Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ponomaryov: “Qarabağ” qalib gələcək və yekunda mərhələ keçəcək”

Azərbaycanın futbol üzrə yeganə Olimpiya çempionu, “Sabah”ın idman direktoru və bu klubun U-19 komandasının yeni baş məşqçisi İqor Ponomaryov bugünkü “Qarabağ” - “Ferentsvaroş” oyunu barədə münasibət bildirib.

Sports.az-ın İqor Ponomaryov ilə olan müsahibəsini təqdim edirik:

- Rusiyalı veteran futbolçu Vladimir Ponomaryov deyib ki, “Ferentsvaroş” “Qarabağ”ı məğlub edəcək. Bu haqda siz nə düşünürsünüz?

- Mən başqalarının fikirlərinə şərh vermək istəmirəm. Sadəcə, deyə bilərəm ki, “Qarabağ” bu gün qalib gələcək. İki oyunun yekununda isə biz mərhələ keçəcəyik. Buna əminəm!

- “Neftçi”nin “Rapid”lə oyunu haqda da fikrinizi bilmək maraqlı olar.

- “Aris”lə oyunları izləmişəm. Bizimkilər Kiprdə zəif, evdə isə bir qədər daha yaxşı oynadılar. “Rapid” ənənəsi olan və kifayət qədər sanballı komandadır. Amma “Neftçi”nin də ənənəsi və yetərincə yaxşı futbolçuları var. Birmənalı şanslarımız var. Rəqib, bəlkə də, azacıq güclüdür. Amma “Neftçi” doğma azarkeşlər önündə daha yaxşı və uğurlu olacaq. Komandaya azarkeşlik etmək lazımdır. İlk növbədə beyində, fikirdə qalib gəlmək lazımdır. Elə düşüncə olmasın ki, onlar bizdən güclüdürlər. Hər zaman özünə inanmaq, güvənmək lazımdır. Əgər futbolçularda bu inam olsa, biz qalib gələcəyik.

- Növbəti mövsüm “Sabah”ı da Avropa meydanlarında görə biləcəyikmi? Ümumiyyətlə, klubun hədəfləri nədir?

- Ən yüksək hədəflər uğrunda mübarizə aparmaq istəyirik. Başqa cür mümkün də deyil. Biz həm avrokuboklara yüksəlmək, həm də çempion olmaq istəyirik. Bu istiqamətdə çalışırıq, işləyirik. Düşünürəm ki, istər futbolçuların, istərsə də baş məşqçimizin potensialı kifayət qədər yüksəkdir. Murad Musayev gənc, perspektivli mütəxəssisdir. Ötən il yaxşı işlər gördü. Ümid edirik ki, bu il də buna davam edəcək. Gözəl heyətimiz var. Məşqçimiz komandamızın mövsümə əla formada daxil olmasına çalışıb. İnanırıq ki, həm çempionatda, həm də kubokda yaxşı işlər görüb, ən yüksək nəticələri qazanmağı bacaracağıq.

- Bir neçə gün öncə həm də “Sabah”ın U-19 komandasına baş məşqçi təyin olundunuz. Ümumiyyətlə, klubunuzun akademiyası hazırda Azərbaycanda ən yaxşıdır. Burada əsas hədəf nədir?

- Bəli, artıq “Sabah”ın U-19 komandasına rəhbərlik edirəm. Bu yaşda uşaqlar əsas komandada oynamağa çalışmalı, bütün fikirləri bu yöndə olmalıdır. Bu mənada futbolçularımın istəkləri və düşüncələri məni qane edir. Anlayırlar ki, artıq əvəzedici heyətə keçməyə ehtiyac yoxdur, birbaşa əsas komandada məşq edə, təcrübə qazana və oynaya bilərlər. Bu onlar üçün böyük futbola ilk iri addım olar. Məqsədimiz birinci yer uğrunda mübarizə aparmaqdır. Çünki bu yer UEFA U-19 Çempionlar Liqasına vəsiqə verir. Uşaqlar məmnuniyyətlə məşq edirlər. Rəhbərliyimiz də sağ olsun, akademiya üçün yaxşı şərait yaradıb, yaxşı stadionda məşq etmək, oynamaq imkanımız var.

- SSRİ çempionatları tarixinə penalti rekordçusu kimi düşmüş biri kimi necə düşünürsünüz, futbolçularınız, heç olmasa, “11 metrə”ni normal vura bilirlər?

- Əlbəttə, vura bilirlər. Məşqdə hamı vura bilir. Amma çətin məqamda, oyunda əsəbi möhkəm futbolçunu tapıb bu işi ona etibar etmək lazımdır. Yəni artıq burada əsas məşqçinin düzgün seçim etməsidir. Ümumiyyətlə, yorulmadan, usanmadan işləmək lazımdır. Hədəfimiz yalnız birinci yer tutmaq deyil, uşaqları yetişdirmək, onların inkişafı üçün şərait yaratmaqdır ki, əsas komandaya düşsünlər. Bu bizim başlıca məqsədlərimizdən biridir.

- Ümumiyyətlə, Azərbaycan futbolunun perspektivlərini necə görürsünüz?

- Yüksək liqada komandaların sayının artması çox böyük üstünlükdür. Bu o deməkdir ki, gənclərimizin oynamaq, özlərini göstərmək şansı var. Əgər yüksək liqaya daha çox komanda cəlb etmək imkanı olsaydı, lap əla olardı. Əsas odur - artıq bu proses başlayıb.

Uğur qazanmaq üçün daha çox məşq etmək lazımdır. İndi belə bir tendensiya var, gündə cəmi bir dəfə məşq edirlər. Amma mənə elə gəlir ki, bu azdır. Çünki bizim futbolçularda çoxlu çatışmazlıqlar var. Fiziki cəhətdən çatdırmırıq. Bunu “Zirə”, “Qəbələ” və “Neftçi”nin avrokubok oyunlarında da müşahidə etmək olardı. İlk növbədə bu istiqamətdə ciddi iş görülməlidir. Bundan sonra taktiki, komanda oyunu, futbolçuların fərdi keyfiyyətləri üzərində işə keçmək lazımdır.

- Azərbaycandan dünya səviyyəsində oyunçuların çıxması üçün nə çatmır?

- Dediyim kimi, ilk növbədə daha çox işləmək. Futbolçularımız nail olduqları ilə kifayətlənməməlidirlər. Daha çox işləyib, ilk imkanda xarici klublara gedib ölkəni layiqincə təmsil etməlidirlər. Bu onların inkişafı üçün böyük təkan verəcək. İdman karyerası elə də uzun deyil. Adama elə gəlir ki, 30-35 yaşacan oynayacaq. Amma vaxt çox tez keçir.

Bizim 17-18 yaşlılar fikirləşirlər ki, cavanam, əsas komandaya düşməyimə hələ çox var. Amma elə deyil. Bu yaşda birinci heyətə düşürsən və bir-iki il ərzində ya oynayırsan, ya da vəssalam... Bu dövrü, məqamı əldən qaçırtmaq olmaz! Əksinə, mümkün qədər çox işləyib fiziki durumunu, nəzəri, taktiki biliyini inkişaf etdirməlisən. Bu çox vacibdir. Onda, bəlkə, bizdən də siz deyən səviyyədə futbolçular çıxa. Sevimli işimizə real yanaşmalıyıq. Vaxt keçir və baxırsan ki, bir-iki ili buraxdın, hər şey bitdi... Sonra deyirsən ki, kaş onda daha çox məşq edəydim. Hətta əsas heyətə düşənlər daim öz üzərlərində işləməli və sübut etməlidirlər ki, mən başqalarından daha yaxşıyam. Ən önəmli məsələdir! Bu yolda bütün gənc futbolçularımıza uğurlar arzulayıram.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar