Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qax sakini yeni PUA modeli hazırlayıb - Video

Qax rayon sakini 43 yaşlı Anar Qocayev uşaqlıq illərindən aviamodellərə maraq göstərib. O, bu marağını təkmilləşdirib və pilotsuz uçuş aparatlarının (PUA) yeni modellərini hazırlamağa başlayıb. Onun hazırladığı modellər müəyyən bir məsafədə uçuş həyata keçirir və pult vasitəsilə uzaqdan idarə olunur.

"Report"un Şimal-qərb bürosu PUA modellərini hazırlayan A.Qocayevlə həmsöhbət olub.

Anar Qocayev bu vaxta qədər onlarla PUA modelləri hazırlayıb. Onun sözlərinə görə, onda bu sahəyə maraq hələ uşaq yaşlarından yaranıb:

"Evimizin altında olan kitabxanada uşaqların təkmilləşməsi üçün olan jurnallar var idi. Həmin jurnallarda "Özün düzəlt" mövzusuna uyğun olaraq modellər var idi. Oradan maraq başladı, karton və kağızlarla modellər hazırlamağa başladım. Amma indiki kimi zəngin texnologiya yox idi. Ötən əsrin 90-cı illərində müharibə və iqtisadi çətinliklərin olduğu çətin dönəm idi. Bir müddət belə hobbilər unuduldu. Müstəqillik əldə etdikdən sonra tədricən bu sahəyə maraq artdı. İnternetin inkişafı isə informasiya bolluğu yaratdı. Gördüm ki, xarici ölkələrdə bu cür materiallar var və böyük irəliləyişlər gedir. Mənim də içimdə keçmiş hisslər oyandı. Başladım təqib etməyə ki, müasir texnologiyalar, materiallar, pultlar və motorlar hansılardır. İdarə olunmaları ilə maraqlandım. Həminki dövrdə kollektorlu motorlar idi. İndi isə daha mükəmməl motorlardır. 2015-ci ildən tədricən bu işə başladım və ilk pultumu sifariş etdim. Pultla birlikdə balaca bir motor da gəldi. Məbləğ isə 80 ABŞ dolları tutdu. Üstündə bir neçə dənə pər də hədiyyə göndərdilər. İlk modelim 10-cu saniyədə yerə çırpıldı və parçalandı. Amma yaxşı ki, elektronika hissələrinə ziyan dəymədi. Hissələrini üstündən çıxardım. Yenidən bir model hazırladım. Elə o da bir az uçduqdan sonra yerə düşdü və parçalandı. Heç bir dəqiqə də uçmadı. İndiyə qədər 20-dən çoxunu qırmışam. İlk uçuş üçün yoldaşlar da tamaşaya gəlirdi. Amma havaya qalxmağıyla düşməyi bir olurdu. Peşman şəkildə geri dönürdük. Bu proses dəfələrlə təkrarlanırdı. Hər bir iş belədir, müəyyən vaxt tələb edir ki, təcrübə yığasan. Həmin təcrübələrdə harada səhvə yol verdiyini, necə səhv etdiyini anlayırsan. PUA-ların hazırlanmasında belə böyük səhvlərə yol vermişdim. Əyriliklər və böyük uyğunsuzluqlar var idi. Sonradan tədricən o səhvləri aradan qaldırdım. Onun müqabilində təcrübəm artdı və PUA-nı daha dəqiq düzəltməyə başladım. Uçuş müddəti də 10 saniyədən 30-40 saniyəyə yüksəldi. Sonradan daha da təkmilləşdikcə uçuş müddəti artıq bir neçə dəqiqəyə çatdı. PUA-nı idarə edərkən artıq pultdan daha sərbəst istifadə etməyi öyrəndim. Keçmiş səhvlərdən nəticə çıxararaq bugünkü vəziyyətə çatdım. Amma bu proses illərlə vaxt aldı. Satdığım modellərdən başqa, istifadə etdiyim və sıradan çıxmış modellər də olub. Bəzilərinin şəkilləri qalıb, bəzilərinin isə yox. Hansı modeli gözüm tutursa, həmin modelin çertyojunu axtarıb tapıram. Elələri də olur ki, həmin modellərə özümdən əlavələr edirəm. Düşünürəm ki, belə daha düz olar".

PUA-nı penoplastdan hazırlayan Anar Qocayev bu materialın daha yüngül olduğunu və uçuş zamanı daha sürətlə hərəkət etdiyini bildirir:

"Hissələrində alüminium və taxta qırıntılarından istifadə edirəm. Mühərrikin bağlanması üçün olan hissələri fanerdən hazırlayıram və mühərrik ora bağlanır. Materialları əldə etmək də çox çətindir. Karbon materialı var ki, həm bahadır, həm də xaricdən gəlməsi aylarla vaxt alır. Həmin materialı daha ciddi modellərdə istifadə edirəm".

Hazırladığı PUA modelləri ilə yaşadığı rayonda və bölgədə məşhurlaşan usta əl işlərindən gəlir də əldə edir. O, hətta müştərinin istəyinə uyğun olaraq PUA modelləri də yığdığını deyir:

"Satdığım modellər də olub. Hətta sifariş də ediblər ki, belə model olsun, bu cür formada olsun. Mən də necə sifariş olubsa, elə yığmışam. Uçurub videosunu da çəkmişəm və müştəriyə təqdim etmişəm. Ən bahalı modelim 150, ən ucuzu isə 80 manat olub. Amma onu deyim ki, bu qiymət insanları çaşdırmasın. Çünki yalnızca modelin özünü verirəm. Bura akkumulyator və qəbuledici pult daxil deyil. Sırf modelin özü və motoru satılır. Kim alırsa, akkumulyatorunu və qəbuledicisini özü yerləşdirməlidir”.

Pilotsuz uçuş aparatlarının 44 günlük Vətən müharibəsindəki önəmindən danışan Anar Qocayev PUA-ların çox böyük faydalı iş əmsallarının olduğunu qeyd edir:

"Gələcəkdə bu təyyarələri kənd təsərrüfatında da istifadə etmək olar - itən heyvanları tapmaq üçün. Hətta yanğın olan ərazinin yerini dəqiq müəyyənləşdirmək üçün də istifadə etmək olar. Axtarış edərkən böyük maliyyə tələb edən helikopterlərdən istifadə etməkdənsə, belə PUA-lardan istifadə daha rahat və sərfəli olar. Bundan başqa, gələcəkdə reklam işlərinin çəkilişi üçün də istifadə etmək fikrim var. Hər hansı bir turizm obyektini reklam etdirmək istəyərlərsə, bu PUA-larla çəkiliş aparmaq olar. Bu tip PUA-ların bir üstünlüyü də var ki, enerji sərfiyyatı dronlardan 4-5 qat azdır. Dronların uçduğu vaxtın 5 qatını bu PUA-lar uça bilir. Çünki dronlar 4 motorludur. Bu PUA-lar isə 1 motorludur. Bu da o deməkdir ki, dronlara daha böyük akkumulyatorlar lazım gəlir. Bu isə aparatın yükünü artırır".

Hazırda məişət avadanlıqlarının təmiri ilə məşğul olan usta gələcəkdə özünü bu sahədə daha da inkişaf etdirmək istəyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar