Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb ölkələri Rusiyanı Ukraynaya təcavüzə necə həvəsləndirdilər? - Analiz

Huko fon Essen və Andreas Umland
İsveç Beynəlxalq Münasibətlər İnstitutu (Uİ) nəzdində Şərqi Avropa Araşdırmaları Mərkəzinin (SCEEUS) analitikləri

Hər gün Rusiyanın Ukraynaya hücumu davam edir, onun qlobal təsirləri daha da dərinləşir. Və beləliklə, gün keçdikcə atəşkəsdən daha çox danışılır. Ancaq belə bir razılaşmanın necə və hansı şərtlər altında əldə oluna biləcəyi sualı açıq olaraq qalır.

Bununla belə, artıq aydın olan budur ki, Rusiya və Ukrayna arasında bağlanacaq sazişdə səkkiz ildən artıqdır başlayan münaqişədən sonra buraxılmış səhvləri təkrarlanmamalıdır.

Geniş yayılmış fikrin əksinə olaraq, 2014-2015-ci illərdə bağlanmış Minsk atəşkəs razılaşmaları qəti həll yolu kimi nəzərdə tutulmamışdı. Artıq bildiyimiz kimi, bu razılaşma sənədləri sülhə gedən yol təklif etmirdilər. Əksinə, Belarus paytaxtında müzakirə edilən razılaşma sənədlərinin problemin bir hissəsinə çevriləcəyi əvvəldən bəlli idi, çünki o, 2022-ci ildə müharibəyə yol açan təcavüzkar Rusiyanın strategiyalarını gücləndirirdi.

2014-cü il sentyabrın əvvəlində Ukrayna ordusu İlovaiskdə Rusiyanın nizami quru qoşunlarına qarşı sarsıdıcı məğlubiyyətə uğradı. Yeni itkilərdən qorxan Kiyev Moskva ilə danışıqlara razılıq verdi.

Minsk Protokolu (Minsk I) açıq şəkildə Rusiyanın maraqlarına xidmət edirdi. Prokol Ukraynanın “mərkəzsizləşdirilməsini”, yəni Balkanlaşmasını nəzərdə tuturdu. Nəticədə atəşkəs elan edilsə də, münaqişə heç bir şəkildə həll olunmadı.

Əvəzində Ukrayna 2015-ci ilin fevralında Debaltsevoda növbəti dəfə ağır hərbi məğlubiyyətə uğradı. Rusiyanın Ukraynaya daha dərindən müdaxiləsi təhlükəsi ilə üzləşən Kiyev “II Minsk anlaşması” kimi tanınan “Minsk Sazişlərinin həyata keçirilməsi üçün Tədbirlər Paketi”ni imzaladı.

Ukrayna qanunları və sərhədləri

I və II Minsk atəşkəs razılaşmaları ağır texnikanın təmas xəttindən çıxarılması və bütün qeyri-qanuni hərbiləşdirilmiş dəstələrin tərksilah olunması kimi təhlükəsizlik tədbirlərini əhatə edirdi. Bundan əlavə, sazişlər Ukrayna qanunlarına əsasən, hökumətin nəzarətində olmayan ərazilərdə yerli seçkilər və regional muxtariyyət kimi siyasi tədbirləri nəzərdə tuturdu. Bu anlaşmalar işğal olunmuş ərazilər boyunca gələcəkdə Rusiya ilə sərhəddə Ukraynanın nəzarətinin bərpasını bəyan edirdilər. Bundan əlavə, razılaşmalarda humanitar problemlərin dərhal aradan qaldırılmasından və gələcəkdə münaqişənin həllinin nəzəri perspektivindən bəhs olunurdu. Bununla belə, münaqişənin həlli üçün ehtimal olunan əsas kimi bu razılaşmaların forması, məzmunu və nəticəsi ilə bağlı ən azı üç fundamental problem var idi ki, gələcəkdə bunlara yol verilməməlidir.

Problem 1: Beynəlxalq hüquq çərçivəsində nihilizmin qanuniləşdirilməsi

Minsk razılaşmaları ilə bağlı əsas problem onların beynəlxalq hüquqa açıq-aşkar etinasızlığı, yəni Rusiyanın Ukraynanın siyasi suverenliyini və ərazi bütövlüyünü pozması idi. Müqavilələr yalnız Ukraynanın maraqlarının əleyhinə və ona edilmiş ağır təzyiqlər altında bağlanıb.

Ən pisi isə odur ki, Qərb hətta bu razılaşmaları pozan Rusiyaya təzyiq göstərmirdi. Nəticədə Moskva Kiyevə qarşı silahlı təzyiqlərini qəsdən artırirdı. Bu, Kremlə münaqişənin tərifini və onun ehtimal edilən həllini müəyyənləşdirməyə imkan verdi. Ancaq daha pisi vardı; razılaşmaların icrası Qərbin Rusiyaya təzyiq göstərə bilməməsi, eləcə də Ukraynaya dəstək verməməsi ilə müşayiət olunurdu.

Minsk razılaşmalarının mətnində ifadə edilən separatçı düşüncə  Rusiya tərəfindən aqressiv şəkildə təbliğ olunurdu. Bu, bir çox Qərb müşahidəçiləri tərəfindən də qəbul edildi, baxmayaraq ki, sözügedən tendensiya müharibənin mənşəyi, müəyyənediciləri və gedişatı ilə ziddiyyət təşkil edirdi. Ukraynanın şərqində münaqişənin həlledici səbəbkarı Rusiya olsa da, onun razılaşmaları vicdanla yerinə yetirəcəyi sanılırdı.

Moskvanın təşkil etdiyi “Donbass üsyanı” Ukraynanın müstəqilliyini və sərhədlərini, bununla da Avropanın təhlükəsizlik qaydalarını aşkar şəkildə pozurdu. Buna baxmayaraq, Qərbin 2014-cü ildən bəri buna reaksiyası heç bir şəkildə pozuntuların miqyasına və ya müharibənin geosiyasi əhəmiyyətinə uyğun gəlmirdi.

Problem 2: Əsas demokratik standartlara məhəl qoyulmaması

Münaqişənin təfsiri ilə sıx bağlı olan digər fundamental məsələ bu idi: işğal olunmuş ərazilərin reinteqrasiyasında Kiyevin danışıqlarda tərəfdaşı kim olacaq? Əvvəlcə Ukrayna həlledici I Minsk razılaşmasına əsasən siyasi öhdəliyini, hökumətin nəzarətində olmayan ərazilərdə yeni seçkilərin keçirilməsi tələbini sürətlə yerinə yetirməyə hazır idi. Kiyev Ukrayna qanunlarına əsasən, işğal olunmuş ərazilərdə yerli seçkiləri 2014-cü ilin dekabrına təyin etmişdi. Buna baxmayaraq, təyin edilmiş seçkilərə bir ay qalmış, 2014-cü il noyabrın əvvəlində Moskvanın nəzarətində olan iki de-fakto rejim, “Donetsk” və “Luqansk Xalq Respublikaları” (XR və LXR) qeyri-qanuni olaraq öz ictimai səsvermə  keçirdilər. Bu tamaşa Ukrayna partiyalarının, o cümlədən rusiyayönlü partiyaların iştirakı olmadan baş tutdu. Həmin “ictimai seçkilər” Moskvanın nəzarətində olan şərqi Ukraynanın marionet dövlətlərinin liderlərinə legitimlik görüntüsü vermək məqsədi daşıyırdı.

O vaxtdan bəri Moskva bu və digər saxta səsvermələrə getdikcə daha çox istinad etməyə başladı. Bütün bu saxtakarlıqlar nəticəsində DXR və LXR-in liderləri Donbass əhalisinin və Kiyevlə münaqişədə olan kvazidövlət qurumlarının təmsilçiləri kimi təqdim olundu. Moskvanın Minsk Protokolunu və daha sonra bağlanmış “Minsk Sazişlərinin həyata keçirilməsi üçün Tədbirlər Paketi” Memorandumunu erkən pozması sonrakı danışıqların tamamilə dayandırılmasına yol açdı. Ukrayna və Qərb tərəfindən tanınmayan seçkilər mənalı reinteqrasiya prosesini də istisna edirdi. 

Bununla belə, sözügedən psevdoseçkilər heç vaxt Qərbin adekvat reaksiyasına səbəb olmadı. Minsk razılaşmalarının bu və digər pozuntularını maddi cəhətdən cəzalandırmaq əvəzinə, sadəcə bu sənədlərin imzalanmasından əvvəl qəbul edilmiş sektoral sanksiyalar qüvvədə qaldı. Sadəcə, 2022-ci ilin fevralından əvvəl Rusiyaya qarşı bəzi kiçik əlavə sanksiyalar təqbiq olundu.

Problem 3: Təcavüzkara təcavüzün bəhrələrini biçməsinə icazə vermək

Kiyev Minsk razılaşmalarını Rusiyanın Ukrayna ərazisinə daha da dərin hərbi müdaxiləsi təhlükəsi fonunda imzalamışdı. O, hərbi təzyiqlər nəticəsində 2014 və 2015-ci il sazişlərinə imza atdı, baxmayaraq ki, həmin sazişlər Ukraynanın suverenliyinə, bütövlüyünə və sabitliyinə xələl gətirməyə yönəlmiş müddəaları ehtiva edirdi və özü-özlüyündə kifayət qədər mübahisəli məqamlarla dolu idi.

Daha çox sual doğuran məqam isə o idi ki, Moskvaya bundan sonra Kiyevə təzyiq göstərmək üçün Minsk müddəalarından istifadə etməyə icazə verildi. Qərb rəsmiləri Rusiyanın bu və buna bənzər taktikalarına qarşı çıxmaq əvəzinə, dəfələrlə Kiyevi Ukraynanın suverenliyinə xələl gətirəcək güzəştlərə getməyə razı salmağa çalışdılar.

Onlar Ukraynanı hökumətin nəzarətində olmayan ərazilərə xüsusi konstitusion status verməyə və Rusiyaya bağlı qeyri-qanuni vəkil qüvvələrinin işğal altındakı ərazilərdən geri çəkilməməsindən, və ya tərksilah edilməməsindən əvvəl yerli seçkilər keçirməyə çağırdılar. Qərb siyasətçiləri və diplomatları Rusiyanın ATƏT-in Xüsusi Monitorinq Missiyasının Ukrayna-Rusiya dövlət sərhədində monitorinqinə mane olmasına adekvat şəkildə müqavimət göstərə bilmədilər.

Beləliklə, Rusiyanın 2014-2015-ci illərdə Ukraynaya qarşı gizli təcavüzünün ilk intensiv mərhələsində əldə etdiyi müxtəlif coğrafi, siyasi və psevdo-hüquqi uğurlar yeni faktlara çevrildi. Onlar əsasən Qərb siyasətçiləri və diplomatları tərəfindən vasitəçilik səylərinin əsası kimi qəbul edilirdi.

Beynəlxalq danışıqlar və debatlarda Rusiyanın Ukraynada işğal etdiyi ərazilər iki ölkə arasında mümkün yaxınlaşma üçün qəbul edilmiş başlanğıc nöqtələri oldu. Bunun yolverilməzliyini daim xatırlatmaq əvəzinə, rus təcavüzkarına tez-tez xarici vasitəçilər kömək edirdi. Ukrayna ilə müxtəlif məsləhətləşmələr və qarşıdurmalarda Moskva hərbi təcavüzünün yeni bəhrələrini əldə edə bilirdi.

2014-2022-ci illər arasında Kreml münaqişəni beynəlxalq ərazi münaqişəsindən daxili siyasi münaqişəyə çevirməyə çalışıb. O, iki psevdorespublikadan Ukraynanın daxili dayanıqlığını, beynəlxalq münasibətlərini və xarici siyasətini sarsıtmaq üçün alət kimi istifadə etmək istəyirdi – Kremlin 2014-cü ildən iyirmi il əvvəl Moldova və Gürcüstanda tətbiq etdiyi yanaşmada olduğu kimi.

Moskvanın Ukraynanın şərqindəki ərazilərindən geri çəkilməsinin bədəli bütün Ukrayna üzərində öz hegemonluğunu bərpa etmək istəyi idi. Təxminən 2020-ci ilin sonu və 2021-ci ilin əvvəlində Kreml bu məqsədin əlçatmaz olduğuna qərar verdikdə, Ukraynanı ram etmək üçün B planı hazırlamağa başladı. Ukrayna sərhədinə kifayət qədər qoşun yığdıqdan sonra Moskva fevralın 24-də hərbi işğala əl atdı.

"Diktə edilmiş sülh"

Qərb ölkələri Putinin 2014-2015-ci illərdə "diqtə etdiyi sülh"u heç vaxt qəbul edilməməli idilər. Necə ki, bildiyimiz kimi, Minsk razılaşmaları Rusiya-Ukrayna münaqişəsini sakitləşdirmədi, əksinə daha da qızışdırdı. Minsk razılaşmaları kimi şübhəli sənədlər problemi çozmür, ört-basdır etmək rolunu oynayır. Adətən bu cür razılaşmaların həyata keçirilməsi cəhdlərində istifadə olunan “dinc yolla münaqişənin həlli”, “etimadın yaradılması” və ya “dialoqun təşviqi” kimi xoş səslənən terminlərə Qərb siyasətçiləri və danışıqlar aparan şəxslər subyektiv olaraq inana bilərlər. Bununla belə, həmin prinsiplər obyektiv olaraq Donbass problemi üçün pərdə rolunu oynadı. Bunun fonunda təcavüz qurbanı təcavüzkarla münasibətdə əsasən tək buraxıldı. Beləcə, Moskva öz iddialarını daha da sərtləşdirdi və Qərbin təkliflərini zəiflik əlaməti kimi gördü. 

Minsk razılaşmaları kimi şübhəli sənədlər həm vasitəçi, həm də hücumçu tərəf üçün öz hərəkətsizliyini pərdələmək rolunu oynayır. Onlar sadəcə olaraq münaqişələri təxirə salır, qoruyur, şiddətləndirir və onların həlli üçün heç nə etmirlər. 

İki razılaşma sənədi və ondan sonrakı danışıqlar Rusiyanı belə qənaətə gətirdi ki, o, hər zaman təcavüzündən yeni bəhrələr ala bilər. 2014-2022-ci illər ərzində Qərbin Minsk razılaşmalarına münasibəti Kremldə belə təəssürat yaratdı ki, münaqişə ərazisində yeni status-kvo yaratmaqla danışıqların əsasını Moskvanın istədiyi istiqamətə dəyişə bilər. 

Ümid edək ki, bu anomal vəziyyətin baş verməsinə imkan yaradan Qərb ölkələri öz yanaşmasının yanlışlığından nəticə çıxaracaq.

Tərcümə Ovqat.com-a aiddir

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar