Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lenin kimi salamlanan Brejnev səfərə bir gün qalmış bildirib ki... - Detallar

Krımın cənub sahillərində yerləşən “Artek” pioner düşərgəsi XX əsrdə dünyada fəaliyyət göstərən uşaq əyləncə-istirahət düşərgələrinin arasında ən fərqli mərkəzlərdən biri sayılıb. Dünya “Artek”i SSRİ-nin vizit kartlarından biri kimi qəbul edib. 1925-ci ildən fəaliyyət göstərən düşərgə əvvəlcə vərəm xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulub, iki ildən sonra isə “Artek” sovet məktəbliləri ilə yanaşı, xaricdən gələn uşaqları da qəbul edib.

Fəaliyyət göstərdiyi illərdə “Artek”in yüzlərlə məşhur qonaqları olub, tanınmış siyasətçilər, ən populyar incəsənət xadimləri, yazıçılar, şairlər, qalib idmançılar, kosmonavtlar və s. Onlar düşərgəni ziyarət etdikdən sonra “fəxri pioner” titulunu alıblar.

“Artek”in ən məşhur və sevimli qonaqlarından biri isə Leonid Brejnev olub ki, o, baş katib olduğu dövrdə bir neçə dəfə pioner düşərgəsinə təşrif buyurub. Baş katib sonuncu dəfə pionerlərin görüşünə 1979-cu ilin yayında gedib. Amma bu görüş əvvəlkilərdən fərqlənib.

Brejnevin gəlişi şərəfinə düşərgədə xüsusi hazırlıq işləri görülüb. O cümlədən baş katibin protokol xidməti də əvvəlcədən öz işini planlaşdırıb. Plana əsasən, Brejnevin düşərgənin meydançasında ayaqüstü pionerləri salamlamağı, 3-5 dəqiqəlik çıxışı ilə onlara arzularını bildirməyi, sonda isə məktəblilərlə birgə düşərgənin yeməkxanasında nahar etməyi nəzərdə tutulub.

Beləliklə, avtomobil karvanı düşərgəyə çatıb. Brejnevi düşərgənin meydançasına dəvət ediblər. Baş katib “ssenari”ni pozaraq quraşdırılmış mikrofonun qarşısına deyil, məktəblilərin əyləşdiyi oturacaqlara doğru addımlayıb. O, uşaqların arasından keçərək oturacaqların birində əyləşib.

Ancaq səhhətində yetərincə problem olan, hətta bəzən müvazinətini itirən Brejnev oturacağın orta hissəsində deyil, qırağında əyləşib və bu məqamda onu yıxılmaqdan yanında əyləşən məktəblilər xilas ediblər. Heç nə olmamış kimi Brejnev oturacaqda öz yerini rahatlayıb.

Brejnevin şəxsi mühafizəsinin rəisi Aleksandr Ryabenko öz xatirələrində həmin gərgin anları belə xatırlayıb:

“Leonid İliç təhlükəsizlik qaydalarını tez-tez pozurdu. Mən dəfələrlə bununla bağlı onunla söhbət aparmışdım, xəbərdarlıq etmişdim. Ancaq bunların heç bir nəticəsi olmurdu. Hər dəfə sonda o, fikrini bir cümlə ilə bitirirdi: Mən bu ölkənin birinci şəxsiyəm və necə istəyirəmsə, elə də olmalıdır. Hətta Brejnev mənim bu cür xəbərdarlıqlarımdan möhkəm qıcıqlanırdı. Əslində, 1979-cu ildə Brejnevin “Artek”ə səfəri əvvəlcədən planlaşdırılmamışdı. O, Krıma yay məzuniyyətinə gedirdi. Səfərə bir gün qalmış bildirdi ki, “Artek”ə də gedəcək. Biz də əvvəlcədən işimizi planlaşdırdıq. Mühafizə düşərgədə öz yerini tutmuşdu. Ancaq o, gözlənilmədən məktəblilərin arasına getdi. Əyləşəndə az qaldı ki, yıxılsın. Yanında əyləşən məktəbli qız onu çiyni ilə saxlamasaydı, vəziyyət başqa cür olacaqdı. Biz həmin anda Brejnevin yanında əyləşə bilməzdik. Çəkiliş gedirdi, televiziya və mətbuat işçiləri dörd bir tərəfdən kameralarını baş katibə tuşlamışdılar. Biz onun yanında əyləşsəydik, belə bir təəssürat yaranacaqdı ki, Brejnev sərbəst hərəkət edə bilmir. Onu da yaxşı xatırlayıram ki, məhz həmin ərəfədə Brejnevin səhhətində ciddi problemlər var idi. Mən belə düşünürdüm ki, həmin aralarda o, heç bir tədbirdə iştirak etməməlidir. Amma baş katib inadkar idi. Dediyindən dönmürdü...”

Beləliklə, Brejnev yerini rahatladıqdan sonra pionerlərdən biri onu salamlamağa başlayıb. Məktəbli “əziz Leonid İliç” demək əvəzinə “əziz Leonid İliç Lenin” deyə ona müraciət edib. Çaşdığını anlayan məktəbli sonra həyəcandan heç nə deyə bilməyib. Adətən belə hadisələri sərt qəbul etməyən Brejnev bu dəfə iradını yüksək tonda bildirib:

“Hələ yaxşı ki, əziz yoldaş Stalin demədi...”

Sonralar düşərgənin pioner baş dəstə rəhbəri Vadim Sorokin bu hadisə ilə bağlı təəssüratlarını belə bölüşüb:

“Brejnevin halsız vəziyyətdə olduğu aşıq-aşkar hiss olunurdu. O, pionerləri də lazımi səviyyədə salamlaya bilmədi. Onun “Artek”dəki əvvəlki görüşləri fərqli keçib, hətta baş katib pionerlərlə rəqs də edirdi, zarafatlaşırdı, hər dəfə gələndə düşərgənin problemləri ilə maraqlanıb yerindəcə göstərişlərini verirdi.

Bu dəfə isə o, özündə deyildi. Mühafizə o qədər narahat idi ki, ətrafdakılar da bunu hiss edirdilər. Tədbirdən sonra biz onu düşərgənin yeməkxanasına dəvət etdik. Dəvətdən imtina edib maşına əyləşdi. Bizim sevimli Leonid İliç sonuncu dəfə yaddaşımızda belə qaldı...”

Qeyd edək ki, 1978-ci ildən başlayaraq Brejnevin səhhətində ciddi ağırlaşmalar başlayıb. Həkimlərin səyinə baxmayaraq, müsbət nəticə əldə etmək mümkün olmayıb. Elə həmin ildən ömrünün sonuna - 1982-ci ilə qədər bir çox tədbirlərdə, səfərlərdə, hətta qeyri-rəsmi ziyafətlərdə baş katibin sağlamlığının qeyri qənaətbəxş olması özünü açıq şəkildə büruzə verib. Brejnev özü də yaxşı anlayıb ki, o, başqaları tərəfindən idarə olunur, hətta könüllü vəzifədən getmək istədiyini də dilə gətirib. Amma Kreml məmurları hər bayramda onun sinəsinə bir orden taxmaqla Brejnevi məcbur “yaşadıblar”. Çünki çoxları üçün Leonid İliç sərfəli rəhbər olub. İkinci bir tərəfdən, Kreml qruplaşmaları gələcək “padşah”ın kim olacağını tam müəyyənləşdirə bilmədiklərindən Brejnevi öz kürsüsündə saxlamağı daha məqsədəuyğun sayıblar...

İlham Cəmiloğlu (Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar