi qoydu.



Martın 2-si, 3-ü, 4-ü keçdi, Stalinin vəziyyəti ağırlaşırdı. Bir dəfə o, gözlərini açmağa cəhd göstərdi, dodaqlarını tərpətdi. Ancaq heç nə başa düşmək olmurdu. Hansısa demokratik respublikadan bir xilaskarla danışıqlar aparılırdı, ancaq o gəlmədi. 5 martda nəbz düşməyə başladı. Beriya xəstənin yanına gəldi: “Yoldaş Stalin, Siyasi büronun bütün üzvləri buradadır. Onlara bir söz deyin”. Voroşilov onun qolundan tutub dedi: “Qoy ona xidmətçilərdən biri yaxınlaşsın, onu tez tanıyar”. İ.Xrustalev yaxınlaşdı. Stalin axırıncı dəqiqələrini yaşayırdı. Həkimlər güclü bir iynə vurdular. Stalinin bədəni səksəndi. On dəqiqə keçdi, o, dərin nəfəs aldı və öldü”.

Stalinin ölümündən 1 saat 10 dəqiqə qabaq Sov.İKP MK Rəyasət Heyətinin Büro iclası keçirildi və orada təşkilati məsələlərə baxıldı. Qəbul edildi ki, “Sov.İKP MK-nın iki orqanından biri – ya Rəyasət Heyəti, ya da Rəyasət Heyətinin Bürosu qalsın. Partiyanın nizamnaməsinə uyğun olaraq bir orqan-Sov.İKP MK-nın Rəyasət Heyəti qaldı”. İclasdan qabaq Xruşşov Malenkova təklif etdi ki, “bundan sonra necə yaşamağımız haqqında söhbət edək”. Ancaq əvəzinə soyuq rədd cavabı aldı: “İndi nə danışmaq olar? Hamı gələr, onda danışarıq. Bunun üçün yığışırıq”.

Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Ali Soveti Rəyasət Heyətinin birgə plenum iclasında Beriya Nazirlər Sovetinin sədri vəzifəsinə Malenkovun namizədliyini irəli sürdü, o isə öz növbəsində iki nazirliyi birləşdirməyi təklif etdi. DTN və DİN bir nazirliyə - SSRİ Daxili İşlər Nazirliyə çevrilsin və yeni struktur Beriyaya həvalə edilsin. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Voroşilov oldu, Xruşşovu isə Stalinin dəfn mərasiminin təşkili üzrə komissiyanın sədri təsdiq etdilər, Sov.İKP MK-ya öz işində fikrini cəmləşdirmək məsləhət görüldü.


Stalinin ölümündən sonra L.Beriya Dövlət Təhlükəsizlik və Daxili İşlər nazirliklərini birləşdirərək yeni qurumun naziri oldu. Artıq 1953-cü ilin mart ayının sonlarında M.C.Bağırov Sovet İttifaqı KP MK Rəyasət Heyətinə namizəd kimi daxil olur. O, Rəyasət Heyətinin üzvlüyünə namizəd kimi Azərbaycan rəhbərliyindən bu yüksək pilləyə çatmış ilk şəxs olur. Stalinin ölümündən sonra ilk aylar Beriya-Malenkov birliyi KP MK-nın  Rəyasət Heyətində istənilən məsələni öz mənafelərinə uyğun həll edirdilər. Görünür, Beriyanın planına görə, SSRİ-də hakimiyyət bölgüsü aşağıdakı şəkildə aparılmalı idi:

1. Sovet İttifaqı KP MK-nın I katibi - E.M.Malenkov; 
2. DTN və DİN sistemlərini əlində cəmləşdirmiş Nazirlər Sovetinin I müavini kimi - L.Beriya; 
3. SSRİ Nazirlər Sovetinin sədri - M.C.Bağırov – sonradan KP MK-nın Rəyasət Heyətinin həqiqi üzvü seçilməklə - (Bunu biz aşağıda izah edəcəyik);
4. Müdafiə naziri – N.A.Bulqanin;
5. SSRİ Ali Sovetinin sədri – K.E.Voroşilov (onların hər ikisi öz vəzifələrində qalmaqla);
6. Xarici işlər naziri – V.N.Dekanozov-Rəyasət Heyətinə namizəd və sonra həqiqi üzv seçilməklə.



Stalinin ölümündən sonra 3 ay yarım ərzində L.Beriya demək olar ki, hər gün yeni-yeni təşəbbüslərlə çıxış edirdi.

N.K.Baybakovun «Ot Stalina do Yeltsına» kitabından.

A.Mikoyan öz xatirələrində qeyd edir:

«Beriyaya sual verirdim ki, bu qədər səlahiyyətlərlə Daxili İşlər Nazirliyi sənin nəyinə lazımdır?» O isə bu sualıma cavab olaraq söyləyirdi: «Qayda-qanunu bərpa etmək lazımdır. Ölkədə bu vəziyyətə dözmək olmur. Bizdə çox sayda həbs olunan insanlar var, onları azad etmək lazımdır». Həqiqətən də 24 mart 1953-cü ildə L.P.Beriya Sov.İKP MK Rəyasət Heyətinə əfv haqqında müraciət göndərir və bu müraciətin əsasında martın 27-sində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı çıxır. Bu fərmana əsasən həbsdə olan 2,5 milyon insanın 1,2 milyonu azad olunur».

Sonra növbə siyasi dustaqlara gəldi, 1953-cü il aprelin 4-də qəzetlərdə «SSRİ DİN-in məlumatı» dərc olundu. Burada göstərilirdi ki, L.Beriyanın sərəncamına əsasən, DİN-də yaradılmış istintaq qrupu «Həkimlər işini» araşdıraraq bu qənaətə gəlmişlər ki, aparılan istintaq zamanı zor tətbiq edilmişdir, alınan ifadələr həqiqəti əks etdirmir və irəli sürülən ittihamlar əsassızdır. Əslində, həm də Beriya bu addımı ilə Molotovu öz tərəfinə çəkmək istəyirdi. Belə ki, “həkimlərin işi” ilə əlaqədar Molotovun arvadı da həbs olunmuşdu. Bununla bərabər o, hakimiyyətə can atan Xruşşova və digər qruplara xəbərdarlıq da edirdi. Belə ki, N.S.Xruşşov 1936-cı ildən Moskva partiya komitəsinin katibi, 1939-cu ildən isə KP MK-nın Rəyasət Heyətinin üzvü olduqdan sonra o, kütləvi həbslərlə və güllələnmələrlə nəticələnən «Moskva prosesləri»nin təşkili ilə məşhurlaşmışdı.



Məhz o, Ukraynada I katib işləyən zaman aclığa qarşı etiraz edənlərin kütləvi terrorunu təşkil etmişdi.

O dövrlər Stalin partiya rəhbərləri arasından məxfi olaraq seçilmiş partiya funksionerlərinə xüsusi səlahiyyətlər - «Samosud» (özümühakimə) etmək hüququnu vermişdi. Bunlara «üçlüklər» deyilirdi. Artıq Beriya həbs olunan siyasi məhbuslardan çoxlu sayda məktublar alırdı; bu məktublarda onların günahsız olduqları və N.S.Xruşşovun göstərişlərinə əsasən azadlıqdan məhrum olunduqları bildirilirdi. Beriya bu faktlardan Xruşşovu siyasi səhnədən uzaqlaşdırmaq üçün istifadə etməyə hazırlaşırdı. Təsadüfi deyil ki, Beriyanın ölümündən sonra birbaşa Xruşşovun göstərişi ilə Ukrayna və Moskva «təmizləmələri» ilə əlaqədar bütün sənədlər arxivlərdən çıxardılıb yandırılır. Bu təmizləmələrdən sonra artıq o, «Stalin dövrünü» atəşə tutan ali hakimə çevrildi.

1957-ci ildə Sov.İKP Moskva şəhər komitəsinin Partiya İnstitutunun direktoru Kastamarova Xruşşovun imzası ilə güllələnmiş insanların sənədlərini arxivdən çıxartdı. 

1988-ci il 25 dekabrda Sov.İKP MK Siyasi bürosunun komissiyasının 30-40-cı illərdə aparılan repressiya ilə əlaqədar çıxarışında göstərilir:
Xruşşov 1936 – 37-ci illərdə Moskva şəhər partiya komitəsinə rəhbərlik etdiyi zaman 55741 nəfər, Ukraynaya birinci katib vəzifəsinə gəldikdən sonra 1938 – 1940-cı illərdə 167585 nəfər insan repressiyaya məruz qalmışdır (Хрeстоматия по Отечественной истории 1948 – 1995 гг. М., 1996, səh. 317).

1948-ci il 2 iyulda SSRİ Ali Sovetinin məlum fərmanının tərtibçisi birbaşa Xruşşovun özü idi. Bu fərmana əsasən, əmək fəaliyyətindən yayınanları xüsusi, yeni insan məskənlərinə sürgün edirdilər. Bu fərmana əsasən, 33266 insan + 13538 ailə sürgün olunmuşdur. 
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu idarəsinin (ali dövlət rəhbərlərinin mühafizəsi) rəis müavini, Sovet İttifaqı qəhrəmanı Mixail Stepanoviç Dokuçayev öz xatirələrində qeyd edirdi (N.K. Baybakov, «От Сталина до Ельцина», səh. 153): 

«Müharibə zamanı N.S.Xruşşovun təyyarəçi oğlu Leonid ağır cinayət törədir. O, oğlunun əfv olunması xahişi ilə əlaqədar Stalinin qəbuluna gəlir. Otağa daxil olan Xruşşov dizi üstə dayanaraq göz yaşını tökür, hıçqıra-hıçqıra Stalinin ayağından tutur və oğlunu əfv etməsini ondan xahiş edir. Ancaq Stalin onun oğlunu əfv etmir və ön cəbhədəki cərimə batalyonuna yollamaq tapşırığını verir!



Xruşşov bu hadisədən sonra öz yaxın dairəsində Stalindən bu hayıfı çıxacağına and içir».

1953-cü ilin mart ayında Stalinin ölümündən sonra baş katibin səlahiyyətləri Rəyasət Heyətinin üzvlərinə keçdi. Ancaq real idarəetmə rıçaqları Rəyasət Heyətinin üç üzvü arasında bölünmüşdü; SSRİ Nazirlər Sovetinin sədri Malenkov, Mərkəzi Komitə aparatının rəhbəri Xruşşov və Nazirlər Soveti sədrinin müavini, daxili işlər naziri Beriyanın. 

Ancaq Beriya Kremldəki hakimiyyəti tam ələ almaq üçün müəyyən hazırlıq tədbirləri də görməyə başlayır. Öz təsəvvüründə bu siyasi hakimiyyət dəyişikliyində ona dəstək verə biləcək şəxslərdən ən əsası M.C.Bağırovu sayırdı. Həqiqətən də Beriyanın aparacağı bu siyasi hakimiyyət dəyişkənliyinə M.C.Bağırov da hazırlaşırdı. 

1953-cü ilin 6 aprelində AKP MK-nın büro iclasında M.C.Bağırov AKP MK-nın I katibi vəzifəsindən azad olunaraq Azərbaycan Nazirlər Sovetinin sədri seçilir. Bu təyinat Beriya-Bağırov planına görə, SSRİ Nazirlər Sovetinin sədrliyinə gedən yolda tramplin rolunu oynayacaqdı. AKP MK-nın I katibi vəzifəsinə Siyasi büro tərəfindən Mir Teymur Yaqubov təsdiq edilir. Ona qədər o, Bakı şəhər Partiya komitəsinin I katibi vəzifəsində işləyirdi. İkinci katib yenidən Vitali Səmədov təsdiq edilir.

F.1, siy. 405, d. 3188


СОВЕТ ИТТИФАГЫ КОММУНИСТ ПАРТИЙАСЫ
КОММУНИСТИЧЕСКАЯ ПАРТИЯ СОВЕТСКОГО СОЮЗА
Азəрбаjчан КП Мəркəзи Комитəси
Центральный Комитет КП Азербайджана

5 мая 1953 года
Учетный сектор ЦК КП Азерб.
1. Вопросы III сессии Верховного Совета 
Азербайджанской ССР
Внести на рассмотрение III сессии Верховного Совета Азербайджанской ССР следующие вопросы:
О председателе Совета Министров 
Азербайджанской ССР

Утвердить председателем Совета Министров Азербай¬джанской ССР тов. Багирова Мир Джафара Аббасовича, освободив от этих обязанностей тов. Кулиева Т.И.
Утвердить тов. Кулиева Теймура Имам Кули оглы первым заместителем председателя Совета Министров Азербай¬джанской ССР.

Секретарь ЦК КП
Азербайджана М.Д.Багиров.

Beriya həmçinin öz niyyətlərini həyata keçirmək üçün mövcud olan milli problemləri də qabardırdı. O, respublikalarda milli kadrlardan geniş istifadə etmək, Moskvadan göndərilən rusları milli kadrlarla əvəz etmək, milli mühacirlərin geri qayıtmasına şərait yaratmaq, deportasiya olunmuş xalqları geri qaytarmaq, milli ziyalılarla ümumi dil tapmaq konsepsiyasını irəli sürürdü.

Mikoyan yenə öz xatirələrində qeyd edir ki, «Beriya ümumiyyətlə, qarşılıqlı iqtisadi yardım şurasının yaranmasının əleyhinə idi. O, Almaniya Demokratik Respublikasında sosializmin süni surətdə yaradılmasının da əleyhinə idi. O, AFR-lə ADR-in birləşməsi ilə bağlı sülhsevər neytral burjua-demokratik dövlətin yaradılmasının tərəfdarı idi». Mən yuxarıda qeyd etmişdim ki, Kremldən milli respublikaların rəhbərliyinə qeyri-yerli olanlar göndərilirdi və onlar da sanki agent funksiyalarını yerinə yetirərək milli rəhbərlərə nəzarət edirdilər. Ona görə də Xruşşov başa düşürdü ki, Beriya onu ifşa edəcək və o da Beriyanı aradan götürmək üçün öz planını sürətləndirdi. 

N. Xruşşov öz xatirələrində (“Voprosı İstorii” jurnalı) qeyd edirdi: 

«Stalinin ölümündən bir müddət sonra Mikoyan mənə yaxınlaşdı. O, Beriyanın təhlükəli olduğunu və mənə hakimiyyəti necə ələ almaq yollarını göstərərək, köməklik etmək istədiyini bildirdi. Mən də öz adımdan onunla razılaşaraq, qeyd etdim ki, nə qədər  ki, bu «əclaf» Rəyasət Heyətində oturub, biz özümüzü rahat hiss edə bilmərik».



Mikoyan bu razılaşmadan sonra öz növbəsində Beriyanı aradan götürmək üçün ona qarşı məxfi plan hazırladı. 

N. Xruşşov qeyd edirdi:

«Mən Siyasi büronun üzvləri ilə bir-bir görüşərək, onları özümə tərəf çəkirdim. Ən ehtiyat etdiyim vəzifəli şəxs Malenkov idi. O, Beriya ilə dostluq edirdi. Ancaq bu işdə Malenkov da, "başqa çarəmiz yoxdur"- deyərək, məni dəstəklədi. Əslində, o özü də Beriyadan qorxurdu. Malenkovdan sonra K.Y.Voroşilov və Kaqanoviçlə də razılığa gəldik. Nəzərdə tutulmuş həbs günü mən K.Jukovu yanıma çağırtdırdım. O vaxtlar Beriyanın Jukov haqqında formalaşdırdığı mənfi fikirlərlə əlaqədar Stalin Jukovun vəzifəsini aşağı endirərək, Odessa hərbi dairəsinə komandir təyin etmişdi. Beriya bir neçə dəfə Jukovu həbs etmək istəsə də, Stalin buna mane olmuşdu. Bunu bilərək Jukovun mənim tərəfimi tutacağını bilirdim. Jukov kabinetimə daxil olan kimi üzümü ona tutaraq söylədim: 

– Bu əclafı - Beriyanı həbs etmək lazımdır.

Jukov bu təklifimin cavabında isə söylədi:

– Nikita Sergeyeviç, mən «jandarm» olmamışam, ancaq bu işi həvəslə yerinə yetirərəm və mən neyləməliyəm?

Mən isə ondan özünə sadiq, silahlanmış zabitlərlə Kremlin gözləmə otağında mənim zəngimi gözləməyini rica etdim.

Beriya həbsinin baş iştirakçısı – general K.S.Moskalenko 1953-cü ilin iyun hadisələrini belə xatırlayırdı:

...Səhər saat 9 (1953-cü il, 25 iyun)... Kremlin ATS telefonu ilə mənə N.S.Xruşşov zəng etdi. Salamlaşaraq, o soruşdu:

- Əhatənizdə bizim partiyaya sizin kimi sədaqətli adamlar varmı?

Fikirləşəndən sonra mən cavab verdim: 

- Elə adamlar var və onlar partiyaya fədakarcasına sədaqətlidirlər.

Bundan sonra Xruşşov dedi ki, mən o adamlarla Kremlə - Stalinin əvvəl işlədiyi kabinetə, SSRİ Nazirlər Sovetinin sədri yoldaş Q.M.Malenkovun yanına gəlim.



Onu da əlavə etdi ki, mən özümlə HHM planlarını və xəritələrini gətirim, siqar da götürüm. Mən cavab verdim ki, deyilənlərin hamısını gətirərəm, ancaq çəkməyi hələ 1941-ci ildə müharibədə tərgitmişəm. Xruşşov güldü və dedi ki, sən deyən siqarlar ola bilsin lazım olmayacaq.

Onda başa düşdüm ki, özümlə silah götürməliyəm. Söhbətin axırında dedi ki, indi müdafiə naziri yoldaş N.A.Bulqanin zəng edəcək.

Xruşşovun özümlə silah götürmək işarəsi, məni o fikrə gətirib çıxartdı ki, qarşımızda Sov.İKP MK Rəyasət Heyətinin mühüm tapşırığını yerinə yetirmək durur.

Elektrik düymənin siqnalını basdım, xüsusi tapşırıqlar zabiti, mayor Yuferev V.İ., qərargah rəisi Baksov A.İ., siyasi idarənin müdiri, polkovnik Zuba İ.Q. mənə o dəqiqə cavab verdilər və mən onlara dedim: silahı götürüb Kremlə getmək lazımdır. Heç kimdə silah yox idi, mən qərargah komendantı mayor M.Q.Xijnyakı çağırdım və əmr etdim ki, pistolet və patronlar versin. Qrup kiçik idi, sonra mən əlavə olaraq general-mayor F.Batitskiyə zəng etdim və dedim ki, silahla yanıma gəlsin.

Bundan sonra müdafiə naziri, marşal N.A.Bulqanin zəng etdi və dedi ki, ona Xruşşov zəng edib və təklif edib ki, mən əvvəl ora - Bulqaninin yanına gedim. Silahlanmış qrup ilə mən müdafiə nazirinin yanına gəldim. Bulqanin məni tək qəbul etdi. O dedi ki, Xruşşov zəng etmişdi, ona görə mən səni çağırdım. Beriyanı həbs etmək lazımdır, onun Kremldə mühafizəsi güclü və böyükdür, həmçinin ona sadiqdir. Səndə nə qədər adam var? Mən cavab verdim ki, mənimlə beş adam var, onlar hamısı cəbhədə olanlardır; döyüşlərdə sınanmış,  Kommunist partiyasına, Sovet hökumətinə və sovet xalqına sadiq insanlardır. O dedi: “Bunlar yaxşıdır, ancaq adam azdır.” Elə o dəqiqə soruşdu: Daha kimi məsləhət görürsən? Mən cavab verdim ki, sizin müavininiz marşal Vasilevskini. Bulqanin o dəqiqə onun namizədliyini rədd etdi. Öz novbəmdə ondan soruşdum ki, nazirlikdə hörmətli hərbçilərdən kim var. O dedi - Jukov. Onda mən təklif etdim, onu götürək. O razılaşdı, bir şərtlə ki, Jukovun silahı olmasın. Biz sayca az idik, ona görə o yenə soruşdu: “Daha kimi məsləhət görürsən, dəvət edək?”.  Birinci mən baş qərargah rəisinin müavini L.İ.Brejnevin adını çəkdim, onu müharibədən - 1-ci və 4-cü Ukrayna cəbhələrinin tərkibində qorxmaz və mətin general, siyasi işçi, partiyaya və xalqa sadiq adam kimi tanıyırdım. Onunla dəfələrlə döyüş şəraitində görüşmüşəm. General-leytenant Şatilovun adını mən ikinci dedim, o da həmin strukturda müavin idi, sonra keçmiş 1-ci Ukrayna cəbhəsinin baş siyasi idarəsinin rəisi, tank qoşunları general-leytenantı Getmanın adını çəkdim. Dördüncü adamın adı artilleriyanın general-polkovniki Nedelin idi, onu da mən müharibədən tanıyırdım. Beşincini Bulqanin təklif etdi: hərbi şuranın üzvü, MVO general-polkovniki A.M.Pronin.

Vaxt az olduğu üçün onlar hamısı silahsız gəlmişdilər. Ancaq L.İ.Brejnevdə Bulqaninin verdiyi pistolet var idi.

Ancaq nə üçün Xruşşov məhz mənə müraciət etdi, buna cavab tapmaqda çətinlik çəkirəm. Beriyanın həbsindən sonra... Malenkov mənə və baş prokuror yol. R.A.Rudenkoya dedi ki, bu əməliyyatı keçirmək üçün əvvəlcə biz Sovet İttifaqı marşallarından birinə müraciət etdik, ancaq o, bundan imtina etdi. Həmin marşalın kim olduğunu biz - nə mən, nə də Rudenko soruşmadıq...

Xruşşov məni yalnız müharibədən tanıyırdı - cəbhədəki döyüş əməliyyatlarından... Müharibədən sonra biz hərdənbir görüşürdük. Görünür, onun mənə qarşı yaxşı münasibəti varmış. Əvvəllər mən Beriyanı şəxsən tanımırdım və onunla görüşməmişdim, haqqında ancaq mətbuatdan oxumuşdum. Ona görə Xruşşovun təklifini Bulqanin tərəfindən dəqiqləşdirilmiş, partiyamızın, bizim MK-nın, onun Rəyasət Heyətinin tapşırığı kimi qəbul etdim. Qeyd etməliyəm ki, MK Rəyasət Heyətinin bütün üzvləri -  V.M. Molotov, Q.M.Malenkov, K.Y.Voroşilov və başqaları ona yaxşı münasibət bəsləyirdilər.

26 iyun saat 11.00-da biz Bulqaninin təklifilə onun maşınına oturub Kremlə getdik. Onun maşınında hökumət siqnalları var idi və Kremlin girəcəyində yoxlanılmırdı. Nazirlər Sovetinin binasına daxil olub Bulqaninlə mən liftlə çıxdıq, A.İ.Baskov, P.F.Batitski, İ.Q.Zub və V.İ.Yuferev isə pilləkənlə qalxdılar, Bizim arxamızca digər maşında Q.K.Jukov, L.İ. Brejnev, Şatilov, Nedelin, Getman və A.M.Pronin gəlirdilər. Bizim hamımızı Bulqanin Malenkovun kabinetinin yanındakı gözləmə otağına apardı və özü Malenkovun kabinetinə girdi.

Bir neçə dəqiqədən sonra Xruşşov, Bulqanin, Malenkov və Molotov çıxdılar. Onlar deyirdilər ki, son vaxtlar Beriya MK Rəyasət Heyətinin üzvləri ilə nəzakətsiz davranır, onlara qarşı casusluq edir, telefon danışıqlarına qulaq asır, kimin hara getdiyinə, Rəyasət Heyətinin üzvlərinin kimlərlə görüşdüyünə göz qoyur, kobudluq edir və s. Onlar məlumat verdilər ki, indi MK Rəyasət Heyətinin iclası başlayacaq. Sonra Malenkovun köməkçisi Suxanovun şərti işarəsi ilə biz kabinetə girib Beriyanı həbs etməliydik. Bu vaxt o hələ gəlməmişdi...

Ardı var...

Növbəti yazıda Beriyanın Xruşşov tərəfindən həbs edilməsi, Beriyanın həbsdən qaçırılma planı və Beriyanın yazdığı məktubları sizə təqdim edəcəyik. (olke.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar