Bazar ertəsi, 23 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiya onları da menyüsünə qata bilər – “Foreign Policy”

ABŞ-ın “Foreign Policy” jurnalında “Rusiya onları da menyüsünə qata bilər – Baltikyanı ölkələrin vətəndaşları təşviş içindədir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi latviyalı jurnalist Kristaps Andreysonsdur. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.

Neçə aydır Baltikyanı ölkələr həyəcan içindədir. Tarixi bilənlər buna təəccüblənməzlər: Baltikyanı əhalisinin Rusiyadan ehtiyatlanması və keçmiş sovet məkanında baş qaldırmış qarışıqlıqdan narahat olması çox təbii haldır.

Estoniya, Latviya və Litvanın daxil olduğu Baltikyanı bölgəni əvvəlcə çar Rusiyası işğal edib. XX əsrdə iki dünya müharibəsi arasındakı qısa bir zaman çərçivəsində müstəqillik qazanan bölgə İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqının işğalı altına düşüb.

Moskvadakı revanşistlər hesab edirlər ki, onların bu bölgəyə indi də nəzarət etməyə haqqı var, baxmayaraq ki, Estoniya, Latviya və Litva artıq 30 ildir müstəqil dövlətlərdir.

Belarusun ruspərəst diktatoru Aleksandr Lukaşenkonun Polşa, Litva və Latviya ilə sərhəddə yaratdığı miqrasiya böhranı, Ukrayna münaqişəsinin daha da kəskinləşməsi ehtimalı, bugünlərdə Qazaxıstanı cənginə alan xaos, sərt repressiyalar – bütün bunlar Baltikyanı ölkələrin vətəndaşlarında indən belə arın-arxayın yaşamağın mümkün olmayacağı düşüncəsini doğurub. Daha belə bir arxayınlığa yer yoxdur, kollektiv təhlükəsizliyə diqqət yetirmək, təhdidlərə ciddi yanaşmaq və hərbi büdcə barədə yaxşı-yaxşı düşünmək zamanıdır.

Narahatlıq rəsmi səviyyədə açıq nəzərə çarpır. Latviya Dövlət Təhlükəsizlik Xidməti 2021-ci il üzrə hesabatında ölkənin təhlükəsizliyini ən çox Rusiya xüsusi xidmət orqanlarının təhdid etdiyini göstərib. Sonra Çinin və Belarusun xüsusi xidmət orqanlarının adları çəkilib.

Dövlət Təhlükəsizlik Xidməti illik hesabatı açıqladığı günlərdə Latviya, Estoniya və Litvanın müdafiə nazirləri Kaunas şəhərində görüş keçiriblər və yekunda birgə bəyanatla çıxış ediblər. Onlar avropalıları Rusiya və Belarusun Avropada sabitliyi pozmaq cəhdlərinə qarşı birlikdə mübarizə aparmağa səsləyiblər.

Nazirlər Rusiyanın Avropada təsir dairələri yaratmaq və suveren dövlətləri öz gələcək yolunu seçmək hüququndan məhrum etmək cəhdlərini də pisləyiblər. Onlar xatırladıblar ki, Baltikyanı ölkələrin vətəndaşları tarixən belə cəhdlərin nə ilə nəticələndiyini unutmayıblar.

Müdafiə nazirlərinin birgə bəyanatında Rusiyanın Ukrayna sərhədinə qoşun cəmləməsindən də narahatlıq ifadə olunub. Baltikyanı ölkələrin Ukraynanın yanında olduğuna aid hissə isə bəyanatın ən vacib hissəsi sayıla bilər. Nazirlər vurğulayıblar ki, Ukraynanın müdafiə qabiliyyəti təcili gücləndirilməlidir və Baltikyanı dövlətlər Ukraynaya istər hərbi, istərsə də qeyri-hərbi sahədə hər cür təxirəsalınmaz yardım göstərməyə, o cümlədən Ukraynanı müasir silahlarla təchiz etməyə hazırdır.

Əslində burada yeni bir şey yoxdur. Baltikyanı ölkələrlə qonşuluqdakı köhnə işğalçı dövlət arasında münasibətlər həmişə gərgin olub. Və bu da yeni xəbər deyil: Rusiyanın yalnız korrupsioner, demokratiyanı sıxışdıran qonşuları ilə xoş münasibət qurduğunu hamı bilir.

Rusiyanın qonşuları onun 1956-cı ildə macar inqilabını, 1968-ci ildə “Praqa baharı”nı necə yatırtdığını yaxşı xatırlayırlar. Baltikyanı ölkələrin vətəndaşları sovet dövrünün başqa müsibətlərini – QULAQ düşərgələrinə kütləvi deportasiyaları (QULAQ – İslah-Əmək Düşərgəsi Baş İdarəsinin rusca abreviaturasıdır; QULAQ düşərgələri sovet dövrünün həbs düşərgələri deməkdir), Baltikyanı bölgə işğal ediləndən sonra burada müqavimət hərəkatının necə əzildiyini, daima KQB (SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi) işçilərinin səni küçədə tutub üzdən çörək, yaxud poçt maşınına oxşayan avtomobilə basıb aparacağı qorxusu altında keçən günləri yaddan çıxarmayıblar.

Məhz keçmişin bu ağrılı xatirələri Baltikyanı ölkələrin vətəndaşlarını rahatlaşmağa, arxayınlaşmağa qoymur. Çünki onlar Rusiyanın indiki siyasətinin sovet dövründəkindən çox az fərqləndiyini görürlər. Rusiya prezidenti Vladimir Putin artıq hakimiyyət müddətinə görə Leonid Brejnevi də ötüb keçib, qalıb İosif Stalin. Brejnev Sovet İttifaqına 17 il, Stalin 30 ilə yaxın rəhbərlik edib, hər ikisi hakimiyyət başında ölüb.

2008-ci ildə Gürcüstanda guya sərhəd münaqişəsinə görə baş qaldıran proseslər eynən 1939-40-cı illərin Qış müharibəsini – Sovet İttifaqının Finlandiyaya hücumunu xatırladır.

Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi isə Sovet İttifaqının 1940-cı ildə Baltikyanı ölkələri işğal etməsi ssenarisinin təkrarıdır.

Rusiyanın xalq üsyanını yatırtmaq üçün Qazaxıstana qoşun yeritməsinə gəlincə, bu da SSRİ-nin 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya qoşun yeridib xalqa tutduğu divanı yada salır.

Sovet dövründə bir lətifə vardı: Varşava Müqaviləsi Təşkilatı kimdən müdafiə olunmaq üçündür? Özününkülərdən. Ona görə yalnız öz üzvlərinə hücum çəkir.

Varşava Müqaviləsi Təşkilatı SSRİ-nin yaratdığı hərbi blok idi, Macarıstan, Çexoslovakiya da bu blokun üzvü idi.

İndi Rusiya Federasiyasının yaratdığı hərbi blok – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da özününkülərə hücum çəkir. Qazaxıstan bu blokun üzvüdür.

Məhz ümumi keçmişinə görə Baltikyanı ölkələr Ukraynaya kömək etməyə, onu mümkün qədər dəstəkləməyə hazırdır.

Baltikyanı dövlətlər keçmişdə buraxılan səhvlərdən dərs götürüblər, başa düşüblər ki, salamat qalmağın yeganə yolu kollektiv təhlükəsizlikdədir. Onlar NATO üzvlüyünə çox ciddi yanaşırlar və yalnız bu alyansa qoşulandan sonra az-çox rahat nəfəs ala biliblər.

Baltikyanıda hətta avropaçılıq ideyasını bəyənməyənlər, bir çox məsələdə Brüsselə və ABŞ-a şübhə ilə baxan populist siyasətçilər belə ölkələrinin NATO-ya üzv olmasını tənqid etmir, orduya pul xərcləməyin zəruriliyini danmırlar. Və təbii ki, Rusiyanın son davranışı fonunda Baltikyanıda NATO-ya dəstək daha da artıb.

Ancaq alyansın başqa üzvlərindən fərqli olaraq Baltikyanı ölkələrdə “Rusiya bizə hücum etməz, çünki biz NATO-nun bir parçasıyıq” düşüncəsi hakim deyil. Bu düşüncə Baltikyanıda köhnəlib, arxa plana keçib. İndi burada “Rusiya yenidən hücuma keçəndə (hücuma keçərsə yox, keçəndə) biz özümüzü müdafiə edə biləcəyik, 1940-cı il təkrarlanmayacaq” düşüncəsi üstünlük təşkil edir, xüsusilə də gənclər və hərbçilər arasında. Baltikyanı məkanda təxminən ABŞ Milli Qvardiyası tipli mütəşəkkil hərbi birliklərə üzv yazılanların sayı sürətlə artır. Ötən il bu artım 11,5 faiz olub.

Baltikyanı dövlətlərin hərbi komandanlıqları Rusiyaya həmişə şübhə ilə yanaşıb. 2018-ci ildə mən Latviya Milli Qvardiyasının sovet dövründə Əfqanıstanda qulluq etmiş bir zabitindən müsahibə götürmüşdüm. O, birbaşa, qəti əminliklə deyirdi: “Müharibə olacaq. Bilmirəm nə vaxt, necə, amma olacaq, özü də yaxın vaxtda. Həmişə belə olur – Rusiyada nəsə qeyri-adi bir dəyişiklik baş verməyibsə, deməli, müharibə qaçılmazdır. Başqa cür mümkün deyil. Keçmişdə də belə olub, gələcəkdə də belə olacaq”.

Postsovet məkanında insanlar belə düşünürlər: günün birində ruslar yenə üstümüzə əsgər göndərəcəklər. Başqa məkanlarda yaşayan insanlar əvvəllər, xüsusilə Rusiya Gürcüstana və Ukraynaya hücum edənə qədər bu cür danışanlara xəstə təfəkkürlü adam – paranoik kimi baxırdılar.

Tutalım, Baltıkyanı ölkələrin vətəndaşları rus siyasətçilərin Çeçenistanla bağlı bəyanatlarından, yaxud Rusiyada müxalifətin əzilməsindən narahat olduqlarını deyəndə onları küyçü, qorxaq adlandırırdılar. Ancaq Baltikyanı ölkələrin adamları nə dediklərini yaxşı bilirlər. “Başımız çox çəkib, biz hədələrə barmaqarası baxa bilmərik” – onlar əvvəl də belə düşünüblər, indi də belə düşünürlər.

Narahatlığa əsas verən səbəblərdən biri odur ki, Baltikyanıda adamların çoxu rusca danışır. Rus dili Sovet İttifaqının dövlət dili olub, onu SSRİ-nin hər yerində bilmək məcburi idi. Sovet dövründə genişmiqyaslı ruslaşdırma siyasəti aparılırdı, rus dili bütün respublikalara təlqin edilirdi.

İndi rus dili Latviya əhalisinin 37 faizinin ana dilidir. Rusca üyüdənlərin sayı bundan da artıqdır. Latviyanın xeyli vətəndaşı Rusiyanın istər dövlət, istərsə də özəl kütləvi informasiya vasitələrinin izləyicisidir.

Məlum olduğu kimi, Qərb kütləvi informasiya vasitələri Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski sayaq populistlərə, oyunbazlara, təcili Kiyevi bombalamağa çağıran “cib müxalifəti” nümayəndələrinə tribuna vermir, onlara yer ayırmır. Amma Baltikyanıda belələrini diqqətlə izləyirlər.

Rusiyanın məşhur jurnalistlərindən biri, “Exo Moskvı” radiosunun  aparıcısı Aleksandr Nevzorov bu yaxınlarda belə deyib: “Bilirsizmi Rusiya mediası hansı məlumatlarla dolub-daşır? Bax, bu cür məlumatlarla: qonşularımız bizdən qorxmalıdır, biz dünyanı radioaktiv qəbiristanlığa çevirməyə qadirik, bizim hərbçilər qonşu ölkələri bir sutkadan da az vaxtda zəbt edə bilərlər, SSRİ dövründəki sərhədləri bərpa etməsək də, çar Rusiyası dövründəki sərhədləri hökmən bərpa edəcəyik, o torpaqların hamısı rusların ana vətənidir…”

Nevzorov bunu deyəndən sonra qayıdıb ki, Rusiya bütün bu təbliğatı aparır, qonşularımız bizə qulaq asır, dediklərimizə inanır, bizi ciddi qəbul edib etiraza qalxırlar: “Sonra da təəccüblənirik ki, bunlara nə oldu belə…”

Məncə, Aleksandr Nevzorovun söylədikləri Baltikyanı dövlətlərdə, ümumiyyətlə bütün keçmiş sovet məkanında yaranmış vəziyyəti, ovqatı çox dəqiq izah edir.

Başımız çəkib, necə deyərlər, görə-görə gəlmişik. Bu gün hədəfdə Qazaxıstanla Ukraynadır. Sabah sıra bizə çata bilər. Əgər biz indi Ukraynaya yardım etməsək, onu dəstəkləməsək, sabah kimin köməyinə ümid edə bilərik?

1940-cı ildə biz heç nə etmədik, eləcə küncə qısılıb gözlədik, dedik hər şey öz-özünə qaydasına düşər. Düşmədi! Stalin ildırım sürətiylə başımızın üstünü aldı, bizə elə divan tutdu, elə dağ çəkdi, heç vaxt yadımızdan çıxan deyil.

Ona görə biz Rusiyanı eşidir və onun dediklərinə inanırıq. İnanmaya bilmərik. Əsasımız yoxdur. Hələ ki, buna inanmamaq üçün bizə əsas verən olmayıb.

Kristaps Andreysons (Foreignpolicy.com)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Absurdun ötəsində: ARB Elza üçün 60 min manat toplayır, 4 medallı Şuşa qazisi isə komada yaşayır...

İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başa çatıb - Foto, Video, Yenilənib

Brüsseldə Prezident İlham Əliyevin Şarl Mİşel və Nikol Paşinyan ilə görüşü başa çatıb- Yenilənib

Britaniya kral ailəsi ukraynalı qaçqınları evində yerləşdirib

Rusiya “İskəndər”ləri Ukrayna sərhədləri yaxınlığında yerləşdirib

"Chessable Masters": Şəhriyar Məmmədyarov son görüşlərini keçirəcək

Keşlədə Şəhidlər xiyabanı yaxınlığında gecə klubu açılması etirazlara səbəb oldu - Video

Bakıda qaraçılar Rusiya vətəndaşını bıçaqladı

Litva Rusiyadan elektrik enerjisinin idxalından imtina edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Ən çox oxunanalar