Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın altı vitse-prezidenti vəzifəsindən azad edilib. İstefaya göndərilənlərdən dördünün adı bəllidir: Mikayıl İsmayılov, Tofiq İbrahimov, David Məmmədov və Xaliq Məmmədov.
Mənbələr bildiriblər ki, SOCAR-da kütləvi kadr dəyişiklikləri şirkətdə aparılan islahatlar və strukturun yenidən formalaşdırılması ilə bağlıdır. Hələlik SOCAR vitse-prezidentlərin vəzifələrindən azad edilməsi haqda xəbərləri təsdiqləmir.
Şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Yeniavaz.com-a açıqlamasında bildirib ki, SOCAR-ın vitse-prezidentlərini vəzifəyə Azərbaycan Respublikasının Prezidenti təyin edir:
“Buna görə şirkətin hər hansı bir vitse-prezidentinin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi məhz cənab Prezidentin müvafiq sərəncamı ilə təsbit olunur”.
pia.az