Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xruşovun adamı – 1964-cü ildə baş verən saray çevrilişi Satyukovun karyerasını da baltalayıb

Uzun illər Mərkəzi Komitənin üzvü, ölkənin bir nömrəli qəzetinin baş redaktoru Satyukovun dəfn mərasimi də hamisi Xruşovun dəfn mərasimi kimi urvatsız keçib...

Sovet-alman müharibəsi dövründə partiya orqanlarında yüksək vəzifə tutanların əksəriyyəti eyni zamanda ayrı-ayrı hərbi şuraların üzvləri olublar. Nikita Xruşov da Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq 1-ci Ukrayna cəbhəsi hərbi şurasında təmsil olunub.

Hərbi şuraların fəaliyyəti haqqında Mərkəzi Komitəyə və Dövlət Müdafiə Komitəsinə hər ay hesabat xarakterli arayışlar təqdim edilib və bu arayışlar Moskvada olduqca ciddi şəkildə müzakirə olunub. Nöqsanlar aşkar olunduqda hərbi şura üzvləri partiya xətti ilə cəzalandırılıblar ki, bu da həmin şəxslərin gələcək karyerası üçün problemlər yaradıb.

1943-cü ilin dekabr ayında Xruşov da belə bir problemlə üzləşib. Ukrayna cəbhəsindəki sovet hərbi birləşmələrinin təminat və təchizatı ilə bağlı Mərkəzi Komitəyə müraciətlər daxil olub. Həmin müraciətlərdə şəxsi heyətin isti geyim, yanacaq və bəzi ərzaq məhsulları ilə təmin edilməsində problemlərin yarandığı əks edilib. Məsələni yerində araşdırmaq üçün Pavel Satyukovun başçılığı ilə Mərkəzi Komitənin bir qrup əməkdaşı Ukraynaya ezam edilib.

Bir həftəlik araşdırmaların sonunda Xruşov Moskvadan gələnləri əmin edə bilib ki, yaranmış problemlər heç də məsuliyyətsizlikdən irəli gəlməyib, problemlərin yaranmasının əsas səbəbi cəbhə bölgəsində daşınma və çatdırılma ilə bağlıdır. Sonda o, Satyukova müraciət edib:

- Cavan olmağınıza baxmayaraq inanıram ki, Mərkəzi Komitə rəhbərləri üçün hazırladığınız arayışda ədalətli olacaqsınız. Bilirsiniz, bu arayışdan çox şey asılıdır. Kremldə əyləşənlərin çoxu cəbhədəki vəziyyəti olduğu kimi görə bilmirlər. Çalışın ki, yazacağınız arayışla buralardakı vəziyyəti onlara aydın göstərə biləsiniz. Mənim sizdən xahişim yalnız bundan ibarətdir.

Satyukov Xruşovun xahişini nəzərə alıb, Moskvaya qayıtdıqdan sonra onu müdafiə edib və məsələ sakitliklə ötüşüb. Satyukovun bu addımı gələcəkdə onun vəzifə karyerasında böyük rol oynayıb, Xruşov bu cavan oğlanın yaxşılığını yaddan çıxarmayıb...

Pavel Satyukov 1911-ci ildə Nijeqorod vilayətində, Qorki kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Nijeqorod Pedaqoji İnstitutunda ali təhsil alıb. Bir müddət yerli qəzetlərdə işlədikdən sonra o, təhsilini Mərkəzi Komitə yanında Ali Partiya Məktəbində davam etdirib. Bilik və bacarığı, mətbuatda mütəmadi çıxışları, fəallığı nəzərə alınaraq onu 1942-ci ildə Mərkəzi Komitə aparatına işə qəbul ediblər. Mərkəzi Komitə rəhbərlərinin çıxış və məruzələrinin əksəri Satyukovun qələmindən çıxıb.

1946-cı ildə Stalinin təşəbbüsü ilə Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinin orqanı kimi “Mədəniyyət və həyat” qəzeti təsis ediləndə Satyukov bu qəzətə baş redaktor təyin edilib. 1949-cu ildən isə o, “Pravda” qəzetinin baş redaktor müavini vəzifəsinə təyinat alıb. Bu illər ərzində Xruşov həm Ukraynada işlədiyi zaman, həm də Moskvanın birinci katibi olanda Satyukovla tez-tez görüşüb, onların arasında dostluq münasibətləri yaranıb.

Nəhayət, 1956-cı ildə, Xruşov hakimiyyətdə mövqelərini tam möhkəmləndirdikdən sonra Satyukova müharibə illərindəki borcunu ödəyib. Həmin il Satyukov “Pravda” qəzetinin baş redaktoru təyin olunub. O, 1959-cu ildən eyni zamanda SSRİ Jurnalistlər İttifaqının sədri vəzifəsini də daşıyıb.

Satyukov Xruşovu bütün xarici səfərlərində müşayiət edib. 1959-cu ildə Xruşovun Amerika səfəri haqqında “Amerika ilə üz-üzə” kitabının həmmüəlliflərindən biri də məhz Satyukov olub və o, bu kitaba görə Lenin mükafatına layiq görülüb.

Satyukov savadlı və bacarıqlı bir kadr kimi tanınsa da, onun fəaliyyəti Kreml məmurları tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə, Brejnevin komandası onu “həzm” edə bilməyib və hamı yaxşı bilib ki, Satyukovun vəzifə ömrü Xruşovun vəzifə ömründən uzun olmayacaq.

1964-cü ildə Kremldə saray çevrilişi zamanı Satyukov Fransada ezamiyyətdə olub. O, Parisdən qayıtdıqdan sonra heç nə olmamış kimi öz vəzifəsinin icrasına başlayıb. Ezamiyyətdən sonra ilk dəfə redaksiyaya gələndə Satyukov kabinetinin qapısının üstündəki “Baş redaktor” lövhəsinin çıxarıldığını görüb. Müavindən bunun nəyə görə edildiyini soruşanda ikibaşlı cavab alıb:

- Pavel Alekseyeviç, yenilənmə gedir.

- Nəyin yenilənməsi? Lövhələrin, yoxsa kadrların?

- Biz Mərkəzi Komitəyə tabeyik. Bu sualı onlara ünvanlasınız daha dəqiq cavab alarsınız.

Satyukovun Mərkəzi Komitəyə bu sualı ünvanlanmasına ehtiyac qalmayıb. Paris təəssüratlarını yazmağa imkan tapmamış o, “Pravda”nın baş redaktoru vəzifəsindən azad edilib.

Sonrakı illərdə Satyukov “Təşviqatçı” və “Partiya həyatı” jurnallarında məsul katib işləyib. Partiyanın mötəbər tədbirlərində onu heç kim yada salmayıb, əvvəlki kimi ona fəxri kürsülərdə yer göstərməyiblər.

Pavel Satyukov 1976-cı ildə 65 yaşında vəfat edib. Yaxınları onun Novodeviçye qəbirstanlığında dəfn edilməsi üçün Mərkəzi Komitənin işlər idarəsinə müraciət etsələr də, bu müraciətə müsbət cavab verilməyib. Sabiq baş redaktor Kuntsevo qəbirstanlığında dəfn edilib. Uzun illər Mərkəzi Komitənin üzvü, ölkənin bir nömrəli qəzetinin baş redaktoru Satyukovun dəfn mərasimi də hamisi Xruşovun dəfn mərasimi kimi urvatsız keçib.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar