Bazar, 02 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Laçın səfəri: Ermənistana sonuncu “bal və balta təklifi”...

Politoloq: “Prezident baş verənlər haqda ətraflı olmasa da mühüm məlumatlar verdi”.

“İki ölkə arasında dövlət sərhədləri qeyri-müəyyən qalırsa, tərəflərdən heç biri digərini sərhəd pozmaqda ittiham edə bilməz. Xüsusilə də Ermənistan”.

Bu sözləri politoloq Turan Rzayev prezident İlham Əliyevin Laçın səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyev erməni işğalından azad edilmiş Laçın rayonuna səfər edib. Səfər çərçivəsinə Prezident Laçın şəhərində Azərbaycan bayrağını ucaldıb. Daha sonra çıxış edən Prezident çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub.

“Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Bizi heç kimin çağırışı, heç bir bəyanatı, heç bir təşəbbüsü dayandırmayacaq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq”, deyə Prezident bildirdi.

Prezident qeyd edib ki, əgər ermənilər iddia etdikləri əraziləri özlərinki hesab edirlərsə, Onda niyə sərhəd xəttləri inşa etməyiblər: “Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər.

Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq”.

Prezident İlham Əliyevin Laçından verdiyi mesajları necə dəyərləndirərmək olar? Ümumiyyətlə sentyabrda baş verən döyüşlər Ermənistanı sülhə məcbur etmək üçün yetərli olacaq?

Prezidentin verdiyi mesajları PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Ermənistan konstruktiv olmayacağı təqdirdə rəsmi Bakı tarixi xəritələr əsasında ərazi iddialarını genişləndirə bilər”.

Prezidentin Ermənistandan konstruktiv davranıb danışıqlara qayıtmasını tələb etdiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, prezident ermənilərin diqqətinə çatdırır ki, əks təqdirdə əməliyyatların davam edəcəyi, hətta Ermənistanın təsəvvür edə bilməyəcəyi həddə çata bilər:

Prezidentin gündəliyində bir çox mövzu olsa da, hesab edirəm onlardan ən diqqət çəkəni Ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədi istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar və Azərbaycan ordusunun sərhəd təxribatlarına cavab olaraq həyata keçirdiyi hərbi əməliyyatlar barəsində danışması oldu. Prezident baş verənlər haqda ətraflı olmasa da mühüm məlumatlar verdi.

Dövlət başçısının fikirlərində tarixi və siyasi həqiqət var. Məsələ ondadır ki, Ermənistan 27 il ərzində qondarma “arsax”ın öz müqəddəratını təyin etməsi ilə bağlı yalan məlumatlar yaysa da özü heç vaxt bu qurumu dövlət kimi tanımayıb. Çünki Ermənistanın məqsədi regionda ikinci erməni dövləti yaratmaq deyil, Qarabağın işğalını bu yolla legitimləşdirmək idi. Məhz buna görə Prezidentin də dediyi kimi “əgər sərhəd onların dediyi yerdə idisə, sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar”. Qondarma qurumun “bayrağına” da diqqət etdikdə Ermənistandan qopma, ayrılma təsviri var. Əslində bu belə rəsmi İrəvanın işğalçılıq siyasətinin bir göstəricisidir.

Turan Rzayev: “Qondarma qurumun “bayrağına” da diqqət etdikdə Ermənistandan qopma, ayrılma təsviri var. Əslində bu belə rəsmi İrəvanın işğalçılıq siyasətinin bir göstəricisidir”.

Siyasi reallığa gəldikdə isə, 44 günlük müharibə sonrası rəsmi Bakı iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işlərin başlanmasını istədi. Mayın 23-də Brüsseldə Aİ Şurasının sədri Şarl Mişel ilə üçtərəfli görüşdən bir gün sonra Azərbaycan Prezidenti İlham ƏliyevErmənistan Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradıldığı barədə sərəncam imzalayıblar. Lakin həmin komissiya bu günə qədər istənilən səviyyədə iş görə bilmədi. Bunun səbəbi də birbaşa Ermənistandır. Rəsmi İrəvan vaxtaşırı etdiyi təxribatlar və diversiya hücumları nəticəsində komissiyanın işinə açıq şəkildə mane olur.

Nəticə etibarilə, bu gün Ermənistan ilə Azərbaycan arasında nə yekun sülh müqaviləsi, nə də sərhədlərin demarkasiya və delimitasiyasına dair bir sənəd yoxdur. İki ölkə arasında dövlət sərhədləri qeyri-müəyyən qalırsa, tərəflərdən heç biri digərini sərhəd pozmaqda ittiham edə bilməz. Xüsusilə də Ermənistan.

Yeri gəlmişkən, prezident də bu məsələ ilə bağlı bir daha qeyd etdi ki, “Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası”.

Prezidentin çıxışının bir digər diqqətçəkən məqamı isə “Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq Bütün xəritələri toplamışıq, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.

Turan Rzayev: “Prezident açıqca qeyd edir ki, biz sərhədlərin delimitasiya və demarkasiyasına dair işlərin yenidən başlanmasına razıyıq”.

Ölkə başçısının bu ifadəsi əslində Ermənistana qarşı "bal və balta" xəbərdarlığıdır. Belə ki, Prezident açıqca qeyd edir ki, biz sərhədlərin delimitasiya və demarkasiyasına dair işlərin yenidən başlanmasına razıyıq. Bu məsələnin bal tərəfidir. “Bütün xəritələri toplamışıq, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir” ifadələri isə balta mahiyyəti daşıyır. Yəni bizim əlimizdə bir yox, bir neçə tarixi xəritə var. Ermənistan konstruktiv olmayacağı təqdirdə rəsmi Bakı tarixi xəritələr əsasında ərazi iddialarını genişləndirə bilər. Misal üçün Prezidentin qeyd etdiyi XX əsrə xəritələrdən birində Cənubi Qafqaz ölkələrinin dövlət sərhədləri açıq-aşkar göstərilib. Hətta həmin xəritədə Göyçə gölü iki ölkə arasında tam şəkildə bölünüb.

Prezident bununla bir daha Ermənistandan konstruktiv davranıb danışıqlara qayıtmasını, əks təqdirdə əməliyyatların davam edəcəyi, hətta Ermənistanın təsəvvür edə bilməyəcəyi həddə çatacağı mesajını verir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

Kadırov Krasnıy Limandakı uğursuzluğa görə generalı sərt tənqid edib

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Rəhim Rəhimli xəstəxana xərclərini ödəyə bilmirmiş...

Van Dammın azərbaycanlı gəlinindən qayınanasına təbrik - Foto

İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirak edib - Yenilənib + Foto

Kremlin planı - Azərbaycan və Ermənistan üçün nələr hazırlanır?

Ən çox oxunanalar