Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubanın ağ alması fermerlərin qanını niyə qaraldıb?

Alma yetişdirmək Quba-Xaçmaz bölgəsində əksəriyyətin əsas dolanışıq mənbəyidir. Ötən il məhsuldarlıq yüksək olsa da, qiymət çoxları üçün sərfəli olmayıb. Bu il isə meyvənin inkişaf edən vaxtı hökm sürən kəskin istilər məhsuldarlığa təsirsiz ötüşməyib. Yayda çaylarda suyun səviyyəsi azalıb. Bir yandan suvarma problemi, bir yandan da ziyanvericilər səbəbindən fermerlər bu mövsüm zərərlə üzləşiblər. Üstəlik, yığım mövsümündə bir neçə gün davam edən yağış da meyvə bağlarına zərər vurub, məhsul yığımı dayandırılıb.

Söhbətləşdiyimiz fermerlər deyirlər ki, ənənəvi yerli sortlar get-gedə sıradan çıxır, məhsuldarlıq ildən-ilə azalır. Qazanc əldə etmək üçün daha məhsuldar, xəstəlik və ziyanvericilərə davamlı xarici sortlara üstünlük verməyə başlayıblar. “Qubanın ağ alması” yavaş-yavaş yerini yapon alması, yaxud digər xarici sortlara verir.

Alekseyevka kəndindən Nuhbalayev deyir ki...

Qubalı fermer Yusif Nuhbalayev virtualaz.org-a deyir ki, yaşadığı Alekseyevka kəndində onun kimi zərərlə üzləşənlər çoxdur. Almanın kiloqramını 70 qəpikdən satmaq istəyir ki, xərci borcunu ödəsin, amma alıcı uzaqbaşı 45 qəpik təklif edir: “Quraqlıq nəticəsində zərərvericilər çox oldu. Dərmanlar isə keyfiyyətsizdir, zərərvericilərə təsir etmir. Nəticədə almanın keyfiyyəti yaxşı olmadı”.

Fermerin sözlərinə görə, o alıcını qınamır. Çünki bazarda yer haqqından tutmuş, yeşiyə qədər xərclər artıb.

“Ötən il 100 tona yaxın məhsulumuz oldu, meyvə bol olduğundan ucuzlaşdı. Bu il qiymət yaxşıdır, meyvə azdır. Hələlik Rusiya bazarına məhdud sayda alma aparılır. Rusiya bazarlarında Azərbaycan almasına təlabat artsa, bu il yerli bazarlarda alma baha olacaq”, -fermer deyib. Əlavə edib ki, bu il 1 hektar ərazidə superintensiv bağ salıb. Növbəti illərdə həmin bağda məhsuldarlıq yüksək olacaq.

“Bağlar susuzluqdan yandı…”

Digər fermer Şahin Xıdırov da məhsuldarlıqdan narazıdır. Ş.Xıdırov deyir ki, builki mövsümdə bağlar susuzluqdan yanıb. Yalnız superintensiv bağlarda, eləcə də çay kənarında yerləşən kəndlərdə məhsuldarlıq yüksək olub.

Adının açıqlanmasını istəməyən Xaçmazlı fermer isə deyib ki, bir neçə ilədək zərərvericilərə qarşı dərmanları uzaqbaşı 4-5 dəfə istifadə edirdi, indi isə nəticə əldə etmək üçün 9-10 dəfə dərman vururlar: “Marketlər ölçülər verirlər, deyirlər ki, bu ölçüdə, belə görüntülü alma gətir. Yəni seçmə məhsul alırlar. Seçmə məhsul üçün isə dərmanlar keyfiyyətli olmalıdır”.

Qubanın Birinci Nüğədi kəndindən olan fermer Mübariz Nadirov isə builki mövsümdə həm məhsuldarlıqdan, həm də qiymətlərdən razıdır. Onun sözlərinə görə, dövlətin dəstəyi ilə subartezian quyular qazılıb, damcı suvarma qurğusu çəkilib. Builki quraqlıqda su problemi yaşamayıblar.

“Sahəmizdən kənarda 4-5 hektar bağımız var, həmin ərazilərdə bir az problemlə qarşılaşdıq. Buna baxmayaraq meyvə boldur. Tək almanın deyil, armudun, şaftalının da məhsuldarlığı yüksək oldu”,-fermer bildirib.

Məşhur kinoda deyildiyi kimi, alma var, alma var…

M.Nadirov almanın kiloqramını 1 manat – 1 manat 20 qəpikdən satıldığını deyir. Bildirir ki, yaxşı sort, keyfiyyətli almanın alıcıları var: “Fransa sortundan əkmişik. Damla suvarmada xərclər ənənəvi bağlarda çəkilən xərclərdən çoxdur. Ancaq 20 qəpik xərcləyiriksə, 30 qəpik əlavə qazanc götürürük. Hazırda yığım davam edir”.

Qusarlı fermerlərdən biri isə danışıb ki, əksəriyyət pay torpaqlarında bağ salıb, hansı ki, həmin ərazidə su çatışmazlığının olacağını əvvəlcədən biliblər. Əkin üçün yararlı torpaqlarda meyvə bağı salanlar da var: “Dağın yamacında bağ salıb, deyir suvara bilmədim, məhsulum yaxşı olmadı. Bunu da bilməlidirlər ki, meyvə bağını hər boş ərazidə salmaq olmaz. Hansı sort hansı torpaq üçün yararlıdır, əvvəlcədən öyrənməlidirlər. Sonra da ziyana düşməkdən şikayətlənirlər”.

Kərimov qazancın yolunu tapıb-“Sakuray” becərir

Qubalı fermer Alik Kərimov isə dünyada bahalı almalardan hesab edilən Yapon alması - “Sakuray” becərir. Onun sözlərinə görə, bu almanın alıcısı həmişə var. Yapon alması yerli məhsuldan bahadır. Bazarda irisi 2 manat 50 qəpikdən, xırdası isə 1 manat 50 qəpikdən satılır: “Marketlərdən sifariş var. Soyuducu anbarda saxlanmadan da mart-aprel aylarınadək xarab olmur. “Qolden” alması 30-50 qəpik arası satılır. Almanı saxlayarkən kəpəkləşir, Yapon alması isə kəpəkləşmir. Bağdakı ağaclardan yeddi yüzü Yapon almasıdır. Həm qiymətdən, həm də məhsuldarlıqdan razıyıq. Yapon mütəxəssisləri də bizim bağımızda olublar”.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Babakişi Quliyev isə virtualaz.org-a bildirib ki, qlobal istiləşmə hər sahədə özünü büruzə verir. İsti hava və bunun nəticəsində yaranan su azlığından məhsuldarlıq gözlənilən kimi olmayıb.

“Alim kimi deyirəm, dərmanlar keyfiyyətsizdir…”

“82 yaşım var, illərimi kənd təsərrüfatı sahəsinə həsr edən alim kimi məsuliyyətlə deyirəm, kimyəvi dərman və preparatlar keyfiyyətsizdir. Bu barədə deputat Vahid Əhmədova da məlumat vermişəm. Kimyəvi dərmanlar dövlət səviyyəsində satılmalıdır. Ayağı yer tutan gedib dərman alıb gətirir. Quba-Qusar bölgəsində fermerlərin çörək ağacı almadır, meyvələrdir. Pambıq və ya digər əkin sahələri yoxdur. Fermerlər bu dərmanlardan almağa məcburdurlar. Xaçmaz və Qubanın konservi zavodlarının maşınları meyvə yetişməmişdən bu günə kimi işləyir, alma daşıyırlar”,-alim deyib.

Onun sözlərinə görə, bir bağda yaxşı meyvə olur, digərində olmur: “Son vaxtlar ağıllı bağlar salınıb, aqrar sektor inkişaf etdirilir. Yeni sortlar alınır, fermerlərə köməklik edilir. Amma dərmanın tərkibindəki ana maddənin faizi azdır, ziyanvericini öldürmür. Vaxtı ilə 4-5 dəfədən artıq bağlara dərman vurulmazdı, indi 10-11 dəfə dərman vururlar. Bir meyvədə 4-5 qurd var, onu kim alar? Məcbur olub konserv zavodlarına verirlər. Konserv zavoduna meyvə satmaq fermerə sərf etmir, hər fermer qazanc götürə bilmir. Yapon alması yaxşı becərilir, qiyməti də sərfəlidir. Xəstəliyə, ziyanvericilərə davamlıdır. Fermer qazanc gətirən sahələrə gedirlər”.

Hazırda bazarlarda almanın kiloqramı 60 qəpikdən 3 manatadəkdir. Satıcılar deyirlər ki, hava nisbətən düzəlib, yığım davam edir. Buna görə də ay sonunadək qiymətlər azalacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar