Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə Putin Navalnıdan qorxur? – “The Economist”

Böyük Britaniyanın “The Economist” jurnalında “Niyə Vladimir Putin Aleksey Navalnıdan qorxur?” başlıqlı məqalə dərc olunub. Məqalə jurnalın redaksiya heyəti adından təqdim edilib. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Rusiyanın müxalifət lideri Aleksey Navalnı prezident Vladimir Putinin qorxulu kabusuna çevrilib. Ötən il Rusiya təhlükəsizlik xidmətinin əməkdaşları zəhərli maddədən istifadə etməklə Navalnıya qarşı sui-qəsdə cəhd göstərsələr də, niyyətlərinə tam çatmadılar. Müxalifət liderinin öhdəsindən gələ bilmədiyini görən hakimiyyət orqanları bu ilin yanvarında onu Moskva şəhərində həbs etdi.

Vladimir Putinin ABŞ prezidenti Cozef Baydenlə zirvə görüşündən bir neçə gün qabaq – iyunun 9-da məhkəmə Aleksey Navalnının rəhbərlik etdiyi təşkilatları ekstremist adlandıraraq onların fəaliyyətinə qadağa qoydu. Nə üçün Rusiya prezidenti Aleksey Navalnıdan bu qədər qorxur?

Sualın cavabını tapmaq üçün 10 ilə əvvələ qayıtmaq lazımdır. 2011-ci ildə Vladimir Putinin Vahid Rusiya Partiyası saxta parlament seçkisində qələbə qazandı. O dövrdə Kremldə bloqçu və qəzəbli tənqidçi kimi tanınan Aleksey Navalnı on minlərlə etirazçını bir araya yığıb “Putinsiz Rusiya” şüarlarını səsləndirdi. Etirazçılar öz arzularına çata bilmədilər. Putin və onun tərəfdarları isə “Navalnısız Rusiya” planını gerçəkləşdirməyə başladılar. Amma bu cəhdlər də boşa çıxdı.

Aleksey Navalnı Sovet İttifaqı dağılandan sonra Rusiyada ən güclü müxalifət hərəkatına rəhbərlik edən siyasətçidir. Onu dəstəkləyənlər arasında fəhlə sinfindən tutmuş Moskva ziyalılarına qədər cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər var. O, Rusiyada hələ ki, qismən müstəqil olan internetdən dövlət televiziyasının monopoliyasını sarsıtmaq və geniş miqyaslı küçə nümayişlərinə təkan vermək üçün istifadə edir.

Navalnı Rusiyada siyasi dəyişikliklərin bünövrəsində duran yeni düşüncə tərzini təmsil edir. O, Putin rejiminin əsas zəifliyini ifşa edə bilib. Bu zəiflik mənəvi boşluqlardan, maliyyə korrupsiyasından və Putinin taleyi ilə bağlı qaranlıq məqamlardan ibarətdir.

Kreml Navalnını prezidentliyə namizəd olmaq hüququndan məhrum edib və onun təşkilatının fəaliyyətinə yasaq qoyub. İndiyədək heç vaxt Navalnıya prezidentliyə namizədliyini irəli sürməyə icazə verilməsə də, o, aktiv fəaliyyəti və korrupsiyaya qarşı mübarizəsi ilə özünə milyonlarla tərəfdar toplaya bilib.

Navalnı sosial şəbəkələrdən səmərəli istifadə etməklə böyük kütlənin rəğbətini qazanıb. Onun “Twitter”də 2,6 milyon izləyicisi, “YouTube”da isə 6,5 milyon abunəçisi var. Navalnının sosial şəbəkələrdəki paylaşımlarında Kreml ələ salınır, Rusiya hakimiyyətinin uğursuz siyasəti ifşa edilir.

Aleksey Navalnı daima öz tərəfdarlarını hansı partiyanı təmsil etmələrindən asılı olmayaraq Kremlin namizədi üzərində qələbə qazanmaq potensialı olan namizədə səs verməyə çağırır. O öz taktikasını “ağıllı səsvermə” adlandırır. Bu yanaşma 2019-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı hakim partiyanın Moskva Şəhər Şurasında yerlərin təxminən yarısını itirməsinə səbəb oldu.

Ötən ilin martında Putin Rusiyada prezidentin səlahiyyət müddəti ilə bağlı məhdudiyyəti ləğv edərək özünü 2024-cü ildən sonra da prezident seçilmək üçün sığortaladı. Buna baxmayaraq, onun ölkəni idarə etməsi hələ də hakim partiyanın nəzarəti öz əlində saxlamasından asılıdır.

Bu ilin sentyabr ayında Rusiyada parlament seçkisi keçirilməlidir. Martda aparılan müstəqil sorğu nəticəsində məlum olub ki, Putinin rəhbərlik etdiyi partiyaya səs vermək istəyənlər əhalinin yalnız 27%-ni təşkil edir. Prezidentə inam getdikcə azalır. Son altı ildə iqtisadiyyatda durğunluğun baş verməsi və real gəlirlərin aşağı düşməsi etirazları daha da alovlandırmaqdadır.

Belə bir vəziyyətdə Putinin yeganə məqsədi öz postunu qoruyub saxlamaqdır. Kreml Navalnının kütləvi etiraz aksiyalarına başlamasından və ötən il qonşu ölkə Belarusda baş qaldıran etiraz aksiyalarının Rusiyada da təkrarlanmasından qorxduğu üçün daha ekstremist yollara ət atır. Elə 2020-ci ilin avqustunda zəhərli maddə ilə Navalnının zərərsizləşdirilməsinə edilən cəhd də bu cür ekstremist addımlardan biri idi.

Navalnı ölümün cəngindən qurtararaq müalicə üçün Almaniyaya gedəndə Putin onun birdəfəlik orada qalacağına və yaddan çıxacağına ümid bəsləyirdi. Amma nəticə onun gözlədiyi kimi olmadı. Navalnı sağaldıqdan sonra onu kimin zəhərlədiyini bildirdi və Rusiya prezidenti ilə üzləşmək üçün ölkəyə qayıtdı. Lakin Rusiyaya ayaq basan kimi həbs olundu.

İndi Rusiyanın təhlükəsizlik xidməti Navalnının rəhbərlik etdiyi hərəkatı yatırtmaq və müxalif qüvvələri Rusiya siyasətindən kənarlaşdırmaq üçün bütün gücünü səfərbər edib. Təhlükəsizlik xidməti Navalnının Korrupsiya ilə Mübarizə Fondunun və fondun regional şəbəkəsinin fəaliyyətini qeyri-qanuni elan edərək onların üzvlərini terrorçu adlandırıb və onlara seçkilərdə iştirakı qadağan edib. Hakimiyyətin köləsi olan Rusiya məhkəmələri qapalı keçirdiyi proseslərdə bu qərarları təsdiqləyib.

Navalnının vəkillərinin onun adından “İnstagram” şəbəkəsində paylaşdıqları bir postda belə deyilir: “Korrupsiya dövlətin bünövrəsində duranda ona qarşı mübarizə aparanlara “ekstremist” damğası vurulur”.

Amma Aleksey Navalnının yaratdığı təşkilatın fəaliyyətinin qadağan olunması çətin ki, onun təkan verdiyi tarixi prosesi dayandırsın. Bu fikir Navalnının “İnstagram” postunda da öz əksini tapır: “Bizim necə adlanmağımızın nə fərqi var?.. Sayımız milyonlara bərabərdir və heç yerə getmək fikrimiz yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar