Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğru əsgərin taleyi

“On dörd qatlı ev, onun hər qatında səkkiz pəncərə, damda iki kiçik pəncərə, iki tüstü bacası və hər qatda iki kirayənişin var. İndi mənə deyin görüm, cənablar, qapıçının nənəsi neçənci ildə rəhmətə getmişdir?”
(Yaroslav Qaşek, “İgid əsgər Şveykin macəraları”)

****

Statistika haqda o populyar aforizmdən təsirlənərək milli kino sənətimiz haqda belə demək olar: “Dünyada 3 cür pis kino var. Pis kino, lap pis kino və bir də Azərbaycan kinosu”. Doğrudan da bizim kinolara baxanda bunun hansı ölkədə çəkildiyini, nədən bəhs elədiyini, ümumiyyətlə, bu adamların niyə kino çəkməyə məcbur edildiyini başa düşmək olmur.

Bir misal çəkəcəyəm: Mərahim Fərzəlibəyov adında bir rejissorumuz var. Asudə vaxtlarında hətta Azdrama-da baş rejissor olmağa çalışıbdır. Bu yoldaşın 1994-cü ildə çəkdiyi “Mənim ağ şəhərim” adlı filmə sırf təsadüfən internetdə baxdım. (Düz anlamısınız, iqtidarın “Ağ şəhər” projesiylə bağlı bir faktı araşdıranda qabağıma çıxmışdı). Film o qədər primitivdir, elə mənasızdır ki, bəlkə bunu kinoda yeni bir cərəyan adıyla kiməsə sırımaq olar. Ən əsası, rejissorun anaxronizmi – vaxtı qarışıq salması heyrətamizdir. Təsəvvür edin, Mərahim müəllim həmin filmdə SSRİ-ni, onun ekologiyada yaratdığı problemləri tənqid eləyibdir! Filmdə hətta Lenin teması var. Bu adama izah edən olmayıb ki, qardaş, artıq SSRİ-nin dağılmasından 3 il keçibdir, cəsarətə gəlməyin gec deyilmi?

Bunu niyə yada saldım, indi hörmətli oxuculara izah edim, yoxsa kimsə peyda olar, iddia edər ki, bələdiyyə teatrının müdirliyində gözüm var. Bəli, bu da başqa absurddur ki, bizdə bələdiyyə yoxdur, ancaq teatrı var və Mərahim müəllim hazırda onun rejissorudur. Əlqərəz, təzəlikcə bizim gündəmə olduqca maraqlı əhvalat çıxmışdı. Azərbaycan ordusunun keçmiş əsgərini, torpaqların azad olunmasında şücaət göstərmiş bir cavan oğlanı məhkəmədə tutub içəri basmışdılar, 4 il yarım azadlıqdan məhrum etmişlər. Sən demə bu qardaş keçən ilin yazında, ya da yayında – dəqiq yadımda deyil – hardansa oğurluq eləyibmiş. Başqa yoldaşlarla birgə, yəni, qrup halında. (Oğurluğa tək getməklə iki-üç nəfər getməyin arasında ciddi cəza fərqi olur, biləsiniz). Nəsə, bunun oğurluğa getməsi üzə çıxıb, məhkəmə olacaqmış, lakin Qarabağda dava başlayıb. Qardaşımız könüllü orduya yazılıb, cəbhədə can-başla döyüşüb, qələbədən sonra evinə dönəndə isə məhkəmə bunu tutub cəza veribdir.

İndi düşünün, bundan necə gözəl kino çəkmək olar. Hazır ssenaridir, bir az ora-burasına əl gəzdirib, həzin musiqidən, ana öyüdündən, nə bilim, dağ çiçəyindən-zaddan bərbəzək vurub filmini çək, çıxar dünya arenasına. Ancaq kim çəkəcək? Yuxarıda izah elədiyim kimi, bizim kinonun anasını ağladıblar. Biz ən yaxşı halda hansısa dünya kinosunun plagiatını çəkmişik. Çünki maddi problemlər, senzura, dövlətin və partiyanın müdaxiləsi kinonun azad peşə kimi inkişafına qətiyyən yol verməmişdir.

Qazinin cinayət işinin davamı da maraqlıdır. Hadisə cəmiyyətdə müəyyən etiraz-metiraz doğurub, camaat internetdə nəsə mızıldanıb, o üzdən hökumət cavanı azad eləmək istəyir. Bir deputat məsələni nəzarətə götürüb, baş prokurorluğun əməkdaşı hansısa protest verib və sairə. Dərhal açıb buraxmaq olmazmı? Nə danışırsınız!? Axı bizdə hər şey qanun yoluyla olur! Məhkəməyə təzyiq edə bilmərik! Ali məhkəmə sədrinin altı qopmuş ayaqqabılarına and olsun, bizdə ədalət məhkəməsinin işinə heç bir icra nümayəndəsi, heç bir deputat, nazir, məmur qarışa bilməz!

Eyni vaxtda parlamentin keçmiş spikerinin oğurluqları haqda çoxlu yazılar dərc olunur. Bəs hüquq sistemi burda niyə işə düşmür? Əcaib haldır. Polis-prokurorluq-məhkəmə hansısa cavan uşağın 2-3 min manatlıq ev oğurluğunu nəzarətdə saxlayır, adam cəbhədə silahı təhvil verib gələn kimi tutub damlayırlar. Bu məmur-spiker-oliqarx isə dövlətin, xalqın evindən, büdcəsindən milyardlar əkişdirib asudə yaşayır. Niyə? Bioqrafiyasına baxırsan, adam ömrü böyu dövlət işində çalışıb, biznesi ola bilməzdi ki, indi bəhanə edib “pulu vəzifədən öncə qazanmışam” desin. O cümlədən, arvadı da ən yaxşı halda uşaq bağçasının müdiri işləyib.

Lakin mal-mülkün, şirkətlərin siyahısını yazanda burdan Qafana çatır, orqanlar isə görmür.

Qafan demişkən, eks-spiker əslən qafanlıdır, bəlkə onu elə orada yaşamağa göndərək? Ən azından çəkəcəyimiz ssenaridə. Məsələn, belə bir səhnə olsun: eks-spiker cəbhəyə humanitar yardım aparır və dağların arasında oğru-döyüşçü ilə rastlaşır. Tonqal qalayırlar, hərə indiyəcən nə qədər oğurladığını danışır və əsgər intihar etmək üçün mina sahəsinə girir...

Zamin HACI (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar