Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlhamə AzTV-də qalmaqal saldı, əri qaçıb gizləndi” - Azər Qismət

Lent.az-ın müsahibi bir zamanlar ekranlardan aparıcı kimi izləyib çıxışının sonunda “Gülümsəyin, cənablar!” müraciətinə təbəssümlə cavab verdiyimiz, hazırda AzTV-nin “Ədəbi-dram və folklor verilişləri” Baş Redaksiyasında redaktor kimi fəaliyyət göstərən Azər Qismətdir. Onunla söhbətimizə də elə bu qədim mədəniyyət ocağının “mətbəxi” dən başladıq.

- Bir zamanlar AzTV çox maraqlı teletamaşalarla izləyicilərini sevindirərdi, illərlə təkrar-təkrar baxsaq da, doymurduq. Məsələn “Qatarda”, “Günahsız Abdulla”, “Ordan-burdan”...

- Hə, bu tamaşaların hər birinin maraqlı yaranma tarixçələri var. Məsələn, “Qatarda” tamaşasını çox adam elə bilirdi, həqiqi qatarda çəkiblər, halbuki taxtadan vaqon düzəldilmişdi. Çəkilişlər həmin dekor qatarda aparılmışdı. Qatar gedərkən vaqonların tərpənməsi operatorun “əl işidir”, kameraları tərpədirmişlər. 41 il əvvəl çəkilmişdi. O da “Günahsız Abdulla” da cəmi 2 günə çəkilmişdi. “Ordan-burdan” tamaşasında Salman bəy roluna Səyavuş Aslan çəkiləsiymiş. Çəkiliş günlərində böyrəyində daş problemi yaranıb, tamaşa da Yeni il şənliyinə qədər təhvil verilməliymiş, təcili Şəki teatrından Cahangir Zeynalovu tapıblar.

- Məncə, çox uğurlu tapıntı olub, onun rolunda başqasını təsəvvür eləmək olmur.

- Hə elədir. Yaşlı nəslin nümayəndələrinin dediyinə görə, Səyavuş Aslan pulgir adam imiş, tamaşada ilk kadrlara çəkiləndən sonra çox böyük məbləğdə qonorar istəyib, deyib ki, verməsəniz çəkilməyəcəm, büdcə də artıq təsdiq olunduğuna görə, onun çəkilişləri dayandırılıb.

- Eşitdiyimə görə, mərhum müğənni İlhamə Quliyevanın da qalmaqallarına şahid olub o qoca divarlar...

- İlhamə Quliyevanın əri Faiq bəy televiziyada işləyirmiş. İlhamə xanımın davamlı konsertləri, qastrolları səbəbi ilə ailəsində narazılıq yaranıb və boşanma qərarı alıbmış. İlhamə xanım gəlib televiziyanın həyətində qalmaqal yaradıb, onu hədələyib. Hətta, keçmiş əri qaçıb gizlənibmiş. Bu İlhamənin bizim televiziyada ilk və son qalmaqalı da deyilmiş. Köhnə işçilərdən eşitmişəm, 70-ci illərdə eyni məkanda tanınmış müğənnilərdən biri ilə əməlli-başlı saçyolduya çıxıblar, ətrafdakılar ayırıb.

- AzTV-nin “Qızıl fondu” arxivi keçmişimizə açılan qapıdır. Necə qorunur?

- İndi çox yüksək şəkildə qorunur. Lent yazılarının qorunması üçün temperatur, nəm səviyyəsi və.s nəzərə alınmalıdır. Təəssüf ki, əvvəllər buna çox diqqət edilməyib. Hətta, Qarabağ problemi başlayan illərdə o zamankı sədr arxivdə qorunan nə qədər materialı yandırıb ki, saxlamağa yer yoxdur. Deyilənə görə, həyətdə böyük bir təpə kimi qalaqlanmış kasetlərə, lentlərə od vurulub. Bu bəlkə də ermənilərin işi olub, amma hər nədirsə cinayətdir. Qarabağın tarixi abidələrinə, muzeylərinə, sosial həyatına dair lentlər, ermənilərin Qarabağda yerləşdirilməsinin yubiley tədbirlərini əks etdirən lent yazısı da daxil olmaqla hamısı məhv edilmişdi, o ərəfələrdə bizimkilər dünyaya fakt kimi təqdim etməyə lent tapmadılar.

Bir faktı da yadıma düşmüşkən qeyd edim. 20 Yanvarda televiziyadan kənara kamera çıxarmağa imkan vermirdilər ki, paytaxtdakı qanlı görüntüləri heç kim çəkə bilməsin. O zaman AzTV-nin operatoru Seyidağa Mövsümov Zeynəb Xanlarovanın evinin yanına gəlib. Zeynəb xanım xaricdən videokamera alıb gətiribmiş. Zeynəb xanım kameranı mələfəyə büküb, balkondan aşağı sallayıb, Seyidağa Mövsümov həmin faciənin görüntülərini onunla çəkib yaymışdı. Bu Zeynəb xanımın və Seyidağa Mövsümovun xidmətiydi.

- Yenidən tamaşaçıların qarşısına aparıcı kimi çıxmaq istəyərdiniz? Potensialınızdan yetərincə istifadə olunur? Ümumiyyətlə, yerinizdəsiniz?

- İstərdim, amma indi mən yaşda adamları artıq köhnəliyin qalığı kimi qəbul edirlər. Orta yaşlı adamları çox da veriliş aparmağa çıxarmırlar. Gənclərə üstünlük verilir. İnkişaf etmiş ölkələrdə daha təcrübəli aparıcılara üstünlük verilir ki, deməyə sözü olsun. Yerimdə olub-olmadığıma gəlincə... (fikrə gedir və gülümsünür) Nə zamansa deyərəm.

- Gənclərə orta yaşlı insanlarla söhbət və ya incəsənətimizin qızıl dövrünün əsərlərini dinləmək maraqlıdır?

- İki yeni radiomuz yaranıb. Adlarını çəkməyəcəm. Retro musiqilər səsləndirirlər. O gün bir gənc mənə deyir ki, “Azər müəllim, Sara Qədimova adlı müğənni olub, nə gözəl oxuyurmuş o”. Bir retro melodiyanın iziylə axtarış aparıb gözəlliklər aləminə çıxırlar. Bu gözəldir. Sevda Ələkbərzadə xalq mahnılarımıza yeni nəfəs verərək oxuyur. Əvvəllər qəbul eləmirdim. Qəribə gəlirdi mənə. Amma indi düşünürəm ki, bu şəkildə gənc nəslə çatdırır, mahnını bəyənən gənc onun orijinal versiyasını da axtarıb bəyənir. Bilirsinizmi, zaman amansızdır. Allah eləməsin, bir gün bütün arxiv materialları yansa, 50-100 il sonra biz Fikrət Əmirov, Qara Qarayevin əsəri deyib ortaya qoyacaq bir əsər tapmasaq, nəsildən nəsilə “Can cana”. “Leylican” və s. kimi ara mahnılar ötürüləcək. Necə ki, indiki nəslə də keçmişlərdən gələn xalq mahnılarının çoxunda erotik və bəsit mesajlar var. Xalq bunu yaşadıb. Görünür, öz canımızda da az deyil də.

- Bizdə bəzən lap sevilən əsəri də izləyicini bezdirəcək qədər çox səsləndirmək adəti var. Kampaniya xarakteri daşıyır sanki. Bir zamanlar “Qarabağ şikəstəsi”, “Sarı gəlin” və bu kimi bir sıra milli musiqilər gündə ən azı 5-10 dəfə səslənirdi, özü də hamı tərəfindən.

- Şitini çıxarmaq istəyən bizim ölkəmizə gəlsin. Bu sahədə kimsə bizi qabaqlaya bilməz. Düşünmürük ki, tamaşaçını bezdiririk. Məsələn, “Xudayar təsnifi”ni də o şəkildə “çeynəyib, çürütdük”.

- Bir az da kitablardan danışaq. Bu aralar ard-arda keçirilən kitab sərgiləri, təqdimat mərasimləri belə təəssürat yaradır ki, ədəbiyyatımızda canlanma var və insanların kitablara qarşı itən sevgisi geri dönür. Köhnə dövr və indiki dövr yazıçıları müqayisə eləsək, nə fikrə gəlirsiniz?

- Köhnə dövrün nasirlərinin dil bazası çox zəngin olub. Mənə elə gəlir ki, texnoloji yeniliklər söz bazasının inkişafına imkan vermədi. Təşəkkür “tşk” kimi yazıldı, salam “slm” kimi. Sanki, kontura qənaət söz bazasını unutdurdu. Hamı yazır, imkanı çatan kitab buraxır. Yalnız 35 yaşdan sonra insan dolğun əsər yaza bilər. O yaşa qədər gözəl əsər nümunəsi ortaya qoya bilər. Amma oxuyacaqsan ki, nəsə çatışmır, nəsə yarımçıqdır. Təcrübə olmalıdır. Yalnız istedad yetərli deyil.

- Bir neçə kitabınız çıxdı, qazanc əldə edə bildiniz?

- Yox. Təqdimatda alınan kitabların puluyla nəşriyyatın xərcini ödədim.

- Maddi gəlir yoxdursa, niyə yazırsınız?

- Yazırıq ki, nə isə iz qalsın. Bir nəfər sahibkar mənə demişdi ki, siz ya fədakarsınız, ya da başdanxarab...

- Bu yaxınlarda müsahibə aldığım bir neçə aktyor, ssenarist qıtlığından, teatrlarda uyğun tamaşaların olmamasından şikayətləndilər. Sizcə yaxşı ssenarist yoxdur, yoxsa necə?

- Birinci teatr özü bilməlidir ki, nə istəyir, onu da sifariş eləməlidir. Kommersiya xarakterli əsər istəyir, yoxsa bəşəri problemləri əks etdirən dərin əsər. Bu gün hələ də “Oqtay Eloğlu”, “Vəfalı Səriyyə”, “Hamlet” qoyulur. Zamanı keçib. Yaşatmaq üçün ildə bir dəfə göstərmək olar, amma yenilik də lazımdır. Hansısa aktyoru nəzərdə tutub, əsər yazmaq olar, necə ki, xaricdə Robert De Niro üçün rollar yazılır. Teatr müsabiqə keçirsin, sifariş versin, desin 3 komediya, 3 bəşəri xarakterli əsər olsun, lap tender eləsin. Görsün necə əsərlər ortaya çıxır. Bunu teatr rəhbərliyi eləməlidir. Xalq artisti Hacıbaba Bağırovun ömrünün son illərində oynadığı rollarına baxın, növbənöv qarğışlar, söyüşlər, tipajının xarakterinə uyğun hərəkətlər və sözlərlə güldürürdü. Bizdən bunu istəyirlər -söyüş, qara yumor olan əsərlər. Hansının ki altına imzanı qoymağa utanırsan.

Müşahidə edirsinizmi, ölkədə açıq-açıq proses gedir, rusa işləyən, farsa işləyən, LGBT-yə işləyən... Qəhrəmanlarımızı ələ salırlar, bütün ideallarımızı puça çıxarmağa, istinad nöqtəmizi məhv etməyə çalışırlar. Xaricdən verilən bütün qrantlar xalqın mənəviyyatını məhv etməyə yönəlib. Ayıq-sayıq olmalıyıq.

pia.az


Etiket: Azər Qismət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar