Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aktyor Rəşad Səfərov: “İtimin şampunu 18, mənimki 3 manatdır” 

Onunla söhbət çox maraqlı və baməzə alındı. Bu bəlkə də köhnə dostluğumuzdan irəli gəlirdi. Rəşad heç yerdə olmadığı qədər səmimiydi, şən idi. Lent.az Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov ilə müsahibəni təqdim edir

İrəvan teatrı ömrümdən itən günlərim oldu...

- Rəşad, səni bir zamanlar İrəvan teatrının səhnəsində gözəl obrazlarda görürdük. Ordan nə üçün getdin?

- Getmədim, işdən çıxarıldım. Həm də heç bir səbəb olmadan. İrəvan teatrı mənim üçün çox əziz, çox önəmli teatr olub. Gəncliyim orda keçdi. Mən əslən irəvanlı olduğuma görə, bu teatrı özümün namusum, qeyrətim, doğma ocağım hesab edirdim. Amma günün birində teatrın rəhbəri İftixar Piriyev ən adi bir məsələyə görə məni qovdu. İcazə almışdım, iki günlük çəkilişlərə gedirdim Qobustana. Özünə demədən olmazdı təbii. Bir gün zəng etdi ki, tez dur gəl məşqə! Cibimdə pulum da yox idi ki taksiylə gələm. Gələn kimi şiddətli töhmət verib işdən çıxardı. Şiddətli töhmət o halda verilir ki, aktyor məsuliyyətsizlik edir, tamaşaya gəlmir, iş yoldaşları ilə yola getmir, hörmətsizlik edirsən. Öncə adi töhmət, xəbərdarlıq alır. Teatrın yükü çiynimdəydi. İcazə alıb getmişdim, qəsdən belə elədi. Cırdım atdım əmək kitabçamı da . İllərimi itirdim. Düzdür indi görəndə əl sıxışırıq, amma bu məndə xoşagəlməz iz buraxdı, yenə deyirəm illərimi itirdim. Teatrın yubileyinə də getmədim. Oranın qapısını açmaq ürəyimi ağrıdır. İftixar Piriyevin yol yoldaşlığı çox gözəl idi, bax bundan keçmədim. Amma niyə belə elədi onu anlamadım.

- Sonra işə girməkdə əziyyət çəkdin?

- Yox problem yaranmadı.Ordan çıxandan sonra 2005-ci ildə Şuşa teatrında işə başladım. Bu teatr mənə doğma oldu, ev oldu. Teatrın direktoru Yadigar Muradovla indi də çox gözəl münasibətlərimiz var, xətrini çox sevdiyim insandır.

- İlk dəfə İrəvan teatrında səhnəyə çıxmışdın?

- Yox, ilk dəfə tələbə ikən, I kursda səhnəyə çıxdım. Kütləvi tamaşalarda. Bələdiyyə teatrına hündürboylu oğlanlar lazım idi, əsgər rolunu oynamaq üçün. Bir neçə tələbə seçdilər, biri də mən idim. Sizə bir maraqlı hadisə də danışım. Öz şorgözlüyümdən (gülür).
Deməli, Bələdiyyə Teatrında kütləvi səhnədə əsgər rolunu oynamışam. Tamaşa bitib, aktyorlar səhnəyə çıxır. Öncə epizodik rollarda oynayanlar səhnəyə çıxıb baş əyir, sonra baş rol ifaçıları. Çıxdım, baş əydim, ön sırada oturmuş mini yubkalı bir qız göz vurub, əliylə “əla” işarəsi verdi. Mən də təəccüblə işarəylə “mən?” deyə soruşdum. Başıyla “hə” elədi. Baho, məndə bir lovğalıq yaranıb, gəl görəsən. Ürəyimdə deyirəm, məşhur aktyorlar qalıb kənarda, məni bəyəniblər. Qıza o qədər aludə olmuşam, gözüm onda, çıxdım hamıdan önə, baş əyirəm. Bir də nə görsəm yaxşıdı, pərdə bağlanıb, hamı səhnədən gedib, bir mən qalmışam kloun kimi baş əyirəm. Teatrın rəhbəri Xalq artisti Amaliya Pənahova yaman əsəbiləşmişdi mənə o gün. İndi gülərək xatırlayıram.

- Təbii ki gənc aktyor olaraq tanınmaq istəyirdin.

- Məşhurlaşmaqdan ötrü ürəyim gedirdi. Bir gün tamaşadan çıxmışam. Orta əsrlərin döyüşçüsü rolunda oynamışdım o gün. Epizodik rol idi. Mindim metroya, gördüm hamı mənə baxır. Ürəyimdə düşünürəm ki, deyəsən bu adamlar tamaşada olublar məni tanıdılar. Amma yox e, bir-iki stansiya getmişik, vaqona girən hamı diqqətlə mənə baxır. Düşündüm, “yəni bu qədər şöhrətli oldum bir tamaşayla?” Sonra gördüm, nəsə anormal diqqətdir bu. Pəncərədə öz şəklimi görüb, diksindim. Qrimi silməmişəmmiş, üzümdə bığ, saqqal, qan, yara izi, başda parik, dəliyə oxşayırdım, camaat da ona baxırmış (yenə gülür).

- Aktyorluq həvəsi uşaqlıqdan yaranmışdı, yoxsa təsadüfən qəbul olundun?

- Uşaq olanda çarpayımın altında bir vanna oyuncağım var idi. Məktəbdən gəlib onları qoyurdum qarşıma, onlarla tamaşalar oynayırdım. Məktəbdə o qədər utancaq idim ki, lövhəyə çıxıb dərs danışa bilmirdim. Valideynlərim içimdəki aktyorluq həvəsimi haradan biləydilər? Deyirdilər uşaq dəli olub. Hərbçi ailəsində böyüyürdüm. Atam Əfqanıstan, sonra Qarabağda döyüşüb. Hətta, bir ayağını itirib. Kişinin ağlına gəlməzdi mənim arzum.

- Rəşad, səni daha çox mənfi obrazlarda və ya oliqarx kişi rollarında görürük. Yaraşır da. Yaxınlaşıb pul istəyənlər olur?

- O qədər. Sosial şəbəkələrdə kartının şəklini göndərib pul istəyirlər. Kişi verdiyini deməz, amma gücüm yetəndən edirəm. Halbuki bəzən özümün 20 manata ehtiyacım olur.

-Kişi aktyorlarımız qadınlara nisbətən daha çox maddi sıxıntılar çəkirlər.

-İndi vəziyyət xeyli düzəlib. Əvvəllər çətinliklər çox idi. İncəsənət və Mədəniyyət Universitetinin aktyorluq və rejissorluq fakültəsinə tələbə hazırlaşdırıram, pedaqoji fəaliyyətim var. Və sevinirəm ki, bütün tələbələrim daxil olurlar. Bu il hazırlaşdırdığım 37 nəfərin 36-sı qəbul olundu. İşini sevərək görəndə ruzini Allah göndərir. Düzdür gərgin əməyin bəhrəsində olur bu. Uşaqlardan istədiyimi almayınca əl çəkmirəm.

- Bəs bu xarizmatik kişi obrazlarına görə eşq elanı alırsan?

- Olur, amma bu barədə necə danışım? Bir dəfə bir müxbir qız canlı yayımda məndən soruşur ki, heç xəyanət etmisən? Dedim, “indi buna burda, canlı yayımda cavab verim, sonra evə getməyim?”( gülür)

Bu yerdə müsahibim üzünə sənətindən irəli gələn bir mimika verib, pafosla deyir: “Mən sənətimə aşiqəm, bir də ailəmə”.

Qadın olsam pozulardım

-Hansı rolu oynamaq istəməzdin?

-Yəqin sən “gey” rollarını deyirsən?

-Yox, ağlıma bu gəlməmişdi heç...

-Amma oynamışam və çox maraqlı alınıb. Təsadüfən oldu. Bir dəfə Gənclər teatrında tamaşa hazırlanırdı. 2009-cu ildə bu teatr bağlandı. “Pasport” tamaşasında baş rollardan birini oynayırdım, qızın qardaşı obrazında. Zarafatla başladım rolda əzilib büzülməyə, obraza fərqli rəng qatdım. Rejissor düşdü üstümə ki, sən bu obrazı elə belə də oynamalısan. Cinsi azlığın nümayəndəsi kimi. Nə qədər “yox” desəm də, olmadı, saqqızımı oğurladı, oynadım. Çox bəyənildi. Sən demə qanımda- canımda varmış (qəhqəhə çəkir)

- Allah səni qadın yaratsa, necə yaşayardın?

- Demə-demə, qadın olsam yəqin pozğun qadın olardım, yıxılardı atamın evi (bu yerdə yenə qəhqəhə çəkir). Yəqin gözəl qadın olardım və heç dinc dayanmazdım. Zarafat bir yana, hələ mənə belə sual verilməmişdi. Təsir altına düşən adamam. Yəqin məni pozardılar (gülür).

- Empati qurmağı bacarırsan? 4 xanımla bir evdə yaşayırsan.

-Hə adətən edirəm. Evdə yoldaşım, mən, üç qızım və bir də Simbam var. Haskidir, ona it deməyə dilim gəlmir, balaca vaxtdan böyütmüşük, indi oturub çiynimizdə. Hətta Simbanı belə anlamağa çalışıram. İtin şampunu 18, mənimki 3 manatdır ( gülür). Böyük qızım rejissorluq fakültəsini bitirdi, bu il ən yüksək balla magistraturaya qəbul olundu, ikinci qızım rəssamlıq təhsili alır. Balaca qızım hələ məktəblidir. Ailənin bütün məsuliyyəti mənim üzərimdədir. Qısqanc adamam, həm də çox.

-Kişilər çox vaxt başqalarında bəyəndiklərini evdəkilərdə görmək istəmirlər

-Biz kişilər beləyik dana qadan alım. Bir az əzazil, sərt kişiyəm. Nə qədər ki, xanımı almamışıq romantika, sığal tumar, amma evə gələndən sona yeməkdən tük çıxsa, döyürük.

- Xanıma əl qaldırmısan?

- (düşünür) Deyəsən olmayıb. Nə bilim e, dünən yediyimi unuduram. Əsəbi adamam, son zamanlar əsəblərimə toxunan şeylərin də sayı çox alıb. Yəqin bu yaşla zamanla yaranan bir şeydir.

- Bəs özün yemək bişirə bilirsən?

- Hə əla yemək bişirirəm. Kefimə düşəndə hamını mətbəxdən çıxarıb, özüm başlayıram bişirməyə. Əla xəngəl edirəm, qurudlu, beçəli. Ləvəngi bozbaş, saciçi, tabaka, balıq bişirirəm. Amma bunu dincəlmək, zövq almaq üçün edirəm. Yeməyi də sevirəm. Bu dünyadan özümüzlə nə aparırıq, heç nə. Bir canımızı. Yedin dadındı, qaldı yadındı. Yaşamaq üçün yemirəm, zövq almaq üçün yeyirəm. Buğa bürcü yeməyi sevir.

- Bildiyimə görə xanımın da aktyorluq ixtisasını bitirib.

- Həyat yoldaşım öz qrup yoldaşım idi. Həyat elə gətirdi ki, o işləyə bilmədi. Uşaqlarımız dünya gəldi. Evdə olmurdum, uşaqları nəzarətsiz qoymaq olmazdı. Hərdən xanımım deyirdi ki, işləsəm böyük aktrisa olardım. Təzəlikcə işləməyə başlayıb. Bu ay aktrisa kimi ilk maaşın alıb, o gün görürəm kartına şifrə filan qoyur. (Gülür) İşləsin. Qadın işləməlidir ki, səhəri gün əri olmayanda aciz qalmasın. Tələbələrimə də deyirəm, sevgi deyilən yalana görə karyeranızı qurban verməyin. Oxuyursan, kişinin uşaqlarına baxırsan, o ucalır, sən mətbəxdə çalışırsan. Sevgi nədir? Son nəticədə kişinin kirli corablarını yumaqdır də. Qaynatamın bir sözü var, deyir qadın ağlı, toyuq ağlı. Bu təhqir kimi anlaşılmasın. Qadınlar kişinin hər sözünə inanırlar, istədiklərinə görə inanırlar. İnanmaq lazım deyil. Sevgi yoxdu, bağlanmaq var. Kişilər adətən sənin istəklərini, arzularını əlindən alır. Bunu bu qədər kobud deyirəmsə, bu həyat təcrübəsinin verdiyi dərsdir. Qadınlar özləri ayaq üstə durmağı bacarmalıdırlar.

- Bu qədər dərslər aldığın həyatdan daha nə arzun var.

- O qədər çox var ki, heç bilmirəm hansını deyim. Aktyor dostlarla yığışanda zarafatla bir tost deyirəm. Deyirəm sizə şan, şöhrət çoxlu fəxri fərmanlar və sonda Fəxri Xiyaban arzulayıram (gülür). Ad almaq gözəl olardı.Aktyora bundan başqa nə qalır ki. Vaxtım keçir artıq. İllərim keçib bu sənətdə, düşünürəm ki, layiqəm. Amma bundan ötrü durum zəng edim, qapı döyüm, bunlardan qaçan adamam. Üfüqdə də belə bir şey görünmür. İstəyərdim unudulmayım, məndən sonra "yaxşı insan idi" desinlər, aktyor olaraq adım qalsın.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar