Cümə axşamı, 18 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ “Ərəb NATO-su” yaratmaq istəyir?

Vaşinqton Yaxın Şərqdəki ən yaxın müttəfiqlərini səfərbər etmək istəyir, onlar da tarixi fürsətdən istifadə etməkdən çəkinmirlər. Amma ideyanın əleyhinə çıxanlar da var. Hər şey Baydenin regiona səfərindən sonra dəqiqləşəcək. 

Bu barədə Kaspi qazetində məqalə dərc edilib.
Qərblə münasibətləri günbəgün pisləşən Rusiya sanksiyalara və hədələrə baxmayaraq, Ukraynada əməliyyatlarını davam etdirir. Görünən odur ki, iqtisadi sanksiyalar Rusiyaya real pul kütləsinin hərəkətini dayandırmağa gətirib çıxarmayıb. Qərb də Kremli təcrid planını reallaşdıra bilmir. Müharibənin davam etməsinə baxmayaraq, Avropaya gedən neft-qaz kəmərləri fəaliyyətdədir. Hətta Ukrayna özü də Rusiya qazının Avropaya nəqlini dayandırmayıb. Qərb, xüsusən də, Birləşmiş Ştatlar isə əlini yanına salıb durmaq niyyətində deyil. Onlar Rusiya ətrafında təcrid halqasını daha da gücləndirməyə çalışırlar. ABŞ prezidenti Co Baydenin yeni doktrinasında bu məsələlər də öz əksini tapıb. Əsas prioritet Rusiyanı təcrid etmək və ənənəvi müttəfiqlərindən uzaqlaşdırmaqdır. Yaxın Şərqdəki strateji müttəfiqləri ilə münasibətləri aktivlşdirməyi qarşıya məqsəd qoyan Bayden bölgəyə kritik səfərə hazırlaşır. Hətta bu səfəri bir çoxları “Yaxın Şərq NATO-su”nun (“Ərəb NATO-su” da demək olar) yaradılacağı istiqamətində ilk addım kimi qiymətləndirirlər. Səfər zamanı müvafiq razılaşmaların əldə edilməsi regional təhlükəsizlik üçün ciddi nəticələrə səbəb ola bilər. 

Baydenin yeni doktrinasından gözləntilər

Beləliklə, prezident kürsüsünə əyləşdikdən sonra ilk dəfə Yaxın Şərqə səfər edəcək Ağ Ev rəhbəri iyulun 13-14-də İsraildə, iyulun 15-16-da Səudiyyə Ərəbistanında olacaq və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin sammitində iştirak edəcək. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Küveyt, Oman, Misir, İraq və İordaniya liderləri də bu sammitə qatılacaqlar. ABŞ-ın son illərdə Səudiyyə ilə münasibətləri bir sıra fikir ayrılıqlarına görə soyuq olub. Səudiyyə Ərəbistanının yüksək vəzifəli məmurlarının səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində əli olması ilə bağlı ittihamlar, həmçinin Baydenin prezidentlik kampaniyası zamanı bununla bağlı tənqidi sözləri yaddan çıxmayıb. Vaşinqtonun ikinci güclü ərəb dövləti - BƏƏ ilə münasibətləri də çox gərgindir. Ona görə də ABŞ-a indiki mərhələdə öz təhlükəsizliyini, iqtisadi və diplomatik maraqlarını effektiv şəkildə təşviq etmək üçün münasibətlərin yenidən qurulması lazım idi. Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzü bu prosesin sürətləndirilməsinə şərait yaradıb. İndi ABŞ Yaxın Şərqdəki ən yaxın müttəfiqlərini səfərbər etmək istəyir, onlar da tarixi fürsətdən istifadə etməkdən çəkinmirlər.

ABŞ lideri “Yaxın Şərq NATO-su” ideyası ilə gəlir

Yeri gəlmişkən, Bayden səfər ərəfəsində bölgədə ən yaxın müttəfiqi hesab olunan İordaniya liderinin dili ilə hədəfini açıqlayıb. Kral II Abdullah CNBC telekanalına müsahibəsində bildirib ki, İordaniya Yaxın Şərqdə NATO-ya bənzər hərbi ittifaqın yaradılması ideyasını dəstəkləyir: “Mən Yaxın Şərqdə NATO-nu ilk dəstəkləyənlərdən biri olacağam. İstərdim ki, regionun daha çox ölkəsi bu ittifaqda iştirak etsin”. Monarxın qeyd etdiyi kimi, təklif olunan ittifaqın baxışı aydın, rolu kifayət qədər konkret olmalıdır. Eyni zamanda, kral İordaniyanı NATO-nun tərəfdaşı adlandırıb və ölkəsinin onilliklər ərzində Şimali Atlantika Alyansı ilə fəal əməkdaşlıq etdiyini qeyd edib. Yaxın Şərq nizamlanmasından danışarkən o, Fələstin və İsrail arasındakı münaqişənin regionda əməkdaşlığa maneə ola biləcəyinə diqqət çəkib. “İki tərəfin (fələstinlilər və israillilərin) danışıqlardan imtinası regionda sabitliyi pozacaq və regional layihələrin həyata keçirilməsinə mənfi təsir göstərəcək”, - deyib. Qeyd edib ki, müdafiə alyansı konsepsiyası işlənib hazırlanmalıdır. “Missiyanın proqramı çox aydın olmalıdır. Əks halda, hamını çaşdıracaq”, - deyə kral bildirib. Onun sözlərinə görə, Yaxın Şərq ölkələri Ukraynada hərbi əməliyyatlar nəticəsində yaranmış problemləri neytrallaşdırmaq üçün fəaliyyətləri əlaqələndirməyə başlayır. Kral əmindir ki, münaqişənin nəticələri region dövlətləri arasında birliyin aktuallığını artırıb.

“Hizbullah” yeni təşəbbüsə qarşıdır

İordaniya liderinin yeni NATO-ya daha çox yerli oyunçuların qoşulmasının zəruriliyi ilə bağlı sözləri ərəb mediasında birmənalı qarşılanmayıb. Son illər yəhudi dövləti ilə rəsmi münasibətləri normallaşdırmaq istəyini ifadə edən ölkələrin sayının artmasına baxmayaraq, heç də hamı İsraillə müdafiə ittifaqı çərçivəsində əlaqələri rəsmiləşdirməyə hazır deyil. Fələstin dosyesi İsrailin qonşularının xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir etməkdə davam edir.

“Yaxın Şərq NATO-su”nun yaradılması təşəbbüsü on ildən artıqdır müzakirə olunsa da, Ukraynadakı münaqişə onun aktuallığını daha da artırıb. “Ərəb NATO-su” konsepsiyası ilk növbədə İran iqtisadiyyatına “maksimum təzyiq” göstərmək, onun hərbi imkanlarının məkanını əhəmiyyətli dərəcədə daraltmaq ideyasına aludə olan Donald Trampın dövründə geniş müzakirə olunub. Öz növbəsində “Hizbullah” silahlı qruplaşması da "Yaxın Şərq NATO-su"nun yaradılması ideyasını tənqid edib. Təşkilatın baş katibinin müavini Şeyx Naem Qasim bəzi ərəb ölkələrinin İsraillə yeni hərbi ittifaqlar yaratmaq cəhdlərinə qarşı olduqlarını deyib.

“Ərəb NATO-su” reallaşacaqmı?

ABŞ Dövlət Departamentinin keçmiş xüsusi nümayəndəsi Frederik Hof xatırladır ki, NATO-nun Yaxın Şərq versiyasını yaratmaq cəhdlərinin başlanğıcı yetmiş il əvvələ gedib çıxır: “Əvvəlcə ABŞ Misirin regionda aparıcı rol oynamasına çalışdı. Böyük Britaniya isə İraqa üstünlük verdi”. Ekspert izah edir ki, bu təşəbbüs 1958-ci ilin iyulunda İraq çevrilişi ilə yekunlaşdı. Yerli əhəmiyyətli hərbi blok yaratmaq ideyasını yeniləmək üçün başqa bir cəhd, görünür, Vaşinqtondan deyil, regional paytaxtlardan gəlir. “Kral Yaxın Şərqdə NATO-ya dəstəyini ifadə etdi, lakin xəbərdarlıq etdi ki, missiya aydın olmalıdır. O, missiyanın nə ola biləcəyi barədə heç bir fikir bildirmədi. Bu, hazırda konsepsiyanın nə dərəcədə inkişaf etdiyi sualını doğurur”, - deyə ekspert bildirib. Hof qeyd edir ki, İordaniya kralı hazırda ölkəsini problemlər fırtınasından keçirməyə çalışır. “Ölkədə neft yoxdur, su çox azdır və çörək bişirmək üçün buğdaya ehtiyac var. Buğda da adətən Ukraynadan gəlirdi”, - ekspert izah edib. İstənilən halda, hər şey Baydenin səfərindən sonra bəlli olacaq. Yeni təşəbbüsün reallaşıb-reallaşmayacağını zaman göstərəcək.

pia.az 


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

“Azərbaycanın bütün nazirləri cəm şəklində onun qədər əmlak talamadı” – Aslan İsmayılov

“Porno ulduz” məmur polkovnik rütbəsini necə almışdı? – Zaur Mirzəyevin karyerası...

Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı - Yenilənib, Video

Çempionlar Liqası: "Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

Hesablama Palatası Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlayıb

Prezident və birinci xanım Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - Yenilənib

Prezidentin səmimi davranışı gündəm oldu - Video

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edilib

Ən çox oxunanalar