Çərşənbə axşamı, 17 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Tərtər işi" yenidən araşdırılır: İşgəncəyə məruz qalmış hərbçilər və onların ailələri bunu 5 ildir tələb edirdilər

Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunan hərbçilərə işgəncə verilməsilə bağlı “Tərtər işi”nin istintaqını davam etdirir. Həm hakimiyyət strukturları, həm də hüquq müdafiəçiləri 100-dən çox insana işgəncə verildiyini bildirirlər. Rəsmilər bir, hüquq müdafiəçiləri isə 11 nəfərin öldüyünü deyirlər. Daha əvvəl bu iş üzrə bəzi icraçılar mühakimə olunub cəzalandırılsalar da, o vaxt baş verənlər ətraflı araşdırılmayıb.

Tərtər işi” nə deməkdir?

2017-ci ilin may ayında – Dağlıq Qarabağla bağlı münaqişənin növbəti mərhələsindən sonra Azərbaycanda hərbçiləri kütləvi şəkildə həbs edərək inşgəncələrə məruz qoyublar. Tərtər rayonunun administrativ binasında baş verən bu prosesdə hərbçilərdən Azərbaycanın əsas düşməni olan Ermənistanın xeyrinə casusluqla məşğul olmalarıyla bağlı etiraf tələb ediblər.

Hüquq müdafiəçilərinin sözlərinə görə, işgəncələr nəticəsində 11 nəfər ölüb.

Həm işgəncələrə məruz qalmış hərbçilər, həm də onların ailə üzvləri BBC-yə açıqlamalarında bildiriblər ki, o vaxt saxlananları soyundurublar, çubuqla döyüblər, dırnaqlarını çıxarıblar, yara yerlərinə elektrik cərəyanı buraxıblar, pəncərədən atıblar.

Zərər çəkənlərin sayı çoxdur, onların kimliyi bəllidir. Bu şəxslər işgəncələr haqqında detallı məlumat veriblər.

Casusluq etdiyini boynuna alan 25 nəfərə 12 ildən 20 ilədək həbs cəzası verilib. Məhkəmələr onların işgəncə altında ifadə vermələri faktını nəzərə almayıb. Öz etiraflarından başqa, cinayət işində onlara qarşı hər hansı ciddi sübut yoxdur.

Hakimiyyət işgəncə faktlarını araşdırmağa başlayıb. Məhkəmələrdə 100-də çox hərbçiyə bəraət verilib, icraçılar haqqında müxtəlif müddətli həbs qərarları çıxarılıb. Ancaq bu qərarlar nə zərərçəkənləri, nə onların ailələrini, nə də hüquq müdafiəçilərini qane edir.

Azərbaycanın Cinayət Məcəlləsində işgəncələrlə bağlı maddə olmasına baxmayaraq bu məsələdə (ümumuyyətlə, ölkə tarixində heç vaxt) həmin maddə tətbiq edilməyib. İşgəncə verənləri əsasən vəzifə səlahiyyətlərini aşmağa görə cəzalandırıblar.

İşgəncəyə məruz qalmış və hərbi xidmətdən uzaqlaşdırılmış hərbçilər əvvəlki vəzifələrinə bərpa olunmaq istəyirlər. İşgəncə altında öz əleyhinə ifadə verənlərin qohumları onların azad edilməsini tələb edirlər.

Öldürülənlərin yaxınları işgəncə verənlər haqqında yüngül hökmlər çıxarılmasına etiraz edirlər. Onlardan yalınız birinə – keçmiş mayor Fuad Ağayevə maksimum həbs cəzası (10 il) verilib.

Tərtər işi”ndə ədalətin bərpa olunmasını gözləyənlərin hamısı hərbçilərə işgəncə verilməsini əmr edənlərin cəzalandırılmasını istəyirlər.


Hüquq müdafiəçisi Nasir Əliyev bütün bu illər ərzandə “Tərtər işi” üzrə sənədləri toplamaqla məşğul olub

İndi baş verənlər

Həm hakimiyyət, həm də hakimiyyətyönlü mətbuat bu illər ərzində “Tərtər işi” barədə susublar.

Ancaq 2021-ci ilin noyabr ayında Hərbi prokuror Xanlar Vəliyev mətbuat konfransında bu məsələ haqda danışıb.

O, hərbçilərə qarşı kütləvi işgəncə hallarının olduğunu etiraf edib, amma qeyd edib ki, bu hallar işə Hərbi Prokurorluq baxmazdan əvvəl baş verib. İşgəncələr nəticəsində yalnız bir nəfərin öldüyünü deyən Vəliyev bu hadisənin də rəhbərlik etdiyi qurum məsələdən hali olana qədər baş verdiyini bildirib.

“Cinayət işləri açılıb, gübahkarlar məhkəmə məsuliyyətinə cəlb ediliblər. Bu işlər Azərbaycanda mövcud olan bütün məhkəmə mərhələlərindən keçib. Müəyyən edilib ki, həm dövlətə xəyanətdə günahlandırılanlar, həm də qanunsuz işgəncə tətbiq edənlər haqqında çıxarılmış hökmlər əsaslıdır,” – Vəliyev belə deyib.

O, iş üzrə 102-103 zərərçəkən olduğunu bildirib.

Prokuror həmçinin qeyd edib ki, “erməni xislətli şəxslər” bilərəkdən “Tərtər işi”ni şişirdirlər və “tamamilə əsassız şəkildə bu məsələni gündəmə gətirməyə çalışırlar”.

2021-ci ilin dekabr ayında isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti gözlənilmədən “Tərtər işi” barədə birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, kütləvi işgəncə hallarıyla bağlı yeni ibtidai istintaq başlanıb və Baş prokurorun birinci müavini Elçin Məmmədov bu işi “xüsusi nəzarətə” götürəcək.

Hərbi prokurorun Azərbaycanın İctimai Televiziyasının sosial media səhifəsindəki müsahibəsinin altında çox sayda qəzəbli şərh var. Hərbçilərə işgəncə verməyi əmr edənlərin cəzalandırılmasını tələb edən insanlar prokurorluğun bu məsələyə belə gec reaksiya verməsini və qurbanların sayını azaltmasını tənqid edirlər.

“Xanlar Vəliyevin Tərtər faciəsi haqda açıqlaması bir daha sübut etdi ki, ölkədə etibarlı informasiya qaynağı sosial şəbəkələrdir. Şəbəkələrdə Tərtər faciəsi haqqında illərdir yazılır. Hakimiyyətin yalan və böhtan dediyi şeylər heç də yalan deyilmiş,” – bunları müxalif siyasətçi Ərəstun Oruclu öz Facebook səhifəsində yazıb.

ŞƏKLİN MƏNBƏYİ,BBC/RAVANA_OJAQVERDIYEVA Hüquq müdafiəçiləri “Tərtər işi”nin ilk qurbanlarından birinin Ruslan Ocaqverdiyev olduğunu deyirlər

Zərəçəkmişlərin qohumları nə deyir?

BBC 2019-cu ilin sonunda “Tərtər işi”ndən yazanda bir neçə zərərçəkmişin yaxınlarına müraciət etmişdi. Bunlar işgəncələr nəticəsində ölən hərbçilərin həyat yoldaşları və ehtimala görə işgəncə altında casusluğunu boynuna almış şəxslərin valideynləri idi.

Rəsmilərin bəyanatlarından sonra BBC yenidən onlarla əlaqə saxlayıb.

İşgəncə altında ölmüş zabit Ruslan Ocaqverdiyevin xanımı Rəvanə artıq prokurorluğa gedib ifadə verdiyini deyir:

“Biz istintaqa cəmi bir dəfə getmişik, hələ ki nəsə demək çətindir, sonra nələr olacağını bilmirəm”.

Dövlətə xəyanətdə ittiham olunan Natiq Quluzadənin atası Elbrus oğlunun işində hər hansı yenilik olmadığını bildirir. Onun sözlərinə görə, bu işlə məşğul olan hüquq müdafiəçisi Oqtay Gülalıyev iki il əvvəl ağır yol qəzası keçirdiyinə görə ailəyə kömək edəcək kimsə qalmayıb:

“Ona görə də burdakı məhkəmələrdən keçsək də, Avropa Məhkəməsinə düşə bilmədik, gecikdik”.

Repressiya və İşgəncələrə qarşı Komitənin üzvü Nasir Əliyev yeni istintaqa şübhəylə yanaşır. Onun oğlu Emili dövlətə xəyanət ittihamıyla 12 il azadlıqdan məhrum ediblər.

“Onlardan heç nə gözləmirəm,” – Əliyev belə deyir.

O, əvvəlki istintaqın qənaətbəxş olmadığını bildirir:

“Yeni istintaqla da prokurorluq məşğul olacaqsa, obyektivlik sual altındadır”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, yeni istintaq və prokurorun çıxışı işə ədalətlə baxılacağına ümid yaradır

Yeni istintaqdan nə gözləməli?

Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, yeni istintaq və prokurorun çıxışı işə ədalətlə baxılacağına ümid yaradır:

“İstintaqın nəylə nəticələnəcəyini deyə bilmərəm. Şəxsi mövqeyim bundan ibarətdir ki, bu, vətəndaşların, zərərçəkmişlərin və onların qohumlarının narazılığına səbəb olmuş məqamları yenidən araşdırmaq üçün unikal və gözlənilməz bir fürsətdir”.

Onun sözlərinə görə, bunun üçün işgəncə verilənlərin, o cümlədən, öldürülənlərin və casusluğunu işgəncə altında etiraf edənlərin hamısı zərərçəkmiş kimi tanınmalıdır:

“Bundan başqa, zərəçəkmişlərə kompensasiya verilməli və onlar əvvəlki işlərinə bərpa olunmalıdırlar. Ancaq prosesin nə ilə nəticələnəcəyi hələlik aydın deyil, çünki istintaq yeni başlayıb. Bizim edə biləcəyimiz tək şey gözləmək və sonra da nəticələrə qiymət verməkdir”.

Hətta Hərbi prokuror da işgəncələrin kütləvi olduğunu etiraf edibsə, bu, ifadələrdən başqa heç bir sübuta əsaslanmayan dövlətə xəyanət ittihamlarına yenidən baxmaq şansı yaradır – Cəfərov belə düşünür.

Baş Prokurorluq və İnsan Hüquqları üzrə Müvəkkilin ofisi BBC-nin suallarına cavab verməyib.

Milli Məclisin İnsan haqları komitəsinin rəhbəri, deputat Zahid Oruc BBC-yə açıqlamasında təklif edib ki, “Tərtər işi”nə baxılması üçün müstəqil ekspertlərdən və “bəzi cinayətlərdə ittiham olunmuş şəxslərin qohumlarından və rəsmi nümayəndələrindən” ibarət komissiya yaradılsın.

Zahid Oruc dövlətə xəyanətdə ittiham olunanların “güclü təzyiq nəticəsində özlərinə böhtan atmalarını” istisna etməyib.

Bu, nə üçün vacibdir?

Hüquq müdafiəçiləri Azərbaycanda həm istintaq zamanı, həm də həbsxanalarda insanlara mütəmadi şəkildə işgəncə verildiyini çoxdan deyirlər. Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin nümayəndələri 2004-cü ildə bu yana Azərbaycana 6 dəfə səfər ediblər.

2018-ci ildə Komitə belə qənaətə gəlib ki, “polis, digər hüquq-mühafizə orqanları və ordu tərəfindən tətbiq edilən işgəncənin və pis rəftarın digər formaları… sistematik xarakter daşıyır, geniş yayılıb və qarşısı alınmır”.

Rəsul Cəfərovun sözlərinə görə, nəticəsindən asılı olmayaraq işə yenidən baxılması zərərçəkmişlərin yaxınlarına Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üçün əlavə şans verəcək.

“Nə üçün “Tərtər işi” hamının diqqətini cəlb etdi? Çünki onlar işgəncələr haqqında danışmağa başladılar. Alçaq səslə və evfemizmlərlə, “fiziki zorlama üsullarından istifadə olundu” desələr belə – danışmağa başladılar!” – Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov belə deyir.

Onun sözlərinə görə, əvvəllər insanlar şikayət etməkdən, sənədləri ötürməkdən qorxurdular, indi isə buna hazırdırlar – “artıq psixoloji maneə yoxdur”. (aztoday)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Paşinyan KTMT liderləri qarşısında gülünc vəziyyətə düşdü - Video

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - Fotofakt

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

“Erməni”lər Lənkəranda: Qədim və səfalı kənd yer üzündən silinir - Video

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

Bakıda dəhşət: Küçədən çürümüş körpə meyiti tapıldı

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - Video

Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmayacağıq”

Putin MDB-yə KTMT-də müşahidəçi statusu verilməsini təklif etdi

“McDonalds” Rusiya bazarını həmişəlik tərk etdi

Ramiz Göyüşov Əli Əliyevi məhkəməyə verdi - Təfərrüat

Ən çox oxunanalar