Bazar ertəsi, 04 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Dövlət sektorundan asılı olan özəl sektor və oxşar müqavilələr

Özəl sektorun dövriyyəsi artıb. 2022-ci ilin yanvar-mart ayları ərzində qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 47,9% çox olub—1 milyard 699,5 milyon manat təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verir. İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, 2022-ci ildə özəl sektordan vergi daxilolmaları 2021-ci illə müqayisədə 24% artaraq 6,9 milyard manat təşkil edib. Özəl sektorun dövriyyəsinin artması, əslində, iqtisadiyyatın inkişafını göstərir. “Qeyri-neft” və “qeyri-dövlət” sektorlarının inkişafı iqtisadi siyasətin uğuru kimi təqdim edilir. Ancaq…

Azərbaycdanda özəl sektor gəlirini hardan götürür? Dövlət sektorunun dövlət büdcəsindən asılı olduğunu deyirik, bəs özəl sektor? Azərbaycandakı özəl sektorların da büdcədən asılığı varmı?

Özəl, yoxsa dövlət büdcəsindən asılı sektor?

Keçən il maraqlı hal yaşanıb: Bir xeyli şirkət–müxtəlif məhdud məsuliyyətli cəmiyyət öz hesabatını açıqlayıb. Və bu hesabatlar ictimaiyyətə ya şirkətlərin rəsmi saytlarında, ya da rəsmi KİV-lər vasitəsilə çatdırılıb. Azərbaycanda qanunla hesabat vermək öhdəliyi olan açıq və ya qapalı səhmdar cəmiyyətlər, dövlət şirkətləri bunu etməyə tələsmirlər. Belə olan halda özəl və məhdud məsuliyyətli şirkətlərin maliyyə hesabatlarını açıqlaması təəccüb doğurur…

Hesabat verən şirkətlərdən “TAİS İKF” MMC-nin adını çəkmək olar. Bu şirkət də maliyyə hesabatını öz rəsmi saytında, 2021-ci ilin noyabr ayında dərc edib. Saytda verilən məlumata ğörə, şirkət 1989-cu ildə yaradılıb, əvvəl başqa adla tanınıb, “Bakıda yerləşən ofis komplekslərində çalışan işçiləri yeməklə təmin edərək, fəaliyyətini iaşə xidmətləri göstərmək istiqamətində cəmləşdirmiş ilk yerli müəssisələrdən biri olub”. 1990-ci ildə şirkət “Cənub” mehmanxanasında yerləşib və orda “kompüter satışının təşkili, xeyriyyəçilik işləri, Qarabağ müharibəsi iştirakçılarına və veteranlarına maddi dəstək” sahələri üzrə fəaliyyətə başlayıb. 1993-cü ildə kommersiya fəaliyyətinə keçib və 1994-cü il, iyunun 30-da “Tais İKF” adı ilə qeydiyyata düşüb. Onun sahibi və baş direktoru qismində çıxış edən Rafail Məmməd oğlu Şirinovdur.

İndi “TAİS İKF” MMC bazarda 5 brendlə təmsil olunur: RS-Cleaning, RPC-Co, Shirinpay, RS-HORECA və REM Services. Şirkət iaşə, təmizlik və ofis idarəetmə xidmətlərini təklif edir. 2020-ci ildə MMC 8,3 milyon manat qazanıb. Bunun 7,6 milyon manatı malların təqdim edilməsindən, 7,6 mini icarədəndir, 664,4 min manatını isə “faizlər” təşkil edib.

İlk baxışdan “TAİS İKF” MMC adi, orta biznes təmsilçisi olan şirkətə oxşayır. Amma ilk baxışdan…

“TAİS İKF”-nin müqavilə bağladığı tərəflər

Müqavilələrə baxanda görürük ki, 2019-cu ildə “TAİS İKF” MMC “Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların 2019-cu ilin may-dekabr ayları ərzində yeməklə təminatı işləri”nə dair satınalma müqaviləsi imzalayıb. Bu müqaviləyə görə şirkət 9028649,85 AZN almalı idi. 2020-ci ilin satınalmalar reyestrində isə şirkətin adına artıq 7 dəfə rast gəlirik.

TAİS İKF şirkətin 2020-ci ildə imzaladığı satınalma müqavilələri

2019-cu ildə olduğu kimi 2020-ci ildə də “TAİS İKF” MMC-nin əsas müqaviləsi Təhsil Nazirliyi ilə bağlanıb və bu müqavilənin dəyəri əvvəlkindən çox da fərqlənməyib. Bundan başqa, şirkət təmizlik xidmətləri ilə bağlı “Bakı Metropoliteni” QSC ilə ümumilikdə 3 milyon manatlıq müqavilələr imzalayıb. YevlaxAğdaş rayon xəstəxanalarına keyterinq xidmətini də “TAİS İKF” MMC həyata keçirib. Beləliklə, şirkət il ərzində 12,5 milyon manatlıq 7 müqaviləyə imza atmağa müvəffəq olub. Nəticədə 2020-ci ildə 61,6 min manatlıq mənfəət vergisi və əməliyyatların həcminə uyğun olaraq, 1,2 milyon manat həcmində ƏDV ödəyib, ən azı 1,3 milyon manat birbaşa və dolayı vergi ödəyib. Ancaq satınalma müqavilələrinə baxanda görürük ki, bu vergilər dövlət idarələrindən, yəni dövlət büdcəsindən gələn gəlirlərdəndir. Yəni özəl olmasına baxmayaraq, “TAİS İKF” MMC faktiki dövlət büdcəsi hesabına yaşayır.

Dövriyyəsinin 77%-i dövlət qurumlarının payına düşən şirkət

Digər nümunəyə—“Qardaşlar Mebel” QSC-in fəaliyyətinə baxaq. Şirkət əsasən mebelin topdan satışı ilə məşğuldur, dövlət satınalma müqavilələrdə aktiv iştirak edir. “Qardaşlar Mebel” QSC 2015-ci ildə qeydiyyata alınıb və yeganə səhmdarı Əli Məmməd oğlu Mirzəyevdir. Dövlət satınalmalar reyestrində açıqlanan məlumatlara görə, 2020-ci ildə şirkət dövlət qurumları ilə 50 müqavilə imzalayıb. Müqavilələr müxtəlif dövlət qurum və şirkətlərinə aiddir və onların dəyəri 7 mindən 920 minə qədər dəyişir. Müqavilələrin ümumi dəyəri 6619433,52 manat təşkil edib. Şirkətin öz rəsmi saytında yaydığı hesabatdan görünür ki, “əsas əməliyyat gəlirinin” həcmi 6489702,49 AZN olun (2020-ci ildə). Bundan kənar şirkət 208 min manat da qazanıb. Dövlət qurumları ilə imzalanan müqavilələrin ¼-inin dekabra aid olduğunu nəzərə alsaq (yəni ödənişlərin 2021-ci ilə aid olmasını təxmin etsək), şirkətin illik dövriyyəsinin 76,7%-i dövlət qurumların payına düşür. Hesabatda yalnız 2021-ci ildə pərakəndə və elektron satışdan gəlirlər qeydə alınıb və sənəddə “Qardaşlar Mebel”in dövlət satınalmalar reyestrinin daimi istifadəçisi olduğu görünür. Məhz bunun hesabına 2020-ci ildə şirkətin 689 min manat təmiz mənfəəti olub. Faktiki olaraq, dövlət qurum və şirkətləri ilə müqavilələr—dövlət büdcəsi hesabına 1 milyon manat vergi ödəyib.

Bir-birindən fərqlənməyən müqavilələr

Mühafizə xidmətləri təklif edən “Gesco” ASC isə yuxarıdakılardan müəyyən qədər fərqlənir. Şirkət 2005-ci ildə yaranıb. Rəsmi saytında verdiyi məlumata görə, ilk müqaviləsini Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlayıb. Sonrakı dövrlərdə Azərbaycanda keçirilən tədbirlərdə (Avropa oyunları, AVRO-2020 oyunları və s.), dövlət tədbirlərində mühafizə xidmətləri göstərib. Dövlət satınalmaları reyestrinin məlumatına görə, 2020-ci ildə “Gesco” ASC ən azı 38 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin bir-birindən böyük fərqi yoxdur, çoxu eyni qurumlara aiddir və 38 müqavilənin ümumi dəyəri 4370665,83 manatdır. Maliyyə hesabatında təqdim edilən məlumata görə, 2020-ci ildə “Gesco” ASC-nin ümumi qazancı 14,6 milyon AZN olub.

Tərəfdaşlarının siyahısı göstərir ki, “Gesco” ASC-nin dövriyyəsinin 30%-i dövlət qurumları ilə müqavilələrdən asılıdır. Ancaq real rəqəm daha böyük ola bilər. Rəsmi saytında göstərilən əsas tərəfdaşlar sırasında satınalmalar reyestrində müqaviləsi olmayan Azərbaycan Respublikası prezident yanında Dövlət İdarəçilik Akademiyası, Müasir İncəsənət Fondu, Sumqayıt Kimya və Sənaye Parkı və bir sıra digər dövlət qurum və şirkətlərinin adı çəkilir (Heydər Əliyev Fondu da siyahıdadır, sadəcə fondun hüquqi statusu barədə nə isə demək çətindir). Bu, “Gesco” ASC-nin dövriyyəsində dövlət qurumları və şirkətlərinin payının daha yuxarı olduğunu təxmin etməyə əsas verir.

Beləliklə, özəl sektor barədə hər hansı məlumat yayıldıqda, söhbətin doğrudan da qeyri-dövlət sektorundan getdiyini düşünmək sadəlövhlük olar. “TAİS İKF”, “Qardaşlar Mebel”, “Gesco” kimi şirkətlərin fəaliyyəti göstərir ki, Azərbaycanda özəl şirkətlər də dövlət sifarişlərindən ciddi şəkildə asılıdır.

Sadəcə üç nümunədən danışdıq. Bu tipli, yəni dövlət sifarişindən tamamilə (və ya əsasən) asılı olan şirkətlərin sayı ən azı onlarladır. Bəllidir ki, belə sifarişlər ola bilər və burada problem yoxdur. Problem, özəl sektor nümayəndələrinin tamamilə dövlət sifarişindən asılı olmasıdır. Dövlət büdcəsi neft qiymətlərindən asılıdır və dövlət qurum/şirkətləri də neft qiymətində baş verən dəyişikliklərdən asılı qalırlar. Özəl sektor nümayəndələrinin belə asılılığı, onları da (hətta neft sektoruna aid olmadığı halda) həssas edir. (Openazerbaijan.org)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Pandemiyanın yeni dalğasının başladığı elan edildi

Səfər Mehdiyev: “Ehtiram da, digər həbs olunanlar da orda qalmayacaq” - Son iclasın gizlinləri...

Özbəkistan parlamenti Qaraqalpaqda fövqəladə vəziyyətin tətbiqi haqqında fərmanı təsdiqləyib

Zorakılıqla üzləşən qadın uşaqları ilə birgə SXA-nın müəssisəsinə yerləşdirilib - Yenilənib

Zelenski işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb

Xəzərdə qağayıların ölümünün səbəbi nədir?

Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib

Rusiyalı tanınmış futbolçu karyerasını bitirir

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

TDT-yə üzv ölkələrin beyin mərkəzlərinin Şuşaya səfəri başlayıb

Avropa çempionatı: Azərbaycanın basketbol millisi 3-cü yer uğrunda oyuna çıxacaq

Ən çox oxunanalar