Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seymur Baycan: “Cəmil Həsənli, Tofiq Yaqublu Anar Rzayevə yaltaqlanırlarsa…”

Bəri başdan qeyd edim ki, mövcud hakimiyyətin möhkəmlənməsində, hakimiyyətin ömrünün uzanmasında müxalifət müstəsna rol oynadı. Müxalifətin iki əsas qüvvəsinin – müsavatçıların və cəbhəçilərin bir-birinə qarşı olan nifrəti, hakimiyyətə qarşı olan nifrətlərindən daha səmimi, daha dərin idi. Müxalifət liderləri öz cılız eqolarını ümumi prosesdən üstün qiymətləndirdilər. Nəticə göz qabağındadır. İndi hər iki qüvvə aciz vəziyyətə düşüb. Proseslərə heç bir təsir imkanları yoxdur. Gücləri ancaq baş verən hadisələrə münasibət (əksər hallarda səhv və qeyri-ciddi) bildirməyə çatır. Onlar hakimiyyətin bu qədər güclənəcəyini gözləmirdilər. Əslində isə, gözləməli idilər. Bilməli idilər ki, “soğan olsun, nağd olsun”, “kimi minək, qabağa düşək”, “bacarana (necə bacarmaq, hansı yolla bacarmaq, vasitə zərrə qədər əhəmiyyətli deyil) can qurban” fəlsəfəsi ilə yaşayan azərbaycanlılar neft pulları gələndən sonra beşdən-üçdən alıb kütləvi halda ağa qara, qaraya da ağ deyəcəklər.

***

Müxalifət liderləri, bu düşərgənin üzdə olan simaları hər fürsətdə “parnik ziyalıları”na açıq və ya gizli formada yaltaqlanaraq onları öz tərəflərinə çəkmək istəyirdilər. Təcrübəli “parnik ziyalıları”, neçə-neçə hakimiyyətlər yola salmış milli kahinlər isə mədəni şəkildə müxalifət düşərgəsini təhqir edirdilər. Mədəni şəkildə “biz qaz deyilik, gedin öz işinizlə məşğul olun, gedin başqa yerdə qaz axtarın” deyirdilər. Hələ də müxalifət düşərgəsi “parnik ziyalıları”nın rəğbətini qazanmaq sevdasından əl çəkməyib. Əgər sabah Anar Rzayev nəsə iki başlı bir söz desə başda Cəmil Həsənli, Tofiq Yaqublu, Arif Hacılı olmaqla müxalifət düşərgəsi xorla bu nəqarəti oxuyacaq:

“Əsl ziyalı danışdı, əsl ziyalı belə olmalıdır”.

Müxalifət liderləri “parnik ziyalıları”ndan, atalarının qucağında ədəbiyyata gəlmiş cızma-qaraçılardan qorxurlar. Hər şeyi öz adıyla çağırsaq – bu, xalis köləlikdir.

Siz hansısa müxalifət liderinin hansısa yaltaq bir sovet yazıçısını, hansısa yaltaq bir sovet şairini açıq mətnlə tənqid etdiyini görmüsünüz? Olmayıb belə şey. Əksinə müxalifət liderləri hər fürsətdə hakimiyyətin lakeylərinə yaltaqlanıblar, onların rəğbətin qazanmağa əbəs yerə cəhdlər ediblər.

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Konkret misal gətirim. Cəmil Həsənli Stalinin yaratdığı Yazıçılar Birliyinin üzvüdür. Otuz ildən artıq Yazıçılar Birliyini öz şəxsi mülkü kimi idarə edən Anar Rzayevi “dostum” adlandırır. Bir tarixçi Yazıçılar Birliyinin hansı məqsədlərlə yarandığını, hansı missiyaları yerinə yetirdiyini bilmirsə, onun harası, nəyi tarixçidir? Yox, əgər bir tarixçi Yazıçılar Birliyinin hansı məqsədlərlə yarandığını, hansı missiyaları yerinə yetirdiyini bilirsə, onun orda nə işi var? Yazıçılar Birliyinin tarixi yuyulması mümkün olmayan ləkələrlə zəngindir. Yazıçılar Birliyinə üzv olmaq həmin yuyulması mümkün olmayan ləkələrə şərik olmaq deməkdir.

Belə RƏVAYƏT (qabırğaları standartlardan qat-qat qalın olan adamlar üçün rəvayət sözün böyük hərflərlə yazdım) edirlər ki, İsgəndər bir gün sarayda alimlərin məclisini təşkil etmək istəyir. Diogeni də məclisə dəvət edir. Diogen İsgəndərin dəvətin qəbul etmir. İsgəndər yenə Diogenə dəvət göndərir. Diogen yenə İsgəndərin dəvətin rədd edir. Bir belə, iki belə, üç belə, dörd belə… Axırda İsgəndər özü Diogenin hüzuruna gedir. Diogenə deyir ki, alimlərin məclisin təşkil etmək istəyirəm. Sənə də bir neçə dəfə dəvət göndərdim. İstədim gələsən, danışasan, öz müdrik sözlərinlə bizləri bir az feyzyab edəsən. Dəvətlərimi qəbul etmədin. Hərçənd beş-on boynuyoğun əsgər göndərərdim səni sürüyə-sürüyə saraya gətirərdilər. Əlimdə hər cür imkan olduğu halda bunu etmədim. Çünki sözə, elmə, alimə böyük hörmətim var. Mənim səltənətimin bir tərəfində gün çıxanda, o biri tərəfində gün batır. Qarışqaların sayı-hesabı var, qoşunlarımın sayı-hesabı yoxdur. Saraylarımın bir daşı qızıldandır, bir daşı gümüşdən. Yaxşı, de görüm, sən necə mənim dəvətimi rədd edə bilirsən? Haradan alırsan bu gücü? Bu gücün mənbəyi haradadır? Kimsən sən?

Diogen İsgəndərə deyir ki, mənim nəfsim, mənim qulumdur. Sən isə öz nəfsinin qulusan. Sən mənim qulumun qulusan. Mən səni niyə adam hesab etməliyəm? Sən heç kimsən.

Bu rəvayəti niyə yazdım? Əlbəttə, sözümün canı var. Əgər müxalifətin üzdə olan simaları, məsələn, Cəmil Həsənli, Tofiq Yaqublu Anar Rzayevə yaltaqlanırlarsa, lakeyə lakeylik edirlərsə, onların mübarizəsinin nə əhəmiyyəti ola bilər? Lakeyin lakeyi olmaq, yəqin ki, köləliyin ən ağır formasıdır.

***

Yaxşı bir söz var: “Əgər adamların sənlə danışmağını istəyirsənsə, özün onlarla danışmalısan”. Sözün müəllifinin kim olduğunu unutmuşam. Yaddaşım məni aldadmırsa, deyəsən, Balzakın sözdür.

Müxalifətin mövzuları çox kasaddır. Təxminən dörd il əvvəl bir müxalifət funksioneri mənə dedi ki, gənclər təşkilatının fəaliyyətini aktivləşdirmək istəyirəm. Nə etmək olar? Dedim ki, beş-on gənc tap, qoy mütəmadi olaraq ədəbiyyatdan, iqtisadiyyatdan, idmandan, kinodan, hətta şou-biznesdən yazılar yazsınlar. Təsəvvür edin, hakimiyyətə gəlməyə iddia edən bir partiyanın gənclər təşkilatında yazı yazmağı bacaran beş adam tapılmadı.

Əgər bir partiyanın gənclər təşkilatında yazı yazmağı bacaran beş adam tapılmırsa, əgər bir partiyanın gənclər təşkilatında yazı yazmağı bacaran beş adam yoxdursa, həmin partiya niyə adamlar üçün maraqlı, cəlbedici olmalıdır? Qoyasan ancaq lağlağı etsinlər, öz aləmlərində guya hansısa nazirlərlə, deputatlarla məzələnsinlər. Elman onu dedi, ha, ha, ha… Siyavuş bunu dedi, ha, ha, ha… Ta bilmirlər, yaxud da bilmək istəmirlər ki, Elman, Siyavuş və bu qəbildən olan digər şəxslər elə onu-bunu demək üçündür. İşləri odur.

Ümumiyyətlə, hal-hazırda, bu an, bu dəm lağlağı janrında söhbətlər etmək, ictimai-siyasi hadisələrə lağlağı janrında münasibət bildirmək acizlik, tənbəllik, qeyri-ciddilik göstəricisidir. Qətiyyən iddia etmirəm ki, beş gənc idmandan, kinodan, ədəbiyyatdan, iqtisadiyyatdan yazı yazmağa başlayan kimi camaat gəlib dəstə-dəstə partiyaya doluşacaqdılar. Belə bir şeyi gözləmək nəhəng sadəlövhlük olardı. Amma, ən azı, qıraqdan görünəcəkdi ki, bu partiyada ədəbiyyatdan, kinodan, iqtisadiyyatdan yazı yazmağı bacaran, bu sahələrlə maraqlanan adamlar var. Bunun özü də ilin-günün bu vaxtında az iş deyil.

Açıq danışaq, müxalifət düşərgəsində zövq (zövq dedikdə həmçinin kino, ədəbiyyat zövqü nəzərdə tutulur) və intellekt problemi hökm sürməkdədir. Zövqlü, intellektli adamların müxalifət düşərgəsinə münasibəti belədir: “Bir dəstə zövqsüz və savadsız adam hökumətlə hökumətlik edir”.

Ona görə də hansısa müxalifət nümayəndəsi tutulanda, işgəncələrə məruz qalanda, cəmiyyətin intellektual və zövqlü təbəqəsi buna bir qram da reaksiya vermir. Təkcə ona görə yox ki, hakimiyyətdən qorxurlar. Bu heç, qorxu öz yerində. Ən əsası ona görə ki, zövqsüz və savadsız adamların həbsi onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Bunu bir növ təbii qəbul edirlər. Yəni düşünürlər ki, zövqsüz və savadsız müxalifətçilərin işi elə tutulmaqdan və işgəncələrə məruz qalmaqdan ibarətdir.

Fəaliyyəti göz qarşısında olan, hər hansı bir formada gözümüzə görünən, hər hansı formada üzə çıxan adamlara qətiyyən aldanmaq olmaz. Nə mənada? O mənada ki, kənarda bir çox cəhətlərdən çox güclü, intellektli, zövqlü adamlar, qüvvələr var. Onlar ölkədə müsbət istiqamətdə dəyişikliyin baş verməsini, ölkədə demokratiyanın bərqərar olmasını çox istəyirlər. Amma bununla belə siyasi proseslərə açıq formada qarışmırlar və onların siyasətə qarışmaması, tipik azərbaycanlıların siyasətə qarışmamasından tamamilə fərqlidir. Tipik azərbaycanlıların siyasətə qarışmaması ilə kənarda dayanan intellektli, zövqlü adamların siyasətə qarışmaması arasında yerlə-göy qədər fərq var. Tipik azərbaycanlılara (ölü canlara) şadlıq evlərindən, yas mağarlarından, ev təmir etməkdən, tikməkdən-sökməkdən, doğub-törəməkdən, nəsil artırmaqdan başqa heç nə maraqlı deyil.

Az əvvəl qeyd etdiyim, açıq formada siyasətə qarışmayan adamlar isə ciddi kitablar oxuyurlar, ciddi filmlərə baxırlar, ciddi jurnallardan, qəzetlərdən, ciddi mənbələrdən informasiyalar alırlar. Lazım olan xarici dillərə yaxşıca yiyələniblər. Üstəlik, maddi imkanları da qaydasındadır. Rahib, guşənişin həyatı yaşamırlar. Dünyanı gəzirlər, yaxşı restoranlarda yeyirlər-içirlər, zövqlə geyinirlər və sanki pusquda dayanıblar. Sanki səbirlə öz vaxtların gözləyirlər. Əgər ölkədə siyasi dəyişiklik baş versə (burda fantaziyamızı işə salmalıyıq), sağlam rəqabət mühiti yaransa, bu qüvvələrin, bu adamların qabağında dayanmaq, onlarla hər hansı bir sahədə rəqabətə girmək çox çətin olacaq.

Bu adamlara, bu qüvvələrə müxalifətin fəaliyyəti, müxalifət liderlərinin çıxışları, xüsusən, müxalifət liderlərinin xarici siyasət haqqında fikirləri çox maraqsız, hətta çox gülməli görünür. Çünki aralarında ciddi intellekt fərqi mövcuddur. Kənarda dayanan və siyasətə qarışmayanlar həddindən artıq informasiyalı adamlardır. Onların diqqətini cəlb etmək, təbiri-caizsə, onları təəccübləndirmək çətin məsələdir. Onların diqqətini cəlb etmək üçün güclü intellektual bazaya malik olmalısan. Əsassız, içi boş fikirlər səsləndirsən, incə tərzdə sənə güləcəklər.

Əslində, bu artıq ayrı yazının mövzusudur. Yaxşısı budur, gəlin mövzunu mövzuya qatmayaq. Yuxarıdakı abzası yazmaqla həm də onu vurğulamaq istəyirdim ki, pula və gücə qarşı çıxan qüvvə təpədən-dırnağa kimi kitablarla silahlanmalıdır. Məncə, müxalifət düşərgəsi fəaliyyətini dondurub ən azı bir il ancaq kitab oxumaqla məşğul olmalıdır. Bilirəm, bu fikri hər cür, hər istiqamətə yozan adamlar tapılacaq. Olsun, problem deyil. Yenə də öz fikrimdə qalıram. Kitabsızlıq, kitab oxumamaq, düşüncə dayazlığı, fikir kasadlığı müxalifət düşərgəsinin ən ciddi problemlərindən biridi. Görünən dağa nə bələdçi. Hər şey, mənzərə göz qarşısındadır.

Azərbaycan dilinə son illərdə xeyli əhəmiyyətli, vacib kitablar tərcümə olunub. Müxalifət düşərgəsinin bu kitablardan xəbəri var? Yoxdur. Müxalifətçilər son illərdə nəşr olunan vacib, əhəmiyyətli kitabları oxusaydılar, bu kitabların təsiri mütləq və mütləq onların fəaliyyətində, çıxışlarında, fikirlərində özünü büruzə verərdi. Necə deyərlər, ət yeyən quş, dimdiyindən tanınar.

Burda fürsətdən istifadə edib zəruri və kiçik bir haşiyəyə çıxmalıyam: Müxalifət liderləri, müxalifətin üzdə olan simaları çıxışlarında heç bir ehtiyac olmadığı halda, tamamilə yersiz vəziyyətlərdə bol-bol “türk” sözlərindən istifadə edirlər. Əvvəla, hər şeydən əvvəl bu, yumuşaq desək, çox ucuz yüngüllükdür. İkincisi, bu onların kiçik qardaş xəstəliyindən əziyyət çəkdiklərinin, böyük qardaşsız yaşaya bilmədiklərinin bariz təzahürüdür. Loru dildə ifadə etsək, müxalifət liderləri, müxalifətin üzdə olan simaları heç bir ehtiyac olmadığı halda “türk” sözlərindən bol-bol istifadə edərkən ucuz yüngüllük etməklə bərabər, həm də türklərə, hazırkı “böyük qardaşa” yaltaqlanırlar. Üçüncüsü, müxalifət liderlərinin, müxalifətin üzdə olan simalarının heç bir ehtiyac olmadığı halda çıxışlarında “türk” sözlərindən bol-bol istifadə etmələri, onların informasiyaları qeyri-ciddi mənbələrdən aldıqlarının, qeyri-ciddi mənbələrdən qidalandıqlarının açıq-aşkar əlamətidir. Qeyri-ciddi mənbələrdən informasiya aldıqlarına görə xarici siyasət mövzusunda gülməli fikirlər, gülməli proqnozlar səsləndirirlər.

Xarici müəlliflərin əsərlərini qoyaq bir kənara, müxalifətçilərin əksəriyyəti heç Rəsulzadənin əsərlərini oxumayıblar. Kitab oxumadıqlarına və vaxtlarını sosial şəbəkələrdə keçirdiklərinə görə müxalifət düşərgəsində fikir, ideya, düşüncə çatışmazlığı tüğyan edir. Bu isə öz növbəsində hakimiyyətin bütün cəbhələrdə at oynatmasına rəvac verir. Fikir, düşüncə, ideya olmadığına görə AZTV istədiyi vaxt müxalifət düşərgəsini istədiyi tərzdə oynatmağı bacarır. AZTV bir az şüalarını gücləndirən kimi müxalifət düşərgəsi dingildəyir, özlərindən asılı olmayaraq qol-qola girirlər və hakimiyyətin ətrafında (buna vətən naminə, dövlət naminə, xalq naminə kimi başqa-başqa təmtəraqlı adlar qoyulsa da) sıx birləşirlər.

İndi bəzi uşaq-muşaqlar yenə deyəcəklər ki, sən də saqqal tərpədib söz danışdın, axı kimdir AZTV kanalına baxan. Camaat, birdəfəlik bilin və agah olun, AZTV televiziya kanalı deyil. AZTV bir dindir və bu dinin təsir dairəsindən çıxmağı hər adam bacarmır. AZTV-nin təsir dairəsindən çıxmaq üçün gərək tonlarla kitab oxuyasan. Bəzən heç bunun özü də AZTV-nin təsir dairəsindən çıxmağa bəs eləmir. Xarakter də, insan təbiəti də burda vacib rol oynayır. Qərəz, çox uzun həngamədir. Şərtlər və amillər bir deyil, iki deyil, çoxdur.

***

Ən nəhayət müxalifət düşərgəsində hakimiyyətin mahiyyətini dərindən dərk edən bircə adam belə yoxdur. Hakimiyyəti ən sərt formada tənqid etmək hakimiyyətin mahiyyətini dərk etmək sayılmamalıdır. Hakimiyyəti ən sərt formada tənqid etməklə, hakimiyyətin mahiyyətini dərindən dərk etmək, tamam başqa-başqa şeylərdir. Müxalifət düşərgəsində hakimiyyəti ən sərt formada tənqid edən xeyli adam olsa da, onlar hakimiyyətin mahiyyətini dərk edə bilmirlər.

Tumso adında bir bloqer var. Təkbaşına nəhəng təbliğat maşınını sıradan çıxarır. Təkbaşına təbliğata xərclənən milyonları batırır. Söyüş söyür? Yox. Təhqir edir? Yox. Güclü savadı var? Yox. Sadəcə hakimiyyətin mahiyyətin dərindən dərk edir. Hansı mövzulara necə və nə vaxt toxunmağı dəqiq bilir. Görünür bunun özü də ayrıca bir istedaddır. (Seymur Baycan, azlogos.eu)

pia.az

 


Etiket: Seymur Baycan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar