Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

30 yaşında leytenant, 34 yaşda general-leytenant olan qəhrəman pilot– Proskurovun yüksəlişi və enişi

1937-ci ilin iyul ayında SSRİ-nin müdafiə komissarı (naziri) Kliment Voroşilov İosif Stalinə 17 hərbçinin Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunması ilə bağlı təqdimat göndərəndə siyahıda yer alan baş leytenant İvan Proskurovun adının qarşısında daha ətraflı qeydlər aparıb:

“Baş leytenant İvan Proskurov İspaniyada eskadrilya komandiri kimi xidmət apararkən 46 döyüş uçuşu həyata keçirib. Ümumilikdə 120 saatllıq səma döyüşlərində Proskurovun təyyarəsi bir dəfə də olsun düşmənin hədəfinə düşməyib. Yoldaş Proskurov bütün əməliyyatlarda böyük peşəkarlıq nümayiş etdirərək üzərinə düşən hərbi vəzifəni yüksək səviyyədə yerinə yetirib. Ən mürəkkəb və ağır döyüş əməliyyatlarında baş leytenant Proskurov vəziyyətə uyğun olaraq müstəqil şəkildə düzgün qərarlar qəbul edərək əməliyyat zonasında təşəbbüskarlığı ələ almağı bacarıb. Yoldaş Proskurov davranışı, əxlaqı, hərbi nizamnaməyə ciddi riayət etməyi ilə şəxsi heyət arasında böyük nüfuza sahibdir...”

Stalin bu təqdimatı oxuduqdan sonra Proskurovun adının qarşısındakı baş leytenant sözünün üstündən xətt çəkərək düzəliş aparıb – mayor İvan Proskurov.

Sovet İttifaqı Qəhrəmanı adını və mayor rütbəsini Stalin Proskurova şəxsən özü təqdim edib. Bir neçə aydan sonra isə Proskurov xidmətdə qazandığı uğurlara görə birbaşa polkovnik rütbəsi alıb. Daha bir ildən sonra 1939-cu ildə, 32 yaşında o, general rütbəsini əvəzləyən komdiv rütbəsini daşıyıb, 1940-cı ildə isə Proskurova aviasiya general-leytenantı rütbəsi təqdim edilib. Sözsüz ki, bu cür sürətli rütbə və vəzifə karyerası çoxları üçün əlçatmaz sayılıb.

İvan Proskurov 1907-ci ildə Zaporojyedə anadan olub. Uşaqlıq illərindən ailəyə maddi dəstək vermək üçün şəxsi fermer təssərrüfatlarında işləyib. Orta təhsilini başa vurduqdan sonra Xarkov Kənd Təssərrüfatı İnstitutunda ali təhsil alıb. Tələbəlik illərində həmkarlar və komsomol təşkilatlarında fəallığı ilə fərqlənib.

Proskurov 1931-ci ildə hərbi xidmətə çağrılıb. Çağırış zamanı onun ictimai fəallığı nəzərə alınaraq komsomol xətti ilə Stalinqrad Hərbi Təyyarəçilər Məktəbinə göndəriblər. Bununla da Proskurov öz gələcək həyatını hərb sahəsinə bağlayıb.

Hərbi məktəbi bitirdikdən sonra Proskurov zabit kimi xidmətə 23-cü aviasiya briqadasında ekipaj komandiri kimi başlayıb. Daha sonra o, aviaiya dəstəsinin komandiri vəzifəsinə təyinat alıb. Proskurov 1936-cı ildə hökumətin tapşırığı ilə mövcud dövr üçün TB-3 təyyarəsi ilə rekord uzun məsafəni qət edib. Moskva-Xabarovsk reysini icra edən pilotun bu uçuşu fasiləsiz olaraq 29 saat 47 dəqiqə davam edib.

Rekord məsafəli uçuşdan sonra 1936-cı ilin oktyabr ayında baş leytenant rütbəsində olan Proskurov 1937-ci ilin iyun ayına qədər İspaniyada vətəndaş müharibəsində iştirak edib.

İspaniyadan qayıtdıqdan sonra Proskurov Kiyev hərbi dairəsində 54-cü aviasiya briqadasına komandir təyin edilib. Stalin bu təyinatdan xəbər tutanda Voroşilova narazılığını bildirib:

- Kliment Yefremoviş, Proskurovu Kiyevə atmaqla siz onun hərbi talantını boğmuş olursunuz. Bu təyinatı təcili dəyişin. Proskurovdan daha səmərəli istifadə etmək lazımdır.

- Yoldaş Stalin, bu, onun öz xahişi idi. Amma biz səhvimizi düzəldəcəyik. Proskurovu ittifaq miqyaslı vəzifəyə təyin edəcəyik.

Beləliklə, Stalinin göstərişindən sonra Proskurov 2-ci xüsusi təyinatlı aviasiya ordusuna komandan təyin edilib.

Bu təyinat da Stalinin ürəyincə olmayıb. 14 aprel 1939-cu ildə hərbçilərlə keçirilən müşavirədə Stalin Proskurovu SSRİ müdafiə komissarının (nazirinin) müavini, eyni zamanda kəşfiyyat idarəsinin rəisi vəzifəsinə təyin edib.

Proskurov hərbçi kimi peşəkar olsa da, siyasətdə naşılığı ona tutduğu vəzifədə problemlər yaradıb. O, nazir müavini kimi Kreml məmurları ilə normal münasibətlər qura bilməyib. Ən başlıcası isə general Stalinin ona olan qayğısından, xoş münasibətindən sui-istifadə edib. Hətta bəzən mötəbər iclaslarda Proskurov hər hansı bir məsələnin müzakirəsində Stalinin fikirlərinə qarşı da çıxıb.

1940-cı ildə Kremldə sovet-fin müharibəsinin nəticələri müzakirə olunanda Proskurov kəşfiyyat idarəsinin işinin düzgün təşkil olunmamasında ittiham olunub. Bu ittihamlarla Stalin də razılaşıb və general tutduğu vəzifədən azad olunaraq Uzaq Şərq cəbhəsinin hərbi hava qüvvələrinə komandan göndərilib.

Bu vəzifədə də Proskurovun fəaliyyəti yuxarıları qane etməyib. Xidmət sahəsi sərhəd ərazisində olduğundan Proskurovu Uzaq Şərqdən uzaqlaşdırıblar və 7-ci ordunun hərbi hava qüvvələrinə komandan təyin ediblər.

Qara buludlar yeni vəzifədə də Proskurovun başının üstündən çəkilməyib. 26 iyun 1941-ci ildə Lavrenti Beriya Stalinə Proskurovla bağlı bir qovluq sənəd təqdim edib. Sənədlərdə generalın xarici kəşfiyyata işləməsi, antisovet fəaliyyəti, sovet ordusunun, xüsusilə də hərbi hava qüvvələrinin gücünün zəifləməsi üçün əməlləri öz əksini tapıb. Beriya Stalindən hansı tədbirin görülməsini soruşanda cavab konkret olub: “Güllələnsin”.

Lavrenti Beriyanın yazılı sərəncamı ilə oktyabrın 28-də 34 yaşlı Proskurov məhkəmə prosesi keçirilmədən güllələnib.

Dövrün mövcud qanunlarına görə generalın ailəsi sürgünə göndərilib, əmlakı isə müsadirə olunub.

Generalın əmlakının müsadirəsi zamanı maraqlı məqamlar ortaya çıxıb. Əmlak siyahıya alınanda Proskurovun zəngin həyatı çoxlarını təəccübləndirib. Stalinin ona məşhur “sahildəki ev”də verdiyi mənzildən xaricdə istehsal olunmuş, əl işi işlənmiş mebellər, büllur qablar, bahalı xalçalar, zinət əşyaları, xarici məişət avadanlıqlarının qiyməti milyonlarla rublla hesablanıb. Generalın qarajına baxış zamanı isə təzə “Reno” avtomobili də aşkar edilib. Bütün bunlar 34 yaşlı generalın keşmişinin çox da şəffaf olmaması haqqında növbəti mənfi təəssürat yaradıb.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar