Bütün dünyada tətbiq olauanan deputatların toxunulmazlıq immunetitinə sahib olması niyə lazımdır? Seçilmişlərin öz seçiciləri kimi sıradan vətandaş kimi yaşaması və fəaliyyət göstərməsi daha doğru və məntiqli deyilmi?..
Fəzail Ağamalı: “İntizam komissiyası deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsini yetkinliklə qəbul edib”.
Tural Abbaslı: “Qanunun pozuntusu edən hər bir şəxsə qarşı toxunulmazlığın aradan qaldırılmasının tərəfdarıyam”.
Milli Məclisin İntizam Komissiyasının iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimata baxılıb.
Toplantıda komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.
Rəy müzakirələrdən sonra parlamentin sabah, avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, Eldəniz Səlimov toxunulmazlığı ləğv edilən və mandatdan məhrum edilən ilk deputat deyil. Bundan əvvəl bir çox deputatların immunitetdən məhrum edilərək mandatı əlindən alınıb. Hətta onların arasında bəziləri həbs də edilib. Elə Eldəniz Səlimov üçündə Gülər Əhmədova, Hüseyn Abdullayev kimi həbsxana qapısının açılması istisna olunmur.
Bəs bütün dünyada tətbiq olauanan deputatların toxunulmazlıq immunetitinə sahib olması niyə lazımdır? Seçilmişlərin öz seçiciləri kimi sıradan vətandaş kimi yaşaması və fəaliyyət göstərməsi daha doğru və məntiqli deyilmi? Ümumiyyətlə toxunulmazlığı olmayan deputat sıradan bir vətəndaş kimi xalqa daha səmimi olmazmı və öz vəzifəsinə və xalqın problemlərinə daha məsuliyyətli yanaşmazmı?
Mövzunu PİA.az-ın əməkdaşı Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı və AG partiya sədri Tural Abbaslı ilə müzakirə edib.
Fəzail Ağamalı: “Komissiyanın 10 üzvü Baş Prokurorluğun Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi qərarına səs verdi və təsdiqlədi”.
“Bəli, bu gün Milli Məclisin İntizam komissiyası polisi döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsini müzakirə etdi. İntizam komissiyası deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsini yetkinliklə qəbul etdi. Yəni komissiyanın 10 üzvü Baş Prokurorluğun Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi qərarına səs verdi və təsdiqlədi.
Deputatın toxunulmazlığının niyə lazım olması ilə bağlı onu deyə bilərəm ki, deputatın immuniteti oldu, ya da olmadı, o, həmişə xaqlı ilə səmimi olmalı və xalqın qarşısında məsuliyyətini başa düşməlidir”.
Tural Abbaslı: “Güman edirəm ki, bizdə də xuliqan millət vəkilinin toxunulmazlığı qaldırılar və o qanun qarşısında cavab verər”.
Şəxsi biznesin inkişafı üçün toxunulmazlıqdan istifadə olunduğunu bildirən partiya sədri əlavə edib ki, buna görə də Xaçmaz olayından olan hadisə baş verir:
“Toxunulmazlıq millət vəkillərinə və digər məmurlara rahat şəkildə fəaliyyət göstərmək üçün verilir. Yəni həmin şəxs çəkinmədən, qorxmadan xalqın, yaxud da seçildiyi dairənin təmsilçiliyini cəsarətli şəkildə ortaya qoya bilsin. Düşünürəm ki, millət vəkillərinə toxulmazlıq hər hansı cinayət təqibindən, yaradıla biləcək suni problemlərdən yayınsın, deyə qoyulub.
Onu da qeyd edim ki, müxalif millət vəkilləri onların toxunulmazlıq hüquqlarının olduğunu bildikləri üçün öz müxalif mövqelərini rahatlıqla ifadə edə bilirlər. Amma təəsüflə deməliyik ki, son zamanlar cəmiyyətdə bu toxunulmazlıq neqativ halların baş verməsinə səbəb olub. Hətta deputatlar şəxsi biznesin inkişafı üçün bu toxunulmazlıqdan istifadə olunur. Buna görə də Xaçmazda olan hadisə baş verir. Bu hadisəyə görə mən millət vəkillərinin toxunulmazlığının ortadan qaldırılmasının tərəfdarı deyiləm. Amma qanun pozuntusuna yol verən hər bir şəxsə qarşı toxunulmazlığın aradan qaldırılmasının tərəfdarıyam.
Qeyd edim ki, millət vəkillərinin toxunulmazlığının qaldırması Türkiyədə də var. Yəni əgər millət vəkili cinayətə qoşulur, yaxud da qanundan kənar hərəkət edirsə, onun toxunulmazlığı ləğv edilir. Güman edirəm ki, bizdə də xuliqan millət vəkilinin toxunulmazlığı qaldırılar və o qanun qarşısında cavab verər”.
Nərminə UMUDLU
pia.az