Çərşənbə, 07 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev dünən İran səfiri ilə niyə görüşüb? - Danlaq diplomatiyası...

Maraqlıdır ki, dünən baş tutduğu iddia olunan bu görüş barədə Azərbaycanın rəsmi xəbər orqanları heç bir məlumat yaymayıb...

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Prezident İlham Əliyevin xüsusi köməkçi ilə görüşüb.

Ovqat.com xəbər verir ki, məlumatı İranın yarırəsmi informasiya agentliyi İSNA yayıb.

İSNA-nın iddiasına görə, görüşdə ikitərəfli münasibətlərdəki son proseslər və bölgəsəl məsələlər, xüsusilə Ermənistanla Azərbaycan arasında son zamanlar sərhəd toqquşmaları və bununla bağlı Tehranın mövqeyi ətrafında fikir mübadiləsi aparılıb. 

Görüşdə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyi, İranın regionda həyati və uzunmüddətli maraqlarına zidd olan geosiyasi dəyişikliklərin olmaması, iki şimal qonşusuna davamlı sülhün əldə edilməsinə kömək etməyə hazır olması, İranAzərbaycan arasında müntəzəm siyasi danışıqların aparılması zərurəti kimi digər əsas mövzular da nəzərdən keçirilib.

Maraqlıdır ki, dünən baş tutduğu iddia olunan bu görüş barədə Azərbaycanın rəsmi xəbər orqanları heç bir məlumat yaymayıb. Bu da ondan xəbər verir ki, Azərbaycan tərəfi İran diplomatı ilə görüşü (əgər həqiqətən olubsa) ümumiyyətlə xəbər yazmağa dəyəcək hadisə kimi qiymətləndirməyib. İran isə həmin görüşü elə tərzdə təqdim edib ki, sanki bu ölkənin səfiri rəsmi Bakının üstünə yürüyüb və öz ultimativ tələblərini Hikmət Hacıyevə çatdırıb, Azərbaycanı Ermənistanla danışıqlar aparmağa dəvət edib.

İranın yaydığı bu məlumatın qeyri-səhihliyi ordan bəllidir ki, hansısa bir ölkənin səfiri xidmət göstərdiyi dövlətə öz paytaxtlarının xəbərini çatdırmaq istəyərsə, onun döyə biləcəyi ən mötəbər qapı Xarici İşlər Nazirliyi ola bilər. Təbii ki, nazir səfiri qəbul etmək istəyərsə, onunla görüşər. Nazir qəbul etmək istəməsə, qonağı müvafiq şöbələrdən birinə yönləndirər.

Azərbaycanda adətən bu cür diplomatik təşəbbüslərə nazirin özü baxmaz, XİN-də həmin ölkə ilə işləyən şöbələrdən birinin müdiri səfiri qəbul edər və fikirlərini dinləyər, öz ölkəsinin cavabını ya əlüstü verər, ya da bununla bağlı səfirliyə rəsmi məktub göndərər. Dünən baş tutan (?) və xəbər əhəmiyyəti belə daşımayan görüş Azərbaycan Prezidentinin köməkçisi ilə İran səfiri arasında keçirilibsə, belə çıxır ki, Seyid Abbas Musəvini iqamətgahına dəvət edən Hikmət Hacıyev olub. Hikmət Hacıyev isə belə görüşləri adətən hansısa məsələnin müzakirəsi üçün keçirmir. Ölkələrin təmsilçilərini çağırıb Azərbaycan Prezidentinin hansısa iradını onların diqqətinə çatdırır. 

Üstəlik, İran yarırəsmi mediasında müzakirə olunduğu iddia edilən məsələlərin bir çoxunun İrana aidiyyəti yoxdur. Məsələn, bizim Ermənistanla nəyi müzakirə edib-etməməyimizin ən az dəxli olduğu ölkə İrandır. Ermənistan Rusiyanın təsir dairəsindədir və son zamanlar ABŞ-ın qucağında oturmağa can atır. Biz əgər Ermənistanla bağlı narahatlıq doğuran məsələ vardırsa, bunu həmin ölkələrlə müzakirə edərik, İranla yox. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ-dan qayıtmasının üstündən hələ çox keçməyib. Yəqin ki, Nyu-Yorkda olarkən görüşdüyü ABŞ yetkililəri ilə də İrəvanla bağlı məsələləri müzakirə edib. Təsadüfi deyil ki, dünən ABŞ-ın dövlət katibi Entoni Blinken Paşinyanla görüşündə Azərbaycanın aqressiv siyasətindən gileylənən həmsöhbətinə diplomatik dillə hələ delimitasiya edilməmiş ərazilərə hücumdan şikayətlənməkdənsə, Azərbaycanla dil tapmağı məsləhət görmüşdü. Bu fakt əslində ABŞ-ın bir sıra məsələlərdə Azərbaycanın mövqeyinə haqq qazandırdığına işarədir. Belə bir vəziyyətdə Hikmət Hacıyevin regionda heç bir çəkisi olmayan İran adlı bir ölkənin səfiri ilə hansısa məsələni müzakirə etməsi inandırıcı görünmür.

Zənnimizcə, əgər həqiqətən də belə bir görüş olubsa, bu, yalnız bir ehtimalla baş tuta bilər: Hikmət Hacıyev iranlı diplomatı yanına çağırar, yaxın qonşu kimi özlərinə aid olmayan məsələlərə çox girişməməyi məsləhət görər və yola salar. Görünür, ya bu görüş ümumiyyətlə olmayıb, ya da İran səfiri Abbas Musəvi özünün yaxşı diplomat olduğunu Tehrana göstərmək üçün ölkəsinin mediasına səhihliyi şübhə doğuran məlumatlar ötürüb. 

Dünən XİN-in mətbuat katibi Leyla Abdullayevanın xəyali jurnalistlərin suallarını cavablandırdığı qısa müsahibəsi də əslində İranın bir sıra mövqeyindən rəsmi Bakının narazı qaldığını təsdiqləyir. Bu da onu göstərir ki, Hikmət Hacıyev həqiqətən də İranın səfirini danlamaq üçün öz yanına çağırıb.

Leyla xanımın müsahibəsinə diqqətlə baxsaq, İranın mövqeyindəki hansı məqamların rəsmi Bakını tam qane etmədiyini rahatlıqla anlaya bilərik. 

Xəyali jurnalistin 3 sualına cavab verən Leyla xanım İranın “regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” tezisinə münasibət bildirərkən, adını İslam Respublikası qoyan qonşumuza xatırladıb ki, ermənilər 30 il müddətində «Azərbaycanın ərazilərinin iyirmi faizini, o cümlədən İranla sərhədimizin 132 km-ni işğal etmişdi... İran tərəfi sərhədlərin zordan istifadə edilərək dəyişdirilməsinə hər hansı bir münasibət bildirməmişdi». Bəs onda necə olur, Azərbaycan öz tarixi və rəsmi ərazilərini işğaldan azad etmək, yaxud təhlükəsizlik tədbirlərini möhkəmləndirmək istəyən kimi yuyulmamış qaşıq misalı özünü ortaya atan müsəlman İran erməni mövqeyindən çıxış edir? Leyla xanımın xüsusilə bu sözləri İranın sözügedən məsələyə qətiyyən dəxli olmadığını qarşı tərəfin diqqətinə çatdırmağa hesablanmışdı: «Məlum olduğu kimi, AzərbaycanErmənistan liderlərinin Moskva və Brüsseldə keçirilən görüş formatları mövcuddur». Yəni, Tehran bu formatda yoxdur, «üçüncü şəxs isə belə söhbətlərdə artıq tərəfdir».

Leyla xanımın Zəngəzur dəhlizi ilə bağlı İran rəsmilərinin yaxasını cırmasına verdiyi cavab da düşündürücüdür. «Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır». XİN-nin sözçüsü bu fikirlərlə İranın diqqətinə çatdırır ki, «reallıqdan uzaq, kökündən yanlış» iddialarla gündəm yaratmaq diplomatik məharət deyil və regional əməkdaşlıqda maraqlı olan dövlətə xeyir gətirməz. İranın ağlı olsa, Azərbaycan və Ermənista arasındakı normallaşmanın yaradacağı fürsətlərdən yararlanıb özünə bir gün ağlayar. Bu gün bütün tərəflərdən sıxışdırılan İrana regional əməkdaşlıqlar hamıdan çox lazımdır. 

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kölgə iqtisadiyyatı”na qarşı sərt yol seçildi - DTX və İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verildi

Vasif Talıbovun dövlətimizə qarşı sensasion sərəncamı

Prezidentin açılışını etdiyi fabrik məhkəməyə verildi - Fotolar 

Beyləqanda 4 nəfəri qətlə yetirən Fuadın - Fotoları

Rusiyada raket ehtiyatı nə qədərdir və onlar hansı zamana tükənəcək?

Gədəbəydəki qətlin bəzi təfərrüatları məlum olub, saxlanılan var - Yenilənib

Zəhərlənən adama qatıq verməyin - Baş toksikoloq

Rusiya sülhməramlılarının iç üzü: Azərbaycanlı jurnalistlər necə təhdid olundular? - Video

DÇ-2022: Portuqaliya - İsveçrə oyununda üçüncü qol

Ən çox oxunanalar