Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çəkilən zəhmət heç zaman itmir” - Aydın Əliyev

“Cəmi 22 yaşımda Azərbaycan millətindən olan bir insanın xarici ölkədə öz musiqisini, öz mədəniyyətini necə təmsil etməli olduğunu tam dərk etməyə başladım”...

Bu gün PİA.az-ın müsahibi Azərbaycan Milli Konservatoriyasının dossenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, peşəkar qarmon ifaçısı Aydın Əliyevdir. Bu gün Aydın müəllimin 60 yaşı tamam olur. PİA.az kollektivi olaraq peşəkar sənət yolu ilə pedoqoji fəaliyyətini birləşdirməyi bacaran sənətkar Aydın Əliyevi doğum günü vəsiləsi ilə daha yaxından tanımaq fürsətimiz oldu.

- Aydın müəllim, qarmon aləti ilə məşğul olmağa necə qərar verdiniz?

Mən ailəmizdə musiqi və poeziya mühitində böyümüşəm. Valideynlərim hər zaman musiqiyə çox önəm veriblər. Atam qaval və nağara kimi zərb alətlərində, o cümlədən tütəkdə özünəməxsus şəkildə ifa edərdi. Yəni gözümü açandan bəri bu musiqi mühiti mənə öz təsirini göstərib. Hətta 3-4 yaşlarımda olarkən qavalda və kiçik bir nağarada ifa edirdim. Lakin hər zaman dediyim kimi, qarmon alətini seçməyim 6 yaşımda anamın təkidi ilə oldu. Atam da qarmon alətini çox sevərdi və xüsusən, Teyyub Dəmirov yaradıcılığına böyük önəm verərdi. Hətta ilk dəfə atam əlində qarmonla evə gələndə mən təəccübləndim. Atam Teyyub Dəmirovun “Segah” muğamından, “Bayatı-Qacarı”ndan bir neçə fraqment ifa edirdi. Onu deyə bilərəm ki, mənim ailədə ilk müəllimim elə atam olub. Ailəmizdə poeziya da çox sevilərdi. Məsələn, atam radioda eşitdiyi bütün tamaşaları, “Arşın mal alan”, “O olmasın, bu olsun” komediyası kimi bir çox səhnə əsərlərini əzbərdən bilirdi.

Qarmonda Aydın Əliyev və nağarada atası Əkbər Əliyev 

Bununla yanaşı, o, bəmdən yumşaq oxumağı bacarırdı. Bu da mənim şansım idi ki, ilk muğamları öyrənərkən atam həmişə mənimlə məşğul olardı. Bəm səslə oxuyaraq deyərdi ki, sən xanəndəni müşayiət etməyi bacarmalısan. Həmçinin, anam və dayım Rafiq Əlisoy da çox gözəl şeirlər yazardı.

- Əlbəttə, musiqi və poeziya hər zaman bir-birilə vəhdət təşkil edib. Bəs qarmonla ilkin tanışlıqdan sonra musiqi təhsiliniz və karyeranız necə irəlilədi?

O dövrlərdə mənim ilk müəllimlərimdən olan gözəl sənətkar, qonşumuz Bəylərxan müəllim mənə ilk dəfə qarmon alətini tutmağı və ifa etməyi öyrətdi. Sonrakı illərdə isə mən artıq qarmon üzrə Xəzər Dənizçiləri adına Mədəniyyət Evinin musiqi kursuna gedirdim. Orada da mənə Amaliya xanım dərs deyib.

Daha sonra isə ilk dəfə 1975-ci ildə Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq kombinatının klubunda “Sahil” Xalq Çalğı Alətləri ansamblına qoşuldum. Bu ansamblda musiqiçi kimi fəaliyyət göstərməyin incəliklərini Ağaqardaş müəllimdən öyrəndim. Həmin illərdə Ağaqardaş müəllim mənə klassik muğamlarımızın ifaçılıq sirlərini öyrədib.

- Çox gözəl. Aydın müəllim, biz bilirik ki, sizin uzun illərdir davam edən zəhmət dolu, peşəkar bir sənət yolunuz var. Bu barədə nələr deyə bilərsiniz?

İlk professional kollektivdə iştirakım 1979-cu ildə Respublikanın Xalq Artisti Baba Salahov adına Xalq Çalğı Alətləri ansamblında olub.

Aydın Əliyev Baba Salahovun ansamblında

Bu dövrün mənim üçün maraqlı tərəfi o idi ki, təsadüfən Baba Salahovun “Sümbül” adına gənclərdən ibarət kollektivi var idi. O ansambldan çıxanlar sonra dublyor kimi daha sonra professional ansambla gəlirdilər. Mən də 1978-ci ildə həmin ansambla gəldim və 1 il sonra Baba Salahovun dəvəti ilə professional ansambla dəvət olundum. Orada böyük sənətkarlardan Baba Salahov, Respublikanın Xalq Artisti Vəli Qədimov, Ağasəlim Abdullayev, Ədalət Vəzirov, Zaur Əliyev var idi. Sonrakı dövrlərdə isə Rafiq Budaqov, Əhliman Zabitoğlu kimi böyük sənətkarlarla birlikdə işlədim. Həmçinin, böyük xanəndələrdən Rübabə Muradova, Elmira Rəhimova, Mirzə Babayev, Arif Babayev, Nəzakət Məmmədova kimi karifey sənətkarları müşayiət etmişəm. Deyə bilərəm ki, belə böyük sənətçilərlə işləmək musiqi təfəkkürümə və ifaçılığıma yeni bir nəfəs gətirdi.

Elmira Rəhimova və Aydın Əliyev 

Aydın müəllimin əsgərlik illəri

Baba Salahovun Xalq Çalğı Alətləri ansamblında 1981-ci ilə qədər ifa etdim. Sonrakı illərdə 2 il hərbi xidmətdə olduqdan sonra 1983-cü ildə Respublikanın Xalq Artisti Əlibaba Məmmədovun dəvəti ilə “Humayun” Xalq Çalğı Alətləri ansamblına dəvət olundum.

- Professional karyeranızın Azərbaycan SSR Xalq Artisti Zeynəb Xanlarova ilə olan dövrü barədə nələr deyə bilərsiniz?

Əvvəlcə onu deyə bilərəm ki, 1985-ci ildə Respublikanın Xalq Artisti Aftandil İsrafilov tərəfindən Zeynəb Xanlarovanın instrumental xalq çalğı alətləri ansamblına dəvət olundum. Burada da professional sənətkarla birgə çıxış etmək artıq mənim üçün böyük bir xoşbəxtlik oldu.

Zeynəb xanımın ansambldan olan tələblərini hər zaman yerinə yetirməyə çalışardım. Bu baxımdan, öncə Aftandil İsrafilova, çox minnətdaram ki, məni bu ansambla dəvət edib. Həmçinin, ustad sənətkar Vəli Qədimov da hər zaman o səhnədə mənə ruh verərdi. Zeynəb Xanlarovanın ansamblından sonra isə 1989-1992-ci illərdə bizim gözəl müğənnimiz Məmmədbağır Bağırzadənin dəvəti ilə “Dilkeş” instrumental ansamblında yaradıcılıq fəaliyyəti göstərdim.

Aftandil İsrafilov və Aydın Əliyev 

- Aydın müəllim, yaradıcı fəaliyyətinizdə, xüsusilə ilk qastrol səfərinizlə bağlı təəssüratlarınız bizə maraqlıdır.

İlk dəfə xarici ölkələrə qastrol səfərim Respublikanın Xalq Artisti Ağasəlim Abdullayevin dəvəti ilə mənə qismət oldu. İlk dəfə 1984-cü ildə Almaniya Federativ Respublikasında qastrol səfərim baş tutdu. Bu səfərin yaradıcılığıma və musiqiyə olan yanaşmama böyük təsiri oldu. Cəmi 22 yaşımda Azərbaycan millətindən olan bir insanın xarici ölkədə öz musiqisini, öz mədəniyyətini necə təmsil etməli olduğunu tam dərk etməyə başladım.

- Musiqi tariximizdə özünəməxsus yeri olan Respublikanın Xalq Artisti Rafiq Babayevin “Cəngi” kollektivindəki iştirakınız necə baş tutdu?

Bizim böyük piano ifaçısı və bəstəkar Rafiq Babayevin yaratdığı “Cəngi” caz-folklor ansamblında 1991-1992-ci illərdə sənət yolumu davam etdirdim. Bu ansamblda da Rafiq müəllim başda olmaqla, Siyavuş Kərimi, Cəmil Əmirov, Rauf Sultanov, Gena Stepanişev, Tofiq Cabbarov kimi instrumental ifaçılarla bir səhnəni bölüşdüm. Həmçinin, Mübariz Tağıyev, Azər Zeynalov və bir çox digər sənətkarları müşaiyət etdim.

- Bəs 2002-ci ildə keçirilən Beynəlxalq İpək Yolu festivalı sənət yolunuza necə təsir etdi?

1997-ci ildə fransız etnomusiqişünas Jan Dürinq Bakıdakı səfəri zamanı muğamlarımızla bağlı layihələr həyata keçirirdi. O, ilk əvvəl Alim Qasımovun səsyazması ilə Fransada bir disk yayımladı. Sonra isə Fransada Malik Mansurovun və mənim diskim işıq üzü gördü.

Dürinq, xüsusilə, Azərbaycan klassik qarmon ifaçılığı ilə çox maraqlanırdı və mənim ifamı dinlədikdən sonra çox bəyəndi. Beləcə, ilk diskim Fransada çıxdıqdan sonra Jan Dürinqlə başqa layihələrimiz oldu. Məhz 2002-ci ildə keçirilən Beynəlxalq İpək Yolu Festivalına bu şəkildə dəvət olundum. Bu festivalda dünyanın hər yerindən, o cümlədən Azərbaycandan gələn musiqiçilər böyük bir heyətlə çıxış edirdilər. Ölkəmizdən böyük saz ustadı Ədalət Nəsibov və mən bu festivalda iştirak etdik. Düz 52 gün dünyanın böyük şəhərlərində turne kimi çıxışlar etdik. Amerikanın Vaşinqton şəhərində isə final mərhələsinə gəlib çatdıq. Bizi Vaşinqtonda qarşılayan, böyük qayğı göstərən Azərbaycanın Amerikadakı Səfiri Hafiz Paşayev hər zaman bizi dəstəkləyirdi və bu dəstəyin nəticəsində bizim fəaliyyətimiz də mediada ən yaxşı şəkildə işıqlandırıldı. Beləcə, növbəti mərhələdə biz finala qədər yüksəldik.

Azərbaycanın Amerikadakı sabiq səfiri Hafiz Paşayev və Aydın Əliyev

- Yəqin ki, bu, sizə dərin bir sevinc və fərəh hissi bəxş edirdi.

- Əlbəttə. Təsəvvür edin ki, finala dünya şöhrətli violonçel ifaçısı Yoyomanın orkestrı və bizim 22 nəfərlik ifaçı heyətimiz qəbul edildi. Bu, mənim üçün çox fərəh dolu bir xatirədir. Respublikanın Xalq Artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi də bu məsələlərə çox önəm verirdi.

İpək Yolu festivalı, həqiqətən də, daha sonra Azərbaycanda böyük rezonans doğurdu. Hətta qastrol səfərimiz dünyaca məşhur kanallarda işıq üzü görərkən, “Euronews” kanalı da bizimlə bağlı çəkilişlər və müsahibələr hazırladı.

- Çox az sənətkar var ki, həm yaradıcı, həm də təhsil fəaliyyəti ilə məşğul olur. Bu vəziyyət sizin üçün çətinlik yaradırmı?

- Pedoqoji fəaliyyətlə birlikdə ifaçılıq sənətini icra etmək, əlbəttə ki, çətindir. Lakin bir o qədər də şərəflidir. Çünki həm səhnə fəaliyyəti, həm də müəllimlik yaxşı ifaçılığı, biliyi və nizam-intizamı sevir. Ancaq bu iki fəaliyyətdə bir qədər fərqli cəhətlər də var. Hər şeydən əvvəl, bu iki işi lazımi səviyyədə və öz vaxtında həyata keçirmək vacibdir. Necə deyərlər, hər iki cəbhədə də layiqincə vuruşmaq lazımdır.

- Azərbaycan Milli Konservatoriyasındakı fəaliyyətiniz necə başladı?

- Qeyd etməliyəm ki, mən Milli Konservatoriyaya 2008-ci ildə Siyavuş Kəriminin dəvəti ilə gəlmişəm. 2014-cü ildə isə rəqslərlə bağlı “Azərbaycan Xalq Rəqslərində Variantlılıq və İnterpretasiya Xüsusiyyətləri” adlı mövzuda elmi iş müdafiə etdim. Beləliklə, sənətşünaslıq üzrə fəlsəfə doktoru adına layiq görüldüm. Hazırda Konservatoriyada “Qədim Xalq Rəqslərinin Tədrisi” fənni üzrə öz pedoqoji fəaliyyətimə davam edirəm. Bu proqram böyük marağa səbəb oldu. Qədim, unudulmuş rəqslərimizi yenidən ərsəyə gətirdi və mən də onun tədrisini böyük həvəslə işləməyə başladım. Bu proses zamanı tələbələrdəki həvəsi və Siyavuş müəllim başda olmaqla, müəllimlər heyətinin böyük dəstəyini gördüm. Həmçinin, tələbələrdə də muğam, rəqs, rəng və dəramət baxımından ifaçılıq məharətinin artdığını müşahidə edirəm. Beləliklə, ifaçının musiqi xəzinəsi daha da zənginləşir.

- Yaxın zamanda Azərbaycan Milli Konservatoriyasında keçirdiyiniz ilk konsertinizlə bağlı təəssüratlarınız nələrdir?

Hazırda dossent müəllim olaraq fəaliyyət göstərdiyim Azərbaycan Milli Konservatoriyasında yaxın zamanlarda rektorumuz Siyavuş Kəriminin təşəbbüsü ilə mənim müəllif konsertim baş tutdu. Tədrisimdə tar, kaman, qanun, balaban kimi alətlər olduğuna görə Azərbaycan Milli Konservatoriyasında baş tutan konsertimdə mənim üçün ansambl yaratmaq çox çətin olmadı. Çünki istedadlı tələbələrimi hər zaman diqqətimdə saxlayıram. Həmin tələbələri öz ansamblıma dəvət etdim və çalışdım ki, yaxşı bəstəkar mövzularına, məsələn, xalq rəqslərinə, xalq musiqisinə və muğamlarımıza müraciət edim.

Deyilənlərə görə, yaxşı bir rezonansa səbəb olub. Konsertdən sonra ustad sənətkarlardan və sinfimdən eşitdiyim gözəl təbriklər məni çox sevindirdi ki, çəkdiyim zəhmət heç zaman itmir. Konsertdə də tələbələrimlə bərabər dəyərli sənətkarlardan Kamran Kərimov, Eyvaz Həşimov və Zamiq Nağıyev qardaşım məni müşayiət edirdi.

- Hazırda dossenti olduğunuz Azərbaycan Milli Konservatoriyasında tələbələrinizlə münasibətiniz necədir?

- Tələbələrimi musiqidə öz övladlarım kimi sevirəm və çalışıram ki, biliklərimi onlardan əsirgəməyim. Hansı tələbəm dərsləri şövqlə, həvəslə dinləyirsə, çalışıram ona dərsdən sonra da nələrsə öyrədim. Çünki tələbə ikən mən özüm də axtarışda olmuşam, elə indi də axtarıram və öyrənirəm. Amma tələbələrin bu həvəsini görəndə istəyirəm, onların qığılcımını bir az daha alovlandırım.

- Sizi yaxından tanıyanlar bilir ki, pedoqoji fəaliyyətinizlə yanaşı, əsl sənətkar kimi hər zaman səhnəyə yaxınsınız. Hazırda səhnə fəaliyyətiniz necə davam edir?

Rəşid Behbudov adına Mahnı Teatrındakı fəaliyyətim 2014-cü ildə Mirxalid Salayevin dəvəti ilə başladı. Bu gözəl atmosferdə də Mahnı Teatrının rəhbəri Respublikanın Xalq Artisti Salman Qəmbərov, Mirxalid Salayev, Hakim Abdullayev, Elşən Qasımov, skripka ifaçısı Mirabbas Mirzeynalov, kaman ifaçısı Zahid Rzayev, Respublikanın Əməkdar Artistləri Qorxmaz Qurbanov və İsgəndər Ələsgərov kimi sənətkarlarla bir səhnəni bölüşürük. Ansamblımızın solistləri Xalq Artisti Gülyanaq Məmmədova, Xalq Artisti Heydər Anatollu, Fəxri Kazım Nicat, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva kimi dəyərli sənətçiləri müşaiyət etmək mənim üçün çox vacibdir.

- Yaxın zamanda yenidən sizi dinləyə biləcəyikmi?

- İnşallah 25 oktyabrda Azərbaycan Milli Konservatoriyasının konsert zalında 60 yaşım münasibətilə yubiley tədbirim keçiriləcək.

- Aydın müəllim, bizə zaman ayırdığınız üçün çox təşəkkür edirik.

Dəyərli sənətkarımız Aydın Əliyevi ad günü münasibətilə təbrik edir, kollektivimiz adından istər yaradıcı, istərsə də təhsil fəaliyyətində çoxlu uğurlar və can sağlığı arzu edirik.

ABŞ-ın sabiq Xarici İşlər naziri Madeleine Albright və Aydın Əliyev 

Aydın müəllimin doğum günü, 2 oktyabr 2022-ci il

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar