Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin möcuzəsinin növbəti 5 ili: Si Tsinpin ölkəsini hara aparır?

Çin Kommunist Partiyasının (ÇKP) növbəti qurultayı başa çatıb...

Oktyabrın 17-də başlayıb, bu gün bitən qurultayın ÇKP-nin Mərkəzi Komitəsinin baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin sədrlik etdiyi iclasda Mərkəzi Komitənin və partiyanın Mərkəzi İntizam Nəzarəti Komitəsinin hesabat məruzələri dinlənilib, nizamnaməyə dəyişiklər təsdiqlənib.

Çin Kommunist Partiyasının 20-ci qurultayında təxminən 2 min 300 nümayəndə və xüsusi dəvət olunmuş şəxs iştirak edib. Qurultay nümayəndələri 96 milyondan çox üzvü olan ÇKP-nin 4,9 milyon ərazi ilk təşkilatını təmsil edib.

Nəzərə alsaq ki, Çin Kommunist Partiyasının qurultayı hər 5 ildən bir keçirilir, bu qurultayın növbəti 5 ildə Çinin ictimai-siyasi həyatını şəkilləndirəcəyini demək mümkündür. Bəs, qarşıdakı 5 ildə Çini nə gözləyir?

Zənnimizcə, bu suala ən gözəl cavabı BBC-nin aşağıda təqdim etdiyimiz analizi verir.

Çin möcüzəsinin növbəti beşilliyi başlayır. Çini yarım əsrdən də az müddət ərzində yoxsul bir ölkədən dünyanın ikinci iqtisadiyyatına çevirmiş, həyat səviyyəsinə görə Rusiyanı ötüb keçməsinə və dünya lideri ABŞ-a meydan oxumasına şərait yaratmış möcüzənin indi ən zəif vaxtıdır.

Ölkədə bu kommunizm layihəsinin sabitliyinə təhlükə yaradan bir neçə böhran yetişməkdədir — hamısı partiyaya rəhbərlik etdiyi 10 il ərzində Çinin nüfuzunu artırmaq və «inkişaf etməkdə olan» ölkədən «inkişaf etmiş» ölkəyə çevirmək üçün hakimiyyəti gücləndirib yenidənqurma başladan Si Tsinpinin dövründə yaranıb.

Bu müddətdə bəzi çətinliklər ortaya çıxıb. Çinin Qərblə münasibətləri korlanıb, iqtisadiyyatı yavaşlayıb. Dəmir yumruq və mərkəzi planlaşdırma siyasəti Covid dövründə ölkənin total şəkildə qapanmasına və Vladimir Putin kimi zərərli bir müttəfiqə məhkum olmasına gətirib çıxarıb.

Dünyanın ən böyük ticarət razılaşması qüvvəyə minib

ABŞ-ın Çinə qarşı soyuq müharibəsi «virusdan daha böyük qlobal təhlükədir.

Amma sədr Si işlərin plan üzrə getdiyinə əmindir. O, problemləri həll edəcəyini düşünür və seçilmiş yoldan imtina etmək fikrində deyil. Bu yolu davam etdirmək üçün 69 yaşlı Si üçüncü dəfə vəzifəsində qalaraq daha beş il partiyaya və ölkəyə rəhbərlik edəcək — sədrin ən azı on ildə bir dəfə dəyişməsi və Siyasi Büro üzvlərinin 68 yaşdan gec olmayaraq təqaüdə göndərilməsi ənənəsini pozaraq.

Bazar günü Çin Kommunist Partiyasının qurultayı Sinin iki saatlıq qısa nitqiylə başlayıb (Əvvəlki qurultaydakı çıxışı bundan 1,5 dəfə uzun olub). O, heç nəyi dəyişdirməməyə söz verib. Dəyişməz sədrin çıxışından məum olub ki, beş əsas istiqamət olduğu kimi qalacaq:

Amma bütün bunları həyata keçirmək üçün Çinin əvvəlki qədər pulu yoxdur. Si 10 il əvvəl hakimiyyətə gələndə Çin planetin ən dinamik ölkəsiydi, 2010-cu ildə isə Yaponiyanı ötərək dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilmişdi. 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranıyla Covid pandemiyası arasındakı 12 il ərzində Çinin milli sərvəti iki dəfə artıb, adambaşına düşən ümummilli gəlir göstəricisinə görə Rusiyanı və digər inkişaf etməkdə olan ölkələri geridə qoyub.

Bununla belə, Sinin rəhbərliyi dövründə artım ildə 6-8%-ə düşüb, bu isə Kommunist Partiyası daha aşağı səviyyəli (5,5%-lik) hədəf müəyyənləşdirib. Amma iqtisadçılar nəticənin 3,0-3,5%-dən çox olmayacağını deyirlər.

Sürətli inkişaf dövrü niyə başa çatdı? Çin Si Tsinpinin seçdiyi kursla böhrandan çıxa biləcəkmi?

Çinin üç əsas problemi var: Covid, keçid dövrü və dünyadakı çətinliklər.

Permanent karantin

Çin «sıfır Covid» siyasəti yürütdü və ilk vaxtlarda bu, ona iqtisadi artımı bərpa edən ilk ölkə olmağa yardım etdi. Amma zaman keçdikcə məlum oldu ki, çinlilər vaxtından əvvəl sevinməyə başlayıblar.

Artıq üçüncü ildir ki, ölkə fasiləsiz karantin şəraitində yaşayır. Yeni dalğanın ilk əlamətləri üzə çıxan kimi bütöv bir şəhərdə insanları evlərinə qapadırlar. Bu, istehlakı, ticarəti, turizmi azaldır. İqtisadiyyat yavaşlayır, sosial narazılıq artır.

Bir çoxları ümid edirdilər ki, Sinin çıxışında karantinin yumşaldılacağına dair hansısa eyhamlar olacaq, amma bu, baş vermədi.

Effektiv peyvəndlərin və bu xəstəliyə qarşı kütləvi immunitetin olmadığı şəraitdə 1,5 milyard çinlini kənara buraxmaq risklidir. Məsələn, əhalisi Çindəkindən 4 dəfə az, səhiyyə xidməti daha yaxşı olan ABŞ-da Coviddən 1 milyondan çox insan öldü.

Mənzil bazarında böhran

Çinin ən böyük problemi daşınmaz əmlak bazarındakı böhrandır. Bu böhran yeni başlayır və hələ bir neçə il Si üçün başağrısı olacaq.

Son illərdə qiymətlərin və tikintinin sürətli yüksəlişi Çin iqtisadiyyatının ümumi artımına böyük töhfə verib (25%-ə qədər). Əhalinin ümumi sərvətinin üçdə ikisini mənzillər təşkil edir.

Bu artım 1990-cı illərdə çinlilərə mənzil almağa icazə verilməsiylə başlayıb və urbanizasiyaya görə davam edib. Amma sonra daşınmaz əmlak investisiya və spekulyasiyaların əsas obyektinə çevrilib.

Bazarda qovuq yaranıb. Qiymətləri əlçatan səviyyəyə qaytarmaq və boş meydançalara yatırılan pulları digər sahələrə, daha yaxşısı, istehlaka yönəltmək üçün iki il əvvəl hakimiyyət onu partlatmaq qərarına gəlib.

Tikinti şirkətləri üçün kredit şərtləri sərtləşdirilib, daha riskli şirkətlərin müflis olmasına imkan verilib. Qiymətlər enib, insanlar mənzil almağı təxirə salmağa başlayıblar və uzunmüddətli tikinti üçün ipoteka ödəməkdən imtina ediblər. Bütün bunlar banklara problemlər yaradıb.

Risk çox yüksəkdir. Çində daşınmaz əmlakın ümumi dəyəri 52 trilyon dollar civarında qiymətləndirilir. Hakimiyyət bu böhranın öhdəsindən gələ bilməsə, vəziyyət nəzarətdən çıxa və 1990-cı illərin əvvəllərində Yaponiyada və 2008-ci ildə ABŞ-da olduğu kimi iqtisadiyyatın geriləməsiylə nəticələnə bilər.

Hələ ki resessiyadan danışmaq tezdir, amma ölkədə mənzil bazarından başqa da problemlər var.

Keçid dövrü

Çinin yüksələn artım potensialı bitib, indi hakimiyyət iqtisadiyyatın «inkişaf etməkdə olan» modelindən əsas etibarilə istehlaka əsaslanan «inkişaf etmiş» modelinə keçməyə çalışır. Amma yaxşı yaşayışdan varlı olmağa aparan yol yoxsulluqdan rifaha aparan yoldan daha uzun və daha çətindir.

Birincisi, demoqrafiya mane olur. «Bir ailə, bir uşaq» siyasəti Çini qocalmış ölkəyə çevirib. Gənclər arasında işsizliyin səviyəsi isə rekord həddə çatıb — demək olar ki, 20%-dir.

İmkanı olan, istəyən hər kəs çoxdan kənddən şəhərə köçüb (Hazırda çinlilərin 60%-dən çoxu şəhərlərdə yaşayır). Sənayedə, enerjidə, infrastrukturda, daşınmaz əmlakda çatışmayan nə vardısa, hamısı artıq tikilib. Yoxsulluq illərindən yığılıb qalmış təklif defisiti qapanıb, yeni tələbin yaradılması tempi isə xeyli aşağıdır.

Daxili tələbatın azalmasını xarici tələblərlə kampensasiya etmək olardı, amma bu məsələdə də problemlər var.

Xarici problemlər

Pandemiya qloballaşmanın sürətini kəskin şəkildə yavaşlatdı, Çin dünyanın mal fabriki, dünyanın ən böyük istehlak bazarı, dünyanın ən böyük enerji idxalçısı və dünyanın bir nömrəli ticarət dövləti mövqeyini itirdi.

Üstəlik, inkişaf etmiş iqtisadiyyatlar pandemiyadan sonra rekord səviyyəli infilyasiyayla üzləşdilər; məcbur oldular ki, on ildir davam edən ultra-yumşaq kredit siyasətinə son versinlər. Əhalinin və müəssisələrin sərbəst pul ehtiyatı getdikcə azalır; həm insanlar, həm də şirkətlər əsas təchizatçının məhz Çin olduğu sektora — istehlak mallarına daha az pul xərcləyirlər.

Avropada — yarım milyard insanın yaşadığı ən zəngin bazarın yerləşdiyi məkanda müharibə başlaması isə vəziyyəti daha da qəlizləşdirib.

Fevral ayında Putin Ukraynaya qoşun göndərdi və bu, Rusiyanı sanksiyalara məruz qoydu. Bundan əvvəl Kreml Avropa Birliyinə qarşı qaz müharibəsi başlatmışdı.

Nəticədə Qərb istehlakçılarını Çin mallarına daha az pul xərcləmək məcburiyyətində qoyan qlobal enerji böhranı yarandı.

Hətta Rusiyanın enerji resurslarını aşağı qiymətə almağın müvəqqəti faydası belə itkilərin yerini doldurmayacaq.

Çinə ucuz enerji yox, alıcılar lazımdır. SSRİ-nin hələ mövcud olduğu dövrdən — 1990-cı ildən bəri ilk dəfə bu il neftə tələbat 3% azalacaq. Qaz istehlakı yalnız 2030-cu ildən sonra ciddi şəkildə artacaq. Rusiya kömürü isə Çinin tələbatının yalnız 1%-ni təmin edir.

Qərblə qarşıdurma

Putinin Ukraynada başlatdığı müharibənin Çin üçün ikinci xoşagəlməz nəticəsi Qərblə münaqişənin kəskinləşməsidir. Onsuz da Honq-Konqda azadlıqların məhdudlaşdırılmasına, uyğurlara qarşı repressiyalara və Tayvanla bağlı aqressiv ritorikaya görə əvvəldən də Qərb və Çin arasında gərginlik vardı.

Sinin siyasəti nəticəsində son illərdə Çin Qərbin strateji rəqibi mövqeyində möhkəmlənib, Putinin Ukraynaya müdaxiləsini pisləməkdən imtina etməsi isə münasibətləri tamamilə korladı.

Çin Rusiyaya silah və pulla deyil, yalnız diplomatik səviyyədə dəstək verdiyi üçün ABŞ hələ ki bu ölkəyə ikinci dəfə sanksiya tətbiq etmir. Bununla belə, Jo Bayden administrasiyası nəinki Donald Tramp dövründə tətbiq edilən ticarət məhdudiyyətlərini aradan qaldırmadı, üstəlik, Çinə texnologiya transferiylə bağlı qadağaları daha da sərtləşdirdi.

Dünyaya açılmadan və ticarətdən, o cümlədən, «Iphone» və «Tesla"ları quraşdırmaqdan qazanıb zənginləşən ölkə tədricən Qərblə əməkdaşlığıqdan münaqişəyə keçir.

Möcüzə bitdimi?

Çinin artım üçün nəhəng ehtiyatları var. Mövcud problemlər tez bir zamanda həll edilməsə belə, iqtisadçılar Çin iqtisadiyyatının ildə 4% artacağını proqnozlaşdırırlar. Bu templə Çin iqtisadi böyüklüyünə görə ABŞ-ı yalnız növbəti onilliyin ortalarında ötüb keçəcək.

Hər şey plana uyğun getsə və Qərb resessiyadan yayına bilsə, bu artım 5%-dən çox ola bilər. «Bloomberg Economics» iqtisadçılarının hesablamalarına görə, belədə Kommunist Partiyası iqtisadiyyatı 2020-ci ildən 2035-ci ilə qədər iki dəfə böyütmək hədəfinə nail olacaq.

Bunun üçün daşınmaz əmlak bazarındakı böhranı və pandemiyanın problemlərini tez aradan qaldırmaqla yanaşı, ağrılı və bahalı islahatlar aparmaq lazım gələcək — məsələn, pensiya yaşını yüksəltmək, əhalinin sosial müdafiəsini gücləndirmək, böyük özəl şirkətlərə hücumları dayandırmaq kimi.

Qərblə münasibətləri normallaşdırmaq da pis olmaz. Çin öz təsir dairəsini genişləndirməyə çalışır və aktiv şəkildə xaricə sərmayə qoyur. O, dünyanın ən böyük ordusuna və nüvə silahına malikdir, BMT Təhlükəsizlik Şurasının üzvüdür.

Bununla belə, Çin üçün Qərblə iqtisadi rəqabət hələ də asan məsələ deyil. Ölkənin ÜDM-i təxminən 20 trilyon dollardır, qlobal iqtisadiyyatın təxminən 20%-ni təşkil edir. Bu göstərici ABŞ-da 25%, inkişaf etmiş ölkələrdə isə ümumilikdə 60% təşkil edir.

Problemləri yoluna qoymaq üçün Sinin cəmi beş il vaxtı var. Konstitusiya dəyişikliyi ona ömürlük hakimiyyət vəd etmir. Beş ildən sonra yenə qurultay olacaq, yenə hakimiyyət uğrunda gizli mübarizə gedəcək və bu mübarizənin nəticəsi birbaşa ölkənin inkişafından asılı olacaq.

«Kommunist Partiyasının siyasi legitimliyi sosial-iqtisadi vəziyyətin yaxşılaşmasından asılıdır.

Orta statistik çinli işlərin yaxşı getmədiyini hiss edəcək, ona görə də Çinin son onilliklərdə vərdiş etdiyi artım tempini bərpa etmək lazımdır» — RSIS-in Sinqapurdakı araşdırma mərkəzinin əməkdaşı Colin Cox belə deyir.

Si avtoritarizmi gücləndirməyə, sərvətləri yenidən bölüşdürməyə və Qərblə münaqişəyə hazırlaşır. Bu kursun nəticəsini beş ildən sonra görəcəyik. Əgər Si dördüncü müddətə də seçilsə, 10 ildən sonra Çinin 20 illik mütləq hakimiyyətə malik 80 yaşlı hökmdarı olacaq.

Tarixi eksperiment özünün ən qızğın dövrünə qədəm qoyub. (ovqat.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar